Страницы

04.06.2022

Aleksandr Duqin: Türklər — anadangəlmə döyüşçülərdir


Tarixən Avrasiyanın Böyük Çölündə altay xalqları dominantlıq etmişlər. Onların içində əsas üstünlük türk tayfalarına məxsus olmuşdur. Türklər hətta monqolların hökmranlığı dövründə Turan sivilizasiyasında fundamental rol oynamışlar. Bundan başqa, türklər monqollarla çoxsaylı tarixi və mədəni tellərlə bağlanmışlar – nə vaxtsa ümumi olmuş altay dilindən tutmuş simvolik hun mənşəyinə kimi. Prioritet hərbi orientasiya tarix boyu bütün türk cəmiyyətlərinin hamısına xas olmuşdur. Türküt atlıları döyüşdə məğlubedilməz idilər. Çinlilər onlarla çöl şəraitində birbaşa toqquşarkən məğlubiyyətə uğrayırdılar, çünki türklər kimi hərbiyə əsas önəm vermirdilər, sivilizasiyanın ali prioritetləri kimi tam başqa dəyərlərə və orientirlərə - mədəniyyət, incəsənət, fəlsəfə və s. üstünlük verirdilər. Odur ki çinlilər türkütlərə münasibətdə intriqalar yaratmaq yoluna, iqtisadi sövdələşmələrə və “təsir agentlərinin” ələ alınmasına girişirdilər. Onlar bu işlərdə türklərdən pərgar idilər. Türklər üzbəüz və açıq döyüşdə sərt, aqressiv və məğlubedilməz olsalar da sadə qəlbli, müəyyən qədər də sadəlövh idilər. Bununla yanaşı onlar şan-şöhrətə həvəsli idilər. Material zənginliklərə də ona görə can atırdılar ki, öz hərbi qüdrətlərini möhkəmləndirsinlər və şan-şöhrətə tez çatsınlar. Türklər Turan köçərilərinin döyüş ruhunu digər xalqlara baxanda daha çox özlərində saxlamışlar. Bu mənada onlar posthun dövründə Turan Loqosunun ən parlaq və ifadəli daşıyıcıları oldular.
***
Avrasiyann Böyük Çölü sivilizasiyaların interpretasiyası üçün semantik keçid mərkəzi rolunu oynayırdı. Eramıza qədər 3 min il ərzində bu məkandan dünyaya impuls və enerjilər saçıldı ki, nəticədə bir tərəfdə Anadolu, Yunanıstan, Roma, Avropa, digər tərəfdə İran, Hindistan, Əfqanıstan mədəniyyətlərinin yaranaraq ayaqda qalmasında mühüm rol oynadı. Eramızın ilk əsrlərindən isə bu missiyanı Avrasiyanın digər möhtəşəm xalqları – Altay qrupuna daxil olan türklər, monqollar və mancurlar öz üzərlərinə götürdülər. Onlar bu missiyanı min il ərzində şərəflə daşıdılar. Turan Loqosunun – Apollon Loqosunun təsiri Altay xalqları olan türklər, monqollar və mancurlar üçün o dərəcədə həlledici oldu ki, bu xalqlara və onların finksiyalarına Avrasiya sivilizasiyaları balansında vəhdət şəklində baxmaq olar. Türklərin öz ağalıqlarını təsdiq etdikləri hər yerdə hakimiyyət vertikalı gücləndi, patriarxat strukturu bərqərar oldu, göydəki işıqlı tanrılar kultu formalaşdı.
***
Altay xalqları qrupunda hind-avropa başlanğıcı o qədər gücləndi ki, məhz onlar Turan partlayışını davam etdirdilər. Hind-avropalılar oturaq həyat tərzinə keçdikdən sonra Avrasiya çöllərində estafet türklərin əlinə keçdi. Türklərin sayəsində Avrasiyanın hər yerində Apollon Loqosu bərqərar oldu. Köçəri həyat tərzini saxlayan hind-avropa xalqlarının bir qisminin və əfqan tayfalarının fəallığı müşahidə olunsa da, Turanın yeni söz sahibləri və ağaları türklər oldular. Siyasi səhnəyə girəndən sonra türklər morfolofji nöqteyi-nəzərdən Turanın hind-avropalılarının əvvəlki minilliklərdə daşıdıqları missiyanı uğurla davam etdirdilər. Və nəhayət, patriarxatın, Apollon Loqosunun dramatik hind-avropa partlayışı onunla tamamlandı ki, Turan torpaqları slavyanların, rusların nəzarətinə keçdi. Türklərdən sonra ruslar Turanın dramatik istorialını qapadılar, Avrasiyanın ekzistensial horizontlarının hərəkət və təyinat dialektikasına nöqtə qoydular.
***
Turan sivilizasiyasını araşdırarkən biz nomadik sivilizasiya ilə qarşılaşırıq ki, burda döyüşkən (patriarxal) başlanğıca malik tellurik tipli mədəniyyət üstünlük təşkil edir. Turanın təsiri ekspansiya ilə bağlıdır (Genonun genişlənmə prinsipi). Turanın cənub və qərb istiqamətlərində ekspansiyası doğrudan da tarixən yeni dövlətlərin və mədəniyyətlərin requlyar şəkildə yaranmasına gətirib çıxamışdır, o cümlədən Turan xalqlarının idarəedici sinif, patriarxal stil qanunvericiləri və əsas işlənən dil daşıyıcıları olduqları mükəmməl sivilizasiyaların formalaşmasına səbəb olmuşdur. Məhz köçərilər fəth edilmiş əkinçilərdən yığılan xəracın toplanması və qorunması üçün baza qismində şəhər-qalaların bünövrəsini qoymuşlar. Onlar islənilən sosial differensial cəmiyyətin hərbi aristokratiyasının özülünə çevrilmişlər. Bu mənada Turan faktoru dövlətyaradıcı faktordur. Turandakı türk rejiminə aşağıdakı cəhətlər xarakterikdir: kəskin fərqliliyin yüksək dərəcəsi, işığa və kristal aydınlığa canatma, maddiyyatdan və cismanilikdən təmizlənmə cəhdi, Göyün, nur daşıyıcılarının və uçuş stixiyasının sakralizasiyası, yüksək sürət və təşviqat, döyüşkənlik və igidlik, ölümə atılan çağırış, kişilik (virillik), kəsici və deşici silah, dualizm və əksliklər cütü, tabeliyə və gücə əsaslanan ierarxiya. Bütün bunlar onu deməyə əsas verir ki, Turan horizontu müsbət Apollon Loqosuna malikdir.
***
Semantik derivativlər göstərir ki, köçəri həyat tərzinə və kurqan mədəniyyətinə əsaslanan Turanın semantik özəyində qala ideyası, kişilik ideyası, qüdrət ideyası dururdu. Bu ideyalar Turana bütün tarixi boyunca bağlı qaldı. Turan identikliyini və Turan ekzistensial horizontunu da bir çox hallarda elə bu ideyalar müəyyənləşdirir. Hind-avropa mədəniyyətlərinin mənbəyini də məhz bu ideyalarda axtarmaq lazımdır.
***
Türklər Avrasiya tarixində öz möhtəşəm yeri olan xalqlardan biridir. Türklər anadangəlmə döyüşçülərdir. 550-ci ildən 560-cı ilə kimi 10 il ərzində türkütlər Şərqdə Sarı Dənizdən Qafqaza kimi bütün xalqları özlərinə tabe etdirdilər və qısa bir zamanda nəhəng İmperiya yaratdılar. Bu İmperiya yüksək dərəcəli mərkəzləşdirməyə, böyük xanın (xaqanın) şəksiz hakimiyyətinə və ona sadiq olan hərbi aristokratiyaya əsaslanırdı. Bununla yanaşı Avrasiya köç imperiyalarının bütün qurucuları kimi türkütlərin də hökmranlığının əsas instrumenti alilik dərəcəsinə qaldırılmış misilsiz bir xüsusiyyət idi – döyüşdə mərdlik və igidlik, xan (xaqan) və dövlət uğrunda ölmək və öldürməyə hazırlıq. Etiraz etmək olar ki, bəs istənilən dövlət döyüşçülər tərəfindən qurulur, döyüşçülər də prinsipial olaraq məhz ekzistensial orientasiya ilə fərqlənirlər – ölümün üzünə dik baxmağa istiqamətlənirlər. Lakin sivilizasiyanın Turan stili bu prinsipi bütün cəmiyyətin əsasına qaldırmaqdan, sivilizasiyanın bütün digər istiqamətlərini ona tabe etdirməkdən ibarət oldu. Türk üçün həyat – döyüşdür, yerdə qalanlar isə sadəcə döyüşün atributlarıdır: döyüşə hazırlıq, döyüşdən sonrakı istirahət – bu da onunçün ki, yenidən döyüşə atıla biləsən. Döyüşçü prinsipinin absolyutizasiyası (Dyumezilin üçhissəli modelinin ikinci funksiyası) təkcə ilkin hind-avropa sivilizasiyasının deyil, türk sivilizasiyasının da fərqləndirici xüsusiyyətidir. Türklərdə döyüş logikası qazanc logikasını üstələdi, o cümlədən rasional hesablardan, mənəvi horizontlardan, dinc əməkdən və bədii yaradıcılıqdan irəli çıxdı. Bütün bu momentlər türk sivilizasiyasına xaricdən – fəth etdikləri xalqlardan gəldi. Lakin 6-cı əsrdən 20-ci, hətta 21-ci əsrə kimi saxlanmış türk identikliyinin davamlılığı məhz hərbi ilkinliyin üstünlüyü və bunun əsasında qurulmuş döyüş etikası ilə izah olunur. Türklərin böyüklüyü də məhz bundadır.
***
Döyüşçülər istənilən xalqda və cəmiyyətdə var ki, onlar az-çox vacib rol oynayırlar. Lakin türklərin döyüşçü xüsusiyyəti tam fərqlidir. Avrasiyanın qədim köç imperiyalarından türklərə miras qalmış və gələcək nəsillərinə ötürülmüş Türk prinsipi (bununla yanaşı məhz türk “Dasein”inin əsasını təşkil etməklə) cəmiyyətin özünü ordu kimi başa düşməkdən, həyatını müharibə kimi qavramaqdan, bütün qalan aspektləri və praktikaları isə paralel marginallaşdırmaqdan ibarətdir. Hərbçilər xalq və cəmiyyət üçün deyil, xalq və cəmiyyət hərbçilər üçündür – türklərin həyat kredosu budur! Bununla yanaşı belə radikal hərbi təşəkkül heç bir mədəni-dini forma ilə sıx bağlı olmamışdır. Bu formalar möhkəmlənir, əxz olunur, dəyişir, müəyyən müddət ərzində qorunur, lakin türklərin təbiətinə transformasiya olunmur – təkcə müharibədə, müharibə üçün və müharibə zamanı ekzistensiya olunur. Türk öz mövcudluğunu müharibədə qavrayır.
***
Türklər ordu-xalqdırlar. Absolyuta qaldırılmış müharibə onun aparılması üçün vacib olan iki xüsusiyyəti ön plana çəkdi: cəsurluq (qədim türkcədə bayatur) və qüvvət (qədim türkcədə böke). Lakin türk antropologiyasının kökünə oturan bu iki xüsusiyyət daha çox effekt vermələri üçün cəngavər sədaqətinin və şərəfinin strukturlarında sinxronizasiya etməliydi ki, bunun hesabına igidlər və qəhrəmanlar şəxsi hislərini dəf etsinlər, məğlubedilməz, qüdrətli, yolu üstündə hər şeyi darmadağın edən qarşısıalınmaz çöl döyüşkənliklərində konsentrasiya olsunlar. Beləcə Turan kontekstində “orda” anlayışı meydana çıxdı ki, eyni zamanda həm xalqı, həm də ordunu bildirir, özü də xalq ordu kimi, cəmiyyət ordu kimi anlamına gəlir. “Orda” anlayışının qədim rus analoqu kimi “polk” göstərilə bilər ki, etimoloji cəhətdən almanların “volk”, yəni xalq anlayışı ilə bağlıdır və müəyyən mənada yunan sözü olan “laos” ilə uzlaşır”.
***
Türklər müharibə üçün doğulublar. Türk qövmü özü-özlüyündə döyüş ordusudur. Qədim türk cəmiyyətlərində uşaqdan böyüyə kimi hamı döyüşə hazırlanırdı. Hətta adi maldarlar ordu-xalqın bir hissəsi idilər. Qədim türk cəmiyyətlərində həm sakral hökmdar, həm xaqan, həm aristokratiya, həm də sadə camaat döyüşçü idilər - büsbütün ordu-xalqı təşkil edirdilər. Turanın hind-avropa sisteminin özəyini təşkil edən hərb dominantı türklərdə özünü daha qabarıq kontrastda büruzə verirdi. Tədricən hind-avropa köçərilərində müşahidə olunan hərbi başlanğıcın güclənməsi tendensiyası türklərdə ifrat və radikal hal aldı. Onlar Avrasiyanın Böyük Çöl istorialında hind-avropa estafetini qəbul etdilər və əsas güclərdən birinə (bəlkə də ən əsasına) çevrildilər. Türklər öz köçəri həyat tərzləri və hərbi ruhları ilə Böyük Çölün ağası, Turanın söz sahibi oldular.
***
Türklər fəth etdikləri xalqlarla delikat davranırdılar. Türklərin eksklüzivlikləri və qüdrətləri məxsusi olaraq müharibə məsələləri və birbaşa administrativ-siyasi hakimiyyət ilə bağlı idi: bu işlərdə onlar inadkar idilər. Lakin bütün başqa məsələlərdə onlar kifayət qədər çeviklik, diqqətcillik, müxtəlif etnosların, sosial və professional qrupların maraqlarını nəzərə alma bacarığı nümayiş etdirirdilər, dini məsələlərə münasibətdə isə son dərəcə delikatlılıq göstərirdilər. Beləcə hərbi dominantlıq təkcə bir sahədə (türklərçün vacib olan) üstünlük təşkil edirdi, qalan sahələrdə isə türklər mülayim və ötəri davranırdılar. Bu səbəbdən türklər (eynən Turan istorialının ilkin etaplarındakı köçəri hind-avropalılar kimi) fəth etdikləri xalqların içində hərbi elita kimi qalırdılar, mövcud sosial normalara gözəl adaptasiya olmuş azlıq kimi yaşam sürürdülər. Bununla yanaşı onlar hərbi aristokratiya yoluna qədəm qoymağı, “uzun nizə və iti qılınc” etikasını qəbul etməyi arzulayan avtoxton xalqların nümayəndələri üçün ümumi hərbi məişət stili verirdilər.
***
Türklər dünya xalqlarına dinclik gətirmişlər. Lev Qumilyov Qərb Xaqanlığının ilk hökmdarları barədə danışarkən haqlı olaraq bildirir: “Etiraf etmək lazımdır ki, İstemi və Qara-Çurin Türk təkcə ordu sərkərdəsi deyildilər, həm də gözəl administrator idilər. Onlar fateh kimi gəldikləri ölkələr üçün “modus vivendi” yaratdılar. O vaxta kimi dağınıq hala düşmüş və güclərini daimi xırda müharibələrdə tükətmiş qəbilələr dinc həyatın dadını çıxardılar, öz köçəri heyvandarlıq təsərrüfatlarının inkişafı üçün hər cür imkan əldə etdilər. Bu ilk növbədə vəhdət və birlik təfəkkürünün meydana çıxmasına gətirdi ki, o vaxtdan türklərin adı ilə bağlı oldu. Belə nəticəyə gəlmək olar ki, məhz hökmran təbəqə təşkil edən türkütlərin azsaylılığı ortalığa çıxan yeni sistemin davamlılığını və sabitliyini təmin etdi. Xan drujinasının təminatı o qədər də üzücü xərc aparmırdı, odur ki xərac ödəyənlərdə protest yaratmırdı, həm də vahid hakimiyyətin olmasının xeyri göz qabağında idi. Məmləkət qarşısında duran əsas xarici siyasət məsələsi böyük karvan yolları uğrunda mübarizə idi ki, xaqanlığın cənub vilayətlərinin ticarət şəhərlərinin tələbatı üçün həyati vacib məsələ idi və xaqanlığın şimal təbəələri üçün də gəlir vəd edirdi. Odur ki bu məsələdə də ölkənin və dinastiyanın maraqları üst-üstə düşürdü. Elə real gücün hakimiyyətdə deyil, xalqda olması səbəbindən biz tədricən Qərbi Türküt Xaqanlığının süqut etdiyi 659-cu ilə kimi onun tarixini təşkil edən bütün institutların və güclər nisbətinin get-gedə evolyusiyaya uğramasının şahidi oluruq. Türklərlə üz-üzə gələn müsəlmanlar da onların ətraf xalqlarla ümumi dil tapmaq bacarıqlarını təəccüblü şəkildə qeyd edirdilər. Türklər bu xüsusiyyətlərini yeni ölkəyə ya fateh kimi, ya qonaq kimi, ya muzdlu kimi, ya hərbi əsir kimi gəlmələrindən asılı olmayaraq hər dəfə nümayiş etdirmişlər. Nəticədə türklər digər xalqların nümayəndələri ilə müqayisədə karyeralarını daha böyük uğurla quraraq hər bir şəraitdə irəliləyə bilmişlər”.
***
Türk İmperiyası — müqəddəs imperiya idi. İlk Türküt Xaqanlığı dövründə imperiya prinsipini türklərin Aşina dinastiyası özündə təcəssüm etdirdi. Aşinalar türkütlərin ali təbəqəsi olmaqla, bəzi tarixçilərin fikrincə etnos olmaqdan da çox digər türklərdən fərqli, hind-avropa cizgilərinə malik xüsusi dinastik kasta idilər. Türkütlər ilkinliklərində imperiya orientasiyasında idilər, öz rəhbərlərinə isə xaqanların sakral soyu kimi baxırdılar. Halbuki onlarda hakimlik birbaşa xətlə atadan oğula ötürülmürdü, mirasın nərdivan sisteminə uyğun şəkildə tayfanın ağsaqqalına keçirdi. Bu şəkildə Türküt Xaqanlığı əslində sakral İmperiya idi ki, ona Göyün (Tenqrinin) seçilmiş soyu Aşinalardan olan müqəddəs imperator-xaqan rəhbərlik edirdi. Sonralar göytürklərin ikinci Türküt Xaqanlığı dövründə bu ideya qavranıldı və qədim türk abidələri olan Orxan yazılarında əksini tapdı.
***
Turanın döyüşçüləri – İşığın döyüşçüləridir. Əslində elə İşığın özüdürlər. Öz müqəddəs İmperatorlarının ardınca getməklə onlar Göyün hökmünə əməl edirlər, belə ki İmperator özü də Göyün hökmünü yerinə yetirir. Müharibə metafizikası da burdan təməl götürür: düşmənlə İmperiya adından vuruşmaqla döyüşçü çoxluğun birliyinin fundamental missiyasını həyata keçirir və bununla müharibə momentində ali vəhdətin təcəssümünə çevrilir.
***
Türk mədəniyyət stili hind-avropa stili ilə çox eyniliklərə malikdir: hərbi dəyərlər, sərt patriarxat, qəhrəmanlıq, müqəddəs imperator, göy dünyasına orientasiya və vertikal simmetriyalar, ulu İmperiya idealını (“Əbədi El” – “Əbədi Rim”, hansı ki aralarındakı paralelləri hər ikisinin qurucusu olan müqəddəs qurd obrazında da görmək olur) yüksəldən sonsuz iradə və s. Türk tenqriliyinə və onunla bağlı vertikal şamanizmə qədim Turan inamlarının versiyası kimi baxmaq olar ki, digər patriarxal günəşli olimpiya sivilizasiyalarının, xüsusən də Avropa sivilizasiyalarının əsasına oturduqlarına görə qohum idilər. Bununla yanaşı türklər həmin günəşli mirası elə bir neçə min qabaq qəhrəman günəşli Aralıq Dənizi Loqosu qurucularının nəşət götürdükləri mənbələrdən almışdılar.
***
İradə, azadlıq, döyüşdə igidlik, ali hökmdarın ətrafında sıx mərkəzləşmə Türk identikliyinin kökündə duran Turan paradiqmasının fundamentini təşkil edir. Düzdür, bütün türk tayfaları və siyasi təsisatları tam mənada bu identikliyə uyğun gəlmirdi. Digər tərəfdən bu cizgilər Turanın başqa xalqlarına da -xüsusən Böyük Çölün nəhəng məkanlarının inteqrasiyasına yönəlmiş qüdrətli, azad və geniş ərazilərə malik dövlətlər yaratmağa nail olduqları dövrlərdə- xas idi. Bu logika ilə - hərbi başlanğıcın, azadlığa can atmanın, iradənin, köçəri həyat tərzinin və ali hökmdara sədaqətin absolyut dəyər səviyyəsinə qaldırılması əsasında formalaşan mədəni paradiqma ilə özlərinin əzəmətli dövrlərində skiflər, saklar, sarmatlar, alanlar, hunlar və monqollar da imperiya yaratmışlar. Lakin təkcə Birinci və İkinci Xaqanlığın yaradıcıları olan türkütlər bu ideala daha çox uyğun gəlirlər. Qutluqun 682-ci il üsyanından sonra türkütlər mərkəzi Xalxada olmaqla “Əbədi El” yaratdılar, hansı ki türküt ideoloqu və sərkərdəsi, xanın müşaviri Tonyukukun və dahi hərbi məmur Kül-təkinin dövründə çiçəklənərək gücləndi, sonda isə Tan İmperiyası və türkütlərin rəqibi olan uyğurlar tərəfindən darmadağın edildi. Posthun istorialının təmiz Turan idealı da məhz göytürklərin həmin “Əbədi El”ində təcəssüm etmişdi.
***
Türk Loqosu İkinci Türküt Xaqanlığı dövründə və kontekstində, o cümlədən əvvəlki dağılmış İmperiyanın şərq hissəsində, Xalxa rayonunda daha tam formulada təcəssüm etdi. Türk Loqosu konseptual və territorial olaraq (hansı ki Avrasiyasının geosof strukturu üçün olduqca vacibdir) digər möhtəşəm çöl imperiyasının ocağını vurğulandırır ki, taleyinə bu zonadan yaranmaq yazılmışdı. Düzdür, bu imperiyanın əsasında türk yox, monqol tayfası dururdu, di gəl ki özünün absolyut, ekzistensial və ideoloji orientirinə türklərdəki kimi imperiya köçəri metafizikasını, etikasını və inamını çevirmişdi. Biz Çingizxanı və onun dünya İmperiyasını nəzərdə tuturuq. Bu İmperiyanın əsasında türküt Loqosunun ali horizontu ilə hətta oxşar da deyil, tam eyni olan, üst-üstə düşən ideya durur. Bu ona görə təəccüblü deyil ki, Çingizxanın dövründə türklər etnik mənada imperiyanın əsasını təşkil edirdilər, baxmayaraq ki siyasi idarəedici elita monqollar idi. Göytürklərlə paralel olaraq qərbdə və şimalda digər türk dövlətləri də yarandı: şimalda qırğızların xanlığı, qərbdə Uyğur Xaqanlığı (744-847) göytürklərin əsas rəqibi olan Türkeş Xaqanlığı (698-766), o cümlədən Orta Asiyanın geniş ərazilərinə nəzarət edən qüdrətli karluq və basmıl tayfaları. Onlar hamısı türkütərin düşməni, rəqibi idilər və onların məhvinə bais oldular. Bir məsələyə diqqət yetirmək lazımdır ki, tipoloji cəhətdən teleslərə yaxın olan bu türk xalqlarında köçəri hərbi cəmiyyətin türk paradiqması vacib bir komponentdən mərhum idi: mərkəzləşməyə orientasiya etmirdilər, xaqan hakimiyyətini və universal İmperiya quruculuğunu absolyutlaşdırmırdılar – bütün bunlar təkcə türkütlərə xas idi. Bu fərqlənmə onlara Birinci Xaqanlığı yaratmağa və İkinci Xaqanlıq (Tonyukuk) dövründə şanlı keçmişi və imperativ gələcəyi müəyyənləşdirən sivilizasiya identikliyini qavramağa imkan verdi. Türkütlərdən başqa qalan türklərin çoxunda da zəif mərkəzləşmə hakimiyyətinə malik hərbi demokratiya üstünlük təşkil etdi ki, bu da onların taleyini müəyyənləşdirdi və yaratdıqları siyasi təsisatların efemerliyinə bais oldu.
***
Turan Loqosu ilə İran Loqosu tam üst-üstə düşürlər, belə ki eyni köklərə malikdirlər.
***
Türklərin dominant olduğu Səfəvi və Osmanlı dövlətlərinin hər ikisi möhtəşəm idi. Səfəvi dövləti təkcə fəlsəfi-dünyəvi orientasiyaya malik deyildi, həm də hərbi mahiyyətli idi. Osmanlı dövləti isə hərbi mahiyyətindən əlavə sufi ordenlərinin mükəmməl mənəviyyatı, eyni zamanda həm Yunan, həm də İran mirasına əsaslanan yüksək təfəkkür mədəniyyəti (ellinizmin və iranizmin vəhdəti), o cümlədən türk poetikasının dərin təbiiliyi ilə seçilirdi.
***
Səfəvi dövlətinin möhkəmlənməsində əsas rolu türklər oynadılar. Səfəvi şahənşahlarının dayaqları uzun müddət çox hissəsi iranlılaşmış türklərdən ibarət şiə qızılbaşlar olaraq qaldılar. Talışlar türklərdən sonra Səfəvi dövlətinə dəstək verməyə başladılar. Sonrakı dövrdə qızılbaşların ictimai və dini-siyasi birliyinə İranın etnik qruplarından olan oturaq həyat tərzi keçirən talışlar, o cümlədən ayrı-ayrı dini və sufi ordenləri, məsələn, qaradağlılar – Qaracadağ dağlıq rayonunun sufiləri də qoşuldular.
***
Səfəviləri məğlub edərək hakimiyyətə oturan əfqan Xötəki sülaləsinin dövründə İranın rəsmi dini sünnilik oldu. Nadir şahın dövründə də İranın rəsmi dini sünnilik elan edildi. Lakin məhz türklərin sayəsində şiəlik əvvəlki möntəşəmliyini bərpa edə bildi, yenidən İranın aparıcı dininə çevrildi. Məhz türklərin döyüşkənliyi və əzmkarlığı hesabına İranda qısa sünnilik epoxasından sonra şiəlik yenidən bərqərar oldu, sonrakı hökmdarların dövründə əsas dini forma kimi möhkəmləndi və indiki dövrə qədər davam etdi.
***
Rus-türk birliyinin öz məxsusi tarixi çalarları vardır. Hərbi-siyası mənada aktivliyi ilə fərqlənən Oğuz dövləti dəfələrlə Kiyev Rusu ilə hərbi ittifaqa girdi. Oğuzlar ruslarla ittifaqda Ural və Volqa çayları arasında peçenqləri (kanqlıları) məğlub etdilər. 965-ci ildə oğuzlar Kiyev knyazı Svyatoslav ilə birləşib xəzərlərin üstünə getdilər ki, nəticədə Xəzər xaqanlığı darmadağın edildi. 985-ci ildə oğuzlar yenidən Rus ilə ittifaq bağladılar, bu dəfə Kiyev knyazı Vladimir ilə Volqa bulqarlarına qarşı birləşdilər.
***
Ortaq tariximizə əsaslanan, lakin yeni üfüqlərə, yeni formalara, ideoloji-siyasi hədəflərə çatmağa yönəlmiş gələcəyin dövlətini, böyük məkanı - Avrasiya Birliyini yaratmaq lazımdır. Köhnədən nəsə qalmalıdır, amma biz irəliyə doğru getməliyik. Avrasiya Birliyinin əsas özəlliklərindən biri odur ki, burda türklər üstünlük təşkil edirlər. Türklərin üstünlük təşkil etdiyi bütün qurumlar gözəldir və bizim üçün ilham mənbəyi olmalıdır.


Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий