Страницы

06.11.2021

BP Azərbaycan neftini oğurlayıb aparır

Politoloq Nəzakət Məmmədova Reallıq TV kanalına müsahibəsində dünya və regional siyasət barədə maraqlı açıqlamalar vermişdir. Həmin fikirləri sizə təqdim edirik.

Rusiyanın Krımı ilhaq etməsi tam qanunidir

“Krımı Rus-Türk müharibəsində Rusiya tutub, fəth eləyib, alıb. Demək bu Rusiyanın qılınc haqqı ilə əldə etdiyi torpaqdır. Necə ki Osmanlı qılınc haqqı ilə bəzi Avropa ölkələrini, torpaqlarını alırdı, eynilə də ruslar bu torpaqları Osmanlıdan alıb. Xruşşovun bir əmri ilə bu torpaq, Krım ərazisi Ukraynaya verilmişdi ki, bu tamamilə qeyri-qanuni bir hərəkətdir. Krımın Konstitusiyasında var idi ki, ərazi, yarımada istənilən vaxt referendum keçirib Ukraynadan ayrıla bilər. Rusiya iddia olunduğu kimi gedib oranı işğal etməyib, hər şey qanuni şəkildə, Krım Konstitusiyası əsasında həyata keçirilib. Çünki orda rusdilli əhali çox yaşayır. Deyirlər ki, Rusiya Donbası işğal eləyib. Donbasda da əhali rusdur. Ukraynanın qərb hissəsi Avropapərəst, şərq hissəsi isə Rusiyapərəstdir. Donbasda əhalinin özü Rusiyanı sevir. Orda çoxlu rus yaşayır və rus dilində danışırlar. O əhali Ukraynanın Avropapərəst, Qərbpərəst siyasətinə etiraz edir və Rusiyanın siyasətinə uyğun hərəkət edirlər. Rusiya gəlib heç bir ölkənin ərazisinə qoşun göndərib oranı işğal eləməyib. Donbaslılar ayağa qalxıb siyasi qiyam eləyiblər. Bəs Ukrayna NATO gəmilərini, Qərbin hərbi gəmilərini gətirib Rusiyanın qulağının dibində, Qara dənizdə yerləşdirməklə düzmü eləmişdi? Ukrayna bununla təxribat yaratmışdı və bölgədə gərginliyi artırmışdı. Bəyəm bu doğru addım idi?”.

NATO-ya üzv olan ölkələrin vətəndaşları nə qazanıb?

“Balkan ölkələrini, Şərqi Avropa ölkələrini, məsəlçün Çexiya, Slovakiya və Macarıstanı götürək. Avropanın özünün mərkəzində yerləşən ölkələrdi, Avropa coğrafiyasının yaxın ölkələridi. Neçə illərdi bunlar NATO-ya da, Avropa İttifaqına da üzv olublar. Baxın görün bu gün onların vəziyyəti nə yerdədi! Hələ mən Avropa İttifaqının üzvü olan Ukrayna kimi slavyan ölkəsini demirəm a! Bu ölkələrin vətəndaşları, məsəlçün macarlar, slovaklar, çexlər, xorvatlar, Balkan ölkələrinin vətəndaşları gedib Qərbi Avropa ölkələrində ya xadiməçilik edirlər, ya aşbaz işləyirlər, ya da küçə süpürürlər. Onlara ikinci dərəcəli işləri gördürürlər. Avropada tualet təmizləyirlər, fəhlə işləri görürlər, evlərdə dayəlik edirlər, xəstələrə baxırlar, aşbazlıq edirlər. Onlara ikinci dərəcəli insan kimi baxırlar və onların əməyindən ucuz işçi qüvvəsi kimi istifadə edirlər. Qərbi Avropa onları özlərinə bərabərhüquqlu saymır. Baxmayaraq ki onlar da Avropadı. İndi görün Ukrayna, bir slavyan ölkəsi gedib Avropaya inteqrasiya eləsə, elə bilirsiz Ukrayna xalqı bundan gəlir götürəcək? Sadəcə bu böyük oliqarxaların maraqlarıdı”.

Xalqın ən yaxşı yaşayışı Belorusdadır

“Belorusda istədilər Lukaşenkonu devirsinlər. Nəyə görə? Ad qoydular ki, bəs Lukaşenko diktatordu və sairə. Halbuki Belorus xalqı postsovet məkanında ən yaxşı yaşayan xalqlardan biridir. Niyə? Çünki Lukaşenko bizdən fərqli olaraq Sovet fabrik və zavodlarını qoruyub saxladı, dağıtmadı. Belorusda xalq Sovet dövründən qalma istehsalat müəssisələrində işləyir. Bizdə isə fabrikləri, zavodları özəlləşdirmə adı ilə dağıtdılar, parçaladılar. Belorusda istehsalat müəssisələri qalıb, camaat işsiz deyil, xalqın az-çox normal sosial təminatı var. Bəs Qərb niyə Lukaşenkonu diktator elan elədi? Gəlsinlər qonsunlar ora, oranı da ələ keçirsinlər, bizdəki kimi bütün müəssisələri dağıtsınlar, özəlləşdirsinlər! O yırtıcı Qərb ölkələrinin bizim kimi ölkələrə münasibəti bilisizmi necədi? Anlayın ki, ay nə bilim demokratiya, ay nə bilim plüralizm, bütün bunlar boş söhbətlərdir. Onlar demokratiyanı öz maraqları üçün istəyirlər”.

BP Azərbaycan xalqının sərvətlərini oğurlayıb aparır

“Bizim kimi ölkələrdə onların bir məqsədi var: Azərbaycanın, Ukraynanın və başqa bu kimi ölkələrin xammalını daşıyıb aparsınlar, resurslarından istifadə etsinlər. BP bu gün Azərbaycanın sərvətlərini daşıyıb aparır. Neftdən Azərbaycan xalqına bir qəpik də xeyir yoxdu. Eynilə də Ukrayna, Belorus kimi postsovet respublikalarda da istəyirlər xalqı kölə halına salsınlar. Halbuki bu xalqlar Sovet vaxtında normal insan kimi yaşayırdılar. Bu gün isə həmin xalqlara onlar ikinci dərəcəli xalq kimi baxırlar. Bir xarici gəlib burda müəssisə qurur, gətirib azərbaycanlıları orda qul kimi ucuz qiymətə qabağında işlədir. Həmin xarici xalqa özü kimi baxmır, aşağı baxır, fəhlə qüvvəsi kimi baxır. Məqsədləri budur ki, xalqımızdan işçi qüvvəsi kimi istifadə etsinlər və ölkəmizin xammalını daşıyıb aparsınlar. Xalq qul halına salınıb. Hansı demokratiyadan söhbət gedir? Hansı müstəqillikdən söhbət gedir? Ukrayna xalqına baxın da, buna bir misaldı. Baxın görün Ukrayna xalqı bizdən də beşbetər nə gündədi!”

Bəşər Əsəd qoyub qaçmadı və öz ölkəsini müdafiə etdi

“Bəşər Əsəd Suriya Ərəb Respublikasının prezidenti olub. Faktiki Suriyada münaqişə başlayana qədər, yəni 2014-cü il Ərəb Baharı hadisələrinə qədər Bəşər Əsəd Suriyanın leqal prezidenti kimi dünya tərəfindən tanınırdı və qəbul olunurdu. Hətta Azərbaycanla da yaxşı münasibətləri vardı. Amma 2014-cü ildə birdən birə hansısa qüvvələr dedilər ki, biz Suriyada və digər ərəb ölkələrində demokratiya qururuq, bu adla Ərəb Baharına başladılar. Suriyada aranı qarışdırdılar ki, ərazisini parçalayıb orda müxtəlif aşirətlərə, tayfalara dövlət yaratsınlar. Bax o zaman birdən birə Bəşər Əsədə münasibət dəyişdi. Birdən birə kardeşim Bəşər Əsəd döndü oldu diktator, zalim Bəşər Əsəd! Və xarici qüvvələr gəldi, ora terrorçuları tökdülər, ölkəni parçalamaq üçün vətəndaş müharibəsinə başladılar. Bu zaman ölkənin prezidenti neyləməliydi ki? Təbii ki ölkəsinin ərazi bütövlüyünü qorumalıydı, parçalanmanın qarşısını almaq üçün ölkəsini müdafiə eləməliydi. İndi baxın, Bəşər Əsəd Suriya xalqına çox zərər vurdu, yoxsa ordakı teror qruplaşmaları? İŞİD insanların başını kəsib öldürməklə məşğul idi. Suriya vaxtilə azad və çiçəklənən ölkə idi. Ölkədə kifayət qədər iqtisadi azadlıqlar var idi. Suriya münaqişəyə qədər bölgənin ən inkişaf etmiş ölkələrindən biri sayılırdı. Suriya həm də qədim bir mədəniyyət mərkəzidir. Ölkə prezidenti neyləməliydi? Ya qoyub qaçmalıydı, ya da vuruşmalıydı”.

Комментариев нет:

Отправить комментарий