Страницы

01.05.2012

RLS ətrafında ABŞ avantürası


Mayis Güləliyev


Xatırlayırsınızsa, Almaniyada “Böyük Səkkizliyin” görüşündə Qəbələ RLS-nin ABŞ  ilə Rusiya tərəfindən birgə istifadə edilməsi imkanları Rusiya prezidenti V. Putinin tərəfindən təklif edildi. Dünyanın aparıcı KİV-nin əsas diqqətində olan bu təklif əslində yeni və ekspertlərin qeyd etdiyi qədər də sensasiyalı  təklif deyildir. ABŞ Rusiya tərəfindən belə təklif olunacağı ehtimalını hesablamamış deyildir. Digər tərəfdən belə təklifin ola biləcəyi fikrini may ayında Rusiyanın Azərbaycandakı səfiri cənab İstratov da səsləndirmişdir.

O hətta qeyd etmişdir ki, ABŞ özü digər Rusiyanın nəzarətində olan  RLS-dən, o cümlədən Qəbələ RLS-dən vaxtaşırı məlumatların alınmasında maraqlıdır. Bu təklifin maraqlı tərəfi ondan ibarətdir ki, Şərqi Avropa ölkələrində raketdən müdafiə sistemləri yerləşdirmək istəyən ABŞ-ın qarşısına çox ciddi və məntiqi sədd çəkildi. Bu ölkələrdə RMS qrmaq istəyən ABŞ-ın onsuzda zəif olan məntiqi bir daha zəiflədi. Məntiqə əsasən əgər RMS Polşada və Çexiyada yerləşdirilməsi  doğrudan da İran və Şimali Koreya “təhlükəsi” ilə bağlıdısa, onda Buş Putinin  təklifini rədd etməməlidir, əksinə bu təklifə görə ona təşəkkür etməlidir. Ona görə ki, bu təkliflə Buş çox maliyyə vəsaiti və vaxt itkisi tələb edən və ciddi texniki tələblərə malik olan yeni RLS-in tikilməsi zərurətindən azad olmuş olur və vaxt itkisi olmadan həm İran, həm də Şimali Koreya tərəfindən “ehtimal olunan” təhlükəni nəzarətdə saxlaya bilir. Lakin Rusiya prezidenti gözəl bilir ki, Şərqi Avropada yerləşdiriləcək RMS İrana hesablanmayıb və əsas məqsəd Rusiya RLS-ni neytrallaşdıraraq Rusiyanın özünü gələcəkdə hədəfə çevirməkdir.

ABŞ-ın bütün səyi dünya hegemonluğudur

Qeyd etmək lazımdır ki, Rusiyanın ərazisini nəzarətdə saxlamaq üçün Qafqazda, xüsusilə indiki siyasi şəraitdə Gürcüstanda və ya Azərbaycana RLS tikmək ABŞ-in maraq dairəsində olan məsələlərdəndir. Belə ki, bu yolla ABŞ Kapustin Yar poliqonunda raketlərin sınağını nəzarətdə saxlaya bilər. Əlbəttə Gürcüstan tərəfi ABŞ ilə elə danışıqların hələlik getmədiyini desə də indiki siyasi şəraitdə belə obyektlərin tikilməsinə Gürcüstan tərəfindən ciddi maneələr yoxdur. Rusiya tərəfi başa düşür ki, ABŞ Rusiyanı sürətli silahlanmaya sürükləyir. ABŞ-ın xarici siyasətində belə metodlardan istifadə edilir. Sürətli silahlanma Rusiya kimi ölkənin iqtisadiyyatını yenidən zəiflədə bilər və gələcəkdə onun taleyi SSRİ-nin taleyi kimi ola bilər. Beləliklə, RMS məsələsinin arxasında əslində nə gizləndiyini Putin gözəl bilir və onun bu açıqlaması mümkün qədər Buşun məntiqinin zəiflədilməsinə yönəlib. Başqa sözlə desək, böyük ehtimalla ABŞ bu təklifə razı olmayacaq. Çox az ehtimal var ki, ABŞ tərəfi müəyyən müddət manevr edərək, Qəbələ RLS-in birgə istifadəsinə öz razılığını versin və dünya ictimaiyyətinə guya sülhsevər olduğunu  nümayiş etdirsin. Lakin bu müvəqqəti olacaq. Tarix dəfələrlə sübut edib ki, ABŞ-ın bütün səyi dünya hegemonluğudur və bu məqsədlə o dünyanı fəlakətə sürükləyir. Təkcə ABŞ siyasiləri və hərbiçiləri yox, həm də Avropa ictimaiyyəti, o cümlədən RMS-lərin yerləşdirilməsi planlaşdırılan Çexiya və Polşa  ictimaiyyəti gözəl bilir ki,  İran və Şimali Koreyadan onlara təhlükə yodur. Bu ölkələrin İranla və Şimali Koreya ilə “bölüşdürə bilmədikləri” maraqları  yoxdur. Odur ki, belə sistemin bu ölkələrdə yerləşdirilməsi Avropanı, xüsusilə Şərqi Avropanı təhlükəyə sürükləyir və mümkün hücumların  obyektinə çevirir. Beləliklə, ABŞ Şərqi Avropa ölkələrini öz maraqlarının qurbanına çevirir və regionda vəziyyəti gərginləşdirir. ABŞ-ın RMƏ sistemlərinin Çexiyada və Polşada  yerləşdirilməsinə cavab olaraq  Rusiya raketlərinə “tuşlanması”  nə qədər təəssüf doğuran və təhlükəli  məsələ olsa da onun əsas günahı və məsuliyyəti ABŞ-ın üzərində qalır. Belə təhlükə Azərbaycanı da gözləyir. Belə ki, ABŞ tərəfindən  Xızı və Astarada yerləşdirilən və Xəzərdə yerləşdirilməsi planlaşdırılan RLS-lər də  ciddi təhlükə mənbəyidir.
Nəzərə almaq lazımdır ki, Qəbələ RLS ballistik raketlərin izlənilməsi üçün nəzərdə tutulan sistemdir. Bu sistem Darial tiplidir və 6 min kilometrlik məsafəni, məsələn Afrikanın şimalına, və ya cənubi-qərbi Asiyaya  qədər məsafədə kosmik fəzanı nəzarətdə saxlamaq gücündədir. Bu sistem hazırda Azərbaycanın mülkiyyətidir və Rusiyaya 10 illiyə icarəyə verilmişdir. Rusiya lə ABŞ tərəfindən Qəbələ RLS-in birgə istifadəsinə heç bir hüquqi maneə yoxdur. Birgə istifadə zamanı icarə haqqının bölüşdürülməsi də ABŞ xəzinəsinə belə sistemin yenidən tikilməsinə nisbətən daha az ziyan bura bilər. Lakin qeyd etdiyim kimi ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəyə razı olacağı çox az ehtimallıdır.

ABŞ-a güclü Rusiya lazım deyil

Sovet İttifaqı dağılandan sonra onun ərazisinin və ya nəzarətdə saxladığı ərazilərin xeyli hissəsinin ABŞ-ın  maraq dairəsində keçməsi Rusiyanın daha da zəiflədilməsi üçün ABŞ-a tarixi şans vermişdir. Odur ki, ABŞ bu fürsətdən istifadə etməyə və gələcəkdə regionda daha da güclənməyə səy göstərir. Rusiyada hələ demokratik institutların çox zəif olduğu və bazar iqtisadiyyatına keçidin ilkin mərhələlərində ABŞ Rusiyanın “demokratiya istiqamətində inamlı addımlar”  atdığını deyərək onu nəzarətdə saxlamağı düşünürdüsə, Rusiyanın daha güclü olduğu son illərdə onun zəiflədilməsi ABŞ-ı daha çox düşündürür. Artıq birmənalı olaraq demək olar ki, ABŞ-a güclü Rusiya (demokratik və ya qeyri-demokratik fərqi yoxdur!) lazım deyil. Odur ki, Rusiyanın beynəlxalq aləmdə “gözdən salınması” üçün ideoloji təbliğat maşını artıq tam gücü ilə işə salınmış və Rusiya sürətli silahlanmaya doğru sürüklənir.
Bu gün Rusiya qarşısında iki variant qalır. Ya Digər keçmiş Sovet respublikaları kimi ABŞ-ın maraqlarına xidmət etmək, ya da sürətlə silahlanaraq onun regiondakı maraqlarına müqavimət göstərmək. Birincisi yol daha dinc və indiki hakimiyyət üçün gəlirli variant olsa da gələcəkdə Rusiyanın parçalanması və regional super dövlət kimi mövcudluğunun sonudur. İkinci yol daha çətindir və iqtisadi  səfərbərliyi tələb edir. Rusiyanın indiki durumunda ikinci yol demokratik institutları zəiflədilməsini və çox hallarda qeyri-demokratik idarəçiliyə əl atmağı tələb edəcəkdir. Bu addım isə Rusiya daxilində narazılıqların yanmasına  və  cəmiyyətdə qeyri-sabitliyə səbəb ola bilər. Bu yolların hər ikisi indiki siyasi şəraitdə ABŞ-ın maraqlarına xidmət edir. Odur ki, ABŞ Rusiyada siyasi sabitliyi pozmaq və cəmiyyətdə narazılıqlar yaratmaq üçün RLS siyasətindən istifadə edir. ABŞ-a indiki şəraitdə RLS yox , onun ətrafında narazılıqlar və sürətli silahlanmaya Rusiyanın sürüklənməsi lazımdır. ABŞ siyasiləri dərk edir ki, sürətli silahlanma neft və qaz pullarını Rusiya vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə yox, silah istehsalına sərf edilməsi Rusiya cəmiyyətində yaxın gələcəkdə ciddi narazılıqlar yarada bilər. Belə olan halda ABŞ bu narazılıqlardan istifadə edərək Rusiyanın parçalanmasına nail ola bilər.
Beləliklə, əgər doğrudan da yeni RLS-lərin tikilməsində əsas məqsəd İrandan və ya Şimali Koreyadan mümkün təhlükələrin qarşısının alınmasıdırsa, onda “Qəbələ RLS-i bu missiyanı yerinə yetirə bilər və analoji RLS-lərin yenidən tikilməsinə ehtiyac yoxdur” və ya “Avropanı mümkün təhlükədən qoruya biləcək RLS-i bir yerdə tikək və istifadə edək”-deyən Rusiya ABŞ-ı çox çıxılmaz vəziyyətdə qoyur. Belə olan halda ABŞ regionda Rusiyanın nüfuzunu zəiflətməyə yönələn siyasətini həyata keçirmək üçün  yeni bəhanələr axtarmağa məcburdur. Əlbəttə Buş Rusiya prezidentinin təklifi ətrafında dialoqun aparılmasını mümkün hesab etdi. Lakin o başa düşür ki, Qəbələ RLS-indən birgə istifadə ABŞ tərəfindən İrana mümkün hərbi müdaxilədə çətinliklər yarada bilər.  ABŞ və Rusiya arasında dialoq ABŞ-ın ilkin məqsədinin həyata keçirilməsi ilə nəticələnən sonluğa gətirərsə, belə siyasi alver gələcəkdə Rusiyanın özünə və bütünlükdə regiona ciddi ziyanlar gətirəcəkdir.
Bəs Qəbələ RLS-nin Rusiya və ABŞ tərəfindən birgə istifadəsi mümkün olarsa ( əlbəttə bu az ehtimallıdır) Azərbaycanı  hansı təsirlər  gözləyir. Hər şeydən əvvəl qeyd edək ki, bu halda RLS –in iş qrafiki daha da “sıxlaşa” bilər. Belə ki, ABŞ İran ərazisinin daim müşahidə altında saxlanmasına çalışacaq RLS-dən maksimum yararlanmağa cəhd göstərəcək. Odur ki, tam gücü ilə işləməyə başlayan RLS ətraf mühitə və ərazidə yaşayan insanların sağlamlığına ciddi təhlükələr yarana bilər. Digər təhlükə bu obyektin mümkün hərbi hədəfə çevrilməsidir.
Almaniyada “Böyük səkkizliyin” görüşündə diqqəti cəlb edən başqa məqam Rusiya prezidenti tərəfindən Qəbələ RLS-nin ABŞ-la birgə istifadə təklifinin Azərbaycan Respublikası prezidenti ilə razılaşdırılması faktıdır. Qəbələ RLS-nin ABŞ və Rusiya tərəfindən birgə istifadəsi imkanı hüquqi və nəzəri cəhətdən mümkün olsa da onun Azərbaycan xalqının maraqlarına cavab verməsi və bu məsələnin Azərbaycan ictimaiyyəti tərəfindən geniş müzakirəsi aparılmadan “razılaşdırılması” Azərbaycanın müstəqilliyinə  qətiyyən uyğun deyil.
Qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyətinin  Qəbələ RLS-nin birgə istifadəsinə razı olmaması və bu addıma müqavimət göstərməsi Azərbaycanın maraqlarına xidmət etdiyi kimi, həm də dolayısı ilə ABŞ-ın maraqlarına xidmət edir. Belə ki, ABŞ Rusiyanın bu təklifinə Azərbaycanın ictimai fikrindəki narazılığını bəhanə gətirərək  razı olmaya bilər. Güman ki, bu imkandan ABŞ rəsmiləri yararlanmağa cəhd göstərəcəklər. Hətta bu məqsədlə ABŞ Azərbaycandakı siyasi partiyaların və QHT-in xidmətlərindən də yararlanmağa cəhd göstərəcəkdir. Lakin nəzərə almaq lazımdır ki, Qəbələ RLS-ndən  ABŞ-ın istifadə etməyə cəhd göstərməməsi indiki halda yalnız ABŞ-ın Rusiya ilə bağlı siyasəti ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. ABŞ Yaxın Şərqi nəzarətdə saxlamaq üçün hər vəcdlə Azərbaycan və ya Gürcüstanda oxşar RLS-lərin qurulmasına gələcəkdə cəhd göstərəcəkdir. Odur ki, Azərbaycan ictimaiyyəti  təkcə Qəbələ RLS-nin birgə istifadəsinə yox, ABŞ-ın hərbi maraqlarına xidmət edən və Azərbaycana hərbi və ekoloji təhlükə yaradan hər hansı digər RLS-lərin də Azərbaycan ərazisində yerləşdirilməsinə müqavimət göstərməlidir.
Digər tərəfdən, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda mövcud  siyasi reallıq bunu deməyə əsas verir ki, ABŞ və Rusiya Qəbələ RLS-nin birgə istifadəsində razılığa gələrlərsə, həm Azərbaycan hökuməti, həm də müxalifət  bu razılaşmaya nəinki mane olmayacaqlar, əksinə bu razılaşmadan 2008-ci il prezident seçkiləri öncəsi  siyasi dəstək kimi istifadə etməyə çalışacaqlar.  

mayis_gulaliyev@yahoo.com

Комментариев нет:

Отправить комментарий