Страницы

12.08.2011

Bıçaqyonan, daşatan və balıqtutan


Alik Əlioğlu. Hekayə

             Biz onda üç nəfər idik. Mən və iki nəfər mən olmayan. Onlar da beləcə baxırdılar mənə. Hərəsi özü üçün ÖZ idi və mən onlar olmayan idim.
            Bir birimizə çox yad idik. Mən həmişə ağacın altında oturub taxtadan bıçaq yonurdum. İkinci adam balıq tuturdu. Üçüncü adam gölə daşlar atırdı.
            Üçüncü dediyim həmişə düşünürdü ki, mən nə vaxtsa onları taxtadan yonduğum bıçaqla öldürə bilərəm. Niyəsə ona elə gəlirdi ki, mən tək yaşamaq istəyirəm. Amma mən daim tək otursam da təkliyi sevmirdim. Taxta yona-yona daim digər iki nəfərə tamaşa edirdim. Bilirdim ki, onlar olmasalar darıxaram.
            Balıqtutan heç vaxt bu barədə düşünmürdü. Onun ürəyinə qorxu gəlmirdi.
            Bizim fəlakətimiz yağışla başladı. Güclü leysan qopdu. Gölün suyu daşdı.
Çətinliklə hərə özünü xilas elədi. Amma üçümüz də anladıq ki, bir-birimizə kömək etməliyik, yoxsa yaşaya bilmərik. İlk addımı balıqtutan atdı. Axşam vaxtı ocaq yandırıb bizi balıq yeməyə dəvət etdi.
            İlk dəfə üçümüz də eyni ocaq ətrafında oturduq. Bir-birimizdən qorxa-qorxa, çəkinə-çəkinə balıq yedik.
            Gölə daşlar atanın boğazına qılçıq batdı. Əsəblə üzünü mənə çevirdi. Ucadan lənət yağdırıb durub getdi. Balıqtutan bu lənətlərdən vahiməyə düşərək ayağa qalxdı və o da uzaqlaşdı. Ocağın yanında tək qaldım. Adamların üz çevirdiyini hiss etdikcə nə qədər tək qaldığımı anlamağa başladım: çox pis oldum...
            Onun boğazına qılçıq batmasında mənim heç bir günahım yox idi. O, isə əli ilə izah eləməyə çalışırdı ki, boğazına batan mənim bıçağımdır.
Cəmi üç nəfərin yaşadığı bir yerdə digər iki nəfərin sənə lənətlənmiş kimi baxması çox dəhşətlidir.
            Zaman keçdikcə onlar dost oldular. Özlər birləşdi və vahid güc yarandı. Balıq ovuna daş atan da getdi. Balıqları birgə ovladılar. Axşamları birgə şam elədilər.
            Zaman-zaman özümü doğurdan da lənətlənmiş kimi hiss etməyə başladım. Onlara qarşı nifrət yarandı.  
            Mən də balıq yemək istəyirdim. Amma balıq yemək arzum ən axırıncı yerdə idi. Ən çox onlarla münasibətdə olmaq, mənə reaksiya verdiklərini görmək istəyirdim.
            Onlar isə mənimlə yox kimi davranırdılar.
            Gecələrin birində oyanıb heç tərəddüd eləmədən əvvəlcə balıqtutanın, sonra da daşatanın boğazını kəsdim. Canları çıxdıqdan sonra bıçaq yonduğum ağacın altına gəlib yoğun budaqların birindən özümü asdım.

Комментариев нет:

Отправить комментарий