Страницы

12.07.2023

ATƏT-İN MİNSK QRUPU ÖZÜ-ÖZÜNÜ KƏNARLAŞDIRDI


Valeri Korovin
CALİBER.AZ NƏŞRİ ÜÇÜN MÜSAHİBƏ, 23.06.2022

—Rusiya XİN-inin nümayəndəsi Mariya Zaxarova ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçi formatının reanimasiyasına qarşı çıxış etdi. O cümlədən ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibi Karen Donfridin Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin həmin formata yönəldilməsinin vacibliyi barədə bəyanatının səmimiliyinə şübhə ilə yanaşdığını dilə gətirdi. Xatırladım ki, Donfrid bildirmişdi: “Vaşinqton Minsk qrupunda həmsədrlilik prosesini dəstəkləyir, bu formatı olduqca vacib hesab edir və ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə əməkdaşlığı davam etdirməyə hazırdır”. Siz Zaxarovanın bəyanatını necə qiymətləndirirsiz? Və Moskvanın buna hansı arqumentləri var?

—ATƏT-in Minsk qrupunun yararsızlığını göstərməklə Mariya Zaxarova tam haqlıdır. Onun əsaslandığı başlıca arqument budur ki, həmin struktur danışıqlardan özü-özünü kənarlaşdırdı – bildirdi ki, daha Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə dialoq çərçivəsində Moskva ilə qarşılıqlı fəaliyyət göstərmək istəyi yoxdur. Özü də bunu Moskvanın Cənubi Qafqazda sülhün əsas və yeganə mənbəyi olduğu bir zamanda etdi.

Rusiya XİN-inin rəsmi nümayəndəsi Donfridin bəyanatının səmimiliyinə şübhəsini birmənalı şəkildə bildirdi və qeyd etdi: “Əgər Vaşinqton və Paris doğrudan da ATƏT-in Minsk qrupunun vasitəçilik formatının unikallığını vacib hesab edirdilərsə, onda bütün iştirakçı dövlətlərin xeyir-duası ilə verilmiş mandatlarına etinasızlığı özlərinə rəva bilməzdilər”.

ATƏT-in Minsk qrupu Moskva ilə əməkdaşlıqdan imtina etməklə danışıqlar prosesindən öz-özünə düşdü. İndi ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə heç bir aidiyyatı yoxdur. Odur ki indi həmin formata istinad etmək olduqca qəribə görünür.

Ola bilər ATƏT-in Minsk qrupunun özü-özünü kənarlaşdırdığı barədə Karen Donfrid məlumatlı deyil, odur ki ABŞ danışıqlara ATƏT-in Minsk qrupu formatında qayıtmaqdan hələ də dəm vurur. Belə hallar son zamanlar amerikan siyasətçiləri ilə bağlı tez-tez olur, onlar çox vaxt baş verənlər barədə sadəcə məlumatlı olmurlar və köhnə məlumatlara əsaslanıb bəyanatlar verirlər. Olayın başqa versiyası da var: ABŞ nümayəndələri Qafqazda vəziyyəti qarışdırmağa işləyən istənilən strukturu avtomatik dəstəkləyirlər.

—ABŞ niyə bu araqarışdıran strukturu diriltmək ideyasını dəstəkləyir?

—Amerikanlara Qarabağda stabillik və sülh lazım deyil, belə ki bu onların əsas geopolitik opponenti olan Rusiyanın pozisiyalarını möhkəmləndirir. Şimali Amerika Birləşmiş Dövlətlərinə Qafqazda müharibə lazımdır, özü də arzuolunandır ki, bu müharibə permanent olsun – istənilən regionda getsin və istənilən bəhanə səbəbindən başlasın. ATƏT-in Minsk qrupu faktorunu da onlar müharibənin əsas katalizatoru kimi istifadə etməyə çalışırlar. Fikir versəz görərsiz ki, həmin beynəlxalq strukturun danışıqlar prosesində iştirak etdiyi bu uzun illər ərzində vəziyyətin qızışdırılması və daim konfliktə təhrik etmə baş vermişdir. Yəni amerikanlara konfliktin başlanması, qızışdırılması və ATƏT-in Minsk qrupu vasitəsilə intensivləşdirilməsi lazımdır. Yəqin məhz buna görə ABŞ hər cür ciddi-cəhdlə Minsk qrupunu danışıqlar prosesinə qaytarmağa çalışır, üzdə də özünü elə göstərir ki, onun özü-özünü danışıqlar prosesindən kənarlaşdırmasından xəbəri yoxdur. Bu Qafqazda konflikti yenidən başlatmaq və bununla da Rusiyaya problemlər yaratmaq üçün lazımdır.

—Niyə məhz indi?

—Onlar bunu məhz indi istəyirlər ki, Rusiya tərəfinin qüvvələrini pərakəndəliyə salsınlar və bir hissəsini Ukrayna ərazisindəki döyüş əməliyyatları arenasından kənarlaşdırsınlar. Odur ki Zaqafqazyedə silahı toqquşmaların yenidən başlanması ehtimalı çox böyükdür. Və amerikanlar çox güman ki xaricdəki nüfuzlu erməni lobbisinin imkanlarından istifadə etməklə, hətta ola bilsin kürd faktorunu da işə salmaqla tərəfləri buna təhrik edəcəklər.

—Niyə erməni tərəfi də inadla danışıqları məhz həmin formata yönəltməyə çalışır?
—Aydındır ki, erməni tərəfi 2020-ci ildə baş verən 44 günlük müharibənin nəticələrindən razı deyil, özünü uduzmuş tərəf hesab edir və Qarabağda yaradılmış nizamla barışmaq istəmir.
Bu səbəbdən Yerevanda bəzi qüvvələr istənilən bəhanədən istifadə etməyə çalışırlar ki, işlərin indiki halına yenidən baxılmasına nail olsunlar. Ermənistanda gözəl anlayırlar ki, daha ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə heç bir aidiyyatı yoxdur və aydın şəkildə etiraf edirlər ki, Qarabağda sülh yalnız Moskvadan asılıdır. Bununla yanaşı amerikanyönlü lobbi də ümidlərini itirmir, istənilən yapışılası mümkün olan imkana əl atır, vəziyyəti qaytarıb 44 günlük müharibədən əvvəlki hala salmaq istəyir. Belə ssenari Moskvadan kənar güc mərkəzlərinin dəstəyi olduğu halda müəyyən qədər mümkündür. Erməni isteblişmentinin qərbyönümlü liberal hissəsi də buna çan atır.

Söhbətləşdi: Mətanət Nəsibova

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий