Страницы

13.09.2012

Bu sənin şəklindir, cənab Demokratiya!

Arzu Abdulla

Macarıstanın Kozma həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş azərbaycanlı zabit Ramil Səfərovun əfv edilməsi ABŞ hakimiyyətinin narahatlıq bəyanatının yayılması ilə müşayiət edildi. Ağ Ev administrasiyasının təşvişi təxminən belə səsləndi: “Bu nədir, yəni dünyada heç haqq-ədalət yoxmudur? Ramil Səfərov necə azad ola bilər?”
Maraqlı sualdır... deyilmi?.. Amerika Ramil Səfərovun azadlığından narahat-pəjmürdədir. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tomi Vietor elə belə də deyib: “Azərbaycan prezidentinin zabit Ramil Səfərovu əfv etməsi regionda gərginliyi azaltmağa yönələn səylərin əleyhinədir”...


ABŞ xarici siyasətinin cildi - Lynndie England

İraqda, Əfqanıstanda, Pakistanda müsəlman uşaqlarını nişangah seçib mərcə girən amerikalı əsgərlər körpə, günahsız uşaqların gicgahından vurmaq üçün yarışırlar. Ötən il Əfqanıstanda bir gündə 15 azyaşlını Amerika əsgərləri bax beləcə, qanına qəltan etmişdilər...
Dünyanın o başından bu başına hücum çəkib sanksiya tələb edən ABŞ təşkilatlarının deyəsən, Lynndie Englandın öz “xoşbəxt həyatı” haqqında verdiyi müsahibələrdən də xəbərləri yoxdur. İraqda günahsız insanları itinə parçalatdıran Lynndie England adlı amerikalı qadın əsgər buna görə cəmi 3 il həbs cəzası aldı. Üstəlik etdiyi vəhşiliklərdən ibarət “Tortured” (“Əzaba düçar olmuşlar”) adlı kitab da buraxdı. Kitabının təqdimatı zamanı jurnalistlərin ona yönəltdiyi: “İnsanlara qarşı etdiyiniz dəhşətli əməllərdən peşmansınızmı” sualına belə cavab verdi: “Peşman deyiləm. Mən gedib ərəbləri İraqda qırmasaydım, onlar gəlib məni Amerikada öldürərdilər”. Yüzlərlə insanı ağlasığmaz işgəncələrə vadar edən amerikalı əsgər qadın cəmi üç il həbs cəzası aldı. Çünki o, iraqlıları, yəni müsəlmanları təhqir etmişdi. Lynndie England məhkəmədə də ona yönələn “Peşmansınızmı” sualına “Qətiyyən, əməllərimdən çox xoşbəxtəm” deyə cavab vermişdi. Çünki bu dünyada “kim öldürdü” sualı keçmir, “kimi öldürdü” sualı yararlıdır...
Azyaşlı uşağın başını kəsən, əsirləri işgəncə ilə qrup halında seksə məcbur edən, əsirlərin başına it xaltası bağlayıb sürüyən, müsəlman qadını itinə zorlatdıran England hazırda ABŞ-ın Virciniya əyalətinin kiçik bir qəsəbəsi olan Keyserdə övladı ilə birgə yaşayır. Yenə də maraqlı sual doğur: nə əcəb Amerikada 11 sentyabrda guya, qüllələri partladan, dünyaya meydan oxuyan müsəlman terror təşkilatları günahsız müsəlman bacı-qardaşlarının, körpələrinin qisasını almaq üçün ona toxunmurlar? Görünür, belə “qisas” ABŞ-a sərf etmir.
Sualdan sual doğur, hamısı da cavabsız. Ey, məmləkətimin qrantyeyən “demokratiya” carçıları, sizə bir məsləhətim var: amerikalı ifritə Englandı belə səbirsizliklə gözləməyin! Ən azından it xaltasından ayıbdır. O gələsi olsa, xalta ilə birgə gələcək!

İşğalçı siyasətin zərif qurbanı...

Amerikalı qadın əsgərlərin hər yüzündən qırx biri əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalır. Bu açıqlamanı Kaliforniya senatoru Jane Harman Amerika ordusunda xidmət edən qadın əsgərlər haqqında danışarkən deyib: “Amerika ordusunda xidmət edən qadınlar İraqda mərmilərə hədəf olmaqdan daha çox əsgər yoldaşlarının cinsi təcavüzünə məruz qalmaqdan qorxurlar”. Amerikanın Müdafiə Nazirliyi təkcə 2007-ci ildə Amerika ordusunda əsgər yoldaşları tərəfindən zorlanan qadınların sayının 3 mini keçdiyini bildirib. Nazirlik İraq və Əfqanıstanda hərbi xidmətdə olan qadın əsgərlərin təcavüz qorxusu altında yaşadıqlarını və bu həyatın onlara əsl cəhənnəm əzabı olduğunu bildirib.
Əziz oxucum, əgər Amerika orusunda xidmət edən qadınların cəhənnəmə çevrilən həyatı ilə tanış olmaq istəsəniz, Nyu-Yorkdakı Kolumbiya Univerrsitetinin qəzetçilik bölümünün professoru Helen Benediktin müharibə ərazilərində Amerika ordusunda xidmət edən və əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalan 40 əsgər qadının dəhşətli tarixçəsi olan kitabı dünyada ən çox satılan kitablardandır. Kitab “Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” adlanır. Kitabla tanış olarkən qadın əsgərlərin hətta tualetə də tək getmədikləri, özlərini qorumaqdan ötrü üzərlərində daim soyuq silah gəzdirdikləri bəlli olur.
“Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” kitabında yazılır ki, ABŞ Müdafiə Nazirliyi İraq və Əfqanıstanda xidmət edən hər on əsgərindən birinin qadın olduğunu açıqlayıb. Kitab İkinci Cahan Savaşından bu yana Amerika ordusunda qadın əsgərlərin daha çox İraqda vuruşduğunu və öldüyünü qeyd edir. Bu kitabı oxumaq yetər ki, Amerikanın işğalçı xarici siyasətinin milyonlarla insanın həyatını necə məhv etdiyinin şahidi olasan. Deməli, ABŞ öz vətəndaşının da həyatını cəhənnəmə çevirməyə hazırdır. Təki dünyadakı bütün torpaqların altından axan qara neft ABŞ-a doğru AXSIN.

Amerika “demokratiyasının” tarixi

Rus tədqiqatçı alimi Oleq Platonovun “Amerika niyə məhv olacaq?” kitabı dünyaya demokratiya dərsi keçən Amerika siyasətinin mahiyyətini açır. İllərlə Amerikada tədqiqat aparan müəllif tutarlı dəlillərə söykənməklə çox uzaqlara gedir. Əgər siz də Amerika “demokratiyasını” izləmək istəyirsinizsə, o zaman kitabla yaxından tanış olun: “Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci Dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.
1948-1953-cü illər - Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər - 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.
1964-1973-cü illər - Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.
1964-cü il - Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər - 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.
1982-1983-cü il - 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il - Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il - Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.
1991-ci il - İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.
1992-1993-cü illər - Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli”.

Dəhşətli tablolar

Alman generalı rəsm sərgisində gəzişərkən gözünə bir tablo sataşır. Tabloda əsir düşmüş çılpaq qadınlara və uşaqlara silahlı alman əsgərlərinin işgəcə verməsi təsvir olunur. Alman general dərhal rəssamı yanına çağırıb ondan soruşur: “Bu rəsmi sənmi çəkdin? Bu əsərin müəllifi sənmisən?”
Tablonun müəllifi sakit tövrünü heç pozmadan alman generala belə cavab verir: “Xeyr, general, bu sizin əsərinizdir”. Bəli, cənab Obama, bu gün müsəlman dünyası “Ərəb baharı”nın istisindən yanır. Bu istiyə günahsız yerə öldürülmüş və dəfn edilməmiş insanların çürüyən meyitlərinin də üfunətli qoxusu qarışıb. Axı baharda qızılgüllər açır, hava gül qoxuyur. “Ərəb baharı” niyə belə insan meyiti qoxuyur? Dəhşətli tablodur.
Suriyada hər gün yüzlərlə günahsız adam qətlə yetirilir. Ananın qucağında qanı axıb quruyan o körpənin meyiti gözlərimin önündən getmir. Açıq qalmış gözlər hələ də isti ana ovcunun sığalını axtarır. Dəhşətli tablodur.
Amerika əsgərləri İraqda övladlarının gözü qarşısında ərəb qadınını zorladıqdan sonra ona bundan daha ağır əzab verirlər: övladlarını da işgəncə ilə öldürürlər. Sonra isə ananı öldürüb, bütün meyitləri evə yığıb od vurub yandırırlar. İraq bizim məmləkətdən məsafəcə çox uzaqdır. Amma o suçsuz insanların yanıq qoxusu burnuma dolur. Dəhşətli tablodur.
Yeniyetməliyini düşmən gülləsinin altında yaşayan Ramil hər gün ata-anasının iş yerinə gələndə bütün xəstəxanada bədən üzvləri kəsilmiş, başının dərisi soyulmuş, gözləri çıxarılmış, tanınmaz hala salınmış meyitləri, düşmən işgəncəsindən param-parça olmuş yararlıların ah-vayının şahidi olur. Kimdir müqəssir? Bu sualla böyüdü, bu mənzərə ilə baxdı dünyaya Ramil. Ramilin gözlərindən “Müharibə” adlı tablo asıldı. Dəhşətli tablodur.
İngilis dilini öyrənmək üçün gəldiyi Macarıstanda gənc ömrü sona çatan erməni Qurgenin də yolunu doğmaları gözləyirdi. Amma gənc bir adamın özü deyil, meyiti onun doğmalarına təhvil verilir. Bu da dəhşətli tablodur...
Və bu tabloların, müəllifi sənsən, cənab Demokratiya!!!
Bu dəfə dırnaq arasında...

Teleqraf

Комментариев нет:

Отправить комментарий