Страницы

09.11.2011

Qismət, meqapolis və Anar Amin


Oktay Hacımusalı

Və ya qırmızı diplomlu qrafomanlar yığnağı…

Cəlil Cavanşirə üzümü tutub nitqimə başlayıram

Ola bilər ki, bu başlığı oxuyanlar o saat dodaqlarını büzüb desinlər ki, hə, nolsun? Qismətlə Anar Aminin arasında bu meqapolis sözünün nə işi var idi axı?! Heç dəxli var? Var, əfəndilər, var. Bir balaca səbrinizi bassanız anlayacaqsınız ki, var. Özü də dəhşətli dərəcədə dəxli var.
Şeirimizin, ədəbiyyatımızın alnına meqapolisdə yaranmaq və meqapolisdə toplaşmaq, meqapolisdə cəm olmaq yazısı yazılıb. Hərçənd ki, artıq dünya özü yekə bir meqapolisə çevrilib və bu gün çox sürətlə inkişaf edən texnika ve texnologiya özü ilə birgə meqapolis üçün yazılmış həmin dəyərləri alt – alt, üst – üst darmadağın edərək dünyanı balacalaşdırıb. Balaca, hətta bapbalaca bir şəhər! Nəinki meqapolis! Indi düyməni basmaqla kiminlə istəsən əlaqə yaratmaq mümkündür. Istər bu şəxs İngiltərədə yaşasın, istərsə də Gədəbəydə.

Qismət yeni nəsil gənc şairlər arasında ən çox adı hallan(dırıl)an qələm adamlarımızdandı. Adamın Allahı var da, bu gənc qələm dostumuz intellektualdır. Bu intellektuallıq nə onun zahiri görkəmindəki sakitliklə, nə də gözündəki gözlüklərlə əlaqəli deyil. Və ola da bilməz. Çünki sən bir – iki dəfə belə yalandan milləti görüntü ilə aldada bilməzsən. Bir az keçər və hamı sənin kim olduğunu anlayar. Söhbət də beləcə ölər.
Bazar günü Qismətin “Meqapolis hüzünləri” kitabının təqdimat mərasimi keçirildi. Kitab ən yeni ədəbiyyat seriyasından çıxan bəlkə də ən uğurlu kitabdır və yenə də qeyd edirəm ki, Qismət öz imzası ilə ədəbiyyatda öz çəkisi olan imzadır. Amma… Amma qrafomanların yaranmasından dad edən, amma son zamanlar yaranan həmin qrafomanların hər birisinə ayrı – ayrılıqda qırmızı diplom verib onlardan yazıçı düzəldən şəxslər harda görünürlərsə, Qismət mütləq ordadır. Və bəzən həmin qrafomanların varlığından narahat olduqlarını iddia edənlər həmin o qrafomanları arxalarınca sürüyəndə Qismət də orda görsənir. Bu mütləq aksioma hardasa Qismət üçün müsbət bonusdursa, bir o qədər də mənfi bonusdur. Bilmirəm, Qismət bunun fərqindədir ya yox, amma məncə… Məncə ədəbi mühit bunun artıq çoxdan fərqindədir.
Tədbir başladı və tədbiri aparan şəxs hər kim idisə ədəbi məclislərdən – filanlardan danışdı bir xeyli. Və hər nə qədər “qəzetimiz, qəzetimiz” – desə də mənə çatmadı ki, bu qəzet hər altıncı gün tanınmış qocaların palaz – palaz ədəbiyyat yazılarını, ya da ədəbiyyatda on ildən sonra(o da qalsalar!) faciəsi başlayacaq qırmızı diplomlu gənc ədiblərin essevari yazılarını verməyə cəhd etməkdən başqa hansı bir işə imza qoyub ki, Qisməti öz adına çıxır? Danışanlar danışdı və biz tanınmış şairimiz Yusif Məhəmmədoğlu ilə bir köşəyə çəkilib bu cəhənnəm əzabının nə zaman bitəcəyini gözlədik. Amma hadisə uzandıqca uzanırdı. Niyəmi, çünki əsas söz veriləsi adam kənarda qalmışdı. O da kim ola, kim ola: Anar Amin!
Anar Amini mən həmişə çox yüksək qiymətləndirmişəm və həmişə elə düşünmüşəm ki, Anar Aminin meqapolis qrafomanlarına aidiyyatı yoxdur. Gəlin, belə eləyək də, gözlərindəki təəccübün işartılarını görürəm ki, bu nə dəstgahdır belə? Necə yəni ki, “meqapolis qrafomanları”? Bəyəm, neçə cür qrafoman olur? Ərz eləyim qulluğunuza ki, hal – hazırda qırmızı diplomlu qrafomanları yaradanlar onları yaradarkən iki hissəyə də bölməyi də unutmayıb və ehmal etməyiblər: meqapolis və əyalət qrafomanları. Kim nə deyir desin, hətta and içməyə hazıram ki, bu qırmızı diplomlular arasında kasta sistemi mövcuddur və bu kasta sistemi öz ağırlığını hələ də qoruyub saxlayır. Qismətin, Zərdüşt Şəfinin, Alik Alikoğlunun, Aysel Əlizadənin və gənc nasir Pərvinin olduğu “meqapolis” qruplaşmasına hətta əyalət qruplaşmasının ən istedadlı nümunəsi saydıqları Fərid Hüseyn belə girə bilməz. Buraxın girməyi, hətta yaxınlaşa da bilməz. O da ki, ola Anar Amin!
Tədbiri aparan şəxs hər kim idisə elə bir təqdimat verdi ki, mən dedim vəssalam, tədbirə xalqın görkəmli şairi Zəlimxan Yaqub təşrif buyurub. Belə baxanda burda qeyri – adi heç nə yox idi. O tədbirə nəinki Zəlimxan Yaqub, Qismətin yaradıcılığına görə hər bir ədəbiyyat adamı buyurub gələ bilərdi. Amma yox, söhbət Anar Amindən gedirdi və Anar Amin sözünə şairin, yazarın sözlə sevişməsindən, bir az da sevişə bilməsindən başladı ki, şairin coşğun təbiətini bilən məclis iştirakçılarının üzündə qəribə bir gülüş yarandı. O, odlu – alovlu çıxış edirdi və mənim yadıma  bir neçə ay öncə ədəbiyyat portallarının birində ortaya çıxan bir mənzərə düşürdü: “Təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. Hər əli qələm tutan, hər klaviaturanın düyməsini döyəcləyən, üç cümləni dal-dala qoşanlar özlərini şair və ya yazıçı adlandırırlar. Bu, məncə, əsl ədəbi dəyərin harada olduğuna kölgə salır.”
Doğrudan da böyük təhlükədir. Elə deyilmi? Hər kəsin ortasında kimsə hardansa eşitdiyi sözləri qırıldadırsa, XXI əsr Azərbaycan ədəbiyyatı onların çiyinlərində davam edirsə, maraqlıdır bəs kim onları yaralı və bihuş halda çiyninə alıb bu ədəbiyyat meydanından çıxaracaq? Onda onların yaradıcıları harda olacaq? Bu da bir başqa dəhşətli sual sizə…

Cəlil Cavanşirə üzümü tutub nitqimi tamamlayıram.

PS. Niyə Cəlil Cavanşir? Ona da aydınlıq gətirim: çünki tədbirdə Cəlil Cavanşir yox idi. Və “qırmızı diplomlu qrafomanlar” ifadəsi də Cəlil Cavanşirə aid idi. Bu sözün də müəllif hüquqlarını belə pozduq. Əff oluna!

Комментариев нет:

Отправить комментарий