Страницы

12.02.2022

Hər kəs özünü axtarır

Xəyal Zeynal

Ömür adlı bir qatarda
Düzlər yıxılır ard-arda,
Ruhdan düşmüş adamlarda
Həvəs özünü axtarır.

Canlar heç olur davada,
Güllə yer edir yuvada,
Çıxır yuvadan, havada
Nəfəs özünü axtarır.

Məhkumlar məhbusdur dərddə,
Məhbusdur məhbusda dərd də,
Gah o dərddə, gah bu dərddə
Qəfəs özünü axtarır.

Qəm gəldisə axın-axın
Bir kəs saxlamır qabağın,
Ömrünün sonuna yaxın
Hər kəs özünü axtarır.

***
Varım olan yoxluqları
Toplamışam ürəyimə,
Bəsləyirəm qubar kimi.
İtirilən hər nə varsa
Geriyə gətirmək olur.
Ya yox kimi, ya var kimi!

Həsrət nə vaxtsa bitsə də,
Vüsal da əbədi deyil,
Sonu həsrətə calanır.
Gəlib, qalıb, gedən hər şey
Ən azı bir şey aparır,
Alan alır, satan satır,
Ortada ömür talanır.

Elə darmadağınam ki,
İçimdəki ölü həyat
Ölümü yaşadır mənə.
Bıçaq kimi saplanmışam
Bu torpağın sinəsinə,
Heç yerə gedə bilmirəm,
Relsdən çıxmış qatar kimi.

Daha dərd çəkə bilmirəm,
Ən böyük dərd özüməm də...
Çəkir məni bu torpaq öz nəfəsinə.
Elə asan çəkilirəm,
Elə yüngül gəlirəm ki...
Bilməzdim ki nə zamansa
Çevrilərəm boşluqların qəfəsinə.

Eh... Bu ömür, bu da həyat,
Bu gün də varıq, sabah da,
Eynilə dünənki kimi.
Buxarlanıb, yox olanlar
Bir gün yenə geri dönür,
Ya yağış, ya da qar kimi.
Torpağa gömülsə belə
İnsan həmişə yaşayır,
Ya yox kimi, ya var kimi.

***
Yanırıq ocağın üstdə,
Sönürük ocağın altda.
Zülmətdən qurtulammırıq
Günəştək çırağın altda.

Başımıza dəyir körük,
Dərd ağarır hörük-hörük,
Yerin dibinə çökürük
Dağ boyda qınağın altda.

Hər yeyənin işi olmur,
Hər deyənin "diş"i olmur,
Vallah-billah kişi olmur
Hər adam papağın altda.

Yıxan bilmir, quran bilmir,
Əzən bilmir, vuran bilmir,
Dağ üstdə hər duran bilmir
Nələr var o dağın altda.

Burda uzunsa da qollar,
Orda birdir şahlar, qullar,
Əvvəl-axır bütün yollar
Kəsişir torpağın altda.

***
Gözəl gözlüm, al məni gözlərinin içinə,
Bir az üzüm özümçün.
Üzüb dəniz gözündə, yaraşığa bürünüm,
Ölüm özüm özümçün.

Açım kömür gözünün ağappaq qapısını,
Görüm hara baxırsan.
Görüm kövrəldiyində için-için əriyib,
Kimə, nəyə axırsan.

Mışıl-mışıl yatanda ən şirin yuxun olum,
Yaddaşına yayılım.
Yalnız səndə yaşayım, yalnız səndə məst olum,
Yalnız səndə ayılım.

Gözündəki mənanı beynimin qədəhinə
Süzüm dəlicəsinə.
Başımı qatmaq üçün bir ömürlük əzab ver,
Dözüm dəlicəsinə.

Hərdən kirpiklərinlə saçlarıma sığal çək,
Elə bilim anamsan.
Elə bilim durmadan bu dağılan cahanda
Təhlükəsiz odamsan.

Hərdən götür at məni ürəyini yandıran
Həsrətin ocağına.
Söndürüm o həsrəti, bir yığın vüsal ilə,
Atılım qucağına.

Sehrli əllərinlə götür acılarımı,
Bir az şəkər qat mənə.
Oxşa duyğularımı, ürəyinin səsindən
Möcüzə yarat mənə!

Həyat qısadır, gülüm, gəl bu qısa zamanı
Hər ölçüdə yaşayaq.
Sevgimizin əliylə bütün gözəllikləri
Ömrümüzə daşıyaq...

Комментариев нет:

Отправить комментарий