Страницы

26.12.2021

Sovet dövrü haqda ağzına gələni danışanlar tək Qurbanəli bəy hekayəsini oxusunlar

Mənim fikrimcə, Azərbaycanın real mənzərəsini Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və başqaları çox gözəl təsvir etmişlər. Xüsusilə Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsi bu baxımdan ibrətamizdir.

Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Bir qədər keçdi genə qaçaqaç düşdü; genə dedilər "naçalnik gəlir". Amma bu da yalan oldu. Bir qədər keçdi genə qaçaqaç düşdü; genə dedilər "naçalnik gəlir". Amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.
Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:
- Malades sobak.
Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:
- Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar.
Ağalar və xanımlar yendilər. Kəndlilər genə "urra" çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə.
Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi.
Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi:
- Axmaq oğlu axmaq, bə sən niyə yallı getmirsən? Kərbəlayı Qasım başını əydi aşağı və dedi:
- Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.
Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımm çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:
- Yapış, heyvan balası heyvan! Yoxsa vallah döyə-döyə səni öldürərəm!
Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa. Bir qədər keçdi, genə bir stəkan içib çığırdı:
- Xanımın sağlığına.
Və genə başladı dolanmağa bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:
- İç.
Kərbəlayı Qasım başladı yalvarmağa:
- Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.
Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.
Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi:
- Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə ki­mi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.
Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:
- Necə qanmır? Çox yaxşı qanır. О məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.

Bu əsərdən çıxardığımız əsas nəticə ondan ibarətdir ki, zavallı Kərbəlayı Qasımın heç bir günahı olmadığı halda Qurbanəli bəy onu təhqir edir, şəxsiyyətini alçaldır. Bu, 19-cu əsr Azərbaycan kəndinin real mənzərəsidir, iki azərbaycanlının - biri bəy, digəri nökər olanın bir-birinə münasibətidir. Bu vəziyyət indi də davam edir. Qalstuk taxmış Qurbanəli bəylər yenə də özündən yuxarılara yaltaqlanır, özündən aşağıdakıları istismar edir. Bu xalqın bərabərləşməsi üçün Sovet dövründə olduğu kimi təbəqələşmə aradan qaldırılmalıdır. Necə ki, hamı bir-birinə yoldaş deyə müraciət edirdi. Məhz o cür bir quruluş insanın insan tərəfindən istismarını qadağan etməklə cəmiyyətdə bərabərlik yarada bilmişdi. Bunun sayəsində Azərbaycan xalqı 70 il normal insan kimi yaşaya bildi, təbəqələşmə olmadı, heç kəs başqasının hüquqlarını pozmağa cürət etmədi. İndi Sovet dövrü haqda ağzına gələni danışanlar tək Qurbanəli bəy hekayəsini oxusalar, nə qədər haqsız olduqlarını dərk edərlər.

Nəzakət Məmmədova

Комментариев нет:

Отправить комментарий