Страницы

07.09.2011

Ağ qapı


Pərviz Sadıqov

"Tənhalar və dəlilər"dən növbəti hekayə

Qapı ağdır. Ona baxanda həmişə ikrahla sifətini turşudur. Həyatında hər şey tünd rəngdə olsa da, qaldığı evin qapısı ağdır. Artıq görünür ona. həm də bu qapı fikirlərindəki, həyatındakı simmetriyanı pozur. Qəribədir ki, insanları da qara görür, başqa ağ əşyalar da nəzərində qaranlığa bürünmüş kimidir. Amma evinə yaxınlaşanda "qapı məsələsi"ndə özünü aldada bilmr. Gözlərini qamaşdırır, günəşin yandırıcı şüaları kimi düz gözünə düşür. Gecənin qaranlığında evə yaxınlaşdığını hiss edən kimi "ağ qapı qorxusu" canını bürüyür. Bezdirir, gün ərzində qurduğu planları, təəsüratları məhv edir. Fikirləşirdi ki, gələn dəfə ev yiyəsindən xahiş edim ki, qapının rəngini dəyişsin, ya da icazə versin özüm edim. Amma bəhanə ya səbəb nə idi? Təptəzə qapı idi, günəş kimi də parlayırdı. Onu əsəbləşdirən də bu idi ki, "qapı parlayırdı".
Qapının o üzündə tənhalıq var idi. Və bunu çox sevirdi. Həyatında ən rahat olduğu məkanla, ən çox nifrət etdiyi varlıqlar bitişik idi. Biri mücərrəd olsa belə... Qapının o üzündə ona görə xoşbəxt olurdu ki, bir şeyi dəqiqləşdirirdi - o, bədbəxtdir. Ağ qapı isə hər gün gözünə dikilirdi, sanki " nə edirsən et, hər gün sənin yoluna işıq salacam, səni yola salacam, qarşılayacam. Məni hər gün görməyə məcbursan" deyirdi. Hərdən ona elə gəlirdi ki. qapının ağzı - burnu, qulağı var. Dişlərini də ağarda - ağarda hər gün ona gülür.
Qapını içəridən açan kimi - bu üzü ağ tərəfin gur parlaqlığı evinə dolur. Qapını arxasıyca bağlayıb gedəndən sonra isə bədbəxtliyi başlayır. Tərəddüdlər canını sıxır. İnsanlar arasında deyir, gülür, əylənir, tənhalığını - "xoşbəxtliyini" unudur. Bekar olanda fikirləşir, " bunların hamısı müvəqqətidir, özümü aldadıram". Sonra yenə başı qarışır. Musiqiyə qulaq asır, restoranlardan brində nahar eliyir, qarşısında oturan qadına xoş sözlər deyir. Amma bir qədər sonra yenə tənhalığı üçün darıxır. "Xanım"ı yola salıb çəkilir bir kənara, siqaret, siqaret və çoxlu siqaret... Gözlərini yumub musiqiyə qulaq asır. Bundan həzz alır. Dodaqlarında kinayə, üzündə əsəb xəstələrində olduğu kimi səyrimələr... Xəyal qurur, fikirləşir və birdən... Birdən həyatının "kabus"u yadına düşür - ağ qapı. Qorxudan bütün bədəni tərləyir. O qapını Allah sanki ona "həqiqət güzgüsü" kimi göndərmişdi. Yenə gözləri qamaşacaq, sanki hər gün "sevgisi"nə - tənhalığına çatmaq üçün bu "ağ qapı imtahanı"nı keçməlidir...
Hava artıq qaralır. Özündə cəsarət tapa bilmir. Telefonu çıxarıb zəng vurur. Xahişini yerə salmırlar. Sevinir, bu gün evə getməyəcək, ağ qapı gözünü dəlməyəcək...
Bir qədər sonra döydüyü qapıya həsədlə baxır, "kaş mənim də qapım elə olaydı". Bu qapı da ağ idi, amma parlaq deyildi. Donuq baxışlarla süfrə arxasına oturdu, "tənhalığı" üçün darıxsa da, evə getməkdən qorxurdu. Tutub onu yatağa çəkən incə əllər belə, qorxusunu azaltmırdı. Dodaqlarının, bədəninin isindiyini hiss edəndə ayılmışdı sanki... Cəsarətləndi, qüvvətli əlləriylə zərif beli qucaqlayıb özünə tərəf sıxdı. Xoş sözlərin qarşılığını da verirdi. Ehtiras uzun müddət onu " ağ qapı qorxusu"ndan ayırdı...
...Gözlərini tavana zilləyib siqareti yandırdı. Hər şey yolunda idi. Amma yenə birdən ürəyi sıxıldı, darıxdı, "yox, mən burda yaşaya bilmərəm" - tələsik paltarlarını əyninə keçirdi. Qapını açıb çölə çıxanda arxasıyca ağlamsınan səsə diqqət ayırdı: "heç olmasa uşaqları öp, get". Heç bir şeyə məhəl qoymadan qaçdı.
Ailəsindən kənarda yaşamaq üçün kirayələdiyi evə - sevgilisi "tənhalığ"a tələsirdi. Nə səhər onun quluğunda duran işçiləri, nə günorta görüşdüyü məşuqəsi, nə də həyat yodaşı onun tək yaşadığını bilmrdi. Hər kəsin fərqli mülahizəsi var idi. Və heç kim də bilmirdi ki, zəhmiylə yeri - göyü yaran insan sadə ağ qapıdan qorxur...
O isə gecənin qaranlığında ağ qapısına yaxınlaşdı, əlləri əsə - əsə açarı burub "düşmən"inə - ağ qapıya qalib gəldi və "sevgilisi"nə qovuşdu...

Комментариев нет:

Отправить комментарий