Страницы

02.04.2022

Ukrayna müharibəsi kürdlərin işinə yaramağa başladı - SENSASİON GƏLİŞMƏ

Avropa üçün yeni “kürd neft-qaz dəhlizi” yaradılır?

Xəbər verildiyi kimi, martın 13-də İran ordusu İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərində bir neçə hədəfi, o cümlədən ABŞ-ın Ərbildəki konsulluğunun binasını raket atəşinə tutub. Vurulan əsas hədəflərdən biri villa olub.
İran ordusu bəyan edib ki, bu binada İsrail kəşfiyyatının yerli bürosu fəaliyyət göstərib və əsas hədəf də bu büro olub. Bu barədə ötən ay yazmışdıq. İranlıların iddiasına görə, raket zərbələri “büroda” toplantı keçirildiyi zaman həyata keçirilib və bir neçə yüksək rütbəli kəşfiyyatçı öldürülüb. Ancaq həmin vaxt kürd muxtariyyəti iddianı təkzib etdi və hədəfə alınan binanın bir iş adamına məxsus olduğunu bildirdi.
Ancaq bu günlərdə “Reuters” Agentliyi İraq və Türkiyədən olan rəsmilərə istinadən martın 13-də İranın Ərbili raket atəşinə tutmasının arxasında enerji məsələsinin dayandığı barədə xəbər yayıb. Agentlik xəbərdə mənbələrə istinadən iddia edir ki, ABŞ və İsrail İraqın kürd muxtariyyəti ərazisindən Avropaya qaz xətti layihəsi üzərində işləyir. Raket zərbələri də bu layihəyə mane olmaq və ya onu əngəlləmək məqsədilə həyata keçirilib.
Əvvəldən də qeyd olunduğu kimi, İran qüvvələrinin atdığı raketlər İraq kürd muxtariyyətində enerji, əsasən də maye qaz ticarəti ilə məşğul olan kürd əsilli iş adamı Bərzəncinin villasına düşüb. İraq təhlükəsizlik xidmətinin əməkdaşı “Reuters”ə bildirib ki, raket zərbələri endirilən villada İsrail və ABŞ-ın enerji üzrə rəsmiləri kürd qazının Avropaya nəqli layihəsi ilə bağlı toplantı keçirib. Ancaq daha əvvəl kürd rəsmiləri bu iddianı təkzib ediblər.
İrandan isə adının çəkilməsini istəməyən diplomatik mənbə “Reuters”-in əməkdaşına bildirib ki, zərbələr çoxməqsədli olub. Əsas məqsəd isə Suriyada "Sepah" zabitlərinin İsrail tərəfindən öldürülməsinə cavab olub.
Maraqlıdır ki, martın 28-də İraq kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani Dubayda keçirilən enerji konfransında bildirib ki, kürd muxtariyyəti Avropada neft çatışmazlığının ən azı bir hissəsini təmin edəcək imkanlara sahibdir. Eyni zamanda o yaxın zamanda kürd muxtariyyətinin Türkiyəyə və Avropaya qaz tədarükü ixracına başlayacağını bildirib. Ancaq maraqlıdır ki, İraq kürd muxtariyyəti administrasiyasındakı neft ixrac kəmərinin əsas payçılarından biri “Rosneft”dir...
İranın Ərbili vurması ilə bağlı Məsrur Bərzani deyib ki, İraq kürd muxtariyyəti ərazisində neft və qaz istehsalı sektorunun inkişafı enerji nəhəngi kimi İranın maraqlarına cavab vermir. O qeyd edib ki, Ərbilə raket zərbələrinin arxasında da məhz bu maraqların toqquşması dayanır.
Bununla da faktiki olaraq kürd rəsmiləri Ərbilə zərbələrin ABŞ və İsrailin enerji layihəsinə cavab olduğunu etiraf ediblər. Halbuki daha əvvəl bunu etiraf etmirdilər. Başqa sözlə, belə anlaşılır ki, indi kürd, yəni İraq qazının və neftinin Avropa bazarına çıxması mövzusu regional gərginliyə səbəb olur. “Reuters” yerli rəsmi qurumların dili ilə kürd qazının Avropa bazarına çıxarılması layihəsinin olduğunu və İranın buna mane olmağa çalışdığını etiraf edir.
Yeri gəlmişkən, bu günlərdə Yəmən husiləri Səudiyyə Ərəbistanı ərazisində “ARAMCO” şirkətinin neft terminallarını bombalayıb. Səudiyyə rəsmiləri bu bombalamanın krallığın dünya enerji bazarında təxribat yaratmağa hesabladığını bəyan ediblər. Husi təmsilçiləri isə artıq dünya enerji nəqlinin böyük bir qisminin onların nəzarətində (Qırmızı dəniz vasitəsilə) olduğunu bildiriblər.
Belə görünür ki, Qərbin (ABŞ və İsrailin) Avropa bazarına Yaxın Şərqin neft və qazını çıxarması layihəsinə ciddi müqavimət var. Bu işin rəsmi icraçısı İran olsa da, aydındır ki əsas məsələ Rusiyanın maraqlarıdır.
Bu arada Suriyada münaqişənin alovlanmasının bir səbəbinin də 2010-cu ildə Qətər və İraq qazının Suriya ərazisindən Aralıq dənizinə çıxarılması layihəsinin olması ilə bağlı iddialar var. Yəni başqa sözlə mövzu həm də qlobal enerji bazarındakı rəqabətlə əlaqəlidir.
Kürdlərlə bağlı daha bir maraqlı xəbər ondan ibarətdir ki, ABŞ Quru Qoşunlarının 2023-cü il büdcəsində İraq və Suriyadakı kürd qüvvələrinin təlim və təchiz proqramına 542 milyon dollar ayrılması nəzərdə tutulub. Qeyd edək ki, builki büdcədə isə İraq və Suriya kürdlərinə 500 milyon dollar yardım nəzərdə tutulub, bunun 177 milyonu Suriya kürdlərinə veriləcək. Bundan başqa, Vaşinqton 13 mart raket hücumundan sonra İraq və Ərbilə Hava Hücumundan Müdafiə sistemləri (HHM) verəcəyini bəyan edib.
Yardımların həcmi göstərir ki, yaxın illərdə kürd məsələsi yenidən aktuallaşacaq. Bu dəfə kürdlər Avropanın enerji təminatında iştirak edən qüvvə kimi çıxış edəcəklər. Başqa sözlə, Yaxın Şərq uğurunda rəqabət yenidən qızışacaq. /musavat/

Комментариев нет:

Отправить комментарий