Страницы

18.04.2023

Monitor qarşısında çox oturanlar, BUNLARI BİLİRDİNİZ? – Ayaqyalın gəzin…

Bir çoxumuzun günü demək olar ki, kompüter qarşısında oturmaqla keçir. Hətta 2 saatdan çox oturmağın səhhətimizə “vurduğu zərbələri” özümüz də yaxşı bilirik. Hiss etdiyimiz halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığı ilə əlaqələndirilsə də şüanın təsirlərindən də yan keçmək olmur. Bu halda işdə gümrah ola bilmirik, kompüter qarşısında gah yuxulayırıq, gah gərilirik.
Həkim-nevropatoloq Vüqar Əliyev bildirib ki, kompüter qarşısında çox oturan şəxslər mütləq 40-45 dəqiqədən bir fasilə verməlidirlər: “Fasilə vaxtı havaya çıxmaq əsas şərtdir. Gözləri tez-tez yaxına və uzağa baxaraq, məşq etdirmək lazımdır. Bu gözlərdəki yorğunluğu tez bir zamanda aradan qaldırır. Həmin müddət ərzində aqressiv dialoqlardan, gərgin mövzulardan yayının. Həmçinin, kofe və tünd olmayan çay qəbul etmək xeyirlidir. Çay təbii bitkilərdən olarsa daha yaxşıdır. Yemək və çay aralarında mütləqdir ki, meyvə yeyilsin. Səhər evdən çıxanda yaxşı qidalanıb, ofisdə isə ağır olmayan, tez həzmə gedən yeməklər qəbul edilməlidir. Məsələn, toyuq, balıq əti, tərəvəzlərdən daha çox istifadə olunmalıdır. Qazlı və sərinləşdirici içkilərdən, xəmir yeməklərindən, şirniyyat məhsullarından da qaçmalıyıq”.
Həkim onu da bildirdi ki, fəsildən fəsilə adaptasiya dövründə də insan orqanizmində müəyyən dəyişikliklər olur. Bu da əhvala və səhhətimizə ayrıca təsir edir. Bu səbəblə də ətraf mühitin təsirlərini də nəzərə almaq lazımdır.
Psixoloq Gülşən Rüstəmova isə deyir ki, insanlarda yorğunluq iki cür olur: Zehni və fiziki yorğunluq. Bunlar bir-birindən fərqli olduğu üçün, aradan qaldırılması yolları da fərqlidir: “Zehni yorğunluq adətən sinxron həyat tərzindən meydana gəlir. Yəni hər gün eyni saatda, eyni iş, eyni tərz, bütün bunlar sinxron qaydada gedirsə, insanda zehni yorğunluq yaranır. Fiziki yorğunluq hər gün eyni işləri görəndə də meydana gələ bilər, öz bacarığından yuxarı işləri görəndə də. Fiziki yorğunluğun səbəblərini insan özü təyin edə bilir ki, onun orqanizminə, sağlamlığına hansı iş uyğundur, uyğun deyil. Zehni yorğunluğu aradan qaldırmaq üçün gördüyünüz işin tam əksini etmək olar. Məsələn, bütün günü oturaq halda kompüterin arxasında işləyən şəxs gəzməlidir, təbiətin rənglərinə baxmalıdır. Təbiətin ünsürləri insan psixologiyasına yaxşı təsir göstərir. Ayaqyalın torpaq üzərində yerimək, hava almaq, duş qəbul etmək, əl və ayaqları suya salmaq, şam yandırmaq və ya ocaq ətrafında oturmaq psixologiyaya çox yaxşı təsir edir. Bu ümumi bir cavabdır, hər insan üçün individual yanaşma mövcudur”.
Psixoloq əlavə etdi ki, fiziki yorğunluğu aradan qaldırmaq üçün yatmaq lazımdır. Bədənimiz üfüqi hal alan zaman orqanizmdə bütün maddələr mübadiləsi, qan dövranı və tənəffüs sistemi istirahət edir. Bu hallarda istənilən elektron cihazdan uzaq durmaq lazımdır. /iqtisadiyyat.az/

Комментариев нет:

Отправить комментарий