ARAZ GÜNDÜZ
İki yoldaş avtobusla Bakıdan evə qayıdırdıq, bir kənddən olduğumuzdan, yanaşı yerə bilet alıb oturmuşduq. Bir yandan isti bizi təntitmişdi, bir yandan da sürücü avtobusu lap dəli kimi sürürdü. Sözün düzü, evə tez çatıb sərinlənmək də istəyirdik, ancaq bir yandan da ürəyimizi yeyirdik, birdən bir iş çıxarar, bizim bu dəliqanlı sürücümüz. Sürücü yolun yarısında, kölgəlik bir yerdə avtobusu saxlayıb: yarım saata çaydan-çörəkdən yeyin, sonra gedək, dedi.
Özümüzə ağac kölgəsində qoyulmuş bir masada elə yenicə yer eləmişdik, ortayaşlı bir kişi bizə yaxınlaşıb: bu boş stulda oturmaq olarmı, deyə soruşdu. Oturun, dedik. Yeməkpaylayan gələndə nə yeyəcəyimizi dedik, tanımadığımız kişi ancaq bir çaynik çay istədi, yeməkpaylayan aralanandan sonra: çalışın, yolda yemək yeməyəsiniz, görürsən, boyat yeməkləri gətirib verirlər, yeyib altını çəkirsən.
İki yoldaş avtobusla Bakıdan evə qayıdırdıq, bir kənddən olduğumuzdan, yanaşı yerə bilet alıb oturmuşduq. Bir yandan isti bizi təntitmişdi, bir yandan da sürücü avtobusu lap dəli kimi sürürdü. Sözün düzü, evə tez çatıb sərinlənmək də istəyirdik, ancaq bir yandan da ürəyimizi yeyirdik, birdən bir iş çıxarar, bizim bu dəliqanlı sürücümüz. Sürücü yolun yarısında, kölgəlik bir yerdə avtobusu saxlayıb: yarım saata çaydan-çörəkdən yeyin, sonra gedək, dedi.
Özümüzə ağac kölgəsində qoyulmuş bir masada elə yenicə yer eləmişdik, ortayaşlı bir kişi bizə yaxınlaşıb: bu boş stulda oturmaq olarmı, deyə soruşdu. Oturun, dedik. Yeməkpaylayan gələndə nə yeyəcəyimizi dedik, tanımadığımız kişi ancaq bir çaynik çay istədi, yeməkpaylayan aralanandan sonra: çalışın, yolda yemək yeməyəsiniz, görürsən, boyat yeməkləri gətirib verirlər, yeyib altını çəkirsən.
Yeməyimizi dinməzcə
yeyib çay içməyə başlayanda, mən sözə körpü salmaq üçün, bir az qıraqda oturmuş
avtobus sürücüsünü göstərib: ancaq yaman pis maşın sürür ha, dedim.
Tanımadığımız kişi gülümsündü: düz deyirsən, yaman dəliqanlı adama oxşayır,
dedi. Bir az susqunluqdan sonra dilləndi:
–Bu sürücünü görəndə
bizim kənddə bir Abış vardı, onu andım, elə bil bir almanı yarıya bölüblər.
Torpağı sanı yaşayasınız, mənim adı anılası nənəm deyərdi, insanlar bu dünyaya
qoşa gəlirlər, yəni kimsə burada doğulursa, deməli onun bir tayı, tən oxşarı
olan birisi də, haradasa doğulur, yoxsa, dünyanın dəngəsi(tarazlığı) pozular. Mən
sonradan nənəmin bu sözünün üstündə çox düşünmüşəm, məncə bu keçmişlərdə olmuş
hansısa bir inancla bağlıdır, ancaq hansıyla, bax bunu tapa bilmirəm. İndi
bayaqdan bu sürücüyə baxıram, elə bil Abışı itələyib, durub yerində, adam-adama
necə də oxşayarmış! Başağrısı olmasa, sizə Abışdan bir az danışım.
Biz ikimiz də bir
ağızdan:
–Başağrısı niyə
olur, buyurun danışın,-dedik.
–Siz məndən yaxşı
bilirsiniz, indi bu yaşadığımız çağda, yoxsul kişinin oğlu olub dikbaşlıq eləmək
olası bir iş deyil. Dikbaşlıq deyəndə, mən yetənə yetib, yetməyənə bir daş
atmağı demirəm ha, yəni kiminsə qabağında alçalmamağı, mənliyini qorumağı, nə
düşünürsənsə onu da üzə deməyi başa düşürəm. Ancaq sovet dönəmində belə işlər
olurdu, görünür, onda adamları indiki təki çörək sınağı ilə sonacan sındıra biməmişdilər,
bir yandan necə olsa da, onda bu vəzifəlilərin nədənsə bir qorxusu da vardı,
ortada dəvədən böyük fil də vardı, yəni ən azından başlarının üstündə Moskva
vardı, oradan qorxub çəkinirdilər, ancaq deyəsən ötən yüzilin 70-ci illərindən
sonra bunlar, onların da dilini-ağzını pulla bağlaya bildilər, necə deyərlər
Moskvanın da zayı çıxdı, dedilər, gedin nə bilirsiniz eləyin, can sizin, cəhənnəm
tanrının, nə isə...
Tanımadığımız adam
bir az duruxdu, özünə çay töküb, sözünün ardını gətirdi:
–Mən indi sizin
üçün burada bir-iki ad çəkəcəyəm, bilirəm döşünüzə yatmayacaq, deyəcəksiniz,
çoban-çoluq adıdır: Əsi, Kələş, Əliş, Təriş, Kəriş, Ağış, Abı, Abış. Mənə
inanmırsınız, açın Mahmud Qaşqarlının “Türk Sözlüyünü”, başqa əski sözlükləri,
baxın: Əsi–külək, Kələş–yaraşıqlı, Əliş–usta, Təriş–ağsaqqal, soyunu bir yerə
toplayan, Kəriş–döyüşkən(birini vurmaq üçün dartınan adama kərəzləndi deyilməsi
buradandır), Ağış–xəzinə, Abı–ruh, könül, Abış–dizin üstü deməkdir, yoxsa indi
kimi dindirsən durub deyəsidir, Kəriş–Kərimin, Abı–Abdullanın, Ağış–Ağahüseynin
çoban-çoluqlaşmış biçimidir, o biri adlar da bunun təki. O da düzdür, bizlər elə:
Ağahüseyinə–Ağış, Abdullaya–Abı, Kərimə–Kəriş deyirik, habelə bunun kimi, o biri
adları da el arasında başqa sayaq çağırırıq, ancaq bunun niyəsi, indiyənəcən
adımıza yamaq olmuş bu yad sözlərə alışa bilməməyimizdəndir. Deməyim odur,
görün, öz kökümüzə, keçmişimizə, haracan yadlaşmışıq, belə gözəl adlar indi bizə
bayağı, gülünc görsənir.
Biz iki kəndçi
yerimizdə qurcalanıb, altdan-altdan biri-birimizə baxırdıq, ikimizin də üzündən:
“bu kişi nə sayaqlayır?” deyən bir sorğu oxumaq olardı. Deyəsən, tanımadığımız
kişi də nəsə anlamışdı, bir az duruxub, sonra dilləndi:
–Darıxmayın, indi
bu adları sadalamağımın niyəsini sizə deyəcəyəm. Abışın atasının adı Kəriş idi,
ancaq necə deyərlər, lap mikroskopla axtarsan da, onda adına yaraşan nəsə tapa
bilməzdin, olduqca yoxsul, dilsiz-ağızsız, necə deyərlər, başıqapazlının birisi
idi, işi-gücü də kolxozun naxırını otarmaq idi. Nə başınıızı ağrıdım, Abış evin
böyüyü idi, ancaq kənddə bir kimsə də onun işindən baş aça bilmirdi, Abışın
davranışı, hamı üçün, dönüb olmuşdu bir tapmaca: görəsən, Kəriş kimi yazıq,
başıaşağı bir kişinin oğlu nədən belə dikbaş, ötkəm olmuşdu? Düzdür, Abış da öz
adının anlamına görə diz üstündə sayqılanaraq, yağ içində böyrək kimi bəslənməmişdi,
bir qarın ac, bir qarın tox yaşayırdılar, axtarsan, kənddə onlardan ac-yalavacı
tapılmazdı. Bizim kənd adamı da, allah göstərməsin, bir kimsəni ayamasız
qoymazdı qalsın, bu Kərişin də üzdə öz adını deyərdilər, ancaq daldada onu “sərçətutan”
çağırardılar. Bu ayamanın da kökü Kərişin birinci evliliyinə gedib çıxırdı. İş
belə olmuşdu, günlərin bir günü, kolxoz sədri kənddə bir kimsənin yiyə durmaq
istəmədiyi ayağısürüşkən bacısını Kərişə sırımışdı. Toy gecəsi, gəlinin üzüqara
çıxdığını görən yengə, Kərişi küncə qısnamışdı, o da evin damında yuva quran sərçələrdən
tutub, ikisinin-üçünün boğazını üzüb, döşəyini qana bulamış, gəlinin üzünü ağ
eləmişdi. Sonra elə o yengə də, bu olayı bütün kəndə yayıb, dilə-ağıza
salmışdı. Kəriş də gəlini çox saxlamamışdı, kəndin başbilənlərindən kimsə onu
başa salmış, o da gəlinin gününü göy əskiyə düyüb pisikdirmiş, başından eləmişdi.
Abışın birinci
igidliyi mənim gözümün qabağında olmuşdu, o günü kəndə hay düşmüşdü, deməyəsən,
ferma müdiri Ağış Kəriş kişini nəyə görəsə bərk döyüb. Axşam üstü, şöünük vuran
çağı(bizim kənddə qaranlığın düşməsinə belə deyirlər), bütün kənd adamı
fermanın yanına yığışar, örüşdən qayıdan sürüdən qoyunlarını ayırıb
aparardılar. Biz də durub sürünün qayıtmasını gözləyir, altdan-altdan bizimlə
yanaşı dayanmış Abışa göz qoyurduq, atasının döyülməyinə görə, çoxumuzun ona ürəyi
yanırdı, ancaq elə arsızlar da vardı, ona baxıb bığaltı qımışırdılar. Abış da nəsə
yerində oyur-oyur oynayır, tez-tez fermaya sarı baxırdı, bir də onda gördük,
Abış yerə sinə-sinə fermaya sarı gedir, biz də bir şey anlamadan ona göz
qoyuruq, görəsən bu niyə belə eləyir, birdən Abış bir göz qırpımında, pişik
kimi sıçrayıb, özünü fermanın qabağında sağıcılarnan danışan ferma müdirinə
yetirdi, yetirməyi ilə əlindəki çomağı var gücü ilə onun başına çalmağı bir
oldu, ferma müdiri Ağış tarappadan dəydi yerə, gəlib gördük haçandı ürəyi
gedib, başı-gözü də qan içində. Sağıcı qadınların qışqırığından qulaq tutulur,
Ağışın üzünə su səpib ayıldan kim, xısın-xısın gülən kim, Abış isə gözə dəymirdi,
qarışıqlıqda qaçıb aradan çıxmışdı. Bu olayı çox da açıb-ağartmadılar, kolxoz sədri
Ağışa demişdi, milisə şikayət verərsən, sənin Kərişi döyməyinin üstü açılar,
onsuz da Kərişin nəyi var, ondan nə də alsınlar, ancaq girəvəyə salıb səni
soğan kimi soyarlar, bu sistem işçiləri.
Bu olaydan sonra
Abış bizim kənd uşaqlarının Koroğlusu oldu. Düzdür, Koroğlunun atası naxırçı
yox, ilxıçı olmuşdu, onu Kəriş kişi kimi ferma müdiri döyməmişdi, Həsən xan
götürüb kişinin gözünü çıxarmışdı, ancaq nə olsun, bizim üçün Abış da elə
Koroğluya tay olan bir igid idi, necə də olsa atasının öcünü almışdı. Qaldı
Koroğlunun Qıratına, sizə gülmək gəlməsin, Abışın da öz “Qıratı” vardı, düzdür,
bu Qıratdan çox balaca, boz bir eşşək idi, ancaq Abış bu boz eşşəyin üstündə elə
oturardı, onu kənd yolunda toz qopara-qopara elə çapardı, onun bu boz eşşəyi
bizim üçün elə Qıratın yerini verərdi. Onu da deyim, Abışın biz yeniyetmələrdən
iki “üstünlüyü” də vardı. Birincisi, bizim aramızda gizlində yox, göz qabağında
papiros çəkən tək o idi, deyilənə görə, atası da bununla öyünürmüş, onun Abışa:
“oğul papruz(papiros) pulun qurtaranda, utanma de”, söylədiyini öz qulaqları ilə
eşidənlər vardı. İkincisi, Abış kənddə “toxunulmaz” eşşəyi olan tək yeniyetmə
idi. Abışın, “Qıratın” yerinə mindiyi boz eşşəyi özünün idi, ondan başqası: nə
atası, nə başqa biri olsun, bu eşşəyi minə bilməzdi.
Hamısını danışsam
uzun çəkər, qısa eləyirəm, Abışın kənddə istədiyi qız da vardı, burada da Abış
hamımızdan seçilərdi, utanıb-qızarmadan istədiyi qızın adını çəkər, “qoy bir
özümə gəlim, atası verməsə götürüb qaçacağam”, deyərdi. Qız da kim olsa
yaxşıdır, kolxozun baş aqronomu, kənddə hamının tük saldığı Kələşin qızı. Bu Kələş,
müharibədə minaya düşmüşdü, sol ayağının barmaqlarını qəlpə aparmışdı deyin, çəliklə
gəzərdi, veteran olduğuna görə də ondan çəkinərdilər, çəkinməyəni də, görərdin,
çəliyini başına çaxıb, “qandırardı”. Bildiyimizə görə, qız Abışı istəmirdi,
Abışın yoxsulluğu onu qızın gözündən elə salmışdı, necə deyərlər, fələk oğlu kələk
də gəlsəydi bu işi yoluna qoya biməzdi.
Abış orta məktəbi
qurtarıb Bakıya, peşə məktəbinə getdi, o çağlar rayonlarda peşə məktəbləri
olmazdı. Üç-dörd ay sonra tətilə gələn Abış, kənd arasında elə yeriyirdi, deyərdin
indi ayağı altında yer yarılacaq. İndiki kimi gözümün qabağındadır, peşə məktəbindən
ona göy-bozumtul bir kostyum vermişdilər, onu geymişdi, boynuna da bir şarf
dolayıb, bir ucunu çiyninə atmışdı, Abış yeriyir, iki addım atandan sonra
şarfın ucu çiynindən sürüşüb düşür, Abış başını dik tutub dayanır, şarfın ucunu
saymazyana çiyninə tolazlayır, yenə iki-üç addım atır, yenə də şarfını düzəldir,
mən moda sözünü ilk dönə onda eşitdim, deyirdilər, Abış “modnu” oğlan olub,
Bakıda hamı onun kimi şarfla gəzir. Bir il keçmiş, kəndə hay düşdü, Abış Bakıda
evlənib, açığı, bu bizim üçün bir az anlaşılmaz oldu, biz evlənməyi toyla,
zurna-qavalla görmüşdük, sonradan başı çıxanlar bizə dedilər, ora Bakıdır,
orada kim-kimi bəyəndi, qurtardı getdi, çal-çağırsız, zurna-qavalsız, olurlar ər-arvad.
Abışın anası da başına yığışan kənd arvadlarına baxıb, üzünə bir az qayğılı,
bir az qüssəli görkəm verib deyibmiş: Uşaq keçinə bilməyib də, neynəsin, bunun əyin-başı,
yemək-içməyi var, gərək kimsə qulluğunu tuta da. Bir də bilirsiniz, uşağım
beyniqanlıdır, özünü tutub saxlamayacaqdı ha, düyə him eləməsə, buğa
sıçramaz... Ancaq bilənlərin deməsinə görə, Abış orada ayağısürüşkənin birinə
ilişibmiş, sonradan da ayrılıbmış.
Kişi çaydan bir
qurtum alıb bizdən soruşdu:
–Sizi yormuram görəsən?
Biz ikimiz də:
Oturmuşuq da onsuz, sözünüzü danışın, dedik.
–Abış əskərliyini çəkib
gələndən sonra, kolxozda ona iş vermədilər, sürücü işləmək üçün Abış gərək
kolxoz sədrinə ən azı 5-6 yüz manat pul verib maşın gətizdirəydi, Abışın pulu nə
gəzirdi? Bir az sonra Abış şəhərdə, Yol idarəsində işə düzəldi, bir
sınıq-salxaq “Zil” maşın vermişdilər, iki gün işləyəndə beş gün təmirə
dayanırdı. Ancaq deyilənə görə, Abış orada idarənin müdiri ilə dil tapmışdı, onun
“ürəkli oğlan” olduğunu görüb, adına yalandan iş yazıb, pulunun çoxunu özlərinə
götürür, bir azını da ona verirdilər. Bu qalsın, onu deyim, onda mən Bakıda
institutda oxuyurdum, yay tətilinə gələndə, gecə yarıya kimi oturub kitab
oxuyar, aradabir qapıya çıxıb papiros çəkərdim, qapı qonşumuz rayonda,
Statistika İdarəsində rəis müavini işləyirdi, gecənin hansı çağı papiros çəkməyə
çıxırdım, görürdüm, qapıda var-gəl eləyir. Bir yol mənə yaxınlaşıb, ürəyini
açdı: Qonşu, sözün düzü, qorxudan gözümə yuxu getmir, bu köpəyuşağı elə işlər
görürlər, mən elə kağızlara qol çəkirəm, birinin üstü açılsa, allah bilir mənə
neçə il iş verərlər. Koxoz 100 litr süd verir, yazdırırlar 300 litr, min ton
üzümü eləyirlər beş min ton, sənə hansını deyim, qalmışam içimdə qırıla-qırıla...
Bax o dediyim, ötən yüzilin 70-ci illəri beləydi, Abış da düşmüşdü bu
alçaqların tələsinə, ömründə pul görməyən Abış ola, boş yerdən cibinə pul
qoyalar... Nə başınızı ağrıdım, Abış oldu şəhərin ən yeyib-içən cayıllarından
biri, sonu da o oldu, içki düşkünü olub getdi, sovet dağılandan sonra əlinə pul
gəlmədi, qurşandı qondarma araqlara, günlərin birində də elə bu əldəqayırma
araqdan da partlayıb öldü...
Kişi susdu, bir az
düşüncəyə daldı, sonra saatına baxıb, dilləndi:
–Deyəsən beş dəqiqəmiz
qalıb getməyə. Mən mistikaya qapılan adam deyiləm, ancaq sonradan nənəmin
dediyi o: “insan dünyaya qoşa gəlir” sözünün üstündə düşünəndə ağlıma bir şey gəldi,
yaxşı, tutalım, insanlar dünyaya qoşa gəlib onun dəngəsini pozulmağa
qoymurlarsa, onda bunlardan biri öləndə gərək o biri də ölsün, yoxsa dəngə
pozulmazmı? Nənəm də sağ deyildi soruşam, bu necə olur? Sonra, sizə gülməli gəlməsin,
özüm bunun açmasını tapdım, qoşa gələnlərdən biri öləndə, sağ qalan onun da
yükünü çəkməli olur, bunun başqa yolu yoxdur.
Siz də bilərsiniz,
birinin uşağı doğulub, başqası bundan soraq tutanda, ondan uşağın adını
soruşur, sonra da belə deyir: adı ilə böyüsün! Yəni, bu uşaq ona qoyulan ada
yaraşan bir ömür sürsün. İndi deyirəm, götürüb düzgün bir statistika aparasan,
görəsən bu uşaqlardan neçəsi öz adı ilə böyüyür? Mənə elə gəlir, yüzdən onu öz
adına uyğun böyüsə böyük işdir. Lap götürün elə, bu indi dilimizə yamaq olmuş ərəb-fars
adlarını: görürsən birinin adını qoyublar Qüdrət, baxırsan, ölüvayın biridir, o
birinin adını qoyublar İlham, düşünüblər bu “ilhamlanıb” şair olasıdı, sevgi
şeiri yazasıdı, bir gün də bunun sorağı gəlir, hansısa kazinoda olan-qalanını
uduzub, sevimli arvadını da girov qoyub! Biz tələbə olanda, kimsə götürüb bir
satira yazmışdı, çoxunu unutmuşam, ancaq belə bir yeri vardı:
Babəkin– “vosmoyda” göyərti satır,
Koroğlun–Bayılda türmədə yatır,
Nə günə
qalmısan, can Azərbaycan...
Dədə-babalarımızın
işiylə-gücüylə tanınmayan birisinə ad qoymamağı, elə-belə deyildi ha! Aha,
avtobus getmək düdüyünü çaldı, yolçu yolda gərək, getdik...
Avtobus yola düşdü,
ancaq məni də, elə yoldaşımı da, bu tanımadığımız kişinin danışığı elə
tutmuşdu, ikimiz də evə çatana kimi, bizi qaplayan dərin düşüncələrdən ayrıla
bilmədik... Yoldaşımın nə düşündüyünü deyə bilmərəm, ancaq mənə ən çox çöçün gələn
bir də o idi, indiyənəcən bir kimsədən belə sözlər eşitməmişdim, görəsən o kişi
bunları haradan bilirdi?!..
Avtobusdan rayon mərkəzinə
çatmamaış düşəcəkdik. Kəndimizə çatanda sürücünü haraylayıb, avtobusu
saxlatdıq. Düşəndə, bizdən üç sıra qabaqda oturan tanımadığım kişi ilə əl verib
sağollaşdım, özümü saxlaya bilməyib: Bağışlayın, sizin adınızı da bilmədik,
dedim. Kişi gülümsədi: Adım Əməndir, əski türkcədə palıd deməkdir,-dedi,- ancaq
deyəsən mən də elə adıma görə böyüməmişəm, görkəmimdə palıda oxşarlıq yoxdur...
Комментариев нет:
Отправить комментарий