Страницы

02.05.2023

BAKIDA 1 MAY BAYRAMI QEYD OLUNDU


İnsanlara təbəssüm bəxş edən əlamətdar 1 May günündə Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində, H.Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən Bakı Fəhləsi heykəli önündə qələbəlik var idi. Yaşıllaşan ağacların, qönçələnən çiçəklərin arasında yerləşən, daşdan hazırlanmış möhtəşəm fəhlə surəti sülh, əmək, azadlıq, bərabərlik rəmzi olan 1 May günəşinin şəfəqləri altında daha vüqarlı görünürdü.
Azərbaycan Kommunist Partiyası 1 May - Zəhmətkeşlərin həmrəylik gününü qeyd edirdi. Tədbirə digər sol-vətənpərvərlik hərəkatının nümayəndələri də qoşulmuşdu. Gənclər əllərində 1 May bayramına həsr olunmuş transparant və çeşidli şüarlar yazılmış lövhələr tutmuşdular.
Bayram tədbirində çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinov dedi: “1 May zəhmətkeşlərin beynəlxlq bayramı, dünya fəhlələrinin həmrəyliyi və bütün ölkələrin zəhmətkeşlərinin qüvvələrinə mübariz baxış günüdür. Böyük Oktyabr Sosialist İnqilabının beynəlxalq fəhlə hərəkatına çox böyük inqilabi təsiri nəticəsində 1 May çıxışları bir çox ölkədə açıq antikapitalist istiqamət aldı. İkinci Dünya Müharibəsindən sonra dünya sosializm sisteminin yaranması, imperializmin müstəmləkə sisteminin dağılması, bütün dünyada sosializm və demokratiya qüvvələrinin möhkəmlənməsi müxtəlif ölkələrdə 1 May şənliklərinin xüsusiyyətlərini müəyyən etdi”.
Ədalət Abdinov daha sonra əlavə etdi ki, sosialist ölkələrində 1 May zəhmətkeşləri sosializm və kommunizm quruculuğu uğrunda mübarizəyə səfərbərlik şüarları altında keçirdi. Müstəmləkə hökmranlığından azad olmuş, inkişaf etməkdə olan ölkələrdə, həmçinin siyasi istiqlaliyyət uğrunda mübarizə aparan ölkələrdə 1 May imperializmə və daxili irticaya qarşı, müstəmləkəçilik və yeni müstəmləkəçiliyin ləğvi uğrunda mübarizə günü kimi qeyd edilir. İnkişaf etmiş kapitalist ölkələrində 1 May günündə zəhmətkeşlər həyat və əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilən tələblər irəli sürür, demokratik və ictimai dəyişikliklər və sosializm uğrunda çıxış edirlər.
Tədbirdə çıxış edən Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayev, Beynəlxalq Avrasiya Hərəkatının Azərbaycan bölməsinin rəhbəri İbrahim Həsənov və Azərbaycan Kommunist Partiyasının gənclər təşkilatının sədri Taleh Məmmədov çıxışlarında qeyd etdilər ki, 
1 May bütün ölkələrdə xalqların beynəlmiləl qardaşlığı, sülh uğrunda mübarizə günüdür. Sovet ölkəsinin əməkçiləri 1 May gününü kapitalist ölkələri zəhmətkeşlərinin inqilabi mübarizəsi, milli azadlıq hərəkatı ilə həmrəylik şüarları altında qeyd edir, bütün qüvvələrini sülh və kommunizm cəmiyyəti qurmaq uğrunda mübarizəyə həsr etmək əzmində olduqlarını nümayiş etdirirdilər.
Toplantı iştirakçıları Azərbaycan zəhmətkeşlərinə 1 May Müraciəti qəbul etdilər.
Bayram tədbiri iştirakçıların Dənizkənarı Milli Parkda gəzintisi ilə başa çatdı.

Azərbaycan KP MK-nın mətbuat xidməti














Комментариев нет:

Отправить комментарий