Страницы

16.06.2022

Mehmetə olar, İvana yox?!


Qərbin ikili standartları: niyə birinə olar, digərinə yox?

“Sabah” qəzeti xəbər verir ki, Türkiyə silahlı qüvvələri Suriyanın şimalında PKK döyüşçülərinə qarşı əməliyyat keçirmək üçün döyüş mövqeyinə keçib.
Əməliyyat keçən həftə başlamalı idi, lakin "Hürriyyət"in daha əvvəl xəbər verdiyi kimi, M4 magistralının Hasaka, Rakka və Deyr əz-Zor və Hələb şəhərlərini birləşdirən Ayn İsa bölgəsindən keçdiyi üçün Rusiya ilə danışıqlar zamanı hərbi əməliyyatlara hazırlığın dayandırılması qərara alınıb. Nəşrin məlumatına görə, Ankara əraziyə əlavə qüvvələr göndərən Moskvanın razılığını almayıb.
Türkiyə Moskvanın fikrini nəzərə almaya bilməz, ona görə də Ankara hansısa yolla danışıqlar aparmalı olacaq. Hər halda, bu proseslər pərdə arxasında baş verir.
Bəs regionun digər mühüm oyunçusu olan ABŞ haqqında nə demək olar? Türklər amerikalıların razılığını alıblarmı?
Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşıdır: “Biz Suriyanın şimalında istənilən eskalasiyaya qarşı çıxacağıq. Biz hazırkı atəşkəs rejimini dəstəkləyirik. Biz qorxuruq ki, hər hansı yeni hücum hərəkəti regionda sabitliyə xələl gətirəcək, (…) zərər vurmaq istəyən tərəflərə qeyri-sabitlikdən öz məqsədləri üçün istifadə etmək imkanı verəcək”.
Nədənsə çox inandırıcı və hədələyici səslənmir, razısınızmı? Bəlkə bu, sadəcə gözdən pərdə asmaqdır? Reallıqda isə Vaşinqton Ankaranın başlatdığı hərbi əməliyyatlara göz yummağa hazırdırmı?
Məgər ilk dəfədir ki?
Türkiyənin Suriya ərazisində ilk əməliyyatı olan “Fərat Qalxanı” 2016-cı ilin avqustundan 2017-ci ilin mart ayının sonuna kimi – Fəratın sol sahilinə sıxışdırmaq istədikləri kürdlərə qarşı həyata keçirilib. O zamankı müdafiə naziri Fikri İşık demişdi ki, Türkiyə ordusunun Suriyadakı əməliyyatının iki məqsədi var: Suriya-Türkiyə sərhədinin təhlükəsizliyini təmin etmək və “orda kürdlərin olmaması". Baş nazirin müavini Numan Kurtulmuş isə əməliyyatın məqsədlərindən birinin "kürdlərin İraqdan Aralıq dənizinə dəhliz yaratmasının qarşısını almaq" olduğunu bildirib.
Daha sonra amerikalılar da etiraz etdilər, lakin ləng şəkildə. Atəşkəs çağırışları ilə kifayətləndilər və bu çağırışlara Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik belə cavab verdi: “Hansı terror təşkilatı ilə mübarizə aparılmalı, hansına məhəl qoymamalı olduğumuzu heç kim bizə deyə bilməz!”
ABŞ nəinki müdaxilə etmədi, hətta o vaxt vitse-prezident olan Co Bayden Suriya Demokratik Qüvvələrinin bir hissəsindən Türkiyənin tələblərinə əməl etməyi tələb etdi, əks halda ABŞ-ın dəstəyini dayandıracağı ilə hədələdi.
Birləşmiş Ştatlar bu qüvvələri ona görə yaratmışdı ki, hökumət qoşunlarının Suriyanın şimalını nəzarətə götürməsinə imkan verməsin və İŞİD-i onlardan əvvəl bu qüvvələrin köməyi ilə Rakkadan çıxarmağa nail olsun. Bütün bu illər ərzində kürdləri aktiv şəkildə silahlandıran, onlara Dəməşqdən müdafiə təminatını verən ABŞ oldu.
Amma nədənsə Ankaradan gələn təhlükə ilə bağlı zəmanət vermədilər.
Amerikalılar daha sonra haqq qazandırdılar ki, guya onlar ABŞ xüsusi təyinatlıları və Türkiyə qüvvələrinin Suriyada birgə əməliyyatı üçün gizli planı nəzərdən keçirməyə hazırlaşıblar, lakin Ankara əvvəlcədən xəbərdarlıq etmədən “birtərəfli qaydada" hərəkətə keçib.
Əməliyyat nəticəsində türklər Türkiyə-Suriya sərhədinin Aazaz və Cerablus şəhərləri arasındakı ərazini tamamilə nəzarətə götürüblər.
Bir il sonra türklər ikinci - “Zeytun budağı” əməliyyatını həyata keçirdilər. Nəticədə Afrin şəhərini kürdlərdən aldılar. Sonda Ərdoğan əməliyyatın daha da genişlənəcəyini elan edərək "Türkiyə Suriyada Mənbic, Kobani, Tel Abyad, Rəs əl-Ayn və Əl-Qamışlıdan keçən terror dəhlizini aradan qaldırana qədər döyüşəcək" dedi.
Bəs amerikanlar nə etdilər? Dövlət Departamenti Türkiyənin hərəkətləri ilə bağlı "narahatlıq" ifadə etdi, münaqişənin bütün tərəflərini təmkinli olmağa və əsas məqsədi - İŞİD üzərində qələbəni unutmamağa çağırdı.
Bir il sonra “Sülh çeşməsi” əməliyyatı baş tutdu və bu əməliyyat zamanı türklər Suriyanın sərhəd şəhərləri olan Ras əl-Ayn və Tel Abyad və qonşu ərazilər üzərində nəzarəti bərqərar edərək, Suriya-Türkiyə sərhədinə paralel olan M4 strateji magistral yolunu kəsdilər.
Amerikalılar himayədarlıq etdiyi kürdlərə kömək etdilərmi? Əlbəttə yox. Onlar Türkiyəni qınadılar və... hərbi birləşmələrini Suriyanın şimal bölgələrindən çıxarmağa başladılar.
Nəticədə kürdlər Suriya hökumətinə üz tutmalı oldular, Mənbic, Kobani, Ət-Tabka və Rakka üzərində nəzarəti onlara verdilər.
Bəs Türkiyənin qonşu İraqa müdaxiləsi?
Bu da bir neçə dəfə olub. Əvvəl 2007-2008-ci illərdə, sonra 2015-2016-cı illərdə İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə reallıqda isə həmişə olduğu kimi kürdlərlə döyüşmək üçün həyata keçirilmişdi.
ABŞ, Səddamı devirdikdən sonra ölkəni “parçala və hökm sür” prinsipi ilə idarə etmək üçün xüsusi diqqətlə bəslədiyi İraq Kürdüstanını qorumaq üçün bir şey etdimi?
Heç nə!
Daha sonra 2020-ci ildə “Qartal pəncəsi” və “Pələng pəncəsi” əməliyyatları olub. Son əməliyyat bu ilin aprel ayının ortalarında başlayıb və guya sərhədə yaxın PKK bazalarının yaranmasının qarşısını almaq üçün həyata keçirilir və hələ də davam edir.
Bütün bunların Türkiyənin milli təhlükəsizliyi baxımından nə dərəcədə haqlı olduğunu istənilən qədər mübahisə etmək olar.
Təbii ki, Rusiyanın Ukraynada öz təhlükəsizlik maraqları naminə həyata keçirdiyi xüsusi əməliyyat da bundan başqa bir şey deyil.
Amma Qərbin reaksiyası nədənsə fərqlidir.
Moskva əməliyyata başlayan kimi Qərb dünyası sözün əsl mənasında partladı. Dərhal sanksiyalar uçuşdu. Rusiya mümkün olan hər yerdən qovuldu, hesablar donduruldu, ticarət və digər əlaqələr kəsildi.
Türkiyə ilə bağlı oxşar reaksiyalar varmı?
Təbii ki, Ankaraya qarşı da sanksiyalar tətbiq olundu, lakin mümkün olan minimum səviyyədə, öz simalarını itirməməkdən ötrü. Rusiyaya qarşı tətbiq edilən, özlərinin “şikəstedici” və ya “boğucu” adlandırdıqları kimi sanksiyalar olmadı.
ABŞ və onun müttəfiqləri Türkiyə hərbi əməliyyatları başlayandan dərhal sonra kürdləri ən müasir silahlarla təmin etməyə, ora çoxlu təlimatçı və muzdlu əsgər göndərməyə tələsdilərmi?
Ukraynada isə amerikalılar faktiki olaraq Rusiyaya qarşı proksi müharibə aparırlar.
Türkiyə Suriya və İraqa hərbi müdaxilə edəndə isə "narahatlıqlarını ifadə etməklə" kifayətıəndilər.
Hətta Türkiyənin NATO-dan çıxarılması heç kəsin ağlına da gəlmədi.
Doğrusu, indi bu barədə danışılır, ancaq yalnız Türkiyənin Finlandiyanı və İsveçi ittifaqa boş yerə buraxmaması - "fidyə" tələb etməsi kontekstində. Bunun nəticə verməyəcəyi hər kəsə aydındır.
Bəs Türkiyənin başqa bir NATO üzvü - Yunanıstanla müharibəyə başlayaraq Kipr adasının yarısını işğal edəndə onun blokdan çıxarılması barədə kimsə heç olmasa mızıldandımı?
Yenə yox!
Deməli, Krım referendumu qanunsuzdur, Şimali Kiprin ilhaqı isə normal? Mehmetə olar, İvana yox?!
Aydındır ki, "Ərdoğan əclafdır, amma öz əclafımızdır” məntiqi burda da işləyir.
Aydındır ki, Türkiyə ABŞ-ın hərbi-strateji müttəfiqidir və bu Amerikanın Yaxın Şərqdə mövcudluğunu mövcudluğunu təmin edir (ABŞ Avropadakı ən böyük arsenalını - 50 nüvə bombasını Türkiyədə saxlayır).
Aydındır ki, bütün fikir ayrılıqları hazırkı prezidentin fiquru ilə bağlıdır və Vaşinqton əsaslı şəkildə Türkiyədə hakimiyyət dəyişikliyi ilə bu fikir ayrılıqlarının aradan qalxmasına ümid edir.
Aydındır ki, Rusiya ABŞ üçün ekzistensial və əbədi düşməndir.
Ancaq adam yenə də bu Hottentot əxlaqından iyrənir. Bu əxlaqa görə özümüzkilərin milli təhlükəsizlik maraqlarını istənilən şəkildə, hətta Qərbin "beynəlxalq hüququna" zidd olaraq da müdafiə etmək hüququ var. Amma yadlar hünəri çatırsa buna cəhd etsinlər! Bütün Qərb dərhal buna qarşı çıxacaq.
Görünür, “ikili standartlar” termini bir qədər köhnəlib. Bu, Qərb üçün çoxdan bəyənilən bir əxlaq və normadır.

Cəmil Şirvanov                           demotiya.com

Комментариев нет:

Отправить комментарий