Страницы

27.10.2022

Rusiya-Kürdistan münasibətləri

1914-cü ildə Türkiyədə kürdlər şeyx 2-ci Abdel Salamın başçılığı altında üsyan qaldırdılar. Üsyan yatırıldıqdan sonra Abdel Salam Rusiyaya qaçdı. Lalin Rusiya Abdel Salamın ideyaları və niyyətləri ilə tanış olduqdan sonra onu ölkədən qovdu. O İran Kürdistanına qayıtdıqdan sonra burda həbs olundu, Türkiyə hökumət orqanlarına təhvil verildi və Mosulda asıldı. O tanınmış kürd ictimai-siyasi xadimləri Əhməd Bərzaninin və Mustafa Bərzaninin qardaşıdır.
1943-cü ildə İraqda kürdlər Molla Məsud Bərzaninin başçılığı altında İkinci Dünya Müharibəsinin gətirdiyi qarışqılıqdan istifadə edərək üsyan etdilər. Üsyanın yatırılımasından sonra 1945-ci ildə bərzanilər İrana qaçmalı oldular. İran hökuməti mərhəmət göstərərək onları öz ərazisində məskunlaşdırdı. Lakin bərzanilər burada yerli kürdləri hökumətə qarşı qaldıraraq Mehabad Respublikasının yaradılmasında iştirak etdilər. Yerlərini möhkəmləndirdikdən sonra kürdlər İran dövlətinə öz qaydalarını diqtə etməyə başladılar. Həmin dövrdə İran Almaniya yönümlü siyasət yeritdiyinə görə ölkəyə Sovet, eləcə də İngiltərə qoşunları daxil olmuşdu və mərkəzi hakimiyyətin regionlara nəzarəti zəifləmişdi. Kürd silahlı dəstələri İran hökumət nümayəndələrini öldürdülər və öz müstəqil dövlətlərini elan etdilər. Mehabad dövlətinin rəhbəri Qazi Məhəmməd, ordu baş komandanı isə Mustafa Bərzani oldu. Kürdlər sosialist yönlü olduqlarını bəyan edərək İrandakı Sovet qoşunlarından kömək istədilər. Lakin Sovet komandanlığı yeni yaranmış respublikanın ictimai-siyasi quruluşu ilə maraqlanarkən məlum oldu ki, kürdlər marksist-leninist ideyadan çox-çox uzaqdırlar. Belə ki Mehabad respublikasının rəhbər şəxsləri bərabərlik prinsiplərinə qarşı çıxır, əmlakın milliəşdirilməsini qətiyyən istəmir, əksinə şəxsi kapital toplamaq yolu ilə var-dövlət sahibi olmaq istəyir, öz şəxsi gəlirlərini düşünərək xalqın sosial problemlərinin həllini heç ağıllarına belə gətirmirdilər. Məlum oldu ki, yeni yaranmış dövlətin yeritdiyi siyasət kürd faşizmindən başqa bir şey deyil. Bu, SSRİ dövlətinin Mehabad respublikasına marağının itməsinə və Sovet qoşunlarının ərazini tərk etməsinə səbəb oldu. Fürsətdən istifadə edən İran hökuməti kürdlərin yaşadığı Urmiyə gölündən cənub-qərbdəki ərazilərə qoşun yeritdi. Hərbi komandan Mustafa Bərzani hökumət rəhbərliyini müdafiəsiz qoyaraq başının dəstəsi ilə dağlara qaçdı. 1946-cı ilin dekabrında İranda Mehabad Respublikası süqut etdi. Ələ keçmiş dövlət rəhbəri Qazı Məhəmməd, qardaşı Sədr Qazı və Mehabad Respublikasının müdafiə naziri Seyf Qazı dar ağacından asıldı. Mustafa Bərzani isə 1947-ci ilin iyununda silahlı dəstəsi ilə Naxçıvanla sərhədi keçərək Azərbaycan ərazisinə, Culfaya daxil oldu. İran hökuməti Sovet hökumətinə müraciət yollayaraq kürdlərin təhvil verilməsini istədi. Müraciətdə kürdlər “əclaf” adlandırılırdı: “Dostluq münasibətlərimizin pozulmaması naminə xahiş edirik ki, 400 əclafı geri qaytarasınız”. Lakin Sovet hökuməti qaçaq kürdləri İrana verməkdən imtina etdi. Kürdlər SSRİ ərazisində cəmi 12 il qala bildi. Həmin illər ərzində onlar öz əməlləri ilə Sovet hökumətini elə bezdirdi ki, yenidən İraqa qovuldular.
 Bərzani və adamları SSRİ-də qaldıqları 12 ilin bir neçə ilini Azərbaycan SSR-də keçirdilər. Bir müddət Culfada saxlandıqdan sonra kürdlər Abşeronda yerləşdirildilər. Bərzani qısa müddət Şuşada qaldı, sonra isə Bakıya köçürüldü. O Bakıda əndrabadi hərəkətləri ilə gülüş mənbəyinə çevrildi. Bərzaninin sovet rəsmilərinə “sosializm uğrunda mübarizəyə hazır olduğuna” dair söylədiyi nitqlər istər Azərbaycan SSR-nin rəhbəri Mircəfər Bağırovda, istərsə də Moskvadan gələn dövlət nümayəndələrində ironiya doğrururdu. Sovet rəhbərliyində təəccüb yaradan cəhətlərdən biri kürdlərdə çox güclü inkişaf etmiş tayfa-nəsil münasibətləri idi. Ətrafındakı kürdlər Bərzaniyə yaltaqlanır və onu az qala ilahiləşdirirdi. Bu cür geridə qalmış ictimai münasibətlərlə sosializm quruculuğuna dair vədlər qətiyyən bir-birinə uyuşmurdu. Odur ki Sovet rəhbərliyi bu arxaik münasibətləri heç olmasa yumşaltmaq, kürdlərin cəmiyyətə assimilyasiyasına nail olmaq üçün özü ilə gətirdiyi adamları Bərzanidən bacardıqca təcrid etməyə çalışırdı. Üstəlik, kürdlərin arasında kommunist təbliğatı aparmaq, yaxud oraya öz adamlarını salmaq cəhdləri də uğur gətirmirdi- kürdlər yadlar üçün qapalı idi. Bununla bağlı məşhur Sovet əks-kəşfiyyatçısı Pavel Sudoplatov bir epizodu da xatırlayır- artıq Daşkənddə olanda onların Bərzaninin əhatəsinə informator yerləşdirmək cəhdləri həmin şəxsin izsiz-tozsuz yoxa çıxması ilə nəticələnmişdir!
 1947-ci ilin payızında Pavel Sudoplatov Bərzani ilə görüşüb danışmaq üçün nazir Abakumov tərəfindən Bakıya göndərilir. O memuarlarında bu barədə yazır: “Mən Bərzaniyə TASS-ın (Sovet İttifaqı Teleqraf Agentliyi) baş direktorunun muavini və Sovet hökumətinin nümayəndəsi kimi təqdim olundum. Həyatımda ilk dəfə idi ki, əsl feodalla rastlaşırdım. Bununla belə Bərzani məndə fərasətli siyasətçi və təcrübəli hərbi rəhbər təsiri yaratdı. O dedi ki, son 100 ildə kürdlər farslara, iraqlılara, türklərə və ingilislərə qarşı 80 dəfə üsyan qaldırıb və onların 60-dan çoxunda kömək üçün Rusiyaya müraciət edərək adətən yardım alıblar. Cavab olaraq mən elan etdim ki, Sovet tərəfi Bərzaninin və onun zabitlərinin bizim hərbi məktəb və akademiyalarımızda xüsusi təlim keçməsinə razıdır. Həm də ona bildirdim ki, kürdlərin Azərbaycandan Orta Asiyaya köçürülməsi müvəqqəti xarakter daşıyır və onların Kürdistana qayıtmaqları üçün şərait yetişənə qədər davam edəcək...” Sudoplatov xatirələrində daha bir maraqlı məqama toxunur: “Abakumov mənə Bərzani ilə söhbətlərin nəticələrini, habelə Stalinin kürdlərin hərbi tədris müəssisələrimizdə təhsil almalarına razılıq verdiyini Mircəfər Bağırovla bölüşməyi qadağan etmişdi. Məsələ ondadır ki, Bağırov Bərzanidən və onun adamlarından İran Azərbaycanında vəziyyəti destabilizasiya etmək üçün yararlanmaq niyyətində idi. Ancaq Moskvada fərz edirdilər ki, Bərzani İranda yox, məhz İraqda daha lazımlı ola bilər- ordakı ingilispərəst rejimi devirmək üçün...”
 1947-ci ilin oktyabrında Bərzani Azərbaycan kommunistlərinin rəhbəri Bağırova öz məktub-memorandumunu yolladı. O Bağırovun qarşısında aşağıdakı tələbləri qoymuşdu: “1.Tərəfdarlarım ilə görüşməyə icazə verilməsi; 2.Onların təhsili üçün şəraitin yaradılması; 3.Aylıq bülletenin çapının təşkil edilməsi; 4.BMT-yə kürdlərə münasibətdə yeridilən ədalətsiz siyasətlə bağlı şikayətin göndərilməsi; 5.Stalinlə görüşün təşkil olunması”. Noyabrın 15-də kürdlərin rəhbəri Bağırova daha bir məktub yolladı. Bərzani bu məktubunda Bağırovu “Şərq xalqlarının rəhbəri” adlandırdı. “Biz taleyimizi Sovet dövləti ilə bağlamağı vacib saydıq, çünki bu hakimiyyət azadlığın dayağı və xalqların ümididir”- Bərzani yazırdı. Həmin məktubunda o “çox məşəqqətli, incidlilmiş və təhqir olunmuş vəziyyətə düşən azadlıq hərəkatı döyüşçülərinə diqqət ayrılmasını” xahiş edirdi…
 Azərbaycanda olduğu dövrdə Mustafa Bərzaninin burda yaşayan kürdlərlə çoxsaylı görüşləri təşkil olundu, habelə o Ermənistandakı kürdlərlə tanış olmaq üçün dəfələrlə İrəvana getdi. Onun təklifləri sayəsində Bakıda kürd yazıçı və şairlərinin əsərləri çap olundu, İrəvanda kürd radiosu açıldı və 1937-ci ildə bağlanmış kürd dilində qəzet bərpa edildi. Həmin dövrdə İrəvan Pedaqoji Məktəbində kürd dili fakültəsi açıldı, Ermənistan Dövlət Nəşriyyatında (“Armqosizdat”) isə kürd dilində ədəbiyyatın nəşri üzrə xüsusi komissiya yaradıldı. Ermənistan Yazıçılar İttifaqının tərkibində kürd seksiyası, Ermənistan Elmlər Akademiyasında kürdşünaslıq bölməsi, İrəvan Universitetində isə kürdoloji fakültə yaradıldı. Azərbaycana nisbətən Ermənistanda kürdlərlə bağlı tədbir və yeniliklərin çoxluğunu yəqin ki, Mircəfər Bağırovun Bərzaniyə olan nisbətən inamsız münasibəti ilə əlaqələndirmək olar. Bərzaninin daha bir ideyası Azərbaycan ərazisində kürd muxtar rayonunu bərpa etmək idi. Məlum olduğu kimi, vaxtilə Laçın və Kəlbəcər rayonlarının ərazisində “Qırmızı Kürdistan” mövcud idi. Sonralar ləğv olunan həmin strukturun yenidən yaradılması ideyası istər Moskvada, istərsə də Bakıda neqativ qarşılandı. O cümlədən Mircəfər Bağırov həmin ideyaya böyük skepsislə yanaşırdı, Bərzaninin öz millətinin nümayəndələrinə nəzarət istəyini isə onun “öz xanlığını yaratmaq” cəhdi kimi qiymətləndirirdi. Ümumiyyətlə, kürdlərdə olan arxaik tayfa münasibətləri və sərt iyerarxiya Mircəfər Bağırov və digər Sovet rəsmilərinin nifrətinə səbəb olmuşdu. Bərzaninin digər istəyi isə İraqa dönəndən sonra orda Kürdistan dövləti yaratmaq barədə Stalini yola gətirmək idi. Sudoplatovun memuarlarından bəlli olur ki, Stalin həmin ideyaya da razılıq vermədi. Sovet əks-kəşfiyyatçısı Vadim Udilovun “SSRİ-də terror aktları və təxribatlar” kitabından aydın olur ki, Bərzani İran hökumətinə qarşı döyüşmək üçün Sovet hökumətindən onun dəstəsinə silah-sursat verilməsini, hərbi təlimlər üçün şərait yaradılmasını və sonra da İran ərazisinə girmək üçün icazə verilməsini xahiş etmişdir. Görünür, Bərzani İrandan biabırçı qaçışın revanşını götürmək istəyirdi.
 1949-cu ildə DİN-in Stalinə məruzəsində deyilir: “Mustafa Bərzaninin arzularına uyğun olaraq Azərbaycan KP(b) MK-nin katibi yoldaş Bağırov hökumətə Bərzaninin dəstəsinin Xəzər dənizi sahilindəki düşərgələrin birində yerləşdirmək, onları ərzaq və sursatla təmin etmək, habelə şəxsi heyəti hərbi işə öyrətmək barədə təkliflər verib”. Hökumət müvafiq qərarı qəbul etdi. Həmin qərara əsasən, Bərzaninin dəstəsindən 3 atıcı bölük, artilleriya batareyası, minaatıcı batareya, minaaxtaran taqım, rabitə və tank taqımları formalaşdırıldı. SSRİ Silahlı Qüvvələri Nazirliyindən şəxsi heyətə təlim keçmək üçün 25 zabit göndərildi.
 Ancaq tezliklə Sovet kəşfiyyatı kürdlərin əsl xislətini üzə çıxardı. Çox tezliklə bəlli oldi ki, Sovet rəhbərliyi kürdlərin planlarını qətiyyən düzgün anlamayıb. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) Moskvaya məlumatında göstərilirdi ki, Bərzaninin şeyx komissarları inanclı kürdlər, həmçinin azərbaycanlılar qarşısında xütbələrlə çıxış etməklə onları heç də Sovet hakimiyyətini sevməyə çağırmırlar. Yəni söhbət teokratik bir iyerarxiyadan gedir. Bərzaninin Sovet quruluşu haqda söylədiyi pafoslu kəlmələr isə niyyətlərini ört-basdır etmək fəndindən başqa bir şey deyilmiş! DİN-in Stalinə məruzəsində deyilirdi: “Bir müddət sonra agentura yolu ilə müəyyən edildi ki, Mustafa Bərzani siyasi savadsız şəxs olmaqla bərabər kürd tayfalarını birləşdirərək onlardan knyazlıq qurmaq və bu knyazlığın rəhbəri olmaq niyyətindədir. O SSRİ-də olduğu dövrə onun heç nəyə öhdəlik götürmədiyi müvəqqəti bir təzahür kimi baxır. Bu cür əhval-ruhiyyəni nəzərə alaraq yoldaş Bağırov hökumət qarşısında məsələ qaldırıb ki, kürdlərin dəstələri Azərbaycan SSR ərazisindən çıxarılsın və bacardıqca İranla sərhəddən uzaqda yerləşdirilsin...”
 Bağırovun təklifi yetərli oldu. Üzə çıxdı ki, Stalinin onlara qarşı siyasətindən narazı qalan kürdlər Azərbaycanda silahlı üsyan qaldırmağa hazırlaşırlar. SSRİ Nazirlər Sovetinin 1948-ci il 9 avqust tarixli qərarına əsasən DİN tərəfindən kürdlərin Bakıdan çıxarılaraq Özbəkistan SSR ərazisinə- Daşkənd dəmir yolunun Verxneye-Komsomolskoye stansiyasına daşınmasına başlanıldı. Bakıdan kürdlərin köçürülməsi birdəfəlik aksiya kimi yox, hissə-hissə, xırda dəstələr halında icra olundu. Özbəkistanda onlar kolxoz tövlələrində yerləşdirildi.
 Orta Asiyada kürdlər dilənçi günündə yaşadılar. Bərzani narazılığını Stalinə yazdığı məktublarla ifadə etdi. O Stalinə 72 məktub yazdı. Ancaq heç bir cavab almadı. Bərzani deyirdi ki, məktublar Stalinə gedib çatmır, odur ki qonşuluqda yaşayan bir qadına yalvarırdı ki, Moskvaya getsin və məktubu orda poçt qutusuna salsın. Sonralar həmin hadisələri xatırlayan Bərzani narazılığını bu cür ifadə etmişdi: “Mən 5 dövlətə qarşı vuruşmalı olmuşam- İraq, İran, Türkiyə, Azərbaycan və Özbəkistana qarşı”.
 DİN-in məruzəsində qeyd olunur ki, 1948-ci ilin sonunda Mustafa Bərzaninin Özbəkistan kommunistlərinin başçısı Yusupovla görüşü olmuşdur və həmin görüşdə Bərzani öz dəstəsinin şəraitindən narazılığını bildirərək vəziyyətin, eləcə də gələcək perspektivlərin müzakirəsi üçün Stalinlə görüşü təşkil etməyi Yusupovdan xahiş etmişdir. Göründüyü kimi, Sovet hökuməti Bərzaninin heç də “kommunizm qurucusu” olmadığını aydınlaşdıran kimi kürdlərin Bakıdan uzaqlaşdıraraq faktiki olaraq sürgünə göndərmişdir. Kürd müəlliflər tərəfindən yazılmış “Mustafa Bərzani” bioqrafik kitabında da bu versiya vurğulanır. Kitabdan bir epizod: “Bərzani tərəfdarları özlərinin Orta Asiyaya sürgün olunmalarını repressiya kimi qəbul edirlər və Bağırovla Bərzani arasındakı münasibətlərin pisləşməsi ilə əlaqələndirirlər. Məsələn, onlar Daşkənddə Orduxan Cəlilə belə bir əhvalat danışır: “Bağırovun ad günündə bayram süfrəsi arxasında yubilyarın yaxınları ilə bərabər “Tudə”nin MK katibi Pişəvəri və general Bərzani də əyləşibmiş. Şən söhbətlər və sağlıqlardan sonra Bağırov hiss edir ki, Bərzani çox qayğılıdır. Bağırov üzünü ona çevirərək soruşur: “Niyə heç nə yemirsən?” Bərzani isə cavab olaraq “yoldaşları ac və yoxsul olduğu bir vaxtda SSRİ-yə əylənmək üçün gəlmədiyini” söyləyir. Məhz həmin məclisdən bir qədər sonra kürdlər Bakıdan çıxarıldığından Bərzani tərəfdarları köçürülmə əməliyyatının Bağırovun onlara qarşı münasibətinin soyuması ilə bağlayırlar”. Belədir, ya yox? Hökm vermək çətindir. Fakt odur ki kürdlər Özbəkistan kolxozlarında, bir hissəsi isə Altay vilayətinin çöllərində yerləşdirildi. Sudoplatovun yazdığına görə, kürdlərin Azərbaycandan Özbəkistana sürgün edilməsi ideyası başdan-ayağa Moskvanın ideyası idi və Bərzaninin ümidləri doğrultmaması fonunda bu addım siyasi cəhətdən düzgün addımdı. Bir müddət sonra isə ümumiyyətlə kürdləri SSRİ ərazisində saxlamaq təhlükəli hesab edildi. 1958-ci ildə Mustafa Bərzani komandası ilə birlikdə Sovet cəmiyyətinə yad ünsürlər kimi SSRİ ərazisindən çıxarılaraq İraqa qaytarıldı.
 Mustafa Bərzani 1970-ci illərdə İraqın SSRi ilə yaxınlaşmasını istəməyən ABŞ-ın simasında yeni bir müttəfiq tapdı. Mustafa Bərzani bu səfər də ABŞ-ın köməyi ilə İraq mərkəzi hakmiyyətinə qarşı üsyan etdi. Başlanan üsyanın uğursuzluqla nəticələnməsi ilə Mustafa Bərzani ABŞ-a qaçmalı oldu. 1979-cu ildə vəfat etdikdən sonra onun yerinə bərzani tayfasının və Kürdistan Demokratik Partiyasının başına oğlu Məsud Bərzani keçdi.

Комментариев нет:

Отправить комментарий