- Həyatınızı dəyişən, yaşam tərzinizə yön verən, sizi istiqamətləndirən kitab və ya kitablar olubmu?
- Sualınıza cavab vermədən öncə düşünürəm, doğrudan həyatım dəyişibmi? Dəyişmək deyil, kitablar bizim həyatımızı korlayır desəm… Bu söhbətə başlamaq üçün xoş bir zarafat olsun. Bu yaşda mən artıq dəyişmək haqqında deyil, əksinə, bəlkə də dəyişməmək haqqında düşünürəm. Məni sağlama alan, sabitliyimi qoruyan, öz daxili dünyamı bəsləyən kitabları seçirəm.
- Bir kitabla tanışlığınız necə baş verir? Tövsiyyələrə qulaq asırsınız, yoxsa mütaliə planı qurursunuz?
- Məni öz həyatım və dünyadakı öz missiyam maraqlandırır. Kitabları buna görə seçirəm, bəzən zövqünə inandığım kiminsə tövsiyəsi ilə kitab oxuyuram.
Sırada onlarla kitab var ki, onları nə zaman oxuyacağımın qayğısı üzərimdədir, zaman yetərsizliyi son illər yüksələn xətlə davam edir. Hər hansı mütaliə planım yoxdur. Kitab ilk səhifələrdən maraqlı deyilsə, çox tanınmış müəllif olsa belə, bir kənara atıram. Ümumən kitab oxumanın zövq və könül istəyi olmanın sınırlarını aşmamasına çalışıram. Bilirəm, bu normal hal deyil.
- Mütaliə prosesində ovqatınızı dəyişən və ya ovqatınızla üst-üstə düşən kitablar olubmu?
- Kitablar təbii ki, bizə təsir edir. Məncə ovqat məsələsi burada həlledici amil sayılmamalıdır. Həyat mübarizədir və klassik mənada bir sınaq meydanıdır. Hətta özün özünlə mücadilə mənasında gülməşəkər “ovqat” qavramıyla yola çıxmaq mənasızdır.
- Hansı kitablar sizin maraq dairənizə aiddir?
-Fəlsəfə, tarix və din kitabları maraq dairəmdə deyil. Əlbəttə ki, bu mövzularda bir çox kitablar oxumuşam. Məni maraqlandıran həyatın bədii təsviri, psixoloji məqamlar, insan taleləridir.
- Dəfələrlə, təkrar-təkrar müraciət etdiyiniz kitablar varmı?
-Tez-tez müraciət etdiyim kitablar var: müxtəlif sözlüklər, ensiklopediyalar, müxtəlif şeir kitabları, bir neçə ezoterik yazar, Leninin bəzi cildləri (mübarizə tonusunu qorumaq üçün), “Oğuznamə” deyimlər toplusu.
- Nə vaxtdan kitabxananız var?
- Uşaq yaşlarda kitablarım olub, get-gedə böyüyüb, indi onları azaltmaqla məşğulam. Əl altında olan kitabların sayı 200-dən artıq deyil.
- Kitab hədiyyə edirsinizmi?
-İmkan olduqca kitab hədiyyə edirəm. Bəzən nəşr etdiyim kitabların yarıdan çoxunu hədiyyə edirəm. Yüzlərlə kitab. Öz kitablarımdan qazanc güdmürəm, istəyənlərə həvəslə hədiyyə edirəm. “Kitaba pul verməyən ona dəyər vermir” deyənlərlə razı deyiləm, insana bağlıdır, elə də olur belə də.
- Kitab qısqanclığınız varmı? Sevdiyiniz kitabları kiməsə verəndə qısqanırsınızmı?
-Sevdiyim kitabı əldən verməməyə çalışıram, verdimsə də geri gəlməyəcəyini göz önünə alıram. Çünki mənim özümün də xoşladığım kitabı geri verməmək kimi bir zəifliyim var.
- Kitab cəmiyyətdə hansı funksiyanı yerinə yetirir və ya yetirməlidir?
-Kitabların insan həyatınadkı önəmi haqqında o qədər yazılıb və ya deyilib ki, bu mövzuda nəsə yeni bir söz deyə biləcəyimi sanmıram. Fəqət, illər keçdikcə daha çox əmin olduğum bir həqiqət var: insanın gerçək həyatı kitablarsız mümükün deyil. Biz kitablar sayəsində dünyanın dahi şəxsiyyətləri ilə vaxt keçirir, onlarla həmsöhbət ola bilirik, bizim gerçək dostlarımız da əski zamanlarda, ölüb getmiş insanların arasındadır. Kitabların yardımı ilə biz dünya vətəndaşı ola bilirik və yaşamımız tarixilik qazanır. Əks halda insan öz dar çoğrafiyasında və zamanında çox kiçik görünərdi. Və ya, inasnlar mütaliə dairəsinin genişliyi ilə biri birlərindən üstündürlər. Təkcə insanlar deyil, millətlər də belədir. Bu mənada mən özünə qapanıb kitablarla vaxt keçirən insanları anlayıram, belə insanlar müdrikliyə varmış insanlardır. Məşhur aforizmi dəyişib belə deyərdim: Hansı kitabı oxuduğunu söylə, sənin kim olduğunu deyim...
- Kağız kitabları sevirsiniz, yoxsa elektron kitabları?
- Bizim nəsil üçün kağız kitablar əvəzedilməzdir.
- Kitabı hansı obrazda görürsünüz? Həyatınızın hansı yerindədir kitab?
-Kitablar ayrı-ayrı insanların toplamış olduğu təcrübənin yekunudur. Biz çağdaş insanların əlində, keçmiş zamanlarda bir ömür boyunca, yaşayaraq, yüzlərlə kitab oxuyaraq öz biliklərini kağıza köçürmüş insanların təcrübəsini bir neçə gün ərzində əldə etmək imkanı var. Dolayısıyla, çağdaş insan istərsə yüzlərcə insanın yaşam təcrübəsini öz halal malı kimi qazana bilər. Çağdaş olmaq elə bu deməkdir. Tarixi təcrübəni öyrənməyən, insanlığın hansı yollardan keçib bu günə gəldiyindən xəbərsiz insanlar min il əvvəl olmuş keçmiş şeyləri öz üzərlərində təcrübədən keçirmək zorunda qalacaqlar təəsüf ki. Bu mənada kitab sərvətdir. Bir neçə manata əldə etdiyimiz kitab bizi mutlu edə bilər, uğursuzluqdan, xəstəlikdən, hətta ölümdən qoruya bilər. Kitablar yaşama eşdəyərdir, mədəniyyət dediyimiz şey onların sayəsindədir.
- Bəs oxuduğunuz kitablardan hansındasa sizə bənzəyən, sizə oxşar qəhrəman varmı?
-İnsanların öz sifəti yoxdur, biz hamımız kitablardakı qəhrəmanlara bənzəyirik. Əşyalar adlandırılmadan var olmadığı kimi, yəqin ki kitablar da olmasaydı biz var olmazdıq. Ədəbiyyat, şifahi xalq ədəbiyyatından, nağıllardan başlayaraq, sürəkli qəhrəmanlar yetişdirərək insanlara yaşam tərzini öyrədir. Biz şüuraltı olaraq öz qəhrəmanlarımızı seçir və onlara bənzəməyə çalışırıq.
Söhbətləşdi: Cəlil Cavanşir publika.az
Комментариев нет:
Отправить комментарий