Страницы

23.12.2021

Zəngəzur koridoru: Əsas problem Qafqaz ölkələrini üz-üzə qoymaq istəyən Qərbin provokasion siyasətidir


Sünik-Zəngəzur koridorunun müzakirəsi ilə bağlı beynəlxalq konfrans keçirilib.
Konfransda Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistandan ekspertlər iştirak ediblər.
Tədbirdə Qazqazdakı bütün nəqliyyat əlaqələrinin açılması imkanları müzakirə olunub.
Ekspetlər Sünik-Zəngəzur koridorunun geopolitik çalarından, Rusiyanın bu koriodurun təhlükəsizliyinin qorunmasında rolundan, koridorun Avrasiya inteqrasiya proyektləri üçün əhəmiyyətindən, koridorun region ölkələri üçün iqtisadi xeyirindən, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin qurulması imkanlarından danışıblar.

Tədbirdə çıxış edən rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin bildirmişdir ki, Zəngəzur koridorunun açılması həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir: “Zəngəzur koridorunun açılması nəinki Ermənistan üçün təhlükə yaratmır, əksinə onun mövqeyini möhkəmləndirir. Nəqliyyat şəbəkələrinin açılması ilə Ermənistan öz iqtisadi çəkisini artıracaq. Ermənistanın əsas ticarəti Rusiya ilədir. Ölkə Rusiya bazarlarına giriş əldə edəcək, Rusiya bazarlarından isə başqa bazarlara çıxa biləcək. İran ilə də ticarət intensivləşəcək. Azərbaycanla ticarət əlaqələrinin bərpası Ermənistanın statusunu möhkəmləndirəcək. Yəni regionun bütün oyunçuları eyni qaydada güclənəcəklər. Azərbaycan isə Ermənistan kimi Avrasiya İqtisadi Birliyinə üzv olduqdan sonra öz statusunu gücləndirəcək”.

Tədbirdə çıxış edən azərbaycanlı politoloq, Qazqaz-Avrasiya Ekspert Klubunun direktoru Nəzakət Məmmədova Rusiyanı Qafqazın stabilizatoru adlandırmışdır: “Qafqazda siyasi münaqişələr yenə də böyük problemlər yaradır. 100 il əvvəldə olduğu regionumuzda böyük dövlətlərin geopolitik mübarizəsi davam edir. Buna geopolitik deyil, sivilizasiyalararası qarşıdurma kimi də baxmaq olar. Mənim fikrimcə, biz anqlosakson və fransız təsirlərinin toqquşması ilə üz-üzəyik. Rusiya isə regionda stabilizator qismində çıxış edir. Zəngəzur koridorunun Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında açılması geniş beynəlxalq iqtisadi əməkdaşlığa doğru vacib addım olacaq. Ən əsası isə biz Qafqaz xalqları aramızda olan konfliktləri özümüz həll etməliyik, Qərb dövlətlərinin işlərimizə müdaxiləsinə imkan verməməliyik. Onlar öz maraqları çərçivəsindən çıxış edirlər ki, bu maraqlar sülh və təhlükəsizliyə ziddir”.

Tədbirdə çıxış edən türkiyəli politoloq Mehmet Perinçek bildirmişdir ki, Qafqaz regionunu destabilizasiya edən və konfliktlərin qızışdırılmasında əsas neqativ rol oynayan məhz Qərbdir: “Əgər regional dövlətlər inisiativi öz əllərinə alsalar və Qərb müdaxiləsini kənarlaşdırsalar, onda Qafqaz ölkələri arasında, ümumiyyətlə regionumuzdakı istənilən problemi həll etmək olar. Əgər Qarabağ məsələsinə Qərb burun soxmasa Azərbaycan və Ermənistan bu problemi ədalətlə həll edərlər. Həm də təkcə Qarabağ məsələsini yox. Əgər Gürcüstan məsələsində Qərbin provokasiyaları olmasa Moskva və Tbilisi asanlıqla dil taparlar. Əsas problem Qafqaz ölkələrini üz-üzə qoymaq istəyən Qərbin provokasion siyasətidir. Gürcüstan və Ermənistan öz problemlərini yalnız Rusiya, İran, Türkiyə və Azərbaycanla əməkdaşlıq etməklə həll edə bilərlər”.

Комментариев нет:

Отправить комментарий