Страницы

29.12.2021

“Generala “Stefanno Ricci”dən 25 min dollara kostyum aldım”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində maraqlı nüanslar üzə çıxıb.
Ötən prosesdə zərərçəkmiş, iş adamı Əhməd Mirzəyev ifadə verib. O bildirib ki, MTN vəzifəliləri ondan müxtəlif vaxtlarda hədə-qorxu ilə pul alıblar: “Mən kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışı ilə məşğul olurdum. 2010-cu ildə Gürcüstandan tələbə yoldaşım Lento mənə zəng edib qranit materialından balta hədiyyə göndərdiyini dedi. Baltanın yanında qızıldan keçi fiquru da olduğunu bildirdi. Dedi ki, qızıl keçi Bakıda Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar alıb Lentoya göndərməli idim. Martda Lentonun dediyi şəxs mənə zəng elədi ki, hədiyyəni gətirib. Sürücüm Arifə dedim avtovağzaldan baltanı və keçi fiqurunu götürüb Zaurun evinə aparsın. 2-3 saat sonra Arif zəng elədi ki, Zaurun evində olanda MTN işçiləri basqın ediblər. Səhəri özünü MTN əməkdaşı kimi təqdim edən şəxs zəng etdi, nazirliyə çağırdı. Nazirlikdə mənə çoxlu qızıl əşyalar, fiqurlar və balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil. MTN-də mənə dedilər ki, “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, pul vermədən burdan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq”. Dedim ki, 500 minim yoxdur, məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs qətimkan tədbiri seçdilər. Həbsdə olduğum müddətdə hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün 500 min manat tələb edirdi. Əks halda 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşdım”.
İş adamının sözlərinə görə, 500 min dollar verdikdən sonra onu həbsdən azad ediblər. Lakin həbsdən çıxandan sonra da general-mayor Mövlam Şıxəliyev ondan əl çəkməyib: “Həbsdən təzə çıxmışdım, MTN-nin xofu üstümdən getməmişdi. Mövlam Şıxəliyev mənə sifarişlər verməyə başlamışdı. 2011-ci ildə mənə zəng vuraraq villasında tikinti işləri apardığını dedi. Ona tikinti materialları verməyimi tələb etdi. Mövlam Şixəliyevin sürücüsü Əlizaminə təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz vermişəm. Bir dəfə də zəng elədi ki, ad günümdür, mənə “Stefanno Ricci” kostyumu almalısan. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər. Dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşanda satıcı “25 min dollar” dedi. Bir anlıq özümü itirdim. “Bu qiymətə də kostyum olar?” dedim. Satıcı dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Özümlə 20 min manat götürüb mağazaya getdim. Kostyumun çekini tələb edəndə satıcı da dedi ki, rəhbərlik çek verməyi qadağan edib. Danışığından başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar “qoparmaq” üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi. Başqa çarəm yox idi”.
Məhkəmədə Əhməd Mirzəyev ona vurulan ziyanın ödənilməsini tələb edib.
İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var. /azerbaycan24.com/

Комментариев нет:

Отправить комментарий