Страницы

31.10.2021

ABŞ-ın xarici siyasətini yönəldən gizli dini qüvvə

Nəzakət Məmmədova

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq məsələsindən danışarkən çıxışlarında tez tez Amerikada yaşayan yevangelistlərin adını çəkir və onları ara qızışdırmaqda ittiham edir. Ərdoğanın Roma Papası ilə görüşündə də bu məsələ müzakirə olunmuşdu. Papa dünya katoliklərinin lideri olduğundan onun Avropa ölkələri, NATO, Pentaqondakı nüfuzlu katolik elita üzərində böyük təsiri var. Pentaqon və Avropa katoliklərinin PYD/YPG/PKK-ya dəstəyinin zəiflədilməsi üçün Papanın təsir imkanları danılmazdır. Bəs Ərdoğanın və Papanın sevmədiyi bu yevangelistlər kimdir, onların ABŞ-ın xarici siyasətinə təsiri nə ilə bağlıdır?!
ABŞ-da sayı 50 milyon olan xristian yevangelistlər Bibliya əfsanələrinə əsaslanaraq İsraili dəstəkləyirlər. Onlar müqəddəs saydıqları kitabı belə təfsir edirlər ki, guya bütün dünya Hanaan torpağının İsrailə verilməsini qəbul etməlidir. Belə olarsa İsa Məsih tezliklə zühur edər və dünyada ədalət bərqərar olar.
Yevangelistlər bu mövqelərini Bibliyada Allahın İbrahimlə sövdələşməsi, onun iki oğluna - İsmayıl və İshaqa müxtəlif nemətlər verməsi ilə əsaslandırırlar. Guya Allah İbrahimə və onun ailəsinə sərvətlər bəxş etməyi vəd edərək İshaqın nəsli olan yəhudilərə Hanaan torpaqlarını - bugünkü İsrail və Fələstini vəd edib. İsmayıldan törəyən ərəblərə isə sərvət - neft verib və saylarını çoxaldıb. Ona görə yəhudilər sayca az, ərəblər isə 250 milyondurlar.
Bundan başqa yevangelistlər inanırlar ki, XX əsrdə antisemitizmin güclü olduğu 3 ölkə - Almaniya, Rusiya və Polşa müharibələrə, məhrumiyyət və parçalanmalara məruz qalıb. Antisemitizmin olmadığı ABŞ və Böyük Britaniya isə tərəqqi edib. ABŞ-ın ən güclü, rifahlı ölkə olması yəhudiləri dəstəklədiyinə görə Allahın ona verdiyi nemətdir.
2006-cı ildə İsrail Livanın cənubunda Hizbullaha qarşı müharibə aparanda ABŞ-dakı yevangelistlər Konqresdə İsrailin dəstəklənməsi üçün lobbiçilik etmişlər. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasında yevangelistlərin çox böyük rolu olmuşdu. Sayı 50 milyon olan ABŞ yevangelistləri sayı 5 milyon olan Amerika yəhudilərilə yaxın müttəfiqdirlər və bunu "Möhtəşəm İttifaq" adlandırırlar.
Onların İsrail Dövləti ilə də çox sıx əlaqələri var. Ərəblər isə onların bu yanaşmasını qəbul etmir, bildirirlər ki, İsrail Fələstində insanların əzabına səbəb olduğu üçün yəhudilər “Allahın lütfünə nail olmuş”, “seçilmiş” xalq ola bilməzlər.
ABŞ-dakı katoliklər də yevangelistlərin bu yanaşmasını qəbul etmirlər. Məhz Qüds məsələsində bu özünü daha aşkar göstərdi: Pentaqondakı nüfuzlu katolik elita ilə Konqresə və Trampa təsir imkanları olan yevangelistlər və yəhudi lobbisinin mübarizəsi Qüdsün taleyini həll etdi. Katolik klubu adlandırılan Avropa Birliyi, NATO, katoliklərinin lideri Papa isə Qüdsün İsrailin paytaxtı olmasına qəti etirazlarını bildirdilər.
Yevangelizm, məlum olduğu kimi, protestantlığın bir cərəyanıdır. Əsrlər boyunca Avropada katoliklərlə protestantlar arasında qanlı müharibələr gedib. İstər Otuzillik müharibəni, istər Fransadakı qanlı Varfolomey gecəsini, istərsə də Britaniyada, Şimali İrlandiyada katoliklər və protestantların mübarizəsini buna misal çəkmək olar. Görünən odur ki, bu mübarizə yeni qitə kəşf olunduqdan sonra Amerikada davam edib və bugünkü ABŞ-ın daxili və xarici siyasətinə böyük təsir göstərir. Pentaqon katoliklərin, Ağ Ev və Konqres isə yevangelistlərin təsirindədir.
Deyəsən, bu mübarizə İsanın zühuruna qədər davam edəcək. Amma İsanın Pentaqonun, yoxsa Konqresin tərəfində olacağını demək çox çətindir. /azvision.az/

Комментариев нет:

Отправить комментарий