Страницы

09.10.2012

Axundovu oxuyun, cənablar!

Arzu Abdulla

Mən demişdim ki, Axundovla bağlı mübahisə etməmişdən qabaq onu oxumaq lazımdır. Özü də dərindən. İstirahət etmək üçün yox, onun yazılarında gizlənən mətləbləri anlamaq üçün. Mənim Axundovla bağlı birinci yazımın mürəkkəbi qurumamış gözlədiyim hücumlar başladı. Hərə bir daş atdı yazıya. Bəzi “çoxbilmişlər” hətta lağ edərək Axundovun Gülər Əhmədova və Elşad Abdullayev olayında yəqin “kameraman” olduğunu, bəzi “axundovşünaslar” isə onun Azərbaycan ədəbiyyatındakı xüsusi rolundan bəhs etdi. Mənə ən çox təsir edən isə tələbə olarkən çox sevdiyim iki müəllimimin “məsləhəti” oldu.
Biri əslən Şamaxıdan, biri isə Şəkidən olan müəllimlərim mənə zəng edərək: “Sabirə və Axundova toxunma! Onlar bizim milli dəyərlərimizdir! Belə mütəfəkkirlər digər xalqlarda yoxdur!” sözləri oldu. Mən əziz müəllimlərimlə mübahisə etmədim. Sadəcə olaraq bildirdim ki, belə yazıçıların məhz bu məmləkətdə ortaya çıxması görəsən təsadüfdürmü? Niyə dünya elminə, fəlsəfəsinə, incəsənətinə və texniki inkişafına yüzlərlə dahi bəxş etmiş alman xalqında belə insanlar yetişməyib. Bəs görəsən, belə insanlar niyə digər Qafqaz xalqlarında yetişməyib? Qoy müəllimlərim bu haqda fikirləşsinlər.
Axı mən demişdim, cənablar! Axundovla başlı mübahisə etmək üçün “dişlərinizi itiləməyin”, intellektinizi itiləyin! Axı Axundov “ayaqüstü” müzakirə ediləsi yazıçı deyil. Bəlkə də öz sağlığında onunla mübahisə etmək də olardı, hələ üzünə tənqid etmək də. Lakin son 150 ildə Axundovun qol-qabırğası elə möhkəmləndirilib ki, onunla qurşaq-qurşağa gəlmək hər adamın işi deyil. Bu 150 ildə onun əsərlərinə o qədər “dopinq” yedizdiriblər ki, ona qarşı söz demək xeyli çətin olub. Odur ki, Axundovla bağlı yazmaq üçün onun bütün əsərləri sağdan sola və soldan elə oxunmalıdır ki, Gülər Əhmədova demişkən, “nala-mıxa vurmayasan”.
Axundovla bağlı diskussiyaya girişmək üçün hər şeydən əvvəl “ədəbiyyatın məqsədi” ilə bağlı opponentlərimlə bəzi fikirlərimi bölüşüm. Çünki nəyin pis, nəyin yaxşı olması faktı nəyin meyar və ölçü vahidləri seçilməsindən asılı olur. Yəqin oxucu belə düşünəcək ki, “ədəbiyyatın nə olduğunu” hamı, və ya ən azından o sahədə çalışanlar bilir. Bəs onun məqsədini necə, doğrudanmı, hamı bilir? Qətiyyən əmin deyiləm! Belə ki, son 20 ildə Azərbaycanda ərsəyə gələn ədəbi nümunələr bunu deməyə əsas verir ki, ədəbiyyata məqsədsiz və azad bir hadisə kimi baxmağa daha cəhdlər var. Kim necə və nə istəyir yazır. Adını da belə qoyur ki, “bu mənim fikrimdir, xoşlamırsız oxumayın”. Kimi öz bədən ölçülərini metrələyib “roman” yazır. Kimi səhərdən axşama qədər nə qədər pivə içdiyini, kabab yediyini və kiminlə necə yatdığını “qələmə” alır və sair. Lakin bu azad və xaotik söz cəngəlliyində “seçim hüququ olan” və barmaqla sayılan subyektlər var. Onlar KİV-lər, dövlət və qeyri-dövlət ədəbi təşkilatlarıdır ki, onlara lazım olanını seçərək belə yazılara “dopinq” yedizdirirlər. Beləliklə, o yazı “ədəbiyyat nümunəsi” statusu qazanır ki, hamının bilmədiyi və ya sezmədiyi məqsədlərə uyğun gəlir.
Beləliklə, Axundovdan danışmazdan qabaq Axundovun dövrünə bir qədər nəzər salası olacağıq. Tələsməyin, cənablar!

teleqraf.com                                          arzuabdulla@inbox.ru

Комментариев нет:

Отправить комментарий