Страницы

07.05.2012

Oyna, gülüm, oyna!

Gülnarə RƏFİQ

Bu gün artan əsəbilik, isteriya dövründə  yaşayırıq. Həyatımız sürətli, günlərimiz qeyri-təbii ritmdə keçir. Müasir insan yaşamasıyçün çox lazımlı həyat ritmini itirib. Adamı hal-təbdən çıxaran bu dəli həyat ritminin hardan gəldiyini, niyə get-gedə artdığını, inanıram ki, hamı düşünür. Elə bil itirilmiş rahatlıq qayıtmasa, nəsə olacaq.
Fikir verin, biz ağlamalı, fikrə dalmalı, düşündürməli olan musiqilərə də elə bil motor qoşmuşuq. Cəmi bir necə onillik əvvəl «Niyə belə əsirsən, külək. Niyə ümidimi kəsirsən külək?» söyləyən, nakam sevgidən bəhs edən mahnıya qulaq asanda hamını ağlamaq tutardı. Ünlü sənətçilər bu mahnının içində bir muğamat da deyərdilər. İndi bu hava toylarda ən çox oynanılan mahnıya çevrilib. 
Yaxud «İtirdim, itirdim, mən səni bu gün itirdim» söyləyən müğənni tamaşaçı qabağanda əl-qol açıb, çırtıq çalıb oynayır.
Tempi dəli həyatımıza uyğun gəlməyən bütün ağır mahnıları cavan müğənnilər daha tez tempdə, daha cəld,  dingildədən remiks versiyada ifa edir. Elə bil biz söz vermişik ki, bütün dünyanın dərdlərinin acığına, torpaqlarımızda toy-busat quran ermənilərin gözçıxdısına, günümüzü göy əskiyə bükən problemlərimizin əksinə, hər səslənən şeyi oynayacağıq. Yeri gəldi, ya gəlmədi - fərq etməz. Elə bərk səs-küy salacağıq ki, şəhidlərimizin sümükləri qəbirdə dingildəyəcək, bir ayağı gorda olan qocalarımız da cavanlarımız kimi «ləbbeyk» deyib çəpik çalacaq! Bizdən «Hansı gününüzə oynayırsız?» soruşan olmayacaq. Bizə «dərddən oynayırlar» da deməyəcəklər. Dünya «havlanıblar» deyib bizdən əlini tamam üzəcək. Bir nəfər olsaydı, əlindən tutub həkimə aparmaq olardı. Psixiatra necə deyim ki, xalqımız ritmindən çıxıb? Ritminə qayıtmaqçün dərdinə dərman lazımdı?
Bilirəm, yeni həyat ritmini cavanların üstünə yıxmaq istəyəcəksiz, müasir qərbyönlü musiqilərin məhvedici təsirindən danışacaqsız. Bu ritmlərin mənşəyini təbiətdə axtaraq. Hamı bilir ki, meymunlar arasında öz rəqiblərinə döyüşdə qalib gəlmiş yalnız birisi sürünün dişilərinin və əldə olunmuş yeməklərin hamısına sahib çıxır. Yerdə qalan erkəklər ağaclara dırmaşıb haqsızlığa etiraz əlaməti kimi çubuqla ağacı döyəcləyərək xüsusi ritmlər səsləndirirlər. Bu ritmləri yazıb tədqiq edən alimlər onların  gənclərin bayıldığı müasir musiqi ritmləriylə üst-üstə düşdüyünü tapıblar. Repi, ağır-yüngül roku, hətta cazı sevənlər heç ağlına da gətirmir ki, etiraz ritmlərini, natamamlıq duyğularını səsləndirməklə cəmiyyətə etiraz edirlər. Bəlkə, ona görə özünü tutmuş, cəmiyyətdə yerini tapmış şəxsiyyət rep, rok və sair  müasir musiqinin «dediklərini» anlaya bilmir.
İnsan ritmi təkcə musiqidən almır. Özünü həm də mistik adlandıran bir fars şairi evinin mərkəzində yerləşən sütunun başına dolaşanda ona vəhy gəlirmiş. Belə ruhi vəziyyətdə olarkən onun dediklərini ətrafdakı insanlar yazırmış. Yaranan şerlər kamil poeziya sayılırdı. Belə üsulla mürəkkəb məsələlərdə çıxış yolu tapan vəkil də vardı. O, öz oxu ətrafında bir-neçə dəfə fırlanandan sonra yerində deyilmiş arqumenti o dəqiqə tapırdı. Bəziləri fikrini deməyə söz tapmayanda barmaqlarını stola döyəcləyir, bu vaxt ağlına ideya gəlir. Fikir yumağında dolaşanda otaqda gəzişməyi sevənlər tezliklə çıxış yolu tapır. Deməli, insan bədəni elə bir mexanizmdi ki, daim hərəkətdə olmalıdı. Özünü kainatla rezonansa girməkçün vasitəyə çevirən insanlar musiqini başqa cür eşidir. Sufilərin hal adlandırdığı ruhi vəziyyətlər belə yaranır. Onlar ekstaza düşüb inildəyən dərvişə, rəqs eləyən dərvişə çevrilirlər. Bir əlini göyə, o birini yerə çevirib «alıram və ötürürəm, özümə heç nə» deyərək rəqs edir və yaşayırlar.
Musiqi ritmindən savayı, həyatda hər kəsin ürəyinin döyüntüsü, yalnız özünə məxsus olan ritmi var. Qaçhaqaç ritmindən çıxmaq da olar. Kimsə sütun ətrafında fırlanmaqla, yerində addımlamaqla, fasiləsiz rəqs eləməklə, kədərli musiqidən qol-qanad açmaqla suallara cavab axtarırsa və bu, sənin ürəyinin səsinə uyğun gəlmirsə, ümumi, fasiləsiz yallıya qoşulmaq vacib deyil. Bəlkə, vaxt gəldi, suallarımızın cavabını dəli kimi ortaya düşüb oynadığımız o qədər də dəli olmayan ritmdə, rəqsdə tapa bildik?

Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir. 
Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.
Elektron ünvanı: gulnarerefiq@gmail.com

Комментариев нет:

Отправить комментарий