
Okan Bayülgenin çəkdiyi “Sınav” filminin təsirindən uzun müddət çıxa bilməmişdim. “Sınav” imtahan ərəfəsində gərginlik, uşaqların sırf valideynlərinin istəyinə görə zülmlə, universitetə daxil olmaq üçün min cür əzaba qatlanmasından bəhs edirdi. Filmdə imtahan ərəfəsində uşaqların çəkdiyi əziyyətlər at yarışı ilə müqayisə edilirdi.
Eyni vəziyyəti hamımız yaşamışıq. Universitetə sırf valideyn danlağı eşitməmək üçün daxil olmuşuq. İmtahan stressi azərbaycanlı uşaqlarının canından heç vaxt çıxmır. Napoleon Bonapart yuxuda imtahan görüb qışqır-bağır salan kimi, bizim də kabuslarımız imtahanlardır.
Bizdən valideynlərimiz qonşu yanında öyünmək üçün nə olursa olsun, universitetə daxil olmaq tələb edib. Bu vəziyyət indi də davam edir. Təhsil sistemində “Əti sənin, sümüyü mənim” anlayışı yeganə Azərbaycanda işləyir. Valideynin orta məktəb təhsilindən tələbi övladının yalnız yüksək balla universitetə qəbul olunmasından ibarət olmamalıdır. Orta məktəb super təhsil verə bilər. Lakin orta məktəb təhsilində bəzən elə nüanslar ola bilər ki, şagird aldığı yüksək təhsillə Harvarda da daxil ola bilər, ancaq təhsil dövründə elə zədələnmələr ala bilər ki, heç vaxt bərpa edilməz. Həmin mənəvi zədələnmələrə dini, təriqət basqıları da aiddir.
Azərbaycanda dini təhsil verən məktəblər, hətta Sovet dövründə də olub. Həmin məktəblərdə dünyəvi elmlərdən xülasə şəklində informasiya verilib. O məktəbi bitirənlərin isə gələcəkdə başqa seçimi olmur. Həmin məktəblərdən məzun olanlar ən yaxşı halda qəbiristanlıqlarda ölüyə “yasin” oxuyub pul qazana bilər.
Türkiyədə dini təhsil verən “İmam Hatip” liseyi var. Bu liseydə dini təhsillə yanaşı, orta ümumtəhsil məktəblərinin dərs proqramı öyrədilir. Ərdoğan hakimiyyətinin çiçəkləndiyi dövrə qədər “İmam Hatip” məzunları universitetə ayrıca imtahan verirdi. “İmam Hatip”-li universitetə daxil olması üçün nəzərdə tutulmuş maksimum balı toplamalı idi. Qeyd edim ki, “İmam Hatip”də din yox, nurçuluq təriqəti tədris edilir. Üç il əvvəl “İmam Hatip”lə bağlı ölçülər götürülüb bağlanılması tələb edilsə də, Ərdoğan tərəfindən məktəbə xüsusi səlahiyyətlər verildi. Burada oxuyanlar üçün qeyri-rəsmi təqaüdlər təsis edildi.
Son bir günün ən şok olayı isə belə olub. Türkiyədə qəbul imtahanlarında “İmam Hatip”i fakültə seçimində qeyd etməyən abituriyentlər cavablar çıxanda dəhşətə gəliblər. Seçmədikləri halda “İmam Hatip”li olublar.
Azərbaycanda “İmam Hatip”in modern versiyası, Çağ Öğretim İşletmelerinin Türk Liseyləri və “Diyanet” məktəbləri fəaliyyət göstərir. Liseydə illik təhsil haqqı Azərbaycan dilli qruplar üçün 6700, türkdilli qruplara isə 4000 manatdır. Əvvəllər bura şagirdləri yeddinci sinifdən qəbul edirdilərsə, bir neçə ildir ki, birinci sinfə də qəbul elan olunub. Valideynlərin Türk liseylərinə marağı isə buradan məzun olan uşaqların asanlıqla, yüksək ballı fakültələrə daxil olmasıdır. Ancaq vətəndaşın formalaşması üçün bu şərt kifayət edirmi?
Türk liseylərindən məzun olan uşaqların hamısı eyni düşüncəyə, eyni xarakterə malikdir. Heç birində fərqli düşüncə, yeniliyə açıqlıq görmək mümkün deyil. Türk liseylərindən məzun olanlar üçün ən birinci məfhum inandırıldıqları Nur təriqətidir. Nurçular kənardan heç vaxt təhlükəli görünmür. Əksinə, onlar həmişə yaxşı və düzgün yaşantıları ilə kənardan diqqət çəkir. Beləliklə, daha çox adamı ətraflarına toplaya bilirlər. Nurçular qalstuklu, sığallı mollalardır. Vəhhabilərin bombalı terrorundan fərqli olaraq nurçular terroru beyinlərdə edir. Nurçu məktəblərindən – “Diyanet”dən məzun uşaqlar məcburi hərbi xidməti qəbul etmir. Kütləvi şəkildə başlarını örtürlər. Nurçu oğlanlar isə evlənmək üçün başıbağlı qız axtarır.
Bu tipli məktəblərdə uşaqlara din adı ilə təriqət sırınır. Beləcə, məqsədin yaxşı təhsil yox, gələcək dini qruplaşma olduğu aydın görünür.
Azərbaycan Təhsil Şurasının sədri, Qafqaz Universitetinin professoru Əjdər Ağayevin sözlərinə görə, nə Türk liseylərində, nə də ki Qafqaz Universitetində heç bir dini təhsildən söz gedə bilməz. Azərbaycanda din azadlığı var. Hamı istədiyi kimi həyatını yaşayır. Heç vaxt Qafqaz Universitetində və ya Türk liseylərində dini ayin və ya din təhsilinin şahidi olmamışam. Nurçuluq isə pis bir şey deyil. Nurçuluğun Fetullah Gülenə heç bir dəxli yoxdur. Nurçuluq insanlara xeyirxahlıq, sağlam gələcək aşılayır. İslamın gözəlliyini anladır. Ümumiyyətlə, orta ümumtəhsil məktəblərində ayrıca dini təhsilin keçirilməsi doğru deyil. Onsuz da bizdə dini təhsil verə bilən kadrlar yoxdur. Azərbaycanda orta ümumtəhsil məktəblərində dini bilgi digər fənlərin tədrisi zamanı verilir. Bu da məlumat xarakterli olur. Düşünürəm ki, normal vətəndaşın yetişməsi üçün ona müəyyən formada dini maarifləndirmə lazımdır. Bütün hallarda ehtiyatlı olmaq lazımdır.
Əjdər Ağayev münasibəti zamanı bizi Çag Ögretim İşletmelerinin və Qafqaz Universitetinin nurçuluqdan və dindən uzaq olduğuna inandırmağa çalışdı. 6000 manatlıq təhsil haqqından çəkinməyən, uşaqlarını Türk liseylərinə yollayan valideynlər haqqında isə dedi ki, həmin valideynlər Çağ Öğretim İşletmelerinin düzgünlüyünə, insani münasibətinə görə uşaqlarına 6000 xərcləməkdən çəkinmirlər. Çağ Öğretim İşletmelerindəki təhsil çox keyfiyyətlidir. Qəbul imtahanları zamanı şagirdlərin yüksək bal toplaması buna sübutdur. Çağ Ögretim İşletmelerinin məzunlarının niyə hamısının oxşar fikirli, hətta geyimlərində də bir-birlərinə oxşamasına gəlincə, onu dedi ki, Türk Liseylərində təkcə təhsilə yox, uşaqların dünyagörüşünün formalaşmasına da diqqət ayrılır.
Əjdər Ağayev Çağ Ögretim İşletmelerində və Diyanet məktəblərində dini dərsin olmamasını iddia edir. Onun sözlərinə görə, dini dərslər burada heç vaxt olmayıb və olmayacaq. Türki liseyləri yalnız və yalnız elm öyrədir.
Türk liseylərinin məzunları, adətən, tibb fakültəsini seçir. Bu da onların orta məktəb təhsilində fizika və kimya dərslərini adi orta məktəblərdən iki dəfə güclü keçdiklərinə görədir. Ümumiyyətlə, isə təhsilləri boyunca Türk liseylərinin şagirdləri fizika, riyaziyyat və kimyadan saysız-hesabsız yarışların qalibi olur.
Günay Muradlı
Комментариев нет:
Отправить комментарий