Страницы

12.09.2012

Faiq Balabəyli. Türmədə nəyi bağışlamırlar

İçərinin sərt qanunları....

Bayılda keçirdiyim 4 ay 15 gündə kifayət qədər türmə həyatına alışmışdım. İşlədilən jarqonlardan tutmuş, bu qaranlıq dünyanın aydın qanunlarına qədər hər şeyi öyrənmək cəhdim, bəzən xoşluqla müşahidə olunmurdu da. Mənimki gec gəlib, tez öyrənmək kimi anlaşırdı. Dəqiq bilirdim ki, mən “possajirəm”, bir daha bu yolun yolçusu olmayacağam. Baxmayaraq, yaxşı bilirdim ki, heç kəs bundan sığortalanmayıb və günlərin birində yenə də bu dar qəfəsdə ömür çürütməyin “ləzzətini” dadmaq "iki vur iki"dir.
Amma daxilimdəki inam mənə, nə qədər mümkündür, buranın qanunları ilə yaxından tanış ol, deyirdi. Açığı, türmə həyatının  acınacaqlı və arzuolunmaz olduğunu bir daha dəyərli oxucuların diqqətinə çatdırmaq yersiz olardı. Lakin bütün çirkablıqların içində saf bir şey tapmaq mümkün olduğu halda, burda da təqdirolunası şeylər kifayət qədərdi. Zamanı və yeri gəldikcə belə hallardan bəhs edəcəyəm.
Türmə rəhbərliyinin, əslində oğru qanunlarına hörmətlə yanaşdığının şahidi oldum. Sözsüz ki, bu qanunlar hər şeyin doğru-dürüst olmasına hesablanıb. Adminstrasiyanını türmədə dolayısı yolla bu qanunların işləməsinə şərait yaratması da bundan irəli gəlir. Bayılda dustaqların kamera şəraitində saxlanmasına baxmayaraq, “smotryaşinin” bütün kameralarla əlaqə saxlamaq imkanları var. Hər kameranın özünün “ağsaqqalı” olur ki, əslində, bu ağsaqqallar türmə işçiləri ilə dustaqların arasında bir dəllal, iş düzüb-qoşan rolunu oynayırlar. Eləcə də Türmənin “smotriyaşisinin” ötürdüyü malyavkalardakı tapşırıqların “yerlərdə” həyata keçirilməsinə nəzarətdə oğru dünyasına düşməyə cəhd edənlərin boynuna düşür. Köhnə dustaqların dediklərinə inansaq, əvvəllər heç də belə deyildi. Dustaqlar həqiqətən də bir-birinə doğma idilər. Baxmayaraq ki, dava-dalaş indikilərlə müqayisədə daha çox olardı və bəzən bu dava-dalaşlar ölümlə də nəticələnirdi. Ümumiyyətlə, həbsaxanada kimi isə öldürüb, qanını bağlamaq çox asan və xırda bir işdir.  Oğru dünyasınıun keçirdiyi “sxodkalarda” çıxarılan hökümlər qeyd-şərtsiz həyata keçirilir. Acınacaqlı hallar onda olur ki, bəzən "bratva"nın və "obaşaq"ın qərarıda hansısa maraqlara söykənir. Pulun burada da böyük qüvvə olduğu danılmazdır. Çoxlarının “svitoy” kimi tanıdıqları, güvəndikləri avtoritetin bəzən türmə rəhbərliyi ilə əlbir olması üzə çıxır. Bu hər iki tərəfə sərf edir. Özünü oğru dünyasında söz sahibi kimi görmək istəyənlər dolanışıq və hakimi-mütləqlikləri üçün türmə rəhbərliyi ilə gizlin danışıqlara girir, əslində türmədəki “besperdelliyin” qarşısını almaqla, həm də onlara yardımçı olurlar. Heç bir rəis istəməz ki, onun sahəsində arzuolunmayan hallar baş versin. Bu baxımdan hər iki tərəfə sərf edən anlaşmalar, əslində “kimsəsiz” dustağın yersiz “başağrıları” ilə sonuclanır.
Bunun ağrısını həm də həmin “bərk gedən” dustağın özü çəkməli olur. Bir müddətdən sonra dustaqlara kimin rəhbərliklə təmasda olduğu haqda informasiya ötürülür. Təkzibolunmaz faktlar qarşısında qalan oğru aləmində guya nüfuzlu olan şəxs "sındırılır", içərinin qanunları ilə cəzalandırılır. Köhnə dustaqlardan dəfələrlə eşitdiyim belə halların, özüm də bir neçə dəfə şahidi olmuşam.  Türmə də belə hallar bağışlanmır.
Oğru dünyasında tanınan avtoritetlərlə söhbətlərim isə mənə çox maraqlı görünürdü. Amma hər dəfə də onları söhbətinə qulaq yoldaşı olmaq mümkün olmur. Gərək şərait elə yarana ki, bu söhbətlərin, xatiratların danışıldığı zamanı əldən verməyəsən. Mən bu baxımdan özümü “xoşbəxt possajir” saya bilərəm (possajir – təsadüf nəticəsində həbs olunan, yaxud bu dünyanın əbədi sakinləri olmayan ilkin dustaqlıq həyatı yaşayanlara deyirlər). İçəridə bilərəkdən olunan səhvlər heç zaman bağışlanılmır. İçərinin yazılmayan qanunları, çölün yazılı qanunlarından daha sərt və daha ədalətlidir.

avropa.info

Комментариев нет:

Отправить комментарий