Страницы

07.11.2011

SÜKAN


Akif Abbasov. Hekayə

            Məmmədəli Əli Bayramlıda işlərini qaydaya salandan, qohum-əqrəbası ilə xudahafizləşəndən sonra şəxsi maşınına əyləşib Bakıya yola düşdü. Onun tək-tənha yol getməklə arası yox idi. Həm darıxırdı, həm də yuxu güc gəlirdi. Elə fikrindən keçirirdi ki, bir qulaq yoldaşı olsaydı, yolu başa vurardı. Bir də gördü ki, Hacıqabul istiqamətində bir nəfər əl eləyir. O, qeyri-ixtiyari əyləci basdı.


            Uzunboylu, noxudu keçəl bir nəfər yaxınlaşıb:
            -Şəhərə gedirsiniz?- deyə xəbər aldı.
            -Bəli, şəhərə gedirəm. Buyurun, əyləşin.
            Həmin şəxs qabaq qapını açıb onun yanında əyləşdi. Əyləşən kimi də əlini uzadıb bir növ məcburən Məmmədəli ilə görüşdü və özünü təqdim etdi:
            -Kərəm.
            Maşın tərpəndi. Pirsaatı, Navahını, Atbulağı keçəndən sonra Ələtə çata-çatda Kərəm dizinin üstünə qoyduğu diplomat çamadanı açıb şpris çıxardı və ətinə yeritdi. Məmmədəli təəccüblənsə də, əhəmiyyət vermədi.
            Kərəm Arandan-Turandan danışsa də, Məmmədəlinin fikri yolda idi. Birdən Kərəm üzünü ona tutaraq:
            -Qaqaş, maşını verərsən, bir az da mən sürüm? - deyə xəbər aldı.
            Məmmədəli:
            - Olmaz, mən sükanı başqasının əlinə vermirəm. Yüz cür hadisə olur.
            Kərəm də öz növbəsində:
            - Biz sürəndə nə olacaq ki?.. - dedi.
            Məmmədəli özünü o yerə qoymadı:
            -Yoxsa, maşını idarə etməyim xoşuna gəlmir, əmioğlu? - deyə soruşdu.
            - Nə danışırsan, yox, yox, sözüm yoxdur.
            Maşın Qobustana yaxınlaşırdı. Boz, çılpaq təpələr adamı darıxdırırdı. Bir yandan da günəşin qızmar şüaları yandırırdı. Maşının pəncərə şüşələri aşağı salınsa də, isti adamı bezdirirdi. Kərəm dözə bilməyərək:
            - Qaqaş, nolar, qoy bir az da mən sürüm də, - deyə yalvardı.
            Məmmədəli:
            - A kişi, fikrin özgə sürücülərə getməsin. Mən xaltura ilə məşğul olmuram, səni də darıxdığım üçün götürmüşəm. Sürməyə gəldikdə isə, özümə nə gəlib?!..
            Bir az keçmiş Kərəm yenidən qır-saqqız olub yapışdı:
            -Nolar qaqaş, icazə ver, bir az da mən sürüm…
            Məmmədəli:
            -Nə qəribə adamsan, brat, qələt eləmədim ki, səni götürdüm. A kişi, sakit otur yerində, gedək çıxaq mənzil başına. İş-güc adamıyam…
            Kərəm pərt olub səsini kəsdi. Sonra nə fikirləşdisə, üzünü Məmmədəliyə tutub:
            - Onda icazə ver, öz maşınımı sürüm, -  dedi.
            Məmmədəli təəccüb və heyrət içərisində, heç nə başa düşməyərək çiyinlərini çəkdi:
            -Sürürsən, sür də, - dedi.
            Kərəm təzədən diplomat çamadanını açıb bir sükan çıxartdı, onu bardaçoka salaraq, sola-sağa döndərməyə başladı. Kərəmin hərəkətlərindən heç nə başa düşmədiyindən Məmmədəli çalışdı ki,  ona əhəmiyyət verməsin. Fikri evində-eşiyində idi. Qızının ad günü keçiriləcəkdi. Az sonra qonaqlar yığışacaqdılar. Onları qarşılamaq, yola salmaq lazım idi. Odur ki, özünü tez evə  çatdırmaq istəyirdi.
            Kərəm gözaltı Məmmədəliyə baxaraq, onun hərəkətlərini təkrar edir, sükanı sola-sağa döndərirdi. Bu zaman onların yanından sürətlə bir «Jiruli» maşını ötüb keçdi. İndi «Jiquli» Məmmədəlinin «Moskviç»indən bir qədər irəlidə gedirdi. Hiss olunurdu ki, onları heyrət bürüyüb. Sürücünün yanında əyləşən cavan oğlan dönüb tez-tez arxaya baxır, yanındakına əl-qolu ilə nəyisə başa salmağa çalışırdı. Sürücü də maraq  göstərdiyindən qarşısındakı güzgüdən Məmmədəli ilə Kərəmin hərəkətlərini izləyirdi.
Təəcüb ediləsi iş idi: maşında iki sükan vardı. Özü də maşını həm Məmmədəli, həm də Kərəm idarə edirdi. Xeyli qabağa keçmiş «Jiquli» sahibini də, onun yol yoldaşını da maraq məcbur etdi ki, maşının sürətini azaltsınlar. «Jiquli» artıq «Moskviç»in bərabərində gedirdi. Sürücü də, cavan oğlan da heyrətdən açılmış gözlərini Məmmədəli ilə Kərəmə zilləmişdilər. Bunu görən Kərəm bir az da canfəşanlıq elədi. Sonra üzünü Məmmədəliyə tutaraq:
            -Qaqaş, indi gör, lələşin nə fənd işlədəcək… -dedi və yalançı sükanı qəfil hərəkətlə sola - «Jiquli»dəkilərə sarı döndərdi. Onun hərəkətindən özünü itirən «Jiquli»nin sürücüsü «Moskviç»in onlara çırpılacağından, bədbəxt hadisə baş verəcəyindən qorxub qeyri-ixtiyari o da cəld sükanı sola döndərdi və bir an içərisində maşın yoldan çıxıb bənd aşağı yuvarlandı.
            Bunu görən Məmmədəli əli ilə başını qamarladı, həyəcan içərisində və eyni zamanda qəzəblə:
            -Nə etdin, zalım oğlu?!- dedi.
            Kərəm halını da pozmadan:
            - A kişi, sür, gedək, bənd olma…
            Məmmədəli təəccüblə:
            - Necə yəni sür gedək! - deyə heyrətini bildirdi. - Maşın aşdı. Yəqin yaralanıblar. Onlara kömək lazımdır.
            Kərəm yalınçı sükanı sağa-sola döndərməkdə davam edərək, etinasız:
            - Bir vaxt mənim də yaöın içində bir «Jiquli»m vardı. Günlərin bir günündə mənim də başıma belə bir oyun gətirdilər. Aşıb, başımı, gözümü əzdim. İndi o qəşəng «Jiquli»dən qalan bax bu əlimdəki sükandır… Sür, qardaş, sür gedək…
                             
                                     Akif Abbasov,                      

                        pedaqoji elmlər doktoru, professor, Pusiya Pedaqoji
                             və Sosial Elmlər Akademiyasının həqiqi üzvü 

Комментариев нет:

Отправить комментарий