Страницы

12.05.2022

Tutduğunuz yol xalqa yox, yalnız özünüzə, qohum-qardaşlarınıza, oğul-uşaqlarınıza nəsə qazandırdı


Nadir Qocabəyli

Fərəməz Allahverdiyevin (Elçin İlqaroglu) dəvəti ilə "Böyük Şərq" saytının açılış mərasimində iştirak edirdim.
Tədbiri açan Fərəməz bəy saytın adını "Böyük Şərq" qoymasını əqidəcə avrasiyaçı olması, liberalizmi qəbul etməməsi və sevməməsi ilə əlaqələndirdi, bildirdi ki, saytın fəaliyyətində məhz bu amilləri rəhbər tutacaq. Natiq onu da vurğuladı ki, sayt təbii olaraq həm də Azərbaycanın müstəqilliyi, dövləyçiliyi xəttinə sadiq qalacaq, ölkə prezidentinin xarici siyasətini dəstəkləyəcək, eyni zamanda, ölkə daxilindəki çoxsaylı problemlərə tənqidi yanaşacaq. 
Daha sonra o sözü məclisdə iştirak edən ağsaqqallara - Fəzail Ağamalıya, Sabir Rüstəmxanlıya və Firudin Cəlilova verdi. 
Hər üç ağsaqqal öz çıxışında avrasiyaçılığın əleyhinə olduğunu bəyan etdi. Qeyd etdilər ki, xalq azadlıq hərəkatının fəal üzvlərindən biri olan, imperiyaya qarşı mübarizə aparan Fərəməz bəyin bu mövqeyi onlar üçün anlaşılmazdır. Onların fikrincə, avrasiyaçılıq Rusiya imperiyasının yenidən dirçəldilməsinə xidmət edən ideologiyadır. Bununla belə ümid edirlər ki, Fərəməz bəy Rusiyapərəstlik etməyəcək. 
Fəzail Ağamalının fikrincə, Rusiya qəddar bir imperiyadır, hər zaman bizi əzib, bu gün Ukraynanı işğal etmək istəyir və artıq çökməkdədir. Çökən birinin yanında olmaq ağılsızlıqdır. O avrasiyaçılığa qarşı Azərbaycan dövlətçiliyini və müstəqilliyimizi qoydu. 
Rüstəmxanlı da təxminən eyni fikirlər söylədi. Yadımda qalan o oldu ki, "liberalizm iqtisadiyyatda yaxşıdır, amma mediada, televiziyada, təhsildə, əxlaqda pisdir".
Qocaman Cəlilov da eyni şeyləri söylədi və əlavə etdi ki, avrasiyaçılıq yox, turançılıq yolu tutmaq lazımdır. Səhv etmirəmsə, bu fikri Ağamalı da demişdi. Firudin müəllimin fikrincə, saytın adı "Böyük Doğu" olsaydı, daha yaxşı olardı. Biz alınma sözlərdən imtina etməliyik, çünki onlar qısırdır. Onun sonda söylədiyi bir fikir xoşuma gəldi. O dedi ki, Fərəməz Allahverdiyev heç bir ağsaqqal sözünə-zada baxan deyil. Bizə burada "yaxşı-yaxşı" deməyinə baxmayın, ancaq öz bildiyini edəcək...
Ağsaqqalların çıxışlarından sonra danışan olmadı. Hiss elədim ki, Fərəməz bəy məclisin uzanmasını, fərqli fikirlər səslənməsini, diskussiya istəmir. Doğrudur, o "kimin sözü varsa, danışa bilər" dedi, amma eyni zamanda əlavə etdi ki, salonun sol tərəfində çay, şirniyyat, meyvə masaları var, buyurub dada bilərsiniz. Bunu deyəndən sonra təbii ki atmosfer dəyişdi, kimsə çıxış etməyə həvəs göstərmədi, hətta bir neçə nəfər ayağa qalxdı. 
Şəxsən mənim çıxış etmək, ürək sözlərimi səsləndirmək, eyni zamanda ağsaqqalların bəzi fikirlərinə münasibət bildirmək niyyətim vardı. Ancaq o ab-havada bu bir az yaxşı alınmayacaqdı, üstəlik heç kəs məni dinləməyəcəkdi də. Çünki yemək-içmək olan yerdə adətən çıxışlara qulaq asan olmur. Mən bunu toy şənliklərində dəfələrlə müşahidə etmişəm. Digər tərəfdən, məclisdə iştirak edənlər arasında mənim həmfikirlərim az, olanlar da ehtiyatlı idi. 
Odur ki Fərəməz bəydən üzr istəyib çıxdım. Onun çay içmək təklifini də qəbul edə bilmədim, çünki pəhrizdəyəm və orada mənim dada biləcəyim nəsə gözümə dəymədi.
Söyləyəcəyim nitqin əsas tezislərini burada nəzərinizə çatdırmaq istəyirəm, əziz dostlar.
"Böyük Şərq" saytına böyük uğurlar, Fərəməz bəyə avrasiyaçılıq yolundan dönməməyi arzulayıram.
Ağsaqqallara demək istəyirəm ki, avrasiyaçılıq Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə zidd deyil. Böyük Avrasiyada nəinki müstəqil, suveren keçmiş Sovet respublikalarına, hətta Türkiyəyə, İrana, Pakistana, Hindistana, Çinə də yer var. Üzümü turançılara tuturam. Aleksandr Duqinin "Avrasiya missiyası" kitabının tezisləri əsasında yazılmış və bəndənizin Azərbaycan dilinə tərcümə etdiyi "Avrasiya hərəkatının proqramı"nı oxuyun. Orda elə fikirlər görəcəksiniz ki, bundan sonra hamınız avrasiyaçı olacaqsınız. Çünki Turan ideyasını da məhz avrasiyaçılıq ideologiyası çərçivəsində reallaşdırmaq mümkündür. Yoxsa atlantistlər sizdən həmişə alət kimi istifadə edəcəklər. Kitabdan qısa bir abzası diqqətə çatdırıram.
"Turan amili. Rusiya öz slavyan kökünü məhz Turanla birləşdirərək müstəqil sivilizasiya kimi formalaşıb. Monqol-tatar dövrü irsi rus tarixində bir neçə parçalanmış şərqi slavyan əyalət knyazlığını dünya imperiyasının gövdəsinə çevirən vacib element idi. 13-cü əsrdə Kiyev Rus dövlətinin Avropa təsirinə düşmüş sektorları yavaş-yavaş onun içində əriyərək, siyasi və mədəni müstəqilliklərini itirirdilər. Ordanın tərkibinə daxil olan torpaqlar sonradan kontinental imperiyanın nüvəsinə çevrildilər. Tatarlar Moskva Çarlığında dirçələn və “Çingiz Xanın mirası”na (knyaz N.S. Trubetskoyun kitabının adı) daxil olan Qədim Rus dövlətinin mənəvi özünəməxsusluğunu qoruyub saxladılar. Avrasiyaçılar rus filosofları və tarixçiləri içərisində Turan faktorunu müsbət qaynaq kimi dəyərləndirən, rus-tatar münasibətləri dialektikasını Avrasiya dövlətçiliyinin canlı mənbəyi hesab edən ilk ideoloqlardır".
Sabir bəyə çatdırın ki, liberal iqtisadiyyat (başqa sözlə, bazar iqtisadiyyatı) dominant olan yerdə qeyri-liberal heç nə qalmır. Yəni hər yer bazar olur. Biz hazırda bunu hər yanda görür, yaşayırıq. Təhsildə də, səhiyyədə də, mediada da, elmdə də, əxlaqda da, mənəviyyatda da.
Bəlkə də bəziləri liberalizmin nə olduğunu tam anlıamır. Odur ki, yada salıram: Liberalizm – yalnız bazarın maksimal azadlığını və bütün təsərrüfat vasitələrinin özəlləşdirilməsinin iqtisadi inkişaf üçün optimal şərait yaratdığını təsdiq edən iqtisadi təlimdir. Liberalizm atlantistlərin və qlobalistlərin doqmatik iqtisadi təlimidir. 
Avrasiyaçılıq bunu inkar və iqtisadiyyatda üçüncü yolu təklif edir: “Üçüncü yol” iqtisadiyyatı – bazar iqtisadiyyatı ilə təsərrüfatın bu və ya digər fövqəl-iqtisadi meyar və prinsiplər əsasında müəyyən dərəcədə tənzimlənməsini kombinasiya edən iqtisadi təlimlərin sintezidir.
Sonda məndən nə qədər xoşları gəlməsə də, həmin ağsaqqallara xatırladacaqdım ki, onlar məğlub oldular. Çünki onların keçdiyi yol mənsub olduqları xalqa sözlərdən və şüarlardan başqa heç nə qazandırmadı. Yalnız özlərinə, qohum-qardaşlarına, oğul-uşaqlarına nəsə qazandırdı. Bunu həm Fəzail Ağamalının, həm də Sabir Rüstəmxanlının şəxsində aydın görmək olar. Firudin Cəlilov isə özü də heç nə qazanmadı. Çünki nə baş verdiyini bəlkə də dərk etmədi.
***
Anqlo-saksların məqsədi birqütblü dünya yaratmaqdır. Orda bizə yer yoxdur. Çünki Yer kürəsində cəmi 1 milyard əhali saxlamağı planlaşdırırlar. Bunun qarşısında hazırda ən böyük maneə Rusiyadır. Amerikalı politoloq Fukuyama bunu “tarixin sonu” adlandırır ki, bu həm də “geosiyasi tarixin sonu”, atlantizmlə avrasiyaçılıq arasındakı duelin finalı deməkdir. İndiki halda bu, “atlantizmin qələbəsini” və “dünyanın yenidən qurulmasını” (“yeni dünya nizamı”) nəzərdə tutur. Dünyada qlobal hegemonluq uğrunda mübarizə gedir. Bir tərəfdə ABŞ və NATO-nun başçılıq etdiyi qlobalistlər, digər tərəfdə Rusiyanın başçılıq etdiyi avrasiyaçılardır. Bu mübarizədə hamı gec-tez mövqeyini müəyyən edəcək. Bir azdan burcutmağa yer qalmayacaq. Həm liberal, həm də mühafizəkar, ənənəçi olmağa yer olmayacaq. Qərb dəyərləri universal deyil. Onlar bizə yaramır. Otuz ildə buna 3 min dəfə əmin olduq. Amma siz yenə də utanmadan eyni şeyləri təkrarlayırsınız.
***
Hər yerdə ruspərəstlik, Rusiyapərəstlik axtaran, ağızlarını imperiya ilə açıb işğalla bağlayan, durmadan millilikdən, millətçilikdən, türkçülükdən dəm vuran liberal “ağsaqqallar” bəlkə də bu ideologiyanın ingilis, amerikan mənşəli olduğunu bilmirlər. Bəlkə də xəbərləri yoxdur ki, onların ürəkdən bağlandığı, daim müdafiə etdiyi millətçilik məhz Avrasiya xalqlarını bir-birinə qarşı qoyan, qırdıran Vudro Vilson planının tərkib hissəsidir. Bilmirlərsə, bu çox pisdir. Çünki qos-qoca alim, professor, deputatdırlar. Amma bilirlərsə - birmənalı xaindirlər. Millətin, regionun, hətta qitəmizin maraqlarını öz xırda, cılız mənafeləri naminə anqlo-sakslara satan xəyanətkarlar.

Комментариев нет:

Отправить комментарий