Страницы

28.12.2022

Naxçıvan sakini təzyiqlərə MƏRUZ QALIB: Vasif və Məhərrəm Talıbovların əlimizdən aldığı əmlakın geri qaytarılmasını istəyirəm

Naxçıvan sakini təzyiqlərə məruz qalıb Bakıya köçdüklərini deyir

“Vasif Talıbov və qardaşı Məhərrəmin zorakılıqla ələ keçirdikləri, həyat yoldaşım Vahid Rza oğlu Məmmədova məxsus “Təbriz” (indiki “Zümrüd”) restoranının ailəmizə geri qaytarılmasını xahiş edirəm”.
Bu sözlər hazırda Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev7/19,mənzil 141 ünvanda yaşayan Gülsüm Əsgər qızı Məmmədovaya məxsusdur.
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsindən istefa verəndən sonra ölkə başçısına, eləcə də hüquq-mühafizə orqanlarına şikayət ərizəsi göndərən Gülsüm Məmmədova yazır ki, son 27 il ərzində Naxçıvanda Talıbov Vasif və Məhərrəm qardaşlarının törətdiyi cinayətlərin sayı-hesabı yoxdur: “Bu dəstənin əlindən əziyyət çəkən Naxçıvanda yaşayan minlərlə ailələrdən biri də bizim ailəmiz olub”.
Şikayətçinin sözlərinə görə, 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuş həyat yoldaşı Vahid Rza oğlu Məmmədov 1984-cü ildə Heydər Əliyev prospekti 17-də tikilib istifadəyə verilmiş “Təbriz” hotelinin yanındakı “Təbriz” restoranında 1983-cü ildən 1989-cü ilə kimi əsas işçisi kimi sənədləşdirilərək işləyib, daha sonra, 1990- 2003-cü ilin dekabrın 26-dək tək sahibi olub.
Şikayətçi Meydan TV-yə deyir ki, həyat yoldaşı “Təbriz” restoranını yenidən qurub, bütün lazım olan avadanlıqlarla, mebellərlə, xalçalarla tam təchiz edib.
1993-cü ilədək restoran kimi fəaliyyət göstərsə də, 1994-2004-cü ilədək bu restoran Naxçıvan şəhərində ən böyük (600 yerlik ) şadlıq evi kimi də fəaliyyətini davam etdirib: “Vahidin restoranı 1990-1993-cü illər ərzində Ulu öndərin (Heydər Əliyev nəzərdə tutulur – red.) şəxsi tapşırığı əsasında Naxçıvana gəlmiş rəsmi qonaqlara da xüsusi xidmətlər göstərib, tədbirlərin keçirilməsinə şərait yaradıb. Bunun üçün Vahid Almaniyadan dəyəri 20000 dollara olan xüsusi çılçıraqlar, İrandan ən böyük ölçülü, bahalı xalılar, Rusiyadan böyük gücə malik generatorlar, avadanlqlar gətirib şadlıq evini zənginləşdirdi. Elə həmin şadlıq evində Vasif Talıbovun bacısının, qardaşının da toy məclisləri təşkil edilib”.
“Lakin çox təəssüflər olsun ki, 2003-cü ilin dekabrın 26-da növbəti toy mərasiminin keçirilməsinə hazırlıq görüldüyü zaman Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov bir dəstə qoluzorlu qoçularla şadlıq evinə daxil olaraq işləri dayandırdı və şəxsi heyətin dərhal restoranı tərk etmələri tələb olundu. Qapılar içəridən bağlandı və Məhərrəmin 10 nəfərlik quldur dəstəsi soyğunçuluğa başladı. Yəni, seyfdə olan bütün sənədlər, pul, şəxsi əşyalar yağmalandı və bu günə qədər qaytarılmayıb”, – Gülsüm Məmmədova deyir.
“Elə həmin günü quldur dəstəsi restoranın bütün qapılarının kilidlərini dəyişdi, mühafizəni gücləndirdi. Təlaşa düşən restoran işçilərinə və kimsəyə heç bir açıqlama vermədən zorakılıqla şadlıq evini ələ keçirdilər”, – qadının şikayət ərizəsində qeyd olunur.
Gülsüm Məmmədovanın oğlu da ərizədə yazılanları Meydan TV-yə təsdiqləyib.
Vahid Məmmədov “Təbriz” restoranını işlətdiyinə görə Naxçıvanda “Təbriz Vahid” ləqəbilə tanınıb. Həyat yoldaşı deyir ki, belə bir zorakılıq və əmlakının Talıbovlar tərəfindən ələ keçirilməsindən sonra təzyiqlər də ara verməyib. Bu səbəbdən 2004-cü ilin əvvəlində Məmmədovlar ailəsi evini-eşini tərk edərək Naxçıvandan Bakıya köçmək məcburiyyətində qalıb.
“Bu dəhşətli hadisədən sarsılan Vahid ürək əməliyyatı keçirdi, şəkər xəstəliyinə tutuldu. Vahidə təzyiq edib onun Naxçıvanda yerləşən, ata yurdu olan evini də dəyər-dəyməzinə satdırdılar ki, bir daha geri qayıtmaq fikrinə düşməsin. 2016-cı ilin əvvəlində Vahid qəfildən, 59 yaşında dünyasını dəyişdi”.
Gülsüm Məmmədova indi Prezidentdən xahiş edir ki, Talıbov qardaşları tərəfindən heç bir səbəb göstərilmədən, zorakılıqla əllərindən alınmış “Təbriz” – indiki “Zümrüd” restoranı yenidən ailəsinə qaytarılsın: “Xahiş edirik, əmlakımızın simasız quldurlardan alınaraq ailəmizə qaytarılması üçün DTX rəisi cənab Əli Nağıyevə göstəriş verəsiniz ki, məsələ yerində araşdırılsın və bu illər ərzində ailəmizə dəymiş ziyan tam ödənilməklə, obyekt ailəmizin mülkiyyətinə qaytarılsın”.
Meydan TV deyilənlərə Talıbovlardan münasibət öyrənə bilməyib.
62 yaşlı Vasif Talıbov 1995-ci ildən Naxçıvan MR Ali Məclisinin sədri olub. Bir ay öncə Naxçıvanda vəzifəli şəxslərin həbsləri başlayıb. Dekabrın 21-də isə Vasif Talıbov vəzifəsindən istefa verib.
Naxçıvan uzun illər “qapalı zona” olub və MR-da şikayət edənlər müxtəlif təzyiqlərə məruz qaldıqlarını deyiblər.
Vasif Talıbov bütün bunlara görə cəmiyyətdə “Naxçıvanın xanı” kimi tanınıb.milletinsesi.media.az

Комментариев нет:

Отправить комментарий