Страницы

10.10.2012

Cənub turizmi: Uğurlar və problemlər

Zahir Əmənov

Təxminən 20 il öncə “cənub bölgəsi” deyəndə çoxlarının xəyalına “faraş tərəvəz anbarı”, “subtropik bitkilər məskəni” və sair deyimlər gəlirdi. Bu gün isə “Cənub” deyəndə öncə insanların xəyalında turizm obyektləri, bir-birindən maraqlı əyləncə mərkəzləri canlanır.
Bir daha 20 il öncəyə müraciət edək. 1990-cı ilə qədər cənubda turizm adına primitiv şəkildə fəaliyyət göstərən Masallı İsti-suyu, Lənkəran İsti-su sanatoriyası və bir də bir neçə pioner düşərgəsi var idi.

Bu günkü statistikaya nəzər salanda isə tamam başqa mənzərə ilə rastlaşırıq:
Masallı rayonu. Ötən il bu rayonda 31 turist obyekti fəaliyyət göstərib. Eyni vaxtda 1276 nəfəri qəbul edə bilən bu obyektlərdə ötən il 13 mindən yuxarı (onlardan 607 nəfəri xaricilər olub) adam istirahət edib. Bu ilin 9 ayında isə buradakı obyektlər 14 mindən yuxarı (onlardan 450-si xaricilərdir) turisti qəbul edib. Bu il Masallıdakı istirahət obyektlərinin sırasına daha biri - “Viləş”-də istifadəyə verilərək qatılıb və onların sayı 32-yə çatıb.
Lənkəran şəhəri. Burada 13 turist obyekti – “Qala”, “Qızıl Tac”, “Dalğa”, “Xəzər” otelləri,” Palıdlı sahil”, “Bəşəru”, “Xanbulan” istirahət mərkəzləri, , Mamusta Qonaq Evi, Hirkan moteli, Qafqaz Sahil oteli və s. hər il yüzlərlə qonaq qəbul edir. Bura gələn turistlərin, o cümlədən xarici turistlərin sayı ilbəil artır. Lənkəranın, necə deyərlər, ilk istirahət mərkəzi sayılan İsti-su sanatoriyası uzun illər istifadəsiz qalıb. Son məlumata görə burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Bu vaxta qədər Lənkəran turizmi bəzi parametrlərdə Masallı və Lerikdən geri qalsa da, hazırda inşasına başlanılan və qarşıdakı ildə istifadəsi planlaşdırılan nəhəng Turizm Kompleksi yəqin ki, həmin geriliyi aradan qaldıracaq. Yeni Turizm Kompleksinin layihəsindən bəlli olur ki, burada ən tələbkar turistlər belə arzu etdikləri nə varsa, tapa biləcəklər. Lakin Lənkəran turizmində, xüsusən dəniz turizmində nöqsanlar da az deyil. (Bu barədə yazının sonunda ətraflı danışacağıq.)
Astara rayonu. Astara rayonunda da son illər turizmə diqqət artıb. “Şindan”, “1001 gecə”, “Xəzər”, “Gömrük”, “Savalan”, “Abşeron” , “Relax”, “Sahil” otel və istirahət mərkəzləri öz fəaliyyətlərini aybaay təkmilləşdirirlər.
Astara rayonu heyrətamiz mənzərələri ilə çoxlarını heyran etsə də, təəssüf ki, burada təbiətin bəxş etdiyi gözəlliklərdən layiqincə faydalanmırlar.
Xatırladaq ki, Astaranın Sım adlan bir kəndi var. Bu kənd dünyanın ən unikal yerlərindən biridir. Ən azından bu kəndi Azərbaycanın Xınalıq, Lahıc əraziləri ilə müqayisə etmək olar. Sımda içməli su kəndin içindən çay kimi axır. Buradakı şəlalələr təkrarsızdır. Kənddə tarixi abidələr, (Şindan qalası da bu kəndin yaxınlığındadır), soyuducu rolunu oynayan koğuşlar, bir-birindən mənzərəli dağ keçidləri turistlər üçün əsl heyranlıq mənbəyidir. Sım yeganə yaşayış məskənlərindəndir ki, burada oğru, narkoman yoxdur. Lakin bura gedən 20 kilometrlik yol o qədər bərbaddır ki, ora 2 saata güclə çatırsan. Astarada isə Sım kimi təkrarsız gözəlliyi olan kəndlər az deyil.
Lerik rayonu. Burada son 6-7 ildə turizm nəzərəçarpacaq dərəcədə inkişaf edib. Relax, Xəyal, Meşəbəyi, Həyat, Təbəssüm, Qala, Cənub, Ağ Göl, Çənlibel və digər turist obyektləri imkanlarını günbəgün genişləndirirlər. Buradakı kiçik göllərdəki qayıq gəzintiləri turistlərin daha çox marağına səbəb olur. Relax daha yüksək imkanları ilə cənubdakı turist obyektləri sırasında öncüllərdəndir. Hazırda Lerikdəki turist obyektləri eyni gündə 482 nəfəri qəbul etməyə hazırdır. Ötən il bu rayona 7724 turist gəlib ki, onun da 724-ü xaricilərdir. Bu il isə 8 ay ərzində Lerikdəki turist obyektləri 6808 turist qəbul edib. Onların 279-u xarici turistlərdir.
Yardımlı rayonu. Bu rayonda 3 turist obyekti var. “Şəlalə”, “Deman” və rayon mərkəzində bir neçə yerlik otel. Bu obyektlər eyni vaxtda cəmi 45 turist qəbul etmək gücündədir. Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri bildirib ki, Yardımlı rayonunda turizmin inkişafı üçün daha geniş imkanlar var. İmkanlı iş adamları bura sərmayə qoysa, qədim tarixi abidələrin yerləşdiyi ucqar kəndlərə gedən yollar abadlaşsa burada turizm sahəsində daha böyük uğurlara imza atmaq olar.
Göründüyü kimi, 6 cənub rayonundan (Cəlilabad rayonu istisna olmaqla) 5-i turizm mərkəzi kimi formalaşır. Hər il bu rayonlarda yeni istirahət mərkəzləri tikilir, mövcud olanların fəaliyyəti daha da təkmilləşdirilir.
Cənub turizminin hansı uğurlarından danışmaq olar? Yuxarıda təqdim etdiyimiz kiçik statistika, son 20 illə müqayisədə təbii ki, böyük irəliləyişdən xəbər verir.
Əbdül Əsgərli (müəllim): - Hər il cənubda onlarla yeni turizm obyekti tikilir. Bu obyektlərdə yüzlərlə insan çörək qazanır. Təkcə Masallıda şəhər mərkəzindən İstisuyadək 20-yə yaxın yerdə təndir çörəyi, ləvəngi satan dükanlar var. Bu yol boyu həyətlərin kənarında ən azı 10 yerdə gül satırlar. Ticarət obyektlərinin, yanacaqdoldurma məntəqələrinin qazancları yay mövsümündə bir neçə dəfə artır. Məhz bu obyektlərin yaranması səbəbindən mövsümi də olsa, rayonda 500-dən yuxarı iş yeri yaranır.
Hazırda ölkə başçısının sərəncamı ilə 3 milyon manat pul ayrılmış Lerik-Zuvand yolunun inşası isə həmin istiqamətdə yeni turist obyektlərinin inşası üçün böyük perspektivlər yaradır.
Lakin cənub turizmini Azərbaycanın digər məkanları ilə - 90 min əhalisi olan Qəbələ ilə, ondan da az əhalisi olan Qusarla müqayisə edəndə, aydın olur ki, burada yaradılan turizm mərkəzləri, onlara bağlı obyektlər və turizmə qoyulan xərclər bütün cənub rayonlarında yaradılanlardan daha üstündür.
Bu gün Azərbaycan, eləcə də cənub turizminin əsas qayğıları nədən ibarətdir?
Bir çox ekspertlərin fikrincə, Azərbaycana viza məsələsinin və bununla bağlı sənədləşmənin çətinliyi və ödəmələrin çoxluğu xarici turistlərin ölkəyə daha çox axın etməsində birinci maneədir.
Adını açıqlamaq istəməyən bir neçə turist obyektlərinin rəhbərləri bildirdi ki, qeyri-rəsmi vergi ödəmələri və monopoliya turizmin əsas rəqibinə çevrilib.
Belə ki, mövsüm başlar-başlamaz vergi müfəttişləri turizm mərkəzlərinə gəlib qeyri-rəsmi qaydada, obyektin tutumundan asılı olaraq yüksək məbləğdə pul tələb edir və istədiklərini də alırlar. Vergi müfəttişlərindən ehtiyatlandığından bir çox turist obyektləri gələn turistlərin sayını xeyli az göstərir ki, bu da dəqiq statistika aparılmasına mane olur.
Cənub turizminin qayğılarını, baş bəlalarını sadalasaq, böyük bir siyahı alınar. Onların bəzilərini diqqətinizə çatdırırıq:
Əlişir Bəşirov (Masallı şəhər 1 saylı tam orta məktəbində müəllim): - Bizdə bir sıra turist obyektləri bəzi oliqarxlara bağlıdır. Onlar öz himayəsində olan həmin obyektlərə göndərişlər vasitəsilə daha çox adamın gəlməsini təmin edir, digərləri isə müştəri qıtlığı çəkir.
Adını açıqlamayan bir turist obyektinin sahibi bizə bildirdi ki, əgər bu sahədə monopoliya olmasa, hələ digər yerləri demirəm, Yardımlıya Almaniyadan və digər Avropa ölkələrindən minlərlə turist gətirərəm.
İqtisadçı-ekspert Elxan Babazadə isə qeyd edir ki, müharibə xəbərləri, atəşkəsin tez-tez pozulması, eləcə də qətl hadisələri, yol qəzaları haqqında televiziyaların həddən çox material verməsi xarici turistləri Azərbaycana səfərdən çəkindirir. Turist obyektlərində infrastrukturun çox aşağı olması – kanalizasiya sisteminin bərbadlığı, elektrik - təbii qaz problemi, internetdən istifadənin yarıtmazlığı turistləri çox narazı salır. Təsəvvür edin ki, bir sıra turist obyektlərinin üzərindən hər an həmin obyektlərin üstünə düşə biləcək yararsız elektrik naqilləri keçir. Yeri gəlmişkən, turizm problemləri sırasında mülkiyyət məsələsi də narahatçılıq yaradır. Belə ki, burada obyektlər sahibkara uzun müddətə yox, 1-5 illiyə icarəyə verildiyindən həmin sahəyə əsaslı yardım qoyub risk etmək istəyənlər, demək olar ki, yoxdur.
Sədrəddin Kazımov (Lənkəran şəhəri):- Dünyanın əksər istirahət zonaları dənizə yaxın olanda bu imkandan maksimum faydalanırlar. Dəniz səyahətləri, gəmilərdə axşam gəzintiləri istirahətə gələnlərdə unudulmaz anlar yaşadır. Belə ki, Antalya, Bodrum və digər istirahət mərkəzlərinin bu sahədə maraqlı təcrübələri var. Lakin Cənub bölgəsinin bir neçə rayonu Xəzərin sahilində yerləşsə də, burada gəmi gəzintilərindən, dəniz əyləncələrindən söhbət belə gedə bilməz. Lənkəranın Liman adlı şəhəri olsa da, keçmiş zamanlardan fərqli olaraq bura gəmilər yan almır. 4-5 il öncə məşhur iş adamı Mübariz Mənsimov Lənkəranda Dəniz Limanının inşasına başladı. Lakin limanın inşası başa çatan ərəfədə müəmmalı səbəblər üzündən dayandı və yeni inşa edilən limanın qurğuları söküldü. Çox təəssüf ki, biz dəniz kimi nəhəng bir imkandan turizm üçün lazımınca faydalanmırıq.
Sərraf Abbaslı (mühəndis-ekspert):- Eyni problem dağ turizmi sahəsində də yaşanır. Belə ki, bütün cənub rayonlarında dağ turizmini inkişaf etdirmək imkanı olsa da, bu sahəyə sərmayə qoyulmur, nə kanat gəzinti, nə dağ xizəkçiliyinin inkişafına diqqət yetirilmir. Nəticədə, qış aylarında turist obyektlərinin əksəriyyəti istifadəsiz qalır.
Əsasən, dağlıq ərazilərdə yerləşən turist obyektləri elektrik təminatının fasiləsiz olmamasından xeyli narahatdırlar. Hələ bu azmış kimi 3 il öncə “Şəlalə” istirahət zonasına təzyiq göstərmək üçün işıqları il yarım yandırılmadı.
Masallıda turist obyektlərinin başqa bir baş bəlası da var. Turist zonasının lap girişində polis maşını dayanır. El arasında bəzilərinin ironiya ilə “namus keçikçiləri” adlandırdıqları bu şəxslər az qala gələnin-gedənin “diş”lərini saymaqla məşğuldurlar. Lakin rayon mərkəzində, əhalinin daha sıx olduğu bazar ətrafında heç polis patrulunu da görmək olmur.
Yardımlı və Lerik rayonlarından turizmlə bağlı bizə məlumat verən rəsmilər kəndarası yolların bərbad olmasının da turizmə mane olduğunu bildirdilər. Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ayaz Əliyevin dediyinə görə, kəndlərimizdə olduqca maraqlı və dəyərli tarixi abidələr var. Lakin turistlərin narahat yollarla həmin yerlərə getməsi olduqca böyük maneçilik törədir. Azad sahibkarlar Yardımlıda turizmə güclü sərmayə qoysa, burada daha böyük uğurlara imza atmaq olar.
...Masallı rayonunda Tək Keçid deyilən yerdən İsti-suyadək olan 3 kilometrlik yol bərbad vəziyyətdədir. Bu istiqamətdə 10-dan artıq istirahət mərkəzi var. Biri zarafatca bildirdi ki, bu obyektlərin “qeyri-rəsmi” şəxslərə verdiyi ödəmələrlə bu yolu 5 dəfə təmir etmək olardı.
Niyə cənubda uşaqlar üçün istirahət düşərgələri təşkil olunmur?
Cənubda bir çox obyektlər ailəvi istirahət yeri kimi fəaliyyət göstərsə də, burada ancaq kişilərin xidmət sahəsində çalışması arzu olunan effekti vermir.
Uşaq turizmi cənub turizminin ən yaralı yeridir.
20 il öncə Masallıda İsti-sudan başqa istirahət yeri olmayan məqamlarda burada 4 pioner düşərgəsi, uşaqların istirahət mərkəzi var idi: İndiki “Viləş” və “Meşəçi” istirahət yerlərindəki ərazilər və Tüklə kəndindəki pioner düşərgəsi. Bundan əlavə “Kondisioner” adlanan ərazi uşaq və gənclər üçün əsas istirahət yerlərindən biri idi. Həmin vaxt Lənkəranın Vel kəndindəki uşaq istirahət mərkəzi çox dəbdə idi. İndi isə uşaq istirahət mərkəzləri yox dərəcəsindədir və bu problem heç kimi narahat etmir.
Ümumiyyətlə, əksər istirahət mərkəzlərində uşaqların əylənməsi üçün şərait yoxdur.
“Sahibsiz sanatoriya” niyə iflic vəziyyətindədir?
Cənubda turizmdən danışanda Qəriblər kəndindəki el arasında “sahibsiz sanatoriya” adlanan bir obyekti də xatırlamamaq olmur. Əslində, bu “sahibsiz obyektin” bir neçə sahibi var. Əvvəllər bu obyektə Adəm Nüsrətov adlı sahibkar rəhbərlik edirdi. Qış və yay aylarında fəaliyyət göstərən bu obyekt eyni vaxtda 150 nəfər, il boyu minlərlə turist qəbul edirdi. Burada 40 nəfərə yaxın yerli sakin işləyir, hər il vergi, sosial sığorta və digər dövlət qurumlarına bir neçə min manat pul ödənirdi. İndi istifadəsiz qalan həmin sanatoriyanın sahibi Adəm Nüsrətov bildirir ki, nə adı, nə özü olmayan, “Kolxozlar idarəsi” adlanan bir təşkilat sabiq deputat, (indi Daşkəsən rayonunda icra başçısı) Əhəd Abıyevin himayəçiliyi ilə həmin obyektə göz dikdi. İndi bu istirahət mərkəzi bərbad vəziyyətdədir. İstirahət mərkəzini zorakılıqla ələ keçirənlər məhkəmə qərarları ilə bu qanunsuzluğa bir qədər qanuni don geyindirmək istəsələr də, istədiklərinə tam nail ola bilmədilər. Tam işlək vəziyyətdə olan sanatoriya binası sonradan yarımçıq tikili kimi eşitdiyimə görə, simvolik məbləğə sənədləşdirilməklə başqasına satıldı. Bütün bunlara baxmayaraq, adı çəkilən sanatoriya 5 ildir ki, iflic vəziyyətdədir. Hər il 10 minə yaxın turist qəbul edən, dağlar qoynunda, gözəl göl sahilində yerləşən sanatoriyanın həyətində itlər, çaqqallar ulaşır.
Hakimə Əzimova (Masallıdakı “Dəştvənd” otelinin sahibi):- İndi ölkədə məşhur olan, cənubda ən elitar istirahət mərkəzi sayılan “Dəştvənd” otelini biz vaxtilə zibillik yerində yaratdıq. Buranı cənnətə çevirdik. Lakin əməyimizin layiqli dəyərini görmürük. Bizə kömək edən az, bizdən umub-küsən isə daha çoxdur. Bizi həvəsləndirmək, dəyərləndirmək əvəzinə, mənasız problemlərlə bizə əngəllər yaradırlar. Heç nədən gözəl bir istirahət yeri yaradan sahibkar kimi hətta ABŞ-dan təklif alırıq ki, gəlin burada işləyək. Amma buradakı diqqətsizlik bizi çox ruhdan salır.
Cənub turizminin vahid informasiya məkanı varmı?
Cənub turizmini vahid informasiya məkanında birləşdirmək də bu sahədə ciddi problemlərdəndir. Elə bir məlumat kitabı, yaxud sayt yoxdur ki, bu bölgədə, ən azı bir rayonda fəaliyyət göstərən turist obyektləri barədə dolğun və detallı məlumat əldə edə biləsən.
Bu yaxınlarda Lənkəranda yaradılmış Turizm və İnformasiya Mərkəzi həmin boşluğu doldurmağa çalışsa da, hələ ki, konkret nəticələr az hiss olunur.
Lənkərandakı Turizm və İnformasiya Mərkəzinin direktoru Samir Axundovun ilkin müşahidələrini sizə təqdim edirik:
-Bu gün turizm sahəsində problemlər də az deyil. Lənkəranda bir çox ölkə, dünya miqaslı tarixi abidələr var. Lakin bunlardan səmərəli istifadə olunmur. Lənkərandakı Dairəvi Qala bir neçə il öncə əsaslı təmir edilsə də, hazırda turistlərin üzünə bağlıdır. Həmin Dairəvi Qaladan Lənkərandakı Mayak abidəyə yol var, amma nə yol, nə də Mayak turistlərin istifadəsində deyil. Hirkan Milli Qoruğuna giriş bankomatladır. Lakin bu bankomatları verən StandartBank turistlərin ən çox gəldiyi günlər – şənbə və bazar günləri bağlı olur. Lənkəranın ən gözəl itirahət yerlərindən olan “Sonalar bağı” özəlləşdirilsə də, sahibi bilinmir, burada oturmağa heç adi oturacaqlar da yoxdur. Deyilməsi utanc gətirsə də, turist obyektlərində ən ciddi problemlərdən biri əksər yerlərdə ayaqyoluların bərbad vəziyyətdə olmasıdır.
Biz Azərbaycan, eləcə də cənub turizmini Bolqarıstan, Türkiyə, lap qonşu Gürcüstanla müqayisə etdikdə, istər xidmət, istər qiymət, eləcə də turizmə münasibət nəticəsində heç də bizim xeyrimizə olmayan xeyli detallarla rastlaşırıq. Bu isə gələcək yazıların mövzusudur.

Комментариев нет:

Отправить комментарий