Azərbaycan
poeziyası taxtında özünəməxsus yer tutan, yaratdığı gözəl yazı nümunələri ilə hələ
sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd
İsmayılın yaradıcılığına oxucular hər zaman xüsusi maraq və məhəbbət göstərmişlər.
Bu maraq son altı ay ərzində daha da güclənmiş və get-gedə artmaqdadır.
Bu ilin fevral
ayında “Vmesto pisma” kitabının təqdimatı ilə əlaqədar Türkiyənin Çanaqqala şəhərindən
Moskvaya dəvət olunan sevimli şairimiz,
bu gəlişilə qürbətdə yaşayan həmvətənlərini sözün həqiqi mənasında heyrətə
saldı.
Bu görüşlərin canlı şahidi kimi deyə bilərəm ki, Yuri Kuznetsovun xatirə
gecəsində, Marina Svetayevanın ev muzeyindəki öz görüşündə və Millətlər evində
təşkil olunmuş yuxarıda adını çəkdiyim kitabın təqdimatında Məmməd İsmayıl fenomeni böyük dalğa yaratdı.
Təntənəli gəlişilə həmvətənlərinə bir parça ümid, istilik və hərarət gətirən,
rus və Azərbaycan dillərində etdiyi çıxışları, oxuduğu bir-birindən gözəl və mənalı
şeirləri ilə qəlbləri təlatümə salan şair, öz gedişilə pozulması zaman aparan həsrət
acılı bir sükuta səbəb oldu. Onun gedişilə onsuz da qarlı-boranlı qış günləri
yaşayan Moskva, Günəşini itirmiş asiman kimi bom-boş göründü. Və bu ayrılıqdan
sonra, hələ çox müddət ərzində, Məmməd İsmayıl ismi dillərdən düşmədi.
Poeziya səmasında hər
zaman parlamaq üçün doğulmuş bir ulduz olan ustad şairimiz, Moskva görüşlərindən
az sonra, bir-birinin ardınca müxtəlif
respublikaların, şəhərlərin ədəbiyyat dərnəkləri, dərgiləri və təşkilatları
tərəfindən, öz gəlişilə onları şərəfləndirmək təklifləri almağa başladı.
Bunların sırasında, bu il sentyabrda Krımda Koktebel şəhərində keçiriləcək
10-cu Beynəlxalq Poeziya festivalına, oktyabr-noyabr aylarında Rusiyanın
Saratov şəhərində nəşr olunacaq yeni kitabının təqdimatına dəvətlər də vardır.
Məmməd İsmayıl
yaradıcılığının bpyük pərəstişkarlarından biri, Saratovda nəşr olunan
“Literaturnıy Saratov” jurnalının baş redaktoru Vladimir Quryanov, öz dərgisinin
beşinci nömrəsinin çox hissəsini sevimli şairinin yaradıcılığına həsr etmiş,
onun haqqında yazılan məqalə və tənqidi yazıları, eləcə də şairin onlarla
şeirini dərc etdirmişdir. Jurnal V.Quryanovun Məmməd İsmayıl haqqında yazdığı
belə bir yazıyla başlayır:
“Məmməd
İsmayil – Azərbaycan poeziyasinin parlaq ulduzu
Yazıçılar
İttifaqlarının Beynəlxalq Birliyi – Rusiyanın,
MDB ölkələrinin və bir sıra digər dövlətlərin yazıçılar birliklərini
özündə birləşdirən yaradıcı təşkilatdır. Onun əsas vəzifəsi - bu dövlətlərdə
vahid mədəni mühitin qorunub saxlanması və mənəvi əlaqələrin möhkəmlənməsidir.
Milli mədəniyyətin
möhkəmlənməsi kimi möhtərəm məqsəd daşıyan “Literaturnıy Saratov” –un
redaksiyası dərginin bu nömrəsində istedadlı Azərbaycan şairi Məmməd İsmayılın
şeirlərini və onun haqqında rus şairi mərhum Yuri Kuznetsovun, Məmməd İsmayıl qələminin
vurğunu texniki elmlər namizədi, professor, Rusiya Təbii elmlər akademiyasının
müxbir üzvü, “21-ci əsr Elm” jurnalının məsul redaktoru Rəfail Başar oğlu Qəribovun
yazdıqları məqalələri dərc edib.
Əziz oxucular,
tanış olun! Azərbaycan poeziyasının parlaq simalarından biri, qeyri-adi poetik
istedada, fəlsəfi ağıla malik, həyata saf və titrək münasibətlə yanaşan bir
insan sizinlədir!
Vladimir Quryanov, “Literaturnıy Saratov” jurnalının baş
redaktoru”
Bu yazıdan aydın
olur ki, Məmməd İsmayıl şairləri, pomalarıı nəinki Azərbaycan və Türkiyədə
tanınır, sevilir, eləcə də onun yaradıcılığını Rusiyada, Fransada və s... başqa
ölkələrdə də izləyirlər. Çünki, Allahın verdiyi fitri istdad elə bir möcüzədir
ki, onu nə gizləmək, nə də söndürmək olmaz. Belə bir insan harada yaşayır
yaşasın, öz işığına yüzlərlə, minlərlə oxucunu cəlb edəcəkdir.
Bu arada, Məmməd müəllimin
çox sevdiyi müdrik Konfusidən bir misal gətirmək istəyirəm. O deyir ki, kim ki,
insafla davranar, o Şimal ulduzu kimi hər zaman öz yerində olar və digər ulduzlar hörmətlə onun dövrəsinə cəlb
olarlar.
Bu kəlamı mən Məmməd
İsmayıla şamil etmək istəyirəm. Çanaqqaladan, möhtəşəm bir ulduz timsalı, ətrafına
və minlərlə km uzaqlara işıq saçaraq, hər kəsi - ədəbiyyata və şeiriyyətə ürəkdən
bağlı olanları, sadə və səmimi insanları, dünyanı beş günlük gəlir məmbəyi
deyil, əbədi vicdan məhkəməsi bilənləri – özünə cəlb edir.
Görkəmli Rus şairi,
Məmməd İsmayılın ən yaxın dostlarından və onun şeirlərinin rus dilinə tərcüməçilərindən
biri Yuriy Kuznetsov öz ““Layiqli
adam” haqqinda söz “ məqaləsində
haqqında belə yazır:
“Zamanınız olarsa,
Azərbaycanın xəritəsini götürün, Tovuz rayonunu tapın. Kifayət qədər böyük olan
bu rayonda Əsrik adlı kiçiçik bir kəndi axtarın. 1939-cu ilin payızında, məhz
bu kənddə, kəndli ailəsində valideynlərinin ilk və son oğlu – Məmməd İsmayıl
anadan olmuşdur. Yəqin ki, yeni doğulmuş körpənin səsi sazın sədaları ilə müşayət
olmuşdur. Çünki, Tovuz – qədim aşıq diyarıdır, Əsrikdə isə, demək olar ki, hər
kəs sazda çalmağı bacarırdı. O tərəflərdə belə bir məsəl vardı, deyirdilər ki,
hər kənddən bir layiqli adam seçsəniz, Əsrikdən ilk qarşınıza çıxsa götürə bilərsiniz.
Çünki, bu kənddə hər kəs layiqlidir. Və talenin seçiminə Məmməd İsmayıl düşdü”.
Və daha sonra belə
qeyd edir:
“Şair həyatında təsadüfi
heç nə olmur. Ad isə şair həyatında ən önəmli yerlərdən birini tutur. Məmməd
İsmayılın adında isə Allahın rəsulunun (s.ə.s.) və dahi sərkərdə şah İsmayıl Xətainin
adları birləşmişdir.
Əlbəttə ki, şair
bununla qürur duyur. Amma Məmməd İsmayıl nə peyğəmbər olmadı, nə də ki, sərkərdə.
Tale onun üçün başqa bir həyat hazırlamışdı...”
Doğrudan da tale
ona başqa bir ömür hazırlamışdı - mükəmməl şair ömrü! Heç kəsə bənzəməyən
misraları və hər kəsdən fərqli dünya görüşü olan, yenilməz, məğrur bir şair
ömrü! Məmməd İsmayıl taleyi – uşaqlığı müharibə qoxulu, gəncliyi ilk məhəbbət
acılı! Doğma anası - şairin qibləsidir. Üzünü görmədiyi atası – mərdlik,
igidlik və həm də sonsuz həsrət timsalıdır. Səmalar – sehirli bir dünyanın əksi
olaraq şeirlərində canlanır. Uşaqlığında saz səsilə mayalanmış xatirələr
sonradan Yerin anlaşılmaz sirli səsilə qarışır.
Onun bütün
duyğuları bax elə bu xatirələrdən su içmişdir...
Şairin çoxsaylı
dostlarından biri, Moskva görüşlərinə
xüsusi olaraq gəlmiş, “Elm: 21 əsr” jurnalının məsul redaktoru, texnika elmləri
doktoru, professor Rəfail Qəribov o günləri xatırlayaraq, həmin görüşlərdə
iştirak etdiyi üçün özünü xoşbəxt insan hesab edir və xatirələrində belə yazır:
“Mən artıq özüm üçün
belə qənaətə gəlmişəm ki, hər bir azərbaycanlı, ömründə heç olmasa bir dəfə,
şairlik etmişdir. Mənim xalqımı və dövlətimi poetik düşüncədən, gözəllikdən,
gözəl sözdən və sözün “musiqisindən” ayrı xəyal etmək mümkün deyil. Azərbaycan
dünyaya Nizami, Füzuli, Xaqani, Seid Əzim Şirvani, Sabir, S. Vurğun, Hüseyin
Cavid, Rəsul Rza və s... kimi dahi şairlər bəxş etmişdir. Və elə indi də odlar
yurdumuz mükəmməl söz ustaları yetirməkdədir. Bəzən hələ çox gənc olan
istedadların yazılarını oxuyub, fikirlərin və duyğuların dərinliyinə təəccüb
edirsən. Yəqin ki, torpağımız özü övladlarına ətrafındakı gözəllikləri görmək və
kainatın dərinliyini duymaq qabiliyyəti verir.
Hazırda yaşayan Azərbaycan
ədəbiyyatı klassikləri sırasında Məmməd İsmayıl adı parlaq bir ulduz kimi
parlayır!”
Bir insanı müxtəlif
baxış nöqtələrindən müxtəlif cür görmək olar və ona qarşı müxtəlif hisslərə malik olmaq olar. Mən bəzən öz-özümə
düşünürdüm, nədən Məmməd müəllimdən bəzən bu qədər çəkinir və hətta qorxuram
(axı o buna heç bir zəmin yaratmır və bundan xəbərsizdir), bəzən isə ürəyimin ən
ümdə arzularını aça biləcək qədər yaxın oluram. Bəlkə də bu sual, onu tanıyan
çoxlarını düşündürüb. Axır ki, müşahidələrim mənə bu qənaətə gəlməyə imkan
verdi: öz düçüncələrini, fikir və amalını
bölüşərkən o, tamam ayrı bir insan olur - möhtəşəm bir natiq, əlçatmaq və
yenilməz zirvələr qədər uzaq bir alim...; qalan vaxtlar, doğmalarının və
yoldaşlarının arasında isə - hətta “yumurtalı sucuq” bişirəcək, manqal yapacaq
qədər sadədən sadə, doğmadan-doğma, ata mehrli, dost ətirli yaxın bir insan...Və
ikinci şəxs – mehriban dostdursa, birinci şəxs – inkarolunmaz dahidir!
Söhbətlərinin birində
Məmməd müəllim demişdi ki, bizim gözlə görə bilmədiyimiz inanılmaz bir güç var,
o güc ki, Mərmərə və Egey dənizləri dediyimiz iki məğlubolmaz nəhəngi bir
boğazda birləşdirir.
Şairanə müdrikliklə
və Məmməd İsmayıl tərzində deyilmiş bu kəlmələri elə onun özünə də aid etmək
olar: ilahi bir güc şairlik və insanlıq deyilən iki anlamı bir şəxsin
timsalında var etmiş, bir ömürdə cəmləşdirmiş və ... onu hər zaman sevilməyə məhkum
etmişdir!
İstəyirəm ki,
uzun-uzun illər boyu Məmməd İsmayılın – sevimli şair və gözəl insanın varlığına
görə ulu Tanrıya şükürlər deyə bilək və hələ neçə-neçə yeni əsərlərinin,
kitablarının oxucusu olaq!
Afaq Şıxlı Moskva
Комментариев нет:
Отправить комментарий