Страницы

07.11.2011

Tülkü və tüstü


Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Ovçu xəstəxanada, tülkü isə azadlıqdadır

 Harvard alimləri yeni qidalanma forması tapıblar. Onların ixtira elədikləri futurustik cihaz yeməyin qoxusunu "yeməyə" imkan verir. Yəni tezliklə yeməyi yeməyəcək, hava kimi udacağıq. Özü də, "xəyali" yeməyi. Deyir gələcəyin yeməyi- molekulyar konstruktor olacaq.
 Vafinq adlandırılan bu aqreqat kiçik akvariumu xatırladan qabdır ki, içərisində yeməli tüstü yetişdirilir. Onu stəkana süzmək və xüsusi boru ilə udmaq olar. Bu zaman dad hissləri yeməyin adi üsulla yeyilməsindən qətiyyən az olmur və qəbul edilən kalorinin miqdarı minimuma enir.

Bu sehrli maşının iş prinsipi belədir: Vafinqin içərisində minlərlə pyezoelektrik kristallar var. Aqreqat işə salınan zaman onlar vibrasiya edir və içəridə olan mayeni müxtəlif təzyiqlə ultrasəs dalğaları vasitəsi ilə buxara çevirir. Əslində bunun necə baş verdiyini bilmək adi istehlakçının nəyinə lazımdır ki? Onun bilməli olduğu budur ki, bu və ya digər yeməyin məğzini təşkil eləyən paketi alsın. İçkiləri də buxara çevirmək mümkündür. Onları aqreqata töküb onu işə salmaq kifayətdir.
 Deyir, hələlik bu aqreqatdan cəmi iki dənəsini düzəldiblər. Amma ekspertlər əmindirlər ki, vafinq tezliklə bütün dünyada populyarlıq qazanacaq və səhər-nahar-şam yeməkləri zamanı ən arzulanan üsul olacaq. Yeməli tüstü istehsal edən aqreqat artıq bu ilin payızında Fransada satışa çıxarılıcaq və qiyməti 85 funt-sterlinq (təxminən 135 dollar) olacaq.
 Lap Molla Nəsrəddinin lətifəsinə oxşayacaq, yeməyin iyini satan pulun da səsini alır. Nə tülkülükdü, bilinmir. Amma görünən odur ki başımızda çatlayacaq. Gəlin sizə həqiqi tülkünün bir tülkülüyündən də danışım: Belorusda (Lukaşenkonun qulağı cingildəsin!) yaralanmış tülkü onu öldürməyə hazırlaşan ovçunu elə onun tüfəngindən açılan atəşlə yaralayıb. Xəbərdə deyilir, heyvanı yaralamış ovçu onu tüfənginin qundağı ilə öldürmək istəyərkən, baş vermiş savaş zamanı tülkü tətiyi çəkə bilib. Hazırda ovçu xəstəxanada, tülkü isə azadlıqdadır. Qrodnı regionun müstəntiqi "heyvanın sərt müqavimət göstərdiyini və təsadüf nəticəsində tətiyi çəkdiyini" söyləyib.

 İndi isə gəlin tülkünü və tüstünü birləşdirib, sizə bir anekdot da danışım və qurtaraq. Deyir biri tüfəng, kəndir, yaba, tüstuburaxan cihaz da götürüb tülkü ovuna gedirmiş. Qonşusu soruşur ki, bu qədər əşyanı nədən ötrü götürmüsən? "Ovçu" deyir: Uzaqda olsa güllə ilə vuracam. Dəyməsə kəndirlə kəmənd atıb tutacam. Qaçıb yuvaya girsə tüstü buraxacam ki, çıxsın. Çıxanda yaba ilə vuracamg Qonşu başını yelləyib deyir: - Ta denən tülkünün işi Allaha qalıb ki...
 Tülkü tülkülüyündədi. Ayı axmaq, donuz toxmaq, qurd ulavuş, çaqqal çavuş, ilan qamçı. İrəli!

Комментариев нет:

Отправить комментарий