Страницы

01.07.2022

Andropovdan şəxsi agenti Viktor Luiyə tam məxfi tapşırıq: Bunları təcili Vaşinqtona çatdır

SSRİ-nin dağılmasında Andropovun rolu - Şok faktlar

“Əsrin ən böyük geopolitik fəlakəti”nin (sitat Rusiya Prezidenti Vladimir Putinə məxsusdur. 25 aprel 2005-ci ildə V.Putin Rusiya Federasiyası Federal Məclisinə müraciətində deyib: “Hər şeydən əvvəl etiraf etmək lazımdır ki, Sovet İttifaqının dağılması əsrin ən böyük geopolitik fəlakəti idi. Rus xalqı üçün bu, əsl dram halına gəldi. Bizim on milyonlarla vətəndaşımız və soydaşımız Rusiya ərazisindən kənarda qaldı. Üstəlik parçalanma epidemiyası Rusiyanın özünə də yayıldı”- S.Həmid) – SSRİ-nin dağılmasının 30-cu ildönümü yaxşınlaşır. Mübahisə səngimək bilmir: Sovet İttifaqının "ölümü" təbii səbəblərdən baş verib, yoxsa o qeyri-adekvat rəftarın qurbanı olub? Yaxud “xəstə” bəlkə də heç xəstə deyildi, həkim qiyafəsində olan qatillərin əlinə düşüb, diaqnozu uydurub xəstəni ölənədək müalicə ediblər? Onlardan biri Yuri Andropov ola bilər.
Teleqraf.com-un ən yeni siyasi tarixdə baş verən mühüm hadisələrə dair məqalələr silsiləsindən növbəti məqaləsi SSRİ-nin dağılmasında Yuri Vladimiroviçin rolu barədədir.
“Yenidənqurma” adlanan epoxadan əvvəlki dövrün bir çox siyasi və dövlət xadimləri arasında Yuri Andropovun mübhəm siması xüsusi fərqlənir. O 15 il Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və Leonid Brejnevin ölümündən sonra ABŞ-dan sonra dünyanın ikinci nüvə dövlətinin hakim partiyası olan Sov.İKP MK-nın baş katibi kimi onun yerini tutub.
O uzun müddət idarə etmədi – bir il yarımdan az. Və ölümündən bir neçə il sonra onun idarə etdiyi ölkə – Sovet İttifaqı yox oldu. Xüsusi xidmət orqanlarının tarixçisi Aleksandr Kolpakidi hesab edir ki, Qorbaçovun gəlişini, yenidənqurmanı və ilk fəhlə-kəndli dövlətinin dünya xəritəsindən silinməsinə gətirib çıxaran bütün sonrakı hadisələri məhz Andropov hazırlayıb. Biz tarixçidən öz fikrini əsaslandırmasını xahiş etmişik.

– Siyasətdə təcrübəsi olmayan adi sovet adamı Andropovu az qala Stalinin reinkarnasiyası kimi qəbul edirdi. O işləri qaydaya saldı, sosialist nizam-intizamı uğrunda mübarizə apardı: bir çoxları gəzənlərlə bağlı kinoteatrlara basqınları hələ də xatırlayır. Siz isə deyirsiniz ki o qəlbinin dərinliklərində antisovetçi olub və SSRİ-ni gizlicə dağıdıb! Bu şübhələr nəyə əsaslanır?
– Bu şübhələr Qorbaçovu ortaya çıxaranın məhz Andropov olduğu aydın olanda yarandı. Qorbaçov isə SSRİ-ni dağıtdı.

– Qorbaçovu ortaya çıxaranın məhz Andropov olduğu sübut olunubmu?
– Bəli, yüz faiz. O Qorbaçovun hamisi idi. Amma həmfikir olmaları şərt deyil. Burada daha incə oyun var idi. Görünür Andropov başa düşdü ki, vacib vəzifələrə sadəcə olaraq pis hazırlanmış insanlardan istifadə etmək olar. Buna görə də o olduqca qəribə insanları irəli çəkdi. Hansılar ki özləri hər şeyi məhv etdilər. Qorbaçov, Rıjkov (1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov), Liqaçyov və digərləri. Həmin Yeqor Kuzmiç Liqaçyov: o 20 il idi doğma Tomskda oturmuşdu. Və 1983-cü ildə – ahıl çağında, pensiyaya çıxmaq ərəfəsində qəfildən Sov.İKP MK-da işə götürüldü. Bunun təşəbbüskarı Andropovdur. O zaman Liqaçyovun 63 yaşı var idi...

– Sizə çox məşhur bir dissidentlə aramızda çoxdan olmuş söhbətimizi danışa bilərəm. Onu həbs ediblər, sonra o tövbə edib. Mən ondan niyə “sındığını” soruşdum. O dedi ki, həbs olunandan sonra Andropov onunla söhbət edib. DTK rəhbəri ona axmaq işlərlə məşğul olmamağı tövsiyə edib, çünki tezliklə liberal ziyalıların bütün tələbləri yerinə yetiriləcək. Bütün samizdat və tamizdatlar SSRİ-də çap olunacaq, xaricə səfərlərə icazə veriləcək. Bu söhbət 70-ci illərdə olub və bir neçə ildən sonra hər şey başlayıb...
– Andropov 1967-ci ilin iyulundan DTK-ya, gizli xidmətə rəhbərlik edib. Və o, sosialist quruluşunu dağıtmaq üçün etdiyi hər şeyi gizli edib. Maraqlıdır ki, indiki hakimiyyət onu öz kumiri hesab edir. Əlbəttə onlar bu barədə açıq danışmırlar. Axı bütün bu hekayə pis bitib – Sovet İttifaqı dağılıb. Və bu insanlar özləri, bu çöküşün benefisiarları bunun ən böyük geosiyasi fəlakət olduğunu deyirlər.

– Bütün bunlar güclü konspirologiyadan xəbər verir. İstənilən halda sübut eşitmək istərdim.
– Yalnız ayrı-ayrı pazllar əlavə etməklə bütün bu tarixi bərpa etmək olar. Andropovun masonluğu sevdiyi məlumdur. Onun köməkçisi Filipp Bobkov və onların ortaq agenti və həmfikri, tarixçi Nikolay Yakovlev (“MKİ SSRİ-yə qarşı” kitabının müəllifi) da bundan xoşlanırdılar. Masonlarla yanaşı, Andropov sistem analizini də sevirdi. Onun rəhbərliyi altında 1976-cı ildə Moskvada Jermen Qvişianinin rəhbərlik etdiyi Ümumittifaq Sistem Tədqiqatları Elmi-Tədqiqat İnstitutu (VNİİSİ) yaradıldı. Və bir çox yenidənqurmaçı oradan çıxdı. (VNİİSİ Avstriyada açılmış Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun (MİPSA) sovet filialı idi. Onun yaradılmasında NKVD generalının oğlu və Roma klubunun üzvü, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin kürəkəni Qvişiani də iştirak edirdi. Bu qurumlar 90-cı illərin əvvəllərində bazar islahatları aparan gənc islahatçı kadrların əsl qalasına çevrilmişdi – S.Həmid).

– Andropov ölkəni cəmi 15 ay – 12 noyabr 1982-ci ildən 9 fevral 1984-cü ilə kimi idarə edib. O bu qədər qısa müddətdə nə edə bilərdi?
– Real olaraq o ölkəni daha uzun müddət – 1970-ci illərin ortalarından idarə edib. 1974-cü ildə Brejnev ciddi sağlamlıq problemləri yaşadı. Faktiki olaraq ölkəni onun adından “üçlük” idarə edirdi. Andropovla yanaşı, onun tərkibinə Siyasi Büronun ən yaşlı üzvləri, xarici işlər və müdafiə nazirləri Andrey Qromıko və Dmitri Ustinov daxil idi. Andropov Qromıkonu öz adamları ilə əhatə etdi: 1975-ci ildə Xarici İşlər Nazirliyində ilk dəfə olaraq DTK-nın şöbəsi yaradıldı. Qromıkonun rəhbərliyi altındakı Xarici İşlər Nazirliyi tamamilə çürümüşdü. Təbii ki, Qromıkonun özü qarmaqda idi. Ustinov isə faktiki olaraq müdafiə naziri deyil, hərbi sənaye kompleksinin rəhbəri idi. Andropov bunu əla başa düşdü və bu yolla da Ustinovu əlində saxladı. Ona SSRİ iqtisadiyyatını sarsıdan bütün ağılsızlıqlara icazə verildi – onun bütün bitib-tükənməyən tankları və çox sayda pərçimlənmiş digər “dəmir parçaları” tamamilə lazımsız idi.

– Üç nəfər hələ bütün Siyasi Büro demək deyil. Bəs digər “yoldaşlar” necə?
– Açar məsələlərdə Andropova həmişə daha iki nəfər qoşulurdu. Bu, partiyada formal olaraq ikinci şəxs – ideologiyaya rəhbərlik edən Mixail Suslov və Sov.İKP MK-nın xarici siyasətə, xarici kommunist partiyaları və solçu hərəkatlarla əlaqələrə cavabdeh olan beynəlxalq şöbəsinin müdiri Boris Ponomaryevdir. Mən şübhələnirəm ki, o Suslovu necəsə saxlayıb, Ponomaryev isə onun həmfikri – qızğın antistalinist idi.

– Stalinə münasibət 70-80-ci illərdə önəmli idi?
– Sov.İKP “verxuşkası” üçün bu çox vacib idi. Xüsusi xidmət orqanları ilə bu və ya digər şəkildə əlaqəli olan insanlar hələ də belə bir mif yaradırlar ki, Andropov Əfqanıstana qoşun yeridilməsinin əleyhinə olub. Amma sənədlər dərc olunan kimi məlum oldu ki, məhz Andropov qoşun yeridilməsi ilə bağlı çıxış edib və yuxarıda adları çəkilən xadimlər onu dəstəkləyiblər. Zbiqnev Bjezinski sonralar etiraf etmişdi ki, Birləşmiş Ştatlar SSRİ-ni qəsdən “əfqan tələsinə” salıb ki, onun “öz Vyetnamı” olsun. Belə də oldu. Sov.İKP MK Siyasi Bürosunun üzvü Viktor Qrişin xatırlayırdı ki, Andropov Əfqanıstanın yeni rəhbəri Hafizulla Aminin Mərkəzi Kəşfiyyat İdarəsinin sanki agenti olduğunu, ABŞ-ın Əfqanıstanda “Perşinq” raketləri yerləşdirməyə hazırlaşdığını bəyan edib. Brejnev inanıb və əməliyyatın başlanmasına razılaşıb. Sonra hər şeyin yalan olduğu ortaya çıxdı. Mən Aminin MKİ agenti olduğuna dair uzun illərdir ki, sübut axtarırdım. Kiçicik bir sübut yoxdur. Bu sübutu axtararkən mən Andropovun ona niyə nifrət etdiyini başa düşdüm. Amin qızğın stalinist idi. Sovet xüsusi təyinatlılarının Aminin sarayına məşhur hücumu sarayı müdafiə edən əfqanların hücum edənlərin ağzından rus ədəbsiz sözlərini eşitdikləri ana qədər davam edib. Onlar dərhal təslim olublar. Onlar hücum edənlərin rus olduqlarını bilmirdilər, elə bilirdilər saraya “duşmanlar” (Əfqanıstan hökumətinə və Sovet İttifaqına qarşı döyüşən mücahidlər- S.Həmid) basqın edir. Əlbəttə, bu, tarixdə müqayisəsi olmayan qəhrəmanlıq hadisələri idi. Amma bütün bunlar nədənsə qəribə görünür.

– SSRİ 70-ci illərin ortalarından etibarən xarici siyasətdə öz mövqelərini açıq şəkildə təhvil verməyə başladı. Bu təsadüf idimi?
– Məlumdur ki, kommunizm nəzəriyyəsi nüfuz dairəsinin daim genişlənməsini nəzərdə tutur. Bu, 70-ci illərin ortalarına qədər praktikada baş verib. Sonra isə proses dayandı. Bu zaman sandinistlər Latın Amerikasında aktiv hərəkət edirdilər, onları kubalılar dəstəkləyirdi. Lakin Sovet İttifaqı onları dəstəkləmədi. Həmin vaxt SSRİ-də onları ultrasolçu, ekstremist və sair adlandırırdılar. Məhz bu zaman Sovet İttifaqı “neft iynəsinə” oturdu. Andropovun dövründə Reyqanın ulduz müharibələri proqramı ilə bağlı blefi əsasında silahlanma yarışı kəskin şəkildə artdı. Sual olunur: bəs 1967-ci ildən Andropovun şəxsən rəhbərlik etdiyi kəşfiyyat xidməti harda idi? Bu, Amin ilə eyni uğursuzluqdurmu?

– Siz nəyə görə düşünürsünüz ki, bunun arxasında adi səriştəsizlik, işləməyi bacarmamaq yox, pis niyyət dayanırdı?
– Çünki bütün bunların hamısında sistem hiss olunur. Və bütün sferalarda oxşar şeylər baş verir. Məsələn, Andropov sol hərəkatı açıq şəkildə necə deyərlər, axıdırdı. 70-ci illərin ortalarına qədər SSRİ-nin dünyada təsiri ağlasığmaz templə artırdı. 1974-cü ildə Portuqaliyada hərbi çevriliş baş verir. Və hakimiyyətə gəlirlər: baş nazir kommunistdir, prezident – Baş Qərargahın keçmiş rəisi, general, kommunistdir. Orduya kommunistlər nəzarət edir. Kommunist Partiyası ölkənin ən böyük partiyasıdır. Lakin 1975-ci ildə bir kommandos alayı yeni çevriliş edir. Kommunist hakimiyyət isə heç bir müqavimət göstərmədən eniş edir. Bu necə ola bilər? Bir alay bütün ölkəni necə diz çökdürə bilər? Ordu? Sadəcə, Moskvadan Portuqaliya Kommunist Partiyasına əmr var idi – müqavimət göstərməyin. Peruda da situasiya eynidir. 1960-cı illərin sonunda hərbçilər hakimiyyəti götürdülər, sosializmdən danışdılar, bizimlə yaxşı münasibət qurdular. Faktiki olaraq SSRİ-nin Peruda gizli hərbi-dəniz bazası var. Lakin 1975-ci ildə prezident general Xuan Alvarado qəfil xəstələndi və işdən uzaqlaşdı. Amerikalılar növbəti çevriliş edirlər. Bu çevriliş ölkəni kapitalist inkişaf yoluna qaytarır. Və Sovet İttifaqı heç nə etmir. Halbuki ABŞ-ın “qarnının altında” sosialist ölkələrinin bütöv bloku yarana bilərdi – Kuba, Peru, Çili. Fransada Mitteran qalib gəlir. Onun sosialist proqramı var. Lakin amerikalılar Mitteranı sıxırlar və o proqramını həyata keçirməkdən imtina edir. Biz isə Mitterana heç bir şəkildə kömək etmirik. Necə ki portuqallara, perululara kömək etmədik. Afrikada da eyni hekayələr. Hər yerdə sızma baş verir.

– Çinlə münasibətlərin kəskinləşməsini də xatırlamaq olar. Sizcə burda da Andropov günahkardır?
– Andropov Çinin qatı düşməni idi. Niyə? Çünki çinlilər stalinist idilər. Belə bir personaj olub – Viktor Lui (ingilis və sovet jurnalisti, Andropovun ən delikat tapşırıqlarını yerinə yetirən çoxillik DTK agenti- S.Həmid). 1968-ci ildə Pekinlə münasibətlərin kəskinləşməsi dövründə Viktor Lui həm də yerli xüsusi xidmət orqanlarının kuratoru olan Çan Kayşinin oğlu ilə danışıqlar aparmaq üçün Tayvana göndərildi. O ona bildirib ki, münaqişə yaranarsa, SSRİ Çinə xəbərdaredici nüvə zərbəsi endirməyə hazırdır. Tezliklə London qəzetlərinin birində Luinin məqaləsi dərc olundu və həmin məqalədə də eyni fikirlər səsləndi.

– Görünür bu Çini danışıqlara məcbur etmək əməliyyatı idi, amma reallıqda heç kim heç bir nüvə zərbəsi endirməyə hazırlaşmırdı?
– Sərhəd münaqişəsinin (Damansk böhranı nəzərdə tutulur) nizamlanması ilə bağlı danışıqlar bərpa olundu, lakin uzunmüddətli perspektivdə bunun çox mənfi nəticələri oldu. Təsəvvür edin: bir sosialist ölkəsi digər sosialist ölkəsinə nüvə zərbəsi endirməyə hazırlaşır. Çinlilər bunu biləndə yumşaq desək heç də şad olmadılar. Bundan sonra onlar ABŞ-la gizli danışıqlara başladılar. Fakt budur ki, Çinlə münasibətlərin kəskinləşməsi Andropovun vicdanındadır.

– Viktor Lui Andropovun şəxsi agenti idi?
– Bəli. Yeri gəlmişkən, artıq məlumdur ki, Andropov məhz ona “Xruşşovun memuarları”nı hazırlamaq – məhz hazırlamaq, götürüb təhvil vermək yox – və onları Qərbə birləşdirmək üçün tapşırıq verib. Bu memuarlar isə Ыovet quruluşuna “Arxipelaq QULAQ”dan daha təmiz zərbədir. Onlardan belə çıxır ki, SSRİ-nin başında idiotlar dayanır, SSRİ dünya üçün təhlükədir, təcavüzkardır. Bunu etmək nəyə lazım idi? Eyni şey Stalinin qızı Svetlana Alliluyevanın xatirələrində, Soljenitsının kitablarında da olur. Formal izahat budur ki, bütün bunlar DTK-nın nəzarəti altında baş verib. Bəs bu “DTK redakturası” hardadır, nədədir? (Qeyd edək ki, Nikita Xruşşov öz xatirələrini maqnitofona diqtə edib, DTK sədri Andropovun qeyri-aşkar köməyi ilə DTK-nın gizli əməkdaşı Viktor Lui vasitəsilə Qərbə çatdırılıb və Stroub Tolbott (1994-2001-ci illərdə ABŞ dövlət katibinin müavini) tərəfindən ingilis dilinə tərcümə olunaraq ABŞ-da 2 cilddə nəşr olunub – müvafiq olaraq 1970 və 1974-cü illərdə. Xruşşov 1970-ci ilin noyabrında partiya rəhbərliyinin tələbi ilə memuarlarının xaricdə nəşrini pisləyən bəyanat imzalayıb – S.Həmid). Həmin Viktor Lui vasitəsilə SSRİ daxili işlər naziri Nikolay Şelokovun diskreditasiyası baş verdi. Bu onunla izah olunur ki, Brejnev Şelokovu Mərkəzi Komitənin inzibati təşkilatlar üzrə katibi təyin etməyi planlaşdırırdı, Andropov isə bunu istəmirdi. Başqa sözlə, Andropov öz qəsdini hazırlayırdı, Şelokov isə buna müqavimət göstərə bilərdi. Eyni zamanda Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – Brejnevin ən müdrik və yaxın adamı Vladimir Şerbitskini də gözdən salırlar. Onun qızının əntiq əşyaları ilə bağlı hekayə tamamilə yalandır. Eyni yalan Leninqrad vilayət partiya komitəsinin birinci katibi Qriqori Romanovun qızının toyu ilə bağlıdır. Guya bu toyda Ermitajdan götürülən antikvar çar servizləri sındırılıb. Ancaq bu barədə Qərb mətbuatı yazıb. Bəs hansı təşkilat bu yalanı bütün dünyaya yaymağa qadir idi? Yalnız bir.

– Bu adamlar Andropovun rəqibləri idi?
– Şerbitski və Romanov Brejnevin varisi roluna ən çox ehtimal olunan namizədlər idi. Üçüncü ehtimal edilən namizəd – Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Petr Maşerov avtoqəza nəticəsində həlak olur.

– O vaxt mədəniyyət sahəsində nə baş verirdi?
– Məhz 1975-ci ildən orda da kəskin dönüş baş verir. “Afonya” filmi peyda olur. Ssenari müəllifi Vorkuta NKVD-nin keçmiş əməkdaşının oğludur. Ssenari işçi sinfi ssenari müsabiqəsində mükafat qazanır. Mən yaxşı xatırlayıram ki, işçilər o zaman Mərkəzi Komitəyə qəzəbli məktublar yazırdılar. İlk dəfə bu filmdə rus işçisi əyyaş və vicdansız insan kimi göstərilir. Bu ssenaristin daha çox maraqlı filmləri var. Ən maraqlısı prezidentimizin doğum günündə nümayiş etdirilən 2014-cü ilin “Vətən haradan başlayır” serialıdır. Orda xainliyi açıq şəkildə silinən, kifayət qədər yaxşı insan kimi göstərilən Baş Kəşfiyyat İdarəsinin (rusca QRU) generalı Dmitri Polyakovun personajı var. Snoudeni xatırladan personajın isə bu satqının nəvəsi olduğu məlum olur. Filmdə göstərilir ki, 60-cı illərdə mövcud nizam-intizamdan narazı olan gənc zabitlərin DTK-da müəyyən sui-qəsdi yetişir, “Polyakov” isə ifşa edildikdən sonra bu qruplaşmanın fəaliyyəti üçün amerikalılardan alınan pulların yatırıldığı bank hesabını tərk edir. Məhz Andropovun dövründə Tengiz Abuladze “Tövbə” filmini çəkmək tapşırığı alır. Bu filmin çəkilişi zamanı işçilər təsadüfən filmin plyonkasını xarab edirlər. Baş qəhrəmanlardan birini oynayan oğlan təyyarənin qaçırılmasında iştirak edir və güllələnir. Digər aktyor cəlb olunur, külli miqdarda pul ayrılır və Abuladze filmi yenidən çəkir. Andropovun mütləq əlaltısı olan Şevardnadze bununla şəxsən məşğul olur. Və 3 il yarımdan sonra Qorbaçov guya təsadüfən bu filmdən xəbər tutur və onu bütün kinoteatrlarda göstərməyə başlayırlar.

– “Tövbə” “stalinizmin dəhşətlərinə” görə bütün xalqa tövbə etməyə çağırış idi. Ancaq bu film olmadan belə kommunizm ideyası artıq heç kimi alovlandırmırdı...
– Suslov və Ponomaryev kommunist ideologiyasını tamamilə mənasızlaşdırdılar. Bütün bu yığıncaqlar, qəzetlər, televiziya proqramları – bütün bunlar bir növ əsl ziyankar işlər idi. Maraqlıdır ki, Andropovun dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin ifşasına, dissidentlərə və sair bu kimi məsələlərə həsr olunmuş ədəbiyyatı elə xain Oleq Kaluqin kurasiya edirdi. Bu ədəbiyyatı heç kim oxumurdu, çünki bir növ cəfəngiyyat idi. Və bütün bunların fonunda bədii jurnalların ətrafında iki ideoloji qütb yaranır. Bir qütb sırf liberaldır – “Yeni Dünya”, “Gənclik”. İkincilər isə torpağa bağlı, dövlətçi, demək olar qara üzlülərdir (1905-1917-ci illərdə Rusiyada avtokratiya və pravoslavlıq şüarları ilə çıxış edən ifrat sağçı təşkilatların nümayəndələrinin ümumi adı- S.Həmid). Bunlar “Bizim müasirimiz”, “Gənc qvardiya”dır. Belə çıxır ki, kommunist sayılan ölkədə kommunist ideologiyası ölüb. Və onun əvəzinə iki ideologiya təklif edilib: liberal və torpağa bağlı (milli). Mən, sadəcə bu xətt üzrə işləyən insanları tanıyıram. Bütün bu işləri DTK həyata keçirirdi. Diqqət edin, hamı susur, heç kim Sovet İttifaqını dağıtması ilə öyünmür. Hər şeyi düzgün deyən yeganə şəxs Qorbaçovun dövründə dövlətin ikinci adamı olan Aleksandr Nikolayeviç Yakovlevdir. O açıq şəkildə dedi: “Mən və mənim dostlarım Sov.İKP-nin XX qurultayından sonra sosializmə qarşı sui-qəsddə iştirak etdik”. Düzdür, o silahdaşlarının adlarını çəkməyib.

– Bəs Andropovun bilavasitə rəhbərlik etdiyi sferada – DTK-da nə baş verirdi?
– Məsələn, ABŞ-da çox uğurla işləyən general Boris Solomatin adlı bir kəşfiyyatçı var idi. O mübariz əhval-ruhiyyəli kommunist idi. Kəşfiyyatdakı insanlar məhz onun DTK-nın Birinci baş idarəsinə (PQU) – xarici kəşfiyyata rəhbərlik etməsini istəyirdilər. Amma Andropovun adamı olan Vladimir Kryuçkovu təyin etdilər. Solomatin isə kənara itələndi. Kryuçkovun dövründə kəşfiyyata rəhbərlik belə deyək, Asiya klanı adlanan qrupun əlinə keçdi. Bunlar Hindistanda, İranda və digər yerlərdə işləmiş insanlar idi. Əgər bizim əsas rəqibimiz ABŞ idisə, bu nə üçün belə olur? Yalnız bir hekayə. Belə deyək, Kyöxer işi. Çexlər öz adamını Zbiqnev Bjezinskinin şəxsi çevrəsinə və MKİ rəhbərliyinə yerləşdirirlər. Andropov 20 il bu problemi həll edə bilmir. Çexlər isə buna nail olurlar. Belə olanda Andropov Oleq Kaluqini bu adamla görüşmək üçün Praqaya göndərir. Onu onun üçün böyük risk altında Vaşinqtondan Praqaya çağırırlar. Onunla söhbət etdikdən sonra Kaluqin deyir: “Bu adam xaindir”. Amma çexlər hələ də onunla işləməyə davam edirlər, bir müddət sonra isə amerikalılar onu həbs edir. (Karel Kyöxer Çexoslovakiya Sosialist Respublikası kəşfiyyatının əməkdaşı olub, 1984-cü ildə Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilib. O Sovet dissidenti Anatoli (Natan) Şaranski ilə dəyişdirilib- S.Həmid).

– Amerikalılara məlumatı bu Kaluqin sızdırıb?
– Bunu heç kim bilmir. Baxın, sizin qarşınızda vəzifə durur: Mərkəzi Kəşfiyyat İdarəsinə sızmaq. Çexlər bu problemi həll edirlər. Siz isə Kaluqini bu adamı təkzib etmək üçün göndərirsiniz. Nə üçün? Digər bir hekayə. Monrealda MKİ-nin və Fransa kəşfiyyatının əlaqə məntəqəsi var idi. Orda Sovet kəşfiyyatı ilə əməkdaşlıq edən bir kanadalı zabit var idi. Bizim Monrealdakı rezidentimiz Moskvaya gəlir və bildirir ki, bu zabitdən alınan məlumata görə, Andropovun müavinlərindən biri fransız agentidir. Kimin nəzərdə tutulduğunu təxmin etmək asan idi, lakin Andropov informasiyanı yoxlamağı məhz bu şəxsə həvalə edir. Sonra onu Mərkəzi Komitədən çıxarırlar, o ordan DTK-ya işləməyə gəlir. Həmin Kaluqin bu rezidenti hədələyir. Mən sonralar bu keçmiş rezidentin evində oldum, o tamamilə yoxsulluq içində yaşayırdı.

– Bəs Brejnev Andropova etibar edirdi?
– Görünür, tam yox. Buna görə də ona üç müavin təyin edildi: Vitali Fedorçuk, Georgi Sinev və Semyon Sviqun. Fedorçuk bir il sonra Brejnevə Andropovla işləyə bilmədiyini deyərək Ukraynaya getdi. Və ölümündən əvvəl Andropovu ifşa etdi və onu açıq şəkildə satqın adlandırdı. Brejnevin qohumu Sviqun özünü güllələdi. Üçüncü – Sinev isə Polyakovun satqın olması haqda ilk informasiya gələndə (onun həbs olunmasından 20 il əvvəl) generalların satqın olmadığını deyən şəxsdir.

– Andropova lazım olan insanların yolunu təmizləyən müəmmalı ölümlərdən də danışırlar...
– Mən bu sürüşkən mövzuya toxunmayacağam. Amma bir ölüm həqiqətən də müəmmalı görünür – bu, gənc və sağlam Fedor Kulakovun ölümüdür. Hansı ki Qorbaçova yer açıb (Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi, Siyasi Büronun üzvü Kulakov 1978-ci ildə 60 yaşında vəfat edib, onun yerinə isə Qorbaçov gəlib – S.Həmid).

– Yəni biz hər yerdə müəyyən sistemli iş görürük ki, nəticə yenidənqurmaya və SSRİ-nin dağılmasına gətirib çıxarıb?
– Sovet layihəsinin iflası sistemli şəkildə hazırlanmışdı. Burda iqtisadiyyat, xarici siyasət, mədəniyyət və ideologiya var. Mərhum tarixçi Aleksandr Ostrovski hesab edirdi ki, Andropov bu sui-qəsddə əsas şəxs deyildi. Bu, bir növ insanların ittifaqı idi. Amma bu əməliyyatın digər iştirakçılarının kim olduğu məlum deyil. Yevgeni Pitovranovdan danışırlar. Doğrudan da Andropov bu stalinist generala, çox qəribə insana himayədarlıq edib “Firma” deyilən şeyi yaratdı. Bu, maliyyə kəşfiyyatı idi. “Firma” Qərb biznesmenləri, maliyyəçiləri, siyasətçiləri ilə əlaqələr qurdu. Sonra Pitovranov Ticarət-Sənaye Palatasının rəhbəri oldu. Andropovun himayədarı olan Otto Kuusinenin də adını çəkirlər.

– Motiv məsələsi açıq qalır. Andropov özü öldü və SSRİ-nin dağılmasından şəxsən heç nə almadı. Bu ona nə üçün lazım idi?
– Məncə, Andropov belə tez ölməyi planlaşdırmırdı... Söhbət öz siyasi təsirini iqtisadiyyata konvertasiya etmiş sinifdən gedir. Sovet dövründə partiya nomenklaturasının nümayəndəsi şəxsi təyyarəsi ilə müalicə üçün öz itini ABŞ-a apara bilərdi? Yox. Bu gün isə bu mümkündür. Amma onlar çox qorxurdular. Xalqın onları əzəcəyindən qorxurdular. Buna görə də son dərəcə ehtiyatlı hərəkət edirdilər. Onlar uzun müddət bu təxribatçı işlə məşğul oldular. Və indi onlar susurlar, çünki nə etdiklərini başa düşürlər.

Müəllif: Səxavət Həmid

Комментариев нет:

Отправить комментарий