Страницы

03.07.2023

Həmid Herisçi AzTV-dən uzaqlaşdırıldı: Yaradıcı adam orda işləyə bilməz

Tanınmış yazıçı, telejurnalist Həmid Herisçi AzTV ilə yollarını ayırıb.
O bu barədə feysbuk hesabında paylaşım edib. O paylaşımında bildirib: “Öz tale yolumda gedirəm. Sizə və AzTV-yə maneələr, əngəllər yaratmaq fikrində deyiləm. Bacardığımızı etdik”.
Bəs tanınmış yazıçının AzTV-dən getməsinə nə səbəb olub?
Məsələ ilə bağlı Bakupost-a danışan Həmid Herisçi suala cavab verməzdən öncə "ANS niyə qapadıldı" adlı məqaləsini xatırlatdı: "O məqalə 13 il əvvəl yazılsa da, bu günün də həqiqətidir. AzTV-dən getməyimə gəlincə, yaradıcı adamın orada fəaliyyət göstərməsi mümkün deyil. AzTV-dəkilər bizim ancaq xırda səhvlərimizi görürdülər. Uğurlarımız, tarixi kəşflərimiz isə ancaq qarşıdurmaya gətirirdi.
AzTV-nin arxivi çox əhəmiyyətli olsa da, hazırda acınacaqlı durumdadır. Unutmayın, AzTV təkcə Azərbaycanın yox, deyərdim dünyanın ən qədim TV brendidir. İlk televiziya siqnalımızın ömrü 1957-ci ildən başlayır. Dünyanın çox az televiziya şirkətlərinin bu cür zəngin arxivi ola bilər. Ancaq arxivin indiki halına dəsmal götürüb ağlamaq lazımdır".
H.Herisçi qeyd edib ki, "Gec də olsa" verilişindən sonra "Qızıl fond" verilişi açıb arxivə yeni nəfəs vermək qərarına gəliblər: "Ən azı məzmununu açaq. Arxiv araşdırmalarında xüsusi təcrübəm olduğu üçün bu işə can-başla girişdim. İşin miqyası çox böyük idi. Misal üçün, arxivdə 1973-cü ilə aid eyni mövzulu iki film - "Tedor Jivkovun Bakı səfəri" və "Qızılgüllər torpağında" qısametrajlı filmləri aşkarladıq. Azərbaycan-Bolqarıstan münasibətlərinin bu günü, o vaxtkı çəkilişlərlə tam eyniyyət təşkil edir. İndiki və tarixi kadrları bir-birinə calayıb əla bir televeriliş hazırladıq. Bəlli oldu ki, Qara dənizin Türkiyə, Bolqarısan, Rusiya su hövzəsindəki qaz yataqlarını məhz Azərbaycan neftçiləri, geoloqları kəşf edib. Belə nəticəyə gəldik ki, yataqların xəritələri görünür, arxivlərimizdədir. Arxasını indi özünüz düşünün. Siz təsəvvür edirsiz, o vaxt Bolqarıstanda "Azərbaycan" adlı kolxoz da mövcud imiş. O vaxt bu cür filmlər qarşılıqlı əməkdaşlıq şəraitində lentə alınırdı. Biri Bakıda çəkilirdi, digəri Boqarıstanda. Qərara gəldik ki, Bolqarıstan TV-lərində Azərbaycan mövzulu oxşar film var. Bütün bunlar AZTV-nin miqyasını, xarici əlaqələrini daha da genişləndirirdi. Yeni üfüqlər açırdı qarşısında. Biz bu nailiyyətləri qazansaq da, xırda nöqsanları yolumuza kötük kimi atdılar".
O yeni telelayihəsinə ciddi əngəllər törədildiyini, süni maneələr yaradıldığını deyib: "Senzura zərrəbinlə bizi güdməyə başladı. Təsəvvür edin, biz Azərbaycan Dövlət Arxivindən çox vacib, 1919-cu ilə aid bir qovluq çıxardıq. Orda Azərbaycan əks-kəşfiyyatının Denikin kəşfiyyatı üzərindəki parlaq qələbəsi əks edilmişdi. İlk dəfə bu sənədləri üzə çıxarıb Azərbaycan əks-kəşfiyyatı tarixinin 1919-cu ildən başladığını çoxsaylı sənədlərlə sübut etdik. Bu, Azərbaycanın strateji maraqları ilə bağlı bir mövzu idi. Ancaq AzTV senzorları bizimlə buynuzlaşmağa başlayıb, xırdaçılığa keçdilər. Yəni biz miqyasımızı hər dəfə genişləndirdikcə qarşı tərəf öz xırdaçı iradları ilə araşdırmalarımızı, verilişimizi əngəlləyirdilər.
Başqa bir detal, Yasir Ərəfat haqda arxivdə ciddi kadrlar var. Bu kadrları tapıb üzərində fenomen veriliş çəkirik. Ancaq senzor verilişmizə qol çəkməkdən imtina etdi. Rəhbərlik də razılaşdı.
Başqa misal. De Qollun 1944-cü il Bakı səfərini Fransa tarixşünaslığı düşməncəsinə dansa da, biz bunu ifşa etdik. İnanız, möcüzəli bir araşdırma edib o səfərin bütün gizlinlərini deşifrələdik. Göstərdik ki, o vaxt De Qoll Bakıda Fransa kommunistlərinin rəhbəri Moritz Torezlə də görüşüb. Bu səbəbdən sonra Moskvaya uçuş icazəsi alıb. Qısası, De Qolla aid verilişimiz bugünkü Fransa-Azərbaycan gərginliyini azalda, münasibətlərə yeni məzmun verərdi. Ancaq, bu verilişlərimiz də dəyərləndirilmədi. Əksinə az anonslandı, təbliğ edilmədi və təkrar göstərilmədi.
Bizim Heydər Əliyev haqda çəkdiyimiz nadir verilişin taleyi də acı oldu. İndiyədək heç bilmirəm niyə, niyə bu veriliş bu qədər əsəb yaratmalıydı? Ancaq biz Heydər Əliyev mövzusunu davam etdirdik. Onun 1982-ci il Meksika səfərini göstərdik. Yenə də xırdaçılıqlar, efir xəsisliyi, yola atılmış kötüklər... Yeri gəlmişkən, De Qoll mövzusunda Fransa və Azərbaycan qəhrəmanı Əhmədiyyə Cəbrayılovun qətlini açdıq, qatillərini tapdıq. Ancaq buna görə özümüzə qarşı olmazın nifrət hiss etdik ünvanımıza. Verilişimizi kəsib doğrayırdılar ki, guya səhvlərimiz var”.
Telejurnalist bildirib ki, bu qədər dəyərli materiallar qarşılığında onların əməyi nəinki qiymətləndirilməyib, əksinə cəzalandırılıblar: "Maddi çətinliklər çəkdik, maaşımız dilənçi payı idi. Ötən il dincəlmədik, heç bu il də dincələ bilməyəcəyik. AzTV bizim verilişi çəkmək üçün hətta meydança belə verməmişdi. Çəkiliş studiyamız başqa məkandaydı. Rejissorumuz, montajçımız da özümüzdən idi. Çünkü artıq AzTV-də peşəkar səs, işıq, montaj ustaları yoxdur. Bütün pərdəönü, pərdəarxası səslər cır səslərdir. Bu səbəbdən pərdəarxası səs kimi İlhamiyyə xanımın səsindən istifadə etdik. Halbuki şirkət bu nadir səsi istifadəsiz saxlayıb. Siz təsəvvür edin, biz hətta Şaumyanın saxta ölümünü ifşa edən lentlər də tapdıq. Gözəl veriliş hazırladıq. Ancaq senzura həmişə ağız büzdü bizə. Xırda imla, inşa səhvləri tapdı və bunları şişirtdi. Qısası, AzTV bizdə ancaq nöqsanlar, səhvlər axtarırdı, uğurlarımızı əsla görmək istəmirdi. Halbuki verilişimizin açdığı yeni üfüqlərə boylanmaq, məhz həmin istiqamətlərdə vacib addımlar atmaq lazım idi. Bolqarıstan mövzulu filmimizi Bolqarıstana göndərmək, ordakı oxşar filmi tələb etmək vacib idi. Ancaq istehsalat şöbəsinin müdürü, senzura bizimlə əməkdaşlıqdan imtina etdilər. Rəhbərlik də verilişimizi qapatdı”.

Комментариев нет:

Отправить комментарий