Страницы

23.12.2022

Əməkdar artist: “Anar Kərimovun qəbulunda olanda musiqidən danışdım, heç nə başa düşmədi”

“Mədəniyyət naziri gərək mədəniyyətin hər sahəsindən xəbərdar olsun. Demirəm ki, hər sahəni əla bilsin. Amma ən azından musiqini, teatrı, rəssamlığı bilən biri olmalıdır. Yoxdur. Anar Kərimovun qəbulunda olanda musiqidən danışdım, heç nə başa düşmədi. Dediklərim göyə getdi. Onda məni aparıb səhiyyə naziri qoysunlar, mədəniyyət adamından səhiyyə naziri olar?”
Bu sözləri pravda az-a müsahibəsində Əməkdar artist, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə deyib.
O bildirib ki, mədəniyyət naziri incəsənət xadimlərini qəbul etməyəndə, onların sözünə qulaq asmayanda inciklik yaranır: “Mədəniyyət naziri kinonu, incəsənəti bilmirsə, onda nazirlikdə nə iş aparır? Bir il bundan əvvəl Anar Kərimovun qəbuluna getdim, yeni ixtiralarımdan danışdım, dedi ki, söz verirəm, kömək edəcəyəm. Hanı? Cənab Prezidentə söz demək ixtiyarımız yoxdur, hər şeyi əla bilir, kimi hara təyin etmək lazımdır, onu da bilir. Amma Prezidentə təqdimatı verən adam bəlkə də düzgün vermir. Cənab Prezident də düşünür ki, əlbəttə yanımda dayanan düz danışır. Ümidimiz cənab Prezidentədir. Sahəni bilən adamları təyin etsin ki, bizim də işimiz getsin. İncəsənət dayanır, incəsənət ölüb, çox pis gündədir. Kino ölüb, teatr tənəzzülə gedir, musiqi, muğamat, ansambllar... Ansambllar bir-bir bağlanır. Xalq çalğı alətləri ansamblları yoxdur, təkcə orkestr qalıb, vəssalam. Gərək nə qədər incəsənət ansamblları olsun. Vaxtilə Əlibaba Məmmədovla, Əliağa Quliyevlə işləyənda on bir dənə ansambl var idi. Hamısının bir-bir ansambllarını yaradırdılar. Bir-biriləri ilə rəqabət aparırdılar, inkişaf da gedirdi, hərə öz çalğı stilini tapırdı, hər ansamblın öz stili var idi. İndi yenilik, irəliləyiş yoxdur, hamısı getdi işinin arxasınca... Hamısı “çevir tatı, vur tatı”, köhnə şeyləri oxuyurlar”.
Q.Əlilicanzadə bildirib ki, hələ də fəxri ad ala bilməyən təcrübəli mədəniyyət nümayəndələri var: “Prezidentdə günah görmürəm, çünki məktub gedib Prezidentə çatmır. Görmürsünüz, Naxçıvandan gedən məktublar çatmırdı? Nazirdən şikayət məktubunu Prezidentə göndərirsən, Prezidentə vermirlər, yenidən məktubu şikayət etdiyimiz nazirə göndərirlər ki, mənim məsələmə baxsın. Nazir baxa bilsəydi, əvvəldən baxardı, axı ondan şikayət yazmışam. Ev vermirlər, nə edək, dava edən, səs-küy salan deyilik ki. Mənə “Əməkdar artist” adını 62 yaşımda verdilər, gülməlidir. “Əməkdar artist” adı almağa çoxdan layiq olanlar var. Əsgər Ələkbərov professordur, hazırda Ammandadır, uddan ərəblərə dərs keçir, tələbələri dünyanı gəzir. Hələ də ona heç olmasa “Əməkdar incəsənət xadimi” adı verməyiblər. Mahmud Salah qavalda bir nömrəli ifaçıdır, ikincisi yoxdur. Ona bir dənə də olsun titul verməyiblər, dəhşətdir. Elm sahəsində də zülümdəyik. Doktorluğu yığışdırmaq lazımdır. Elmlər doktoru nədir, elmlər namizədi nədir? Bir dəfə doktor olar, müdafiə edərsən, sonra kitab yazıb olarsan dosent-doktor, sonra professor-doktor. Professor olmaq üçün gərək mənim xaricdə kitabım çıxsın. Mən kitabın xaricdə çapı üçün tərcüməsinə 5 min manat pul verməliyəm. 500 manat maaşla illik maaşımı qoymalıyam ki, xaricdə professor alacağam? Çox narazılıqlar var. Amma bu narazılıqlar möhtərəm Prezidentimizə gedib çatmır. Harasa gedirlərsə, əvvəlcədən deyirlər ki, “şikayət etməyin ha, nə sözünüz var, bizə deyin”. Vaxtilə Hacıbala Abutalıbov Maştağaya gəlmişdi, dedi “nə lazımdır edəcəyəm, asfalt çəkəcəyəm, Prezidentə deməyin, hamısını edəcəyəm, sabahdan burdayam”. Prezident gəldi, abırlı Maştağa adamları da şikayət etmədilər. Prezident də gördü ki, narazı deyillər, çıxıb getdi. Nə demişdilərsə, hamısı göydə qaldı. Niyə Prezidenti aldadırsınız? Belə olmaz. Cənab Prezident sonda xalqla üz-üzə qalır axı. Sən çıxıb gedəcəksən, yerinə on nazir gəlib-gedəcək. Prezident bu boyda işlər görür, sənin kimi adamlar isə onu xalqın gözündən salmağa çalışırlar…”

Комментариев нет:

Отправить комментарий