Страницы

13.09.2012

Təhsilimizdə “dərslik” rəzaləti


Əlövsət OSMANLI
riyaziyyat üzrə fəlsəfə doktoru


Təhsilimizdə ən böyük zərbə onun məzmununa vurulub desəm, yəqin ki, yanılmaram. Bu sahəyə məsul olan nazirlik yertkililərinin bəzi günahlarını bəlkə də bağışlamaq olar. Amma onların təhsil proqramları (kurikulumlar) və dərsliklər sahəsindəki günahlarını qətiyyən bağışlamaq olmaz! Çünki təhsilin məzmunu, əsasən, proqramlarda və dərsliklərdə cəmləşir. Onların dağıdılması isə praktik olaraq, təhsilin məzmununun dağıdılması deməkdir.


Dərsliklər kralı – Mərdanov

Elə hər şey də nazirimizin bu sevdaya – “dərsliklər kralı olmaq” iddiasına düşməsindən sonra başlandı...
Misir Mərdanovun hərisliyini bilən bəzi üzdəniraq yazarlar öz cızmaqaralarını irəli itələmək üçün onun adını dərsliklərə birinci müəllif kimi yazdılar. Mərdanovsa “əl əli yuyar, əl də üzü” prinsipilə bunun müqabilində onların “dərsliklərinə” yaşıl işıq yandırdı və özünü elə apardı ki, sanki bu, onun halal haqqıdır. Düşünmədi ki, bununla o, ölkəmizdə dərslik yazmaq ənənəsi yaratmaq əvəzinə, olan-qalanı da vurub dağıtdı. Bu minvalla nazirimiz sınırları aşaraq mizan-tərəzini pozdu, haqq-ədaləti gözləmədi, bütün ölçü-biçiləri itirdi. Hətta iş o həddə çatdı ki, o, “müəllifi” olduğu dərsliklərin adlarını və sayını da unutdu. Bəlkə kimsə deyə bilər: Bu qədər də ağ ola bilməz, necə məgər adam “dərsliklərinin” adlarını və sayını itirib?! İnanmayan varsa, buyursun, məni diqqətlə dinləsin.
Hamıya bəllidir ki, Mərdanov 3 sinfin informatika dərsliyinin müəllifidir: 1-ci sinfin (2006-cı il nəşri) və 5-ci, 6-cı siniflərin. Di gəl o, İTV-nin “Açıq dərs” proqramındakı məlum debat zamanı millətin gözü qarşısında israrla dedi: “Mən heç bir informatika dərsliyinin müəllifi deyiləm və heç zaman olmamışam”. Dəyərli oxucular, əgər bu da sizin üçün inandırıcı deyilsə, onda zəhmətdən keçib internetdə yerləşdirilmiş videoçarxa baxın. Orada hər şeyi canlı görə və Misir müəllimin öz dilindən eşidə bilərsiniz. (YouTube: Misir Mərdanov və Əlövsət Osmanlının çəkişməsi). Buradan belə çıxır ki, Mərdanov ya milyonlarla televiziya tamaşaçısına yalan danışır, ya da ki, öz dərsliklərinin adlarını və sayını dəqiq bilmir...
Bu gün nə az, nə çox, düz 14 dərsliyin üzərində Misir Mərdanovun adı və soyadı var. Yəqin ki, bu, dünya rekordudur. Şəxsən mən inana bilmərəm ki, dünyada ikinci kimsə bu qədər dərsliyin (!) müəllifi olsun. Ona görə də bu mənada Mərdanovu “dərsliklər kralı” hesab etmək olar. Burada, istər-istəməz, bir sual adamı düşünməyə vadar edir: Görəsən, Mərdanovdan başqa, dünyada elə bir təhsil naziri varmı ki, 14 demirəm, bircə dərsliyin müəllifi olsun?! (Təbii ki, söhbət nazir olarkən dərslik yazmaq mərəzindən gedir!).

Qondarma DQŞ və dərslik müəlliflərimiz

Bildiyimiz kimi, son bir neçə ildə orta məktəb dərsliklərimiz daha da pis günə düşüb. Hesab edi­rəm ki, buna səbəb Təhsil Nazirliyindəki başıpozuqluq və na­zir başda ol­­­­­­maqla, ayrı-ayrı şəxslərin ağlagəlməz əməlləridir...
2007-ci ildə nazirliyin tabeçiliyində Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) deyilən qondarma bir qurum yaradıldı. Aləmə də car çəkildi ki, guya bu qurum müstəqildir və ən yaxşı dərslikləri seçəcək. Axırda nə bəlli oldu? Sən demə, “DQŞ” oyununun arxasında bəzi bədəməllərin şəxsi maraqları dayanırmış. Bu gün dərsliklə­rin “seçimi” 11 üzvdən ibarət olan yedək qurum – DQŞ vasitəsilə həyata keçirilir. Bu qurumun üzvlərinin indiyədək hansı qınaqlara məruz qaldıqlarını, ünvanlarına yazılı və elektron KİV-də nələrin deyildiyini bir onların özləri bilir. Onda təbii sual ortaya çıxır: Cəmiyyət tərəfindən daim qınağa, tənqidə, təhqirə, söyüşə mə­ruz qalan bu şəxslərin nə marağı var ki, pulsuz-parasız, ictimai əsas­lar­la ağır bir işin “altına” giriblər?! Məncə onların bircə marağı var: Dərs­lik müəl­li­fi olmaq və bu prosesdən maksimal “yararlanmaq” marağı! Xa­­tır­­la­dı­ram ki, DQŞ-də “mən sənə, sən mənə” prinsipilə çalışan bu in­san­lar “mənəvi” itkilə­r­i­nin müqabilində öz təkəlçiliklərini (inhi­sar­çı­lıq­la­rını) qoruyub sax­­la­yır, yaxud da yeni dərslik müəlliflərinə çev­ri­lirlər. Məhz bu səbəbdən­dir ki, DQŞ üzv­ləri: Nizami Cəfərov ana dili və ədə­biyyat; Va­qif Abba­sov kim­ya; Mir­zəli Murğuzov fizika; Sabir Mirzəyev ri­ya­ziy­yat; Mu­sa Qa­sım­lı ta­rix dərs­lik­ləri­nin müəllifidir...
Bir az öncə dediyim kimi, bu gün Misir Mərda­nov dünyada ye­­ga­nə təh­sil naziridir ki, 14 dərs­­liyə müəl­li­flik edir. Fə­la­kə­tin dərə­cəsi­nə baxın, müəlliflər siyahısında na­­­­zirliyin dərs­lik və nəş­riy­yat şö­bə­sinin mü­di­ri Faiq Şahbazlı (“Azər­bay­can di­li-5” və “Azər­bay­can di­li-8”), onun doğ­ma öv­ladı Kö­nül Faiq qızı Mahmudova (“Zo­olo­gi­ya-7” və “Zo­olo­gi­ya-8”), təh­silin ida­rə­olun­masının mə­­lumat sistemləri şö­bəsinin mü­­­­­­­diri İs­mayıl Sadı­qov (“İn­for­ma­tika” dərs­lik­ləri) və başqalarının da adı var.
Bu siyahıdan bir şey açıq-aydın gö­rü­nür: Bugünkü dərslik­ müəlliflərimiz təhsil naziri, DQŞ üzv­ləri, na­zirliyin şöbə müdir­lə­­ri, on­ların dost-tanış­ları, qohum-əqrəba­la­rı və övladlarıdır. İndi gəlin birlikdə düşünək: Bu müəllif heyətilə dərslik sahəsində yaxşı nəyəsə nail olmaq mümkündürmü?!

Dərslik adi şeydirmi?!

Təhsilimizin məzmununu dağıdan bəzi üzdəniraq ünsürlər bu gün öz günahlarını azaltmaq üçün təlim prosesində dərsliklərin rolunu kiçiltməyə çalışırlar. Onlar hər vəchlə toplumun beyninə yeritmək istəyirlər ki, guya dərslik adi bir şeydir, sadəcə olaraq təlim prosesində istiqamətverici funksiyaya malikdir, əsas müəllimdir, müəllim yaxşıdırsa, ona dərslik-zad lazım deyil. Hətta bunu “isbatlamaq” üçün onlar Kanada məktəblərində gördüklərini misal gətirirlər: “Kanadanın neçə məktəbində olduq, bir dərslik görmədik, oranın məktəblərində dərslik yoxdur!”. Bu sözləri deyən binəvalar bilmirlər ki, Kanadada, eləcə də digər inkişaf etmiş ölkələrdə çeşid-çeşid o qədər resurs var ki, dərsliyə ehtiyac da yoxdur. Amma neyləyək ki, bu gün ölkəmizdə məzmunun aşılanmasında əsas ağırlıq dərsliyin üzərinə düşür. Ona görə də hesab edirəm ki, bu resurslar olanadək topluma “dərslik boş şeydir, əsas müəllimdir!” fəlsəfəsini yox, “dərslik təhsilin məzmununun bir nömrəli daşıyıcısıdır!” fəlsəfəsini aşılamaq lazımdır...

 “Əcnəbi seyrə balonlarla çıxır...”

 Xeyli əvvəl təhsil nazirinin müavini Qulu Novruzov ibtidai siniflərdə dərs vəsaitlərinin çox və bu üzdən də şagird çantalarının ağır olması məsələsinə toxunaraq deyib: “Bu məsələ yəqin ki, yaxın illərdə öz həllini tapacaq. Azərbaycan təhsilində elektron tədrisin tətbiq olunması ilə problem həll olunacaq”. (APA, 18.08.2012). Bundan bir neçə gün sonra isə Gürcüstanın elm və təhsil naziri xanım Xatia Dekanoidze açıqlama verdi ki, “bu il məktəbə qədəm qoyan birincilərin hamısı yeni noutbukla təmin olunacaq”. (APA, 23.08.2012). Xatırladıram ki, Gürcüstanda hələ keçən dərs ilindən elektron tədris vəsaitlərinə keçilməyə başlanılıb. Həmin noutbuklar da birincilərə məhz bu məqsədlə veriləcək. Dəyərli oxucular, diqqət etdinizmi, elektron dərsliklərə keçidlə bağlı qonşu ölkənin naziri indiki zamanda, bizim nazir müavinimizsə məchul gələcək zamanda danışır. Daha doğrusu, onlardan biri fəxarətlə öz ölkəsində “elektron dərslik” ideyasının gerçəkləşməsindən danışır, digəri isə bu haqda utopik fikirlər söyləyir. Amma deyəsən, məsələ Qulu müəllim deyən kimi də deyil: Bizdə “elektron dərslik” ideyasının heç simptomları da yoxdur. Bu, nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının son açıqlamasından açıq-aydın görünür: “Məktəblərdə elektron dərsliklərin tətbiqinə gəlincə, hələ ki, bu məsələ gündəmdə yoxdur”. (Modern.az, 25.08.2012).
Oxucuların diqqətinə çatdırıram ki, gələcək inkişafını təhsildə görən bütün dövlətlərdə elektron dərsliklərə keçidlə bağlı işlər ya başa çatıb, ya da yekunlaşmaq üzrədir. Bizdə isə bayaq dediyim kimi, hələ bu haqda təzə-təzə düşünməyə (?!) başlayıblar. Rəhmətlik Sabir demişkən:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.

Türkiyədə elektron dərsliklərə keçilməyə bu ildən başlanılıb. Bu məqsədlə qardaş ölkədə ağıllı başlar uzun müddət bir araya gələrək dünyanın modern təhsil sistemlərini ələdilər, dənəmələr apardılar və sonucda möhtəşəm bir projeni – FATİH projesini ortaya qoydular. Projenin ən maraqlı cəhətlərindən biri budur ki, onun tətbiqilə klassik tədris vasitələri (dərslik, yardımçı kitab, çalışma kitabı, qələm və s.) elektron formaya keçir.
Dəyərli oxucular! Bu qısa məlumatı verməklə onu demək istəyirəm ki, “elektron dərslik” ideyasının gerçəkləşdirilməsi o qədər də asan məsələ deyil. Bunun üçün çoxlu vaxt, enerji, resurs, ağıl və intellekt gərəkdir. Görəsən bu haqda nazirlik yetkililəri düşünüblərmi? Halbuki neçə illər əvvəl bunu deyəndə onlar bizə rişxəndlə gülür, dediklərimizi qulaqardına vururdular. Vəziyyətdən “çıxmaq” üçün bilirsinizmi bu adamlar indi nə edəcəklər?! Tələm-tələsik eybəcər bir şey “quraşdıracaqlar”, adını da qoyacaqlar “elektron dərslik”. Fikirləri isə noutbukların necə “alınmasında” olacaq...

Ömər Dinçərin müsahibəsi və...

Bir neçə ayın söhbətidir, İTV-nin aparıcısı Cəsarət Valehli zəng edərək bildirdi ki, axşam “Açıq dərs” proqramında Türkiyənin təhsil naziri Ömər Dinçərlə müsahibəm efirə gedəcək, mümkünsə baxın, sizə çox yaxın mövzulara toxunmuşuq. “Mütləq baxaram” – dedim...
Verilişə axıracan diqqətlə baxdım. Türkiyəli nazir ölkəsinin təhsil sistemində gedən islahatlardan, maraqla izlədiyimiz FATİH projesindən danışdıqca adam heyran olurdu. Dinçər “elektron dərslik”, onun təhsildə yeri və üstünlükləri barədə o qədər həvəslə danışırdı ki, yaxşı mənada ona paxıllığım tuturdu. Öz-özümə düşünürdüm: Niyə bizim nazir də belə deyil? Görəsən bizdə də öz işini incəliyilə bilən təhsil naziri olacaqmı? Niyə bu problemlər bizim naziri də düşündürmür?..
Veriliş sona yetdikdən sonra Cəsarətlə bir də zəngləşdik. O, müsahibənin necə alındığını soruşdu. Dedim: əla, amma bir az yarımçıqlığı var. Söz onu tutdu. “Nə yarımçıqlıq?” – deyə soruşdu. Dedim: adekvat suallara Mərdanovdan da cavab alsanız və biz tamaşaçılara təqdim etsəniz böyük iş görmüş olardınız, amma belədə bir çiylik var...
Bəli, əziz oxucular, o vaxtdan bəri Cəsarətin ha verilişinə baxıram, amma Mərdanovu orada görmürəm ki, görmürəm...

"Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий