Страницы

05.11.2021

Dinlə vuruşmaq havanı qılıncla doğramaq, xəlbirlə su daşımaq kimi bir şeydir

Arzu Əsəd

Mollaları başa düşdük, milli olmalıdırlar. İranı başa düşdük, viran olmalıdır. Ocağı başa düşdük, tüstüsü kəsilməlidir. Qumu başa düşdük, quma dönməlidir. Sizin İslam dininin özü ilə nə işiniz?
Dönün bir tarixə baxın.
Kimlər bu dinə qarşı vuruşmadı? Nəticə nə oldu?
Daha da gücləndi, daha çox yayıldı.
1500 ildi vuruşurlar və ona qarşı vuruşduqca bir kiçik qəsəbədən zaman-zaman bütün dünyaya yayılıb və yayılmaqda da davam edir.
Dinlə vuruşmaq havanı qılıncla doğramaq, xəlbirlə su daşımaq kimi bir şeydir.
Adını nə qoyursunuz qoyun; Əbu Ləhəb kimi lənət deyin, Marks kimi tiryəkə bənzədin, Axundov kimi puç və əfsanə hesab edin, Nitsşe kimi Allahı "öldürün", Freyd kimi illüziya adlandırın, yəhudi bolşeviklər kimi asın, kəsin, doğrayın, məscidləri anbara döndərin, müasir feysbuk istifadəçiləri kimi aftafa-ləyən və s. obrazlarla lağlağı edin, məsxərəyə qoyun - yenə də bu din kəsilmir, azalmır, bitmir, itmir, getmir!..
Bu sizi heç düşündürdümü?
Siz elə ha deyin ki, burda bir irrasionallıq yoxdur. Elə dönə-dönə təkrar edin ki, dünya rasionaldır. Onda niyə tarix boyu intellekt dinə uduzub? Kütlə şüuru filan da boş şeydir. Elə olsaydı, insanlığın ən ağıllı və istedadlı olanlarından Nizami Gəncəvi özünü Məhəmmədin atının ayaqları altındakı toza-torpağa bənzətməzdi, təsəvvüf minillik Azərbaycan ədəbiyyatının iliklərinə işləməzdi.
Bu gün də ateizm bir çoxlarına özlərinə din cəbhəsindən düşmən obrazı yaratmaqla bir ictimai mövqe qazanmaq platformudur. Yoxsa adamın nəyinə lazımdır elə hər gün Allah yoxdur deyə-deyə şeytana qoşulub cəhənnəmə odun daşısın?
Xülasə, cənablar, İran təbliğatı ilə, cəhalətlə, xurafatla, məzhəb ayrı-seçkiliyi  və s. ilə vuruşmaq hər bir intellekti olan adamın ziyalılıq və vətəndaşlıq borcudur. Amma bizə Allah düşüncəsini İran öyrətməyib.
Allahla vuruşmayın!
Tarix ən dəqiq güzgüdür. Dönüb diqqətlə baxın: Allahla vuruşan hansı fərd, hansı millət xeyir görüb?

P.S.: Özünüz də yaxşı bilirsiniz ki, düşüncə azadlığından əvvəl düşüncənin özünün müəyyən yetkinliyi olmalıdır. Bəs bu virtual məkanda hörrə kimi axan guya elmi, rasionallığı təmsil edən Allah düşmənçiliyi gəvəzəliklər sizi iyrəndirmirmi? Ateistlərin mənim minillik tarixi şüurumu danan vahhabilərdən nə fərqi var ki? Bu gün din dediyimiz təkcə namaz qılmaq deyil ki, bizim tarixi şüurumuzun bir hissəsidir, tarixi dövlətçilliyimizin bir rəngidir və s. Ona qarşı durmaq azad düşüncədən kənar məsələdir. Mən belə bir şəraitdə ateizmin təbliğini bu işləri yürüdən düşmənlərin dəyirmanlna su tökmək kimi qiymətləndirirəm. Postmodernist era keçdi. Biz indi dəyərlərimizi dəyərsizləşdirməklə yox, onları arındırıb qorumaqla məşğul olmalıyıq!

Комментариев нет:

Отправить комментарий