Страницы

13.09.2012

Mobil operatorların rominq soyğunçuluğu

“Telefonla danışmırsan, ama bir də görürsən elə hesab gəlir ki, bir ildə işləsən onun altından çıxmaq mümkün olmur” 

Azərbaycanda mobil rabitə iqtisadiyyatın ən inkişaf edən sahələrindən biridir. Ölkəmizdə hazırda “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları müştərilərə xidmət göstərməkdədir. Adıçəkilən şirkətlər xidmət səviyyəsinin artırılması məqsədilə bir sıra uğurlu layihələr həyata keçirirlər. Ancaq bununla yanaşı, mobil operatorların müştərilərə göstərdiyi xidmətlərdə müəyyən problemlər hələ də qalmaqdadır. Məsələn, rominq xidmətindən istifadə edənlər çox vaxt yüksək tarifin tətbiq edilməsindən şikayətlənirlər. Xarici ölkədən qayıdan soydaşlarımız danışdıqlarından daha çox pul ödədiklərini bildirir, bunun üstündə mobil oberatorlarla məhkəmələrə qədər gedib çıxırlar.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da jurnalistlərə açıqlamasında rominq xidmətinin baha olduğunu bildirmişdi: “Operatorlar rominq xidmətləri üçün şişirdilmiş qiymətlər təqdim edir”.
“Qafqazinfo” problemi nəzərə alaraq məsələni araşdırmaq üçün müxtəlif şəxslərdən münasibət öyrənib.
İlk olaraq, vəkil İradə Cavadovadan göstərilən problemlə bağlı müştərilərin ona müraciət edib-etmədiyini öyrəndik. Vəkil rominq problemləri ilə bağlı hər hansı işə çıxmadığını bildirsə də, bütün istifadəçilərin rominq xidmətindən narazı olduğunu qeyd etdi: “Müştərilər əsasən rominq xidmətinin baha olmasından şikayət edir. Faktiki olaraq, mobil telefonlar monopoliyada olduqlarına görə digər xidmətlərin Azərbaycana gəlməsinə imkan vermirlər. Ona görə də, qiymətlər düşmür. Rusiya və Türkiyənin qanunvericiliyini araşdırdığımızda onlarda bu xidmətin daha ucuz olduğunu görürük. Hazırda müştərilər “Azercell” və “Bakcell”in rominq xidmətindən daha çox istifadə edir”. Hüquq müdafiəçisi özü də bu xidmətdən istifadə etdiyini bildirir: “Xarici ölkəyə getdiyim zaman rominqin yaxşı işləmədiyinin şahidi oluram. Ya xətt bağlı olur, ya da kim simsim kartından istifadə edirsə, ona mesaj göndərmək mümkün olmur. Rominq xidmətinin açıq olması üçün depozitə 150 manat pul qoymalısan. Həm gələn, həm də gedən zənglərə görə çox pul ödəyirik. 1 dəq müddətində, bəzən ondan az 5-10 manat civarında balansdan pul çıxılır. 150 manatı depozitə qoyanlar çox vaxt ondan istifadə etmir. İsveçrə telefon xidmətinə görə dünyanın ən bahalı ölkəsi olsa da, hətta oradakı xidmətlər də bizimkindən qat-qat ucuzdur. Mobil operatorların nizamnamələrində ictimaiyyətlə işləmək funksiyaları var. Ancaq bundan yalnız özlərini reklam etmək üçün istifadə edirlər”.
Bildiyimiz kimi, xarici ölkələrə sıx-sıx səfər edənlər arasında millət vəkilləri çoxluq təşkil edir. Təbii ki, onlar da bu zaman rominq xidmətindən yararlanırlar.
Millət vəkili Məlahət İbrahimqızı “Qafqazinfo” ya açıqlamasında rominq xidmətindən çox narazı olduğunu vurğulayıb: “Telefonla danışmırsan, ama bir də görürsən elə hesab gəlir ki, bir ildə işləsən onun altından çıxmaq mümkün olmur. Mobil operatorların rominq xidmətində şəffaflıq yoxdur. Bir neçə dəfə bu məsələyə görə, “Azercell”in ofislərinə müraciət etmişəm”.
Millət vəkili qeyd edib ki, 15-20 il ərzində işinin sıxlığı eyni xətt üzrə gedir: “Hər il xaricə səfərlərim də eyni xəttlə baş tutur. Yəqin ki, işimlə əlaqədar xaricə gedirəm deyə, onu nəzərdə saxlayırlar və artıq xərc hesablayırlar. Konkret hansı prinsiplərlə bunun həyata keçirildiyi məlum deyil. Məsələn, xaricdə bir həftə qalanda gördüyüm hesablar məni o qədər də təəəccübləndirmir. Amma bir-iki gün qalanda elə fakturalar gəlir ki, adam dəhşətə gəlir. Düşünürəm ki, rominq xidməti ilə bağlı mobil operatorların ictimaiyyətlə ciddi təmasları olmalıdır. Qiymətləndirmənin hansı meyarlara əsasən aparılıdığı istifadəçilərə açıq olmalıdır. Hər kəs bu xidmətdən istifadə edərkən çox böyük hesabla üz-üzə gəlir. Mobil operatorlara isə bunu sübut etmək çox çətindir”.
Jurnalist Zaur Əhməd isə Azərbaycanda bütün operatorların rominq xidmətinin həddindən artıq baha olduğunu qeyd edib: “Bu yaxınlarda Türkiyəyə səfərim zamanı özümlə həm “Azercell”, həm də “Bakcell” nömrəmi aparmışdım. Müqayisə zamanı “Bakcell”in rominq xidmətinin nisbətən daha sərfəli olduğunu gördüm. Azərbaycanda 10 günə istifadə etdiyimiz kontur orda bir günə qurtardı. Bunlar içərisində ən bahalı olan “Azercell”dir. Amma məcburi qaydada istifadə edirik” .
Rominq xidmətində tariflərin necə müəyyənləşdirilməsinə, digər ölkələrdə bunun necə tənzimləndiyinə iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda rominq tarifləri başqa ölkələrlə müqayisədə xeyli yüksəkdir: “Türkiyə ilə müqayisədə qiymət bizdə 3 dəfədən artıqdır. Eyni zamanda MDB məkanında da ən bahalı rominq xidməti təklif edən ölkə Azərbaycandır. Qiymətlərin yüksək olması abunəçilərin rominqdən daha səmərəli və lazımı səviyyədə istifadə etməsinə imkan yaratmır. Rominqdə xərclərin hesablanması qaydası beynəlxalq standartlara uyğun deyil. Əgər rominq istifadəçisinə zəng gəlib və həmin şəxs 5 ya 10 saniyə danışıbsa, həmin danışıq 1 dəqiqə kimi nəzərdə tutulur. Yaxud 1 dəqiqə 1 saniyə danışıbsa, operator onu 2 dəqiqə kimi hesablayır. Mobil operatorlar danışıqda saniyəni yox, dəqiqəni hesablayırlar. Zaman etibarilə istifadəçiyə daha çox qiymət hesablanır ki, bu da rominq xidmətlərinə ziddir”. Ekspert rominq xidmətlərində zamanın izlənilə bilməməsinin problem olduğunu bildirib: “Mobil operator abunəçinin danışdığı müddəti hesablaya bilmir. Bu da birmənalı şəkildə istifadəçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bundan əlavə, mobil operatorların rominq xidmətinin bir sıra hallarda keyfiyyəti yüksək deyil. Avropanın tanınmış yerlərində şəbəkə itir və danışmaq mümkün olmur”.
Vüqar Bayramov əlavə edib ki, tariflərin tənzimlənməsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müdaxilə edə bilər: “Bütün hallarda tariflərdə inhisarçı olmamalıdır. Azərbaycan qanunvericiliyi süni qiymətlər və tariflərə qarşı mübarizəni təqdim edir. Bir şirkət süni şəkildə şişirdilmiş qiymətlər və tariflər təqdim edə bilməz. Bu qanunvericiliyə ziddir”.
Xatırladaq ki, məşhurlar arasında da “Azercell”in rominq xidmətindən narazı olanlar var. Məşhur model Validə Abbasova da 6 gün İtaliyada olduğu müddətdə rominq xidmətindən istifadə etdiyi üçün “Azercell” ə 1200 manat məbləğində pul ödəməli olub. Model mediaya açıqlamasında “Azercell” in ağlasığmaz rominq tariflərinin ona şoka saldığını qeyd etmişdi.
Qeyd edilən problemlərlə bağlı “Azercell” və “ Bakcell” şirkətlərinin mətbuat xidmətləri ilə əlaqə saxladıq.
“Azercell”in mətbuat xidmətindən bildirdilər ki, tariflər Azərbaycandan asılı deyil: “Qarşıdakı ölkə ilə bağlanan müqavilədə tariflər göstərilir. Yəni abunəçilərin orada həm giriş, həm də çıxış üçün nə qədər pul ödəməli olduqları qeyd olunub. Bir çox hallarda müştərilər abunə müqaviləsində göstərilən tariflərlə də tanış olurlar. Müqavilədə əsasən fakturalar göstərilir”.
Xidmətdən bildildiyinə görə, problem ondan yaran bilər ki, smartfon tipli telefonlarda müştərilər internet xidmətindən istifadə edirlər: “Bu zaman “activation” xidmətini çox vaxt bağlamağı unudurlar. Ekranın aşağısına salmaq bağlamaq demək deyildir. Rominq xidmətində də internet xidmətləri baha olduğuna görə müştərilərin xərcləri daha çox çıxır”.
“Bakcell”-in mətbuat xidmətindən isə bildirdilər ki, şirkət öz abunəçilərinə ən sərfəli qiymətlərlə üstün rominq xidməti təklif edir: “2012-ci ilin birinci rübündə şirkət öz abunəçiləri üçün “Camel” rominq xidmətini uğurla istifadəyə verib. Bizim abunəçilərimiz dünyanın 120-yə yaxın ölkəsində Camel, 250-yə yaxın ölkəsində isə GPRS rominqdən istifadə edə bilirlər”.
Mətbuat xidmətindən bildirdilər ki, rominq tarifləri yalnız bir mobil operatordan yox, eyni zamanda yerli və xarici bazardakı partnyorlardan asılıdır: “Bakcell həm danışıq, həm də data xidmətləri üçün qiymətləri kifayət qədər aşağı salıb və öz abunəçilərinə ən sərfəli qiymətləri təqdim edir. Bundan başqa, bir sıra ölkələr üçün xüsusi olaraq çox sərfəli rominq qiymətləri tətbiq olunur. Bütün rominq qiymətləri Bakcell-in internet səhifəsində yerləşdirilib və vətandaşlar səfər etdikləri ölkədə xidmətin dəyərini oradan əldə edə bilirlər. Bundan əlavə, vaxtaşırı olaraq abunəçilərimiz üçün xüsusi kampaniyalar təşkil olunur. Məsələn, hazırda davam edən “Uğurlu Rominq” kampaniyası onlardan biridir".
Maraq üçün oxuculara mobil operatorlların rominq xidməti üçün tarif cədvəllərini də təqdim edirik.
“Bakcell”in rominq tarifləri belədir:

Əhatə zonası
Azərbaycana edilən zənglər - 1 dəqiqə
Daxil olan zənglər - 1 dəqiqə
Göndərilən SMS
İnternet - 1 MB
10.99 AZN0.35 AZN0.15 AZN2.50 AZN
21.40 AZN0.55 AZN0.25 AZN3.00 AZN
30.99 AZN0.65 AZN0.15 AZN2.50 AZN
42.00 AZN0.55 AZN0.35 AZN3.00 AZN
52.20 AZN0.65 AZN0.25 AZN3.00 AZN

Bütün qiymətlərə 18% ƏDV daxildir.

“Azercell”-in rominq xidməti üçün tarif cədvəli:
Tarif zonasının adıÖlkədaxili zənglər(1 dəq)Azərbaycana zənglər(1 dəq)Daxil olan zənglər(1 dəq)
Türkiyə1.40 AZN2.20 AZN60 qəpik
Rusiya1.60 AZN1.90 AZN60 qəpik
İran50 qəpik1.20 AZN50 qəpik
Gürcüstan50 qəpik80 qəpik50 qəpik
Zona 11.60 AZN1 AZN70 qəpik
Zona 21.60 AZN1.60 AZN70 qəpik
Zona 31.60 AZN3.20 AZN70 qəpik
Zona 41.60 AZN4.80 AZN70 qəpik
Zona 51.60 AZN8 AZN70 qəpik

Mobil operatorların nə deməsindən asılı olmayaraq, vətəndaşlar rominq xidmətindən narazıdır. Yuxarıda da qeyd etdiyimiz kimi məhz bu səbəblərdən insanlar tez-tez məhkəmə çəkişmələrinə qədər gedib çıxırlar. Özlərini haqlı hesab edeən mobil operatorları isə insanların rahatlığı yox, əlbəttə ki, daha çox əldə etdiyi gəlir maraqlandırır.
Bu mövzuda növbəti yazımız mobil operatorların internet xidmətləri ilə bağlı olacaq. Bəri başdan qeyd edək ki, bu sahə də ən çox narazılıq yaradan məqamlardan biridir.

Günel                         qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий