Страницы

24.12.2011

Heç kəs düşündüyü qədər tənha deyil…


Arzu Abdulla

Dünya dolu adamdı. Hər bir adamın əl izləri digərindən fərqli olduğu kimi zövqü, sevgisi, maraqları da fərqlidir. Zövq isə çox dərin məsələdir. Çünki zövq yanaşma deməkdir. Bu dünyada hər şeyi necə yanaşma həll edir. Əslində dünyada ideal heç nə yoxdur. Çünki eyibsiz, qüsursuz olan təkcə Tanrıdır.
Amma özünə və ya sevdiyinə ideal varlıq kimi baxanlar da var. Bu əslində yaxşı haldır. Adam özünə və qarşısındakına o qədər inanır ki, ideal olduğunu və ideal adam tərəfindən, ideal sevgiylə sevildiyinə əmin olur. Kaş bu əminlik hamıda olaydı. Amma bunun kökündə dayanan ideallıq deyil, sadəcə gülməli yanaşmadır.
Onu da qeyd edim ki, intiharlarla bağlı araşdırma aparan bütün ekspertlərin sonda gəldiyi bir nəticə var: İnamsızlıq. Görürsüzmü, inamsızlıq insanı sonda nəyə gətirib çıxarır. Bəs həddindən artıq vurğunluq, özünə və ya qarşındakına müştəbehlik necə?
Sadəcə, qədərindən artıq olanlar da sıradan çıxarır.

Ötən gün telekanllardan biri küçə manısı Üzeyir Mehdizadənin “şedevrini” telefon abunəçilərinə zəngimsell kimi təklif edirdi. Mahnıda deyilirdi:
“Ürəyini sıxma, belə darıxma
Mən hələ ölməmişəm”. Görəsən, belə bir çərənləmənin sahibinin ölü və ya diri olması cəmiyyət üçün nə qədər önəmlidir? İlk ağlınıza gələn bu sual oldumu? Bəlkə, Üzeyirin belə rəzil bir söz yığınını tamaşaçılara yükləyən telekanal rəhbərliyini düşünək? Məncə o telekanal rəhbəri Üzeyirdən daha rəzildir. Məncə o telekanal və onun rəhbərinin yoxluğu cəmiyyət üçün elə Üzeyirin yoxluğu qədər önəmlidir.
Ən dəhşətlisi odur ki, Üzeyirin bu çərənləmələrini hələ də telefonuna zəngimsell kimi yükləyənlər var. Bayaq zövqlərdən danışdıq axı. Doğrudan da zövqlər müxtəlif olur.
Üzeyirin ölümə belə meydan oxuması bu günlərdə mənim də başıma gəlidi. Xəstəxanada həkim müayinəsinə düşmək üçün növbə gözləyirdim. Növbə uzun çəkdi, üstəlik, canımdakı narahatlıqdan təngə gəlib dostlardan birinə belə bir mesaj yazdım: “Deyəsən, gerçəkdən ölürəm, heç olmasa “ölmə” deyənim də yox…”. İnanın ki, gözləmədiyim halda, dostum o qədər üzüldü ki, yazdığıma da peşiman oldum.
O anda hiss etdim ki, gerçəkdən, xəstələnəndə daha çox insanların sənə iç münasibətinin şahidi olursan… Amma bundan üzülməyin! Yadda saxlayın! Heç kəs düşündüyü qədər tənha deyil, o cümlədən mən…
Eyni zamanda bizim problemlərimiz də düşündüyümüz qədər dəhşətli deyil. O zaman ortaya maraqlı sual çıxır, bəs biz problemlərimizi, xəstəliklərimizi niyə bu qədər şişirdirik? Cavabını isə bu günlərdə mənə həyat özü verdi. Biz ona görə problemlərimizi olduğundan böyük görürük ki, Tanrının mərhəmətli olduğunu çox az düşünürük. Biz ona görə xəstələnəndə tənhalığımızı daha çox anlayırıq ki, sadəcə daha çox eqoizmə qapılırıq və ətrafımızda bizim səhəttimizdə yaranmış problemdən narahat olduğunu görmək istədiyimiz şəxsləri görmürük.
Axı niyə kimsə bizim problemimizdən narahat olmalıdır? Məgər bu dostluğun ən ideal ölçüsüdür? Yox. Bayaq dedim axı, bizim ətrafımızda ideal olan heç nə yoxdur. Gəlin, özümüzü aldatmayaq! Baş verənlərə elə ayıq düşüncə ilə yanaşaq ki, varlığımızdan nə özümüz, nə də yaxınlarımız əziyyət çəkməsinlər. Doğrudan da, hər şey yanaşmadan aslıdır. Amma həyatımızdakılara düzgün yanaşıb, düzgün təhlil edib, dəqiq nəticə çıxarmaq gərəkdir.
Yerigəlmişkən, hər bir insanın hissi də fərdidir. Bu hisslər başqasına keçə bilir, amma ikinci kəsdə eyniylə təkrar olunmur. Fərdin nə sevinci, nə də kədəri ikinci şəxsdə onun özündəki qədər təbii olmur. İnsanın eqoizmə qapılması isə daha çox onun fərdiyyətçiliyindən deyil, kütləviliyə meylindən yaranır. Səbəbini artıq izah etdim.

Комментариев нет:

Отправить комментарий