Страницы

06.06.2012

Cavidan. NAMƏ - 11-ci məktub

Səma gözlərimə dolurdu.
Ulduzlar nə üçünsə göyün yalnız bir küncünə yığılmışdılar. Sanki onları kimsə qoyun sürüsü kimi qovub dəyəyə salmışdı. Dəyənin bir yanından və altından mil kimi uzun zolaqlar çəkilmişdi göy üzünə. Sanki kiminsə nəhəng əli göy üzünü qapqara dırnaqlarıyla cırmaqlamışdı, şirimlar qan rəngindəydi.
Dalğaların səsinə başımı qaldırdım. Xəzər qalxmışdı. O qədər qalxmışdı ki, nənəmgilin həyətinə qədər gəlib çıxmışdı. Nəhəng hərbi gəmilər vardı suyun üzündə. İrəlidə gələn gəmidə nəhəng bir qara pişik oturmuşdu. Qara xəz kürk geyinmişdi. Başındakı papağın da üstündə ulduzlar və zolaqlar vardı.

Gəmilər nənəmgilin həyətinin lap yaxınlığından keçib İran tərəfə yan aldılar. Sonra qəfildən hər yer işıqlandı, sonra yenə qaranlıq oldu, yenə işıqlandı, yenə qaranlıq oldu, sonda alatoran bir görkəm aldı dünya. Göydə bombardmançı təyyarələr uçur, küçədən tanklar, raket və əsgər dolu zirehli maşınlar keçirdi.
Yerə bir bomba düşdü, iki bomba düşdü, sonra hər tərəf bomba zərbələrinə məruz qaldı. Adamlar qaçır, qışqırır, ağlayırdılar. Hamı Səni çağırırdı...
İçimdə qəzəb və qaranlıq vardı, Səndən bunu gözləmirdim, Səndən bunu istəmirdim, Səndən bunun hesabını soracaqdım az qala...
Baxdığım göy üzündə artıq nə ulduzlar, nə şırımlar yox idi, nəhəng ağ sümük kəllə vardı, o, göz yerlərindəki boşluqlardan yerə sonsuz bir nifrətlə baxırdı.
Hamı qorxurdu ondan, hamı!
Gözlərimi göydən çəkdim, öz boyumdan bircə baş yuxarıda gözlərimi görmədiyim, bilmədiyim məchul bir nöqtəyə zillədim.
- Demisən ki, hara baxsam, Səninlə üz-üzə dayanmış olaram, odur ki dinlə! Dinlə və de, bu kəlləylə neyləmək olar? Alıb axı dünyanı əlinə...
Məchul nöqtədən gözlərimə nəsə axdı, nəsə doldu, beynim işıqlandı elə bil, ürəyimə güc gəldi, beynimin içindən eşitdim:
- Onun yerdə qadını var, onu tap, o qadının başqa bir tayı da var, səhv salma...

Комментариев нет:

Отправить комментарий