Страницы

08.05.2012

Zorgeyə sahib çıxmalıyıq

Azər Qismət

Stalin ona inanmırdı. Lavrenti Beriyaya göstəriş vermişdi ki, o, SSRİ-yə çağırılsın və dərhal sorğu edilərək barəsində tədbir görülsün. Çünki hərbi kəşfiyyatın rəisi Yan Berzin həbs edilərək güllələndiyindən onun sağlığında müxtəlif dövlətlərdə yaratdığı kəşfiyyat rezidenturasının bütün üzvlərini təhlükə gözləyirdi. Həmin üzvlərdən biri də Yaponiyada gizli fəaliyyət göstərirdi. Söhbət dünya şöhrətli kəşfiyyatçı Rixard Zorgedən gedir.
Neçə illərdən sonra kəşfiyyat ləqəbi “Ramzay” olacaq Rixard Zorge 1895-ci ildə Bakının Sabunçu kəndində alman mühəndis Qustav Vilhelmin ailəsində doğulmuşdu. Onun atası 19-cu əsrin sonlarında “Nobel qardaşları” şirkətində çalışmaq üçün Bakıya gəlmiş və Rixard məhz burada doğulmuşdu.
Anası Nina Stepanovna Kobeleva olan Rixardda həm alman, həm də rus qanı qaynayırdı. Sonralar zarafatla deyirmiş ki, “iki böyük millətin qanının qarışığı yalnız kəşfiyyatçı yarada bilərdi”. Onun ailəsi 1898-ci ildə Bakını tərk edərək Almaniyaya köçür. 3 yaşlı Rixard Bakıdan getməli olur.
1914-ci ilin oktyabrında Rixard könüllü şəkildə alman ordusunda xidmət edir, 1-ci dünya müharibəsində qərb cəbhəsində iştirakına görə ordenlərə layiq görülür. 1916-cı ildə mərminin partlaması onun vaxtından əvvəl tərxis olunması ilə nəticələnir. Bu, onun həyatında ruh düşgünlüyünə səbəb olur. Hospitalda solçu sosialistlərdən biri ilə tanışlığı onu Marksın əsərlərini oxuması ilə nəticələnir. Sonra iqtisadiyyat üzrə Berlin, Hamburq universitetlərində təhsil alır. 1917-1919-cu illərdə müstəqil sosial-demokrat partiyasının üzvü seçilir, 1919-cu uldən Almaniyanın Kommunist Partiyasının üzvü olur. Zolingendəki partiya qəzetinə redaktorluq edir. 1924-ci ildə SSRİ-yə gəlir, az sonra ölkə vətəndaşı seçilir, 1929-cu ildə kəşfiyyatçılıq peşəsinə yiyələnir. Bütün bunları ona görə sadalayırıq ki, oxucuda əfsanəvi kəşfiyyatçı barədə təəssürat formalaşsın.
1933-cü ildə Hitlerin partiyası hakimiyyətə gələndən sonra Sovet rəhbərliyi Avropada rezidenturanı genişləndirir. Zorgenin isə Yaponiyaya göndərilməsi qərara alınır. Rixard nüfuzlu “Byorzen kuryer” və “Frankfurter tsaytunq” qəzetlərinin əməkdaşı kimi ora ezam edilir. O illər Yaponiyada sovetlərin kəşfiyyat rezidenturasının mövcudluğu və genişlənməsi vacib məsələlərdən sayılırdı. Çünki Yaponiyanın Uzaq Şərqdən SSRİ-yə hücum etməsi rusların iki cəbhədə döyüşməsi və böyük dövlətin çökmə ehtimalının günbəgün artmasına gətirib çıxara bilərdi.
1938-ci ildə hərbi kəşfiyyatın rəhbəri Yan Berzin Stalinin göstərişi ilə güllələnəndən sonra onun vaxtilə ələ aldığı kəşfiyyatçılar dünyanın müxtəlif yerlərindən bir bəhanə ilə çağırılaraq ya həbs edildilər, ya da güllələndilər. Sovet rəhbərliyi Rixard Zorgeni də qara siyahıya salmışdı. Mərkəz kəşfiyyatçını məzuniyyətə çıxmaq adı ilə Moskvaya çağırır. Zorge duyuq düşür və Mərkəzə belə bir şifrəli mətn yollayır: “Sizin məzuniyyətlə bağlı arzunuzu böyük məmnuniyyətlə qəbul edərdim. Amma məzuniyyətə çıxmağım belə vacib yerdən informasiyaları azaldacaq”.
Mərkəzin “arzu”suna etiraz edən Zorge Yaponiyadan informasiyaları ötürməyə davam edir. Rəhbərliyin çağırışına gəlməyən Zorge Stalinin gözündən düşür. “Ellər atası” daha onun məlumatlarına inanmamağı məsləhət görür və sanki belə bir kəşfiyyatçı ümumiyyətlə mövcud deyil.
İnamsızlıq Zorgeni üzsə də, qəflətən onun iş fəaliyyətində möcüzə baş verir. Onun Mərkəzə göndərdiyi xəbər doğru çıxır: 1941-ci ilin iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum edir. Bununla da ona yenidən inam yaranır. Lakin o vaxtacan fristlərin gah apreldə, gah mayda hücum edəcəyi barədə müxtəlif kəşfiyyatçılardan informasiyalar daxil olsa da, yalnız bakılı Rixard Zorgenin məlumatı doğru çıxır. Ay yarımdan sonra onun ikinci məlumatı SSRİ rəhbərliyində bu kəşfiyyatçıya qarşı inamı daha da gücləndirir. Zorge xəbər verir ki, 1941-ci ilin sonuna qədər Yaponiya SSRİ-yə hücum etməyəcək. Bununla da Uzaq Şərqdəki Sibir diviziyası oradan çıxarılaraq Qərb cəbhəsinə - Moskvanın qorunmasına yönəldilir.
1941-ci ilin oktyabrın 18-də Zorge yapon polisi tərəfindən həbs olunur və 1943-cü ilin sentyabrında barəsində ölüm hökmü çıxarılır. Edama qədər ona dəhşətli işgəncələr verilir. Hitler Zorgenin edamının Almaniyada gerçəkləşməsi üçün onu dəfələrlə tələb etsə də, Yaponiya hökuməti buna getmir, əvəzində SSRİ-yə təklif edir ki, kəşfiyyatçını mühüm bir şəxslə əvəzləmək olar. Stalin buna razılaşmır, Rixard Zorge əzab və işgəncələr içində edam edilir. Edam 1944-cü ilin noyabrın 7-də - SSRİ üçün bayram günündə - Tokionun Suqamo həbsxanasında həyata keçirilir. Onu həbsxananın həyətində basdırırlar, 1967-ci ildə qəbir Tokionun Tama qəbiristanlığına köçürülür.
Biz bakılı Rixard Zorgeyə sahib çıxmalıyıq. Onun qəbrinin Bakıya gətirilməsi əfsanəvi kəşfiyyatçıya ehtiramımıza töhfəmiz olar. Məşhur “Tehran 43” filminə baxanlar bilir ki, İranda Stalin, Ruzvelt və Çörçilə qarşı sui-qəsdin qarşısını Andrey adlı qəhrəman alır. Əslində filmdə olan Andrey “Əmir” ləqəbli erməni kəşfiyyatçısı Georgi Vartanyan olub. Onun Moskvadakı dəfnində Vladimir Putin də iştirak etmişdi. Düzdür, o illər azərbaycanlılara kəşfiyyat sahəsində mühüm tapşırıqları icra etmək üçün etimad və etibar göstərilməsə də, bu onu deməyə əsas vermir ki, xalqımızın nümayəndələri öz sözlərini deyə bilməzdilər.
Rixard Zorge dünya şöhrətli kəşfiyyatçı olub. Haqqında Amerika, Yaponiya, Almaniya, Rusiya və digər böyük dövlətlər kinofilmlər çəkiblər. Bu kəşfiyyatçının qəbrinin Azərbaycana gətirilməsi, ziyarət edilməsi, kəşfiyyatçılıq peşəsinə olan marağı gücləndirər və nəhayət bilinər ki, bizim belə həmyerlimiz olub. Ola bilər ki, Almaniya, ya Yaponiya hökuməti buna etiraz etsin. Amma dövlət səviyyəsində etirazların olacağı müqabilində izahat vermək olar ki, biz sadəcə öz həmyerlimizə sahib çıxırıq. Onun hansı ölkənin xeyrinə, hansı ölkənin əleyhinə işləməsi bizi maraqlandırmır.
P.S. Rixardın Tokiodakı sevgisi yapon qızı Xanako İsii Zorgenin Tama qəbiristanlığındakı qəbrini neçə illər göz yaşları içində ziyarət edib. 2000-ci ildə dünyasımı dəyişən günə qədər. Düz 12 ildir ki, bakılı Rixard Zorgenin qəbrini heç kim ziyarət etmir. 

Комментариев нет:

Отправить комментарий