Страницы

03.09.2011

Yayın son günü

Sima Ənnağı


(şəklin altındakı yazı: 31 avqust - yay arzularının doğrulmadığı gün) :)

Bu da yayın son günü.
İncikliklər avqustda qaldı,
Göz yaşları – iyulda.
İyundan danışmağa dəyməz –
Sürəti ilə heç nə yadımda saxlamadı.

Bu da payız.
Payızın sevincli,
Sevgili olacağı
Ümidinə qısılıb qızınıram,
Pişiklərin
Günəş ləkəsinə sığındığı kimi...

Danmıram.
Unutmağa hazıram.
Küləkli havada eşiyə çıxıb
Duyğularımı,
Göz yaşlarımı,
Özünü doğrultmayan arzularımı
Küləyə atmaq istərəm.
Saralmış yarpaqlar arasında
Uçuşan xatirələri görsən,
Gülmə.
Adının hərfləri,
Səsinin tonu,
Deyilməmiş nə qədər söz var
Bu xatirələrdə -
Qalsınmı, uçsunmu
Payızla birgə...

Sözsüz mahnıların zamanı gəldi...

Комментариев нет:

Отправить комментарий