Страницы

20.10.2012

Göyqurşağı rəngində yağan balıq yağışı

Feyziyyə Hacıyeva

bütün sualların cavabı
bir qağayının dimdiyindəymiş, demə,
demə, olanlar kabusmuş,
oyanib “bismillah” deyəcəm,
bir də deyəcəm, məni bağışla,
butun kabuslara bağışla məni.
hər şey birdən oldu,
birdən oldu hər şey:
əvvəl bir burulğan göründü uzaqdan,
lap uzaqdan,
qara, qorxulu,
kabus kimi qorxulu.
sonra gözlərimi qum tutdu,

o tutdu gözlərimi.
yuxularıma süd sızdı o gecə,
o gecə bütün kollar
kəklikotu qoxuyan lalələr açdı,
bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.
bağışla,
o gecə qırmızı yağmurluqdan savayı
əynimə heç nə gəlmədi,
bağışlama məni,
göyqurşağı rəngində yağan balıq yağışından
qaçmağa yer tapammadım.

daha heç nə gözləmirəm,
məni gözləyən bircə sabahlardı,
onlar da gözləri qumla dolu,
açılmaları qorxulu.
gecələr işığı yanılı qalan pəncərələrin
yozumu çox olar, bilirsən...
bilirəm, sən hər şeyi bilirsən.

bağışla, bu yellənən yelləncəyin
bir ipi qırıqmış, demə,
bağışla, bu yelləncək
ağaca etdiyi dualarında yellənir,
ona toxuna bilmərəm.
qorxma, qorxma, ay ömrüm-günüm,
kuzənin çatının əksidir,
ildırım deyil göydə çaxan...
mənsə saymağı öyrənirəm hələ,
hələ də on birdən başlayıram.
dördüncü dəfə iyirmidə saxla məni.
bu dəfə saxla məni
tut əlimdən, gir qoluma, saxla məni.
de ki, evimizə getməliyik,
nolar, dilə tut məni...
sən bilirdin, sən bilirdin
o, hər şeyi bilirmiş,
həmin o qağayı...
günah məndədir,
hər şeyi bilirmiş o qağayı...

***
qaçmaq lazımdır:
bax, bu binanın damından
o binaya.
bircə, yolu unutmasam,
bircə, qorxutmasa məni bu qaçış,
bu qurtuluş.

binanın zirzəmisi rütubətli, qaranlıq,
o zirzəmiyə girilməz -
qapısı yox.
divarları qıfılşəkilli,
divarları nəmli, soyuq,
bircə çata bilsəm, bircə qorxmasam
o rütubətdən, o soyuqdan,
məni ayaqyalın qaçırdan o səhərin acığına
ayaqyalın qaçacağam
bu binanın damından
o divarların yanına...

beşə qədər sayınca gözlərinizi yumun,
kimsə arxamca boylanmasın,
kimsə məni çağırmasın,
yoxsa gecikə bilərəm,
yoxsa bir gilas dənəsi çürüyər,
yoxsa bir sünbülqıran üşüyər…
orda - o binanın zirzəmisində,
qifilşəkilli divarların içində...

yolumu kəsməyin,
qolumdan tutmayın,
yıxılmaram, qorxmayın!...
bir! iki! üç!...

Комментариев нет:

Отправить комментарий