Страницы

07.10.2022

Aleksandr Duqin - Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri


Aleksandr Duqin - Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri.
Rusiyalı filosof, geopolitik, professor, sosioloq, publisist.
7 yanvar 1962-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub.
Atası QRU generalı, anası isə tibb elmləri namizədidir.
Moskva Aviasiya İnstitutunu, Novoçerkassk Dövlət Meliorativ Akademiyasını bitirib.
Elmi dərəcələri: sosiologiya elmləri doktoru, siyasi elmlər doktoru, fəlsəfə elmlər namizədi.
Aleksandr Duqini Kremlin beyni, onun avrasiyaçılıq ideologiyasını isə Rusiya hökumətinin doktrinası hesab edirlər. Mətbuat onu Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının qeyri-formal məsləhətçisi və ideoloqu kimi səciyyələndirir. Qərb mətbuatı onu putinizmin boz kardinalı, geopolitika haqqında kitabını isə Putinin xarici siyasət planı adlandırır. Fransanın “Aktüel” jurnali Duqini postkommunist epoxasının ən nüfuzlu mütəfəkkiri adlandırır.
2009-2014-cü illərdə Moskva Dövlət Universitetinin sosiologiya fakultəsində kafedra müdiri işləmişdir. Bu universitetdə struktur sosiologiyasından, etnososiologiyadan, geopolitika sosiologiyasından, beynəlxalq münasibətlərin sosiologiyasından mühazirələr oxumuşdur.
1997-ci ildə qələmə aldığı “Geopolitikanın əsasları” kitabı Rusiya Genştabı Hərbi Akademiyasının dərsliyinə çevrilmişdir. Duqin özü də bu akademiyada dərs vermişir.
1998-ci ildən Rusiya Dövlət Dumasının sədri Genadi Seleznyovun, 2012-ci ildən isə Dövlət Dumasının sədri Serqey Narışkinin müşaviri işləmişdir.
2016-2017-ci illərdə “Çarqrad” telekanalının baş redaktoru olmuşdur.
Avropanın və ABŞ-ın ultrasağ və tradisionalist hərəkat aktivistləri ilə görüşlər keçirmiş, antiqərb əhval-ruhiyyədə olan ölkələrin – Çinin, İranın və Türkiyənin akademik və ideoloji dairələri ilə əlaqələr qurmuşdur. ABŞ, Fransa, Türkiyə, İran və Moldova universitetlərinə mühazirələr oxumaq üçün dəvətlər almışdır.
Türkiyəli siyasətçi Doğu Perinçek (jurnalistlər onu Ərdoğanın qeyri-rəsmi müşaviri adlandırırlar) bildirmişdir ki, Ərdoğana 2016-cı ildə Darbe çevrilişi təhlükəsi barədə qabaqcadan məhz Duqin məlumat vermişdir və Türkiyənin növbəti ABŞ xuntası əsarəti altına düşməsindən xilas olmasında o mühüm rol oynamışdır.
Rusiyalı yazıçı və siyasi xadim Aleksandr Proxanov Duqini “görkəmli rus insanı” adlandırır və “bizim günlərin parlaq ideoloqlarından biri” kimi səciyyələndirir: “Çox şeylərdə onun tayı-bərabəri yoxdur. O nəhəng tarixi layları adlayır, ilkin axritepləri dirildir. Duqin rus ənənəçiliyi ilə modernist avanqardı birləşdirir”.
Adı ABŞ-ın, Kanadanın və Avropa İttifaqının sanksiya siyahılarına düşmüşdür.
“Amerikanın səcdə etdiyi Tanrı pravoslav ixtiologiyasında Şeytan adlanır” – Duqinin Amerikaya münasibəti belədir.
O Rusiyanın xilasını Şərqə dönüşdə, demokratiyadan və bazar iqtisadiyyatından imtinada görür.
Duqin SSRİ-nin dağılmasını faciə adlandıraraq bunu geopolitik nöqteyi-nəzərdən dəniz sivilizasiyasının quru sivilizasiyası üzərində qələbəsi kimi xarakterizə edir.
Onun nəzəriyyəsində dünya quru və dəniz sivilizasiyalarının mübarizə meydanı kimi təqdim olunur: kontinental dövlətlərin tellurokratiyası dəniz dövlətlərinin tallasokratiyası ilə mübarizə aparır. Burda quru sivilizasiyasına Avrasiya dünyası (başda Rusiya olmaqla), dəniz sivilizasiyasına isə Atlantika dünyası (başda ABŞ olmaqla) aiddir.
Duqinə görə, Avrasiyanın quru dövlətlərində hakimiyyətlər tarixən, ənənəvi olaraq avtoritardır, cəmiyyət quruluşu isə kollektivçilikdir. Demokratiya, individuallıq, istismar isə Atlantik dünyanın məhsullarıdır. Dünya tarixi pərdəarxasında “avrasiyaçılar ordeni” ilə “atlantistlər ordeni” arasında savaş gedir. Bunlar bir növ dünyanın meqa xüsusi xidmət orqanlarıdır.
O liberalizmi bütün bəlaların günahkarı sayır və Stalin kultunu pravoslavlıq ilə əlaqələndirir.

Комментариев нет:

Отправить комментарий