Страницы

15.09.2022

ERMƏNİ FAŞİZMİNDƏN DƏ QATI DÜŞMƏN


İndicə oxudum ki, 2 yaşından ata-anasını itirən, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun fəhlə qardaşı deyib: "Səbuhini "Komando" bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, Bankdan kredit götürüb verdi ki, "Komando" olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu".
Dəhşətli sözlərdir, elə deyilmi? Ən dəhşətlisi də budur ki, kimsə bu sözlərin həqiqiliyinə şübhə etmir. Çünki ölkədə hər sahədə rüşvətxorluq baş alıb gedir.
Bəzən deyirlər ki, rüşvət hər ölkədə, hər dövlətdə var və elə bir bəladır ki, kökünü tam kəsmək mümkün deyil. 
Azərbaycan Respublikası mənim vətəndaşı olduğum ikinci dövlətdir. Bundan əvvəl SSRİ vətəndaşı olmuşam. Açığını deyim ki, SSRİ-də də rüşvət vardı, ancaq bu həcmdə, bu miqyasda deyildi.
Rüşvətxorluq SSRİ-nin hər yerində də eyni səviyyədə deyildi. Məsələn, Pribaltikada deyəsən heç yox idi. Rusiyada, Ukraynada, Balarusda yüngülvari hədiyyə şəklindəydi. Gürcüstan və Ermənistanda da bizdəki qədər deyildi. Hətta Orta Asiya da bu məsələdə bizdən geri idi. Yadımdadır, bir qohumum burda ali məktəbə daxil ola bilmədiyi üçün Daşkəndə üz tutmuş və imtahan verərək asanlıqla qəbul olunmuşdu.
Ən pis durum Azərbaycan SSR-də idi. Ali məktəblərə qəbulda, hüquq-mühafizə sistemində, səhiyyədə, hərbi komissarlıqlarda yetərincə rüşvət vardı. Bununla belə orta məktəblərdə, uşaq bağçalarında, xüsusilə də Sovet ordusunda yox idi. Bəli, orduya nəzarət bizim əlimizdə deyildi. Çünki vahid ordu idi, birbaşa SSRİ Müdafiə Nazirliyindən, yəni Kremldən idarə olunurdu, rəhbərlikdə ruslar çoxluqda idi. O orduda kiminsə kiməsə nəsə verməsi, əsgərin öz komandirinə görüm-baxım eləməsi, yaxud pul müqabilində rütbə və vəzifə almaq ağlasığmaz bir şey idi. Sovet zabiti üçün bu həm də son dərəcə təhqiramiz idi. Hərbi komissarlıqlarda bölgü zamandı vardı. Kimsə uşağını Moskvaya, Kiyevə, Minskə saldırmaq üçün rüşvət verirdi. Amma bu da ona görə mümkün idi ki, hərbi komissarlıqlar rusların əlində deyildi, yəni onlara azərbaycanlılar rəhbərlik edirdi.
Amma azərbaycanlıların rəhbərlik etdiyi orta məktəb və uşaq bağçalarında da rüşvət yox səviyyəsində idi. Bizim məktəbdə cəmi bir rüşvətxor müəllim vardı, o da hərbi-hazırlıq müəllimimiz. Qalanlarının şagirdlərdən nəsə alması haqda heç nə eşitməmişdim. Qorxurdular. Direktorlar buna yol vermirdi. Yəqin onlara da yuxarıdan ciddi tapşırılırdı.
Amma indi baxın. Hamı bilir ki hər yerdə rüşvət xirtdəkdəndir. Məktəbdə, bağçada, orduda, polisdə, məhkəmədə, prokurorluqda, bir sözlə, hər yerdə. Ən pisi də odur ki, buna dur deyən yoxdur. Amma durdurmaq mümkündür. Siyasi iradə lazımdır. Çünki bizdəki rüşvətxorluğun kökü siyasidir, yəni o dövlət səviyyəsindədir.. Dövlətin idarə olunma mexanizminə çevrilib.
Bəzən deyirlər ki, bu xalqa rüşvət verməyi tərgitmək mümkün deyil. Mentalitet belədir. Belə öyrəşib. Razı deyiləm. Kütlə idarə olunan, tərbiyə edilən, elastik bir subyektir. Necə öyrətsən, elə də olacaq. İstəsən elə öyrədərsən ki, bir məmura bir qəpik də təklif etməz. Məsələ burasındadır ki, hazırda bizdə bütün üsullar xalqı rüşvət verməyə sövq edir. Hamıya dolayısı ilə deyirlər ki, gətir. Hətta birbaşa istəyənlər və konkret məbləğ deyənlər də var.
Səbuhi qardaşımız daha yaxşı vəzifəyə keçmək və çox maaş almaq istəyib. Əgər bunun düzgün, halal yolu olduğunu görsəydi, Sovet ordusundakı kimi, rüşvətin keçərli olmadığını bilsəydi, bankdan kreditə 6 min götürərdimi? Əsla. O çalışardı, özünü yaxşı yöndən göstərərdi, daha vicdanla və intizamla xidmət edərdi və istədiyinə nail olardı. Amma əfsus ki, bizdə heç bir sahədə bu şərait yoxdur. Yaradılmayıb və yaratmaq da istəmirlər.
Hesab edirəm ki, rüşvət və korrupsiya hazırda ən böyük bəladır. Rüşvətxorluq erməni faşizmindən daha təhlükəli və qorxunc düşməndir. Çünki o içimizdədir və təkcə torpağımıza, sərvətlərimizə göz dikməyib. Rüşvət hər şeyi məhv edir: təhsili, tibbi, kişiliyi, haqqı, ədaləti, mənəviyyatı, insanlığı, namusu, qeyrəti. Rüşvətxorluq hər şeyin pulla alınıb-satıldığına əsaslanan bir sistemdir. Bu sistemdə can da, şərəf də, ləyaqət də, namus da, vicdan da, kişilik də pulla alınır və satılır. Bu sistem bütün mənəvi dəyərləri məhv edir. Ailəni, qohumluğu, dostluğu, sevgini, dini-imanı...
Əgər bir qardaş rüşvətlə uşağını əsgərlikdən yayındırırsa, yaxud "isti yerə" düşməsini təmin edirsə, o biri qardaşın bunu etməyə maddi imkanı çatmırsa və balası şəhid olursa, burda qardaşlıq, insanlıq, kişilikmi qalar? Rüşvətlə əsgərlikdən yayınan, yerini isti edənlər sabah şəhid ata-anasının üzünə necə baxacaqlar, yaxud elə indinin özündə necə baxırlar? Belə qardaşlıq, dostluq, qohumluq, müllətçilik, xalqçılıqmı olur? O qardaş ermənidən daha qatı düşmən olmurmu? Qardaşların, qohumların, dostların bir-birinə düşmən kəsildiyi bir toplumun kənarda düşmən axtarmasına ehtiyac varmı? İstər-istəməz sual doğur: biz erməni ilə nəyin naminə vuruşuruq? Onu məğlub edib, bir-birimizin ətini daha çox yemək, qanını daha çox içmək üçünmü? 
Səngərdə erməni gülləsindən ölmək yaxşıdır, yoxsa kürəyinə qardaş xəncərinin saplanmasından? Digər tərəfdən, arxa düşmənlə dolu ola-ola qarşıdakı düşmənlə necə döyüşmək, ona necə qalib gəlmək olar? Tutaq ki, hansısa torpaq sahəsini, dağ yüksəkliyini ələ keçirdin e, axı onun ermənidən alınıb rüşvət predmetinə çevrilməsi qələbə olmayacaq. Biz yenə məğlub olacaq, yenə özümüzü məğlub sayacağıq. Necə ki cəbhədə ermənilərə qalib gələn igidlərimiz Bakıdakı məmurlara məğlub olub, çarəsizlikdən özlərini yandırırlar...

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий