Страницы

07.06.2012

İnam Atanın sonevi ziyarət edildi


5 Ümid günü, Şölə ayı 34-cü ildə (05.06.2012) Mütləqə İnam Ocağı İnam Atanın Ağstafadakı sonevini ziyarət edib, «Ata Sonevini Ziyarət Günü» Mərasimi keçirib.
Sonevlikdə Mütləqə İnam Ocağının Bayrağı asılıb. Evladların Ataya rəmzi müraciət sözü «Ruhun Ruhumuzdadır, İnam Ata!» olub. «Özündəki Mütləqlə Səhər Təması»nı Yolruh Atalı, «Ataya Səhər Ricası»nı Uluruh Atalı deyiblər.
Atanın «Ölümlə görüş» içsəsini İşıqlı Atalı, «Aqibət» içsəsini isə Yolruh Atalı oxuyublar. Uluruh Atalı «Matəm üstə Mütləqlə Təmas»ı deyib.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun sözü dinlənilib: «Ürəyinizdə Ata Günəşi olsun, Ata Sonevinə yığışan Atanın soydaşları! Ata Sonevini ziyarət etmək həm sıravi, həm də qeyri-adi hadisədir. Bütün insanlar ölməzlik istəyirlər və bütün insanlar ölümdən xoflanırlar. Bunu da mənfi anlamda işlətmirəm: bu, insanın müqəddəs qorxusudur. Bu, əslində insanın həyata vurğunluğunun təsdiqidir».


Ruhani Başçı Ata Ömrünün ölümdən üstünlüyü barəsində danışıb: «İnam Atanın uyuduğu torpağı ziyarət etmək – ölümün və ölməzliyin himnini yaşamaqdır. Bu sözün həqiqiliyini duymaq üçün hər kəs insan haqqında Mütləqə İnamın həqiqətini yaşasın, görsün ki, onun duyğularında belə bir şey var, ya yox? Ey insan, sənin qəlbin o qədər geniş, həqiqətçi olmalıdır ki, sənə qədərki nəsillərin həyatını öz həyatın sayasan, sevinəsən. İnsan elə bir fikirlə yaşamalıdır ki, o, ölməzdir. İnsan ən ali varlıqdır, onda ölməzliyin tükənməz fərəhi var. Bunu insan öz ömründə dərk edə, yaşaya bilər. Biz bunu Atanın Ömründən və Əsərlərindən görürük.

Ata ölümdən qorxmurdu. Onun əsərlərinin məntiqinə yetən biləcək ki, Ata fikrini inamlı deyirdi və yaşayırdı».
Ruhani Başçı Safruh bu gün Ocağın böyük bir ləyaqətlə yaşadıldığını bildirib: «İndi biz Atanın adıyla başlanan Yolu yaşadırıq. Yolu yaşatmaq – nəhənglərin işidir. Bu, daha çox ağılla dərk oluna bilər! Bu işin bütün dünyaya təsiri olacaq. Bu iş Atanın Ocağından, Azərbaycandan, Türk millətindən başlayır. Dünya mütləq bundan yararlanacaq.

Asif Atanın Yolunu davam etdirmək bu deməkdir, fason vermək deyil! Dünənki amaldaşına badalaq atmaq deyil! Qardaş əvəzinə qara daş olmaq deyil! Ocaqdan qaçmaq deyil, Ocağın prinsipini tapdamaq deyil! Atanın hüzuruna gəlirik. Bu böyük, müqəddəs halı dərindən duymaq, inanmaq gərəkdir!
Ali həqiqət üçün yaşayan insana inanmaq və səcdə etmək gərəkdir. O səcdə insanın ölməzliyinin təsdiqidir. Biz Türk xalqının başını daim uca etməliyik. Bu, necə olmalıdır? Xalq Atanı yaşatmalıdır, onu göz-bəbəyi kimi qorumalıdır. İnsanın ömrü ruhani olmalıdır. İnam bu cür şəxslərin örnəyində verilir».

Mərasimdə «İnam Atanın ölümünün 15-ci ili: Ocağın İnam Atalı dönəmi və indi», «Mütləqə İnamın qaçılmazlığı» mövzusunda Evladların, İnamçıların, Ocaq Dostlarının çıxışları dinlənilib.
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib ki, İnam Ata ölməyib: «Çünki onu daim Ruhumda gördüm, hiss etdim, əmələrimdə, sözümdə, yazımda, ömrümdə yaşatdım. Əslində mənim öz İnam Atam var və bu ilahi obraz milyonlarla adamın tanıdığı Asif Ata obazının mütləq şəkildə tanınması, ömürləşməsi, xilasçılığı üçündür. İnam Ata gəlişiylə müqəddəsliyin mütləq ölçüsünü, İnsana, Xalqa, Vətənə, Bəşərə münasibətin ilahiliyini yaratdı.»

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin rəhbəri Barat Vüsal Ataya dərin sayğısını ifadə edib: «Ziyarət qələmə sarılmaq, yola çıxmaq, ruha tapınmaqdır. Bəşəriyyətin ən çox düşündüyü məsələ ruh uğrunda mübarizədir. Yəni dünyada ruhun xilası uğrunda mübarizə gedir. Asif Atanın şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Həmişə Atanın kitablarından yararlanmışam. Atanın kitabı stolüstü kitabımdır. Safruhun da kitabı məndə var. Düşünürəm ki, ruhumuzu millətin, dövlətçiliyin enerjisinə necə çevirək? Asif Ata deyir ki, insan öz ilkin mənasına qayıtmalıdır».

İnamçı Möhsün Tağıyev ziyarətin ömründə müqəddəs bir məqam olduğunu bildirib: «Atadan güc almağa gəlmişəm. O gün olacaq ki, Atanın Sonevi hamının qəbul etdiyi müqəddəs bir ziyarətgah olacaq. Atamız həmişə var olacaq. Hər gün Atanı anıram, hər gün onun kitabından oxuyuram».
Jurnalist Yaşar Məmmədov Ruhani Başçı Safruhun çıxışını yüksək dəyərləndirib, Ocağın ömründə yaratdığı müqəddəs, insani təsirdən danışıb: «Ocaq tədbirlərinin təsirindən uzun müddət çıxa bilmirəm. Bu qədər yolu qət edib Ata sonevini ziyarətə gəlmək hünərdir».

İnamçı Alim Abbasov ziyarətə görə özünü xoşbəxt hesab etdiyini bildirib: «Mütləqə İnam bütün bəşərə gərəkdir. Safruh qardaşımın hikmətlərini dinlədim. Bəşər Mütləqə çatanda xoşbəxt olacaq. Bu yaxında İşıqlı və Yolruh Atalıların evini ziyarət etdim, onların Ocaq çabalarını gördüm, bir daha əmin oldum ki, Ocağın xilaskarlığı nədir.»
Yolnur Atalı ziyarət üstə duyğularını belə bölüşüb: «Ata İnamı məni xoşbəxt elədi. 20 ildən çoxdur ki, Ataya səcdə qılıram. Bunu Mütləqiliyə olan sevgim kimi qəbul edirəm. Çalışmışam bu İnamı insanlara çatdırım. Əqidə yolçuluğumda çoxlu çətinliklərə rast gəldim, ancaq inadımdan əl çəkmədim. İnsanın məqsədi özündəki Mütləqə çatmaqdır.

Atamızın İnamı gerçəkləşir. Təbii ki, Mütləqə çatmaq çətindir, ancaq başqa yol yoxdur. Hər birimiz Atanın kitabı, təsdiqi olmalıyıq».
Yolnur Ruhani Başçımız Safruh haqqında deyib: «Safruhun güzəştsizliyini bilirəm. Ondakı canlı mütləqi görürük. Onun sözlərini əzbər deyirəm. Gələcəkdə Atanın irsiylə yanaşı, Safruhun da irsi tədris olunacaq».
Məhərrəm Şəmkirli ruhani səfər təəssüratlarını belə bölüşüb: «Bu gün Ata kimi müqəddəs bir insanın sonevini ziyarət etdim. Çox sevinirəm. Biz Ataya olan mənəvi borcumuzu hər an ödəməliyik».
Uğur Atalı İnam Ataya həsr etdiyi içsəsini oxuyub: «İnam Ata 62 illik ömründə Ocağın varlığı üçün əlindən gələni əsirgəməyib və dünyanın, insanlığın xilası üçün Ocağı qurub.»

Yolruh Atalı mərasim üçün yazdığı içsəsini oxuyub.
Ruhani Başçı Safruh mərasimi sonlandırıb: «Bu haraylar çəkilə-çəkilə gedəcək, Ata İnamının qaçılmazlığı getdikcə daha aydın bilinəcək».
Mərasimin carları belə olub: «Ruhun Ruhumuzdadır, İnam Ata!», «İnam Ata – İnsanlığın Mütləq ünvanı!» Mərasim «Ata Ruhunu ürəyimizdə aparırıq!», «Atamız var olsun!» səcdəsilə bitib. 


Комментариев нет:

Отправить комментарий