Страницы

10.10.2012

Türk tarixi -20

XX hissə: Türküstan kitabələri

 «UTBƏT ƏL-HƏQAİQ» VƏ ƏDİB ƏHMƏD YUKNƏKİ. Bu əsər şeir dili ilə din və əxlaq barəsində yazılmışdır. Müəllifi 12-ci əsrdə yaşamış Əhməd Yuknəkidir. Şair Daşkəndin cənubunda yerləşən Yuknəkdəndir və anadan doğma kormuş. Onun şeirləri xalq arasında yayılaraq, dərin iz buraxmışdır, şairə əfsanəvi bir şəxsiyyət kimi baxmışlar.
 «Utbət əl-həqaiq»də «Qutadğu bilik»dən fərqli olaraq çoxlu ərəbcə və farsca sözlər işlənmişdir. Şair moizə dilini seçmiş, şeir sənəti də çox qüvvətli deyildi. Bu kitabda dindarlığın fəzilətindən, elm və igidliyin faydalığından bəhs olunub, təvazökarlıq və yaxşılıq mədh edilib, qürur ilə tamah isə pislənib. Kitabın «Həqiqətlər astanası» adlanması da elə buna görədir. Bu mənzum əsərin mətni 102 dördlükdən ibarətdir.

 «Utbət əl-həqaiq»in altı əlyazma nüsxəsi mövcuddur. Bunların dörd nüsxəsi Türkiyə kitabxanalarındadır. Rəşid Rəhmət Arat üç əlyazma nüsxələrindən müqayisəli olaraq bir nüsxə tərtib edərək Türkiyə türkcəsi ilə 1951-ci ildə çap etdirmişdir.
 İndi bu kitabdan bəzi nümunələri dərc edirik.

Təhmid:

İlahi, öküş həmd ayur mən sənə
Sənin rəhmətindin umar mən ona
Sənin barlığınqa tanukluq birür
Cəmad cənavər uçkan yügürkən nənə
Sənin birligingə dəlil arkaqan
Bulur bir nən içnə dəlillər minə
Yok ərdim yarattın yana yok kılıb
İkinc bar qılursən müğir mən muna
Bu qüdrət idisi uluc bir bayat
Ölüglərini tir gözmək asan ana.

 Bugünkü türkcəmizdə:

İlahi, mən sənə mədh deyirəm
Sənin rəhmətindən xeyrə ümid edirəm.
Sənin vardlığına şahidlik verir
Caməd canavar, uçan, yeriyən və hər şeyi.
Hər kim sənin birliyinə dəlil axtarsa,
Bir şey içində min dəlil tapar.
Yox idim yaratdın, yenə yox qılıb,
İkinci dəfə var qılacaqsan, mən buna inanıram.
Bu qüdrət yiyəsi böyük bir tanrı,
Ölüləri diriltmək ona asandır.

 Bu da sənə bir qədim türk duası!
*****
 «DİVANİ HİKMƏT». Bu mənzum və ürfani əsər türk təsəvvüf şeirinin qurucularından olan Əhməd Yəsəvi və ya Pir Türküstan tərəfindən yazılmışdır. Əhməd Yəsəvi XI əsrin sonlarI, XII əsrin əvvəllərində Türküstanın Sayram qəsəbəsində anadan olmuş, sonra Yəsi şəhərinə gəlib yeləşmişdir. Orada Yəsəvi təriqətini qurub, Yəsəvi adı ilə məşhurlaşmışdır. Yəsi şəhərində Arslan babadan dərs almış, sonra Buxaraya gedərək Şeyx Yusif Həmədaninin şagirdi və xəlifəsi olmuş, onun tərəfindən Yəsidə xanəgah qurmağa məmur edilmişdir. Əhməd Yəsəvi 1166-cı ildə Yəsidə vəfat etmiş, lakin şagirdləri onun təriqətini davam etdirib Türküstan, Xorasan, Azərbaycan və Anadoluda yaymışlar.
 Əhməd Yəsəvi islam dinini təsəvvüflə birləşdirərək, onun türklər arasında yayılmasına yardım etmişdir. Əhməd Yəsəvinin dini-əxlaqi şeirlərində tanrı eşqi islam əqidələri ilə birlikdə tərənnüm edilmiş, bu şeirlər xalqın dililə söyləndiyi üçün şəhərlərdə olduğu kimi, obalarda da xalq arasında yayılmışdır. Şeirlər saz və rəqs ilə oxunduğu üçün xalqın ruhuna işləmiş, onların islam dininə əlaqə və maraqlarını yönəltmişdir.
 Təsəvvüfün islam dini əqidələrilə qaynaşıb birləşməsi dini təəssübün azalmasına səbəb olmuşdur; xanəgahda qadınlar da kişilərlə birlikdə din və təriqət mərasimlərini icra edərmişlər.
 Əhməd Yəsəvinin şeirləri dördlük şəklində, daha çox heca vəznilə (7 və 12 hecalı) qoşulmuş və 12 hecalı şeir o zaman türklərin milli şeir şəkli olmuşdur. Dördlüklərin dili sadə və xalqın anladığı dildədir, ərəb və fars sözləri cüzidir. Bu şeirlər təlim xarakterli olduğu üçün, müəllif öz şeirlər məcmuəsinə «Divani hikmət» adını vermişdir.
 Əhməd Yəsəvinin şeirləri tezliklə bütün Türküstanda yayılmış, başqa şairlər də bu səpkidə və üslubda şeirlər qoşmuşlar ki, bunların bəziləri Əhməd Yəsəvinin şeirlərilə qarışmışdır.
 Şeyx Əhməd Yəsəvi xalq arasında mürşidi-kamal və təriqət piri olaraq tanınmış, öləndən sonra əfsanəvi şəxsiyyətə çevrilmişdir. Ölümündən iki yüz il sonra əmir Teymur onun üçün böyük bir məqbərə tikdirmişdir.
 Yəsəvi təriqətinin Xorasanda XIII əsrdə zühur edən heydəriyyə təriqəti, Anadoluda yaranan babi və bektaşi təriqətlərinin meydana gəlmələrində əsas rolu olmuşdur. Əhməd Yəsəvi barəsində Fuad Körpülü dərin tədqiqatlar aparıb, «Türk ədəbiyyatında ilk sufilər» kitabında ondan ətraflı bəhs etmişdir.
 *****
«QISAS ƏL-ƏNBİYƏ-İ RABĞUZİ». Bu kitab 1310-cu ildə Bürhanəddin oğlu Nasir Rabğuzi tərəfindən peyğəmbərlərin mədhi üçün yazılmışdır. Dil baxımından Kaşğar ləhcəsi duyulur, lakin oğuz ləhcəsi xüsusiyyətlərini də özündə daşıyır.
 Kitabın şeir hissələrində «Qutadğu biliy»in təsiri hiss olunmaqdadır. Şeir qismi dördlüklər və qəzəllərdən ibarətdir. Nümunə üçün qəzəllərdən birindən iki beyti dərc edirik:

Kün həməlgə girdi ərsə, kəldi aləm novruzi
Keçdi bəhmən zəmhərir kış, kalmadı kari buzi.
Kün kəlimun kürki tartın, tirülür ölmüş cahan,
Tanq bəzizlər nəqşi birlə bəzənur bu yer yüzi.

Kitabın ən qədim nüsxəsi Britaniya muzeyindədr və 1948-ci ildə çap edilmişdir.
*****
 Qaraxanlı türkcəsilə Quranın tərcümələri və təfsiri kitabları da yazılmışdır. Üç tərcümədən biri Sankt-Peterburq Asiya muzeyində, ikincisi 1333-cü ildə yazılmış və İstanbulda Türk-İslam əsərləri muzeyində saxlanılır. 1363-cü ildə yazılmış  üçüncü tərcümə isə İstanbulda Milli kitabxanadadır. Quranın təfsiri Teymur dövrünə aid olub, Sankt-Peterburq Asiya muzeyində saxlanılır.
*****
 «NƏHC ƏL-FƏRADİS». Dini və əxlaqi ehkam və möcüzələr barəsində yazılmış təlim əsəridir, eyni halda dili sadədir, türk sözləri baxımından çox zəngindir.
 «Nəhc əl-fəradis»in iki əlyazması vardır. Biri İstanbulda, digəri Britaniya Şərq muzeyindədir. Kitabın müəllifi Əli oğlu Mahmud Kərdərəhlidir.
 «MÜİN ƏL-MÜRİD». Bu mənzum əsər 1313-cü ildə Xarəzmdə yazılmış, məzhəbi ürfani parçalardan tərtib edilmişdir. «Müin əl-mürid» «Qutadğu bilik» və «Utbət əl-həqaiq» vəznilə yazılmışdır. Mənzumələri qoşan Şeyx Şərif adında bir şairmiş. Bu kitabın tək əlyazma nüsxəsi Bursa kitabxanasındadır və dördlük şəklində 900 beytdən ibarətdir.
 «MƏHƏBBƏT-NAMEYİ XARƏZMİ». Türkcə məsnəvidir və 11 məktubdan ibarətdir. Bir neçə türki qəzəl və bir neçə farsca hissəni əhatə edir. Kitabın müəllifi Xarəzmidir, Altun Ordu əmirlərindən Mahmud Xoca bəyin arzusu ilə yazmış və ona təqdim etmişdir.
 Əsər 1353-cü ildə Ceyhun çayı hövzəsində yazılmışdır. Bu əsəri Təbrizli pofessor Turxan Gənceyi təhqiq etmişdir.
 «MÜQƏDDƏMEYE ƏL-ƏDƏB ZƏMƏXŞƏRİ». Bu kitab Cərullah Mahmud Zəməxşari tərəfindən türk, fars və xarəzmlilərə ərəb dilni öyrətmək üçün yazılmış, sultan Atsız Xarəzmşaha təqdim edilmişdir. Mətni ərəbcə yazılmış, mətn altında isə türkcə və farsca tərcümələri verilmişdir. Mətnin türkcəsi xarəzmidir. Lakin oğuz, qıpçaq və qanıqlı ləhcələri haqqındla da məlumat verilmişdir. Bu kitab türkcə ləqəb, istilahlar və yer adları, əqidə istilahları, paltar, el, ay və heyvanların adları baxımından çox zəngindir.
 «Müqəddəmeye əl-ədəb Zəməxşəri» əsrlər boyu mədrəsələrdə tədris olunmuşdur. Kitabın müəllifi Zəməxşəri Xarəzm türklərindən olub, islam dünyasının ən parlaq simalarından sayılmışdır.
 Zəməxşəri ərəb dilində misilsiz ustad olub, onun «Kəşşaf» adı ilə yazdığı Quranın təfsiri ən yaxşı təfsirlərdən sayılır. Bu alim eyni zamanda yaxşı şair olub, ərəbcə gözəl şeirlər də yazmışdır. Zəməxşəri 1134-cü ildə Curcaniyə qaryəsində vəfat etmişdir.
 «KİTABİ TUBYAN ƏL-LÜĞƏT ƏT-TÜRKİ ALƏ LİSANİ QANIQLI». Müəllifi Məhəmməd bin Qeys olan bu kitab «Lüğət ət-türki Xarəzm» və ya «Lüğətu qanıqlı» adı ilə də məşhurdur, ərəbcə yazılmış və sultan Calaləddin Xarəzmşah üçün hazırlanmışdır. Bu kitab İbn Mihnə («Lüğatu İbn Mihnə»), Əhməd Muniri («Lüğətu Şərəfnameyi İbrahimi») kimi lüğətşünaslar tərəfindən, həmçinin «Fərhənge Cahangiri»ni yazmaq üçün istifadə edilmiş və sonradan itmişdir.
 «QISSEYE YUSİF». Bu mənzum əsər «Yusif və Züleyxa» dastanını nəql edir. Əsər Əli adında şair tərəfindən heca vəzni ilə (12 hecalı) dördlük şəklində yazılmışdır.
 «XOSROV VƏ ŞİRİN-E QÜTB». Nizami Gəncəvinin «Xosrov və Şirin» dastanının tərcüməsidir. Əsər Xarəzm məntəqəsində 1341-cü ildə Qütb adlı şair tərəfindən yazılmışdır.
 «RÖVNƏQ ƏL-İSLAM». Bu mənzum əsər türkmənlərə islam dinini öyrətmək üçün 1465-ci ildə Şeyx Şərif tərəfindən yazılmışdır.
*****
 Altun Ordu dövləti, qeyd edildiyi kimi Qara dənizin şimalında Çingizxanın nəvəsi Batu tərəfindən quruldu. Bu dövlətin xalqına Cuçi ulusu deyilirdi. Onların əksəriyyətini qıpçaqlar təşkil etdiyi üçün, bu məntəqəyə Dəşti Qıpçaq da deyilirdi. Lakin Altun Ordunun hökuməti Xarəzmə qədər uzanırdı. Batunun qardaşı Börke xan müsəlmanlığı qəbul etdl və hökumət edən monqollar az bir müddətdə qıpçaq türkləri arasındla əriyib türkləşdilər. Bu məntəqədə islam mədəniyyəti ilə yanaşı, türk dili də yayılıb inkişaf etdi və türk dili dövlət dili oldu.
 Bu məntəqədə və qıpçaq türkləri- məmlüklərin hökumət etdiyi Misir və Suriyada yazılan əsərlər qıpçaq türkcəsilə yazılmışdır.
 Bu kitabların çoxu dil və lüğət haqqındadır. İndi isə onların ən mühümləri haqqında danışacağıq.
*****
 «KODİKS KUMANİKUS» VƏ YA QIPÇAQ MƏCMUƏSİ. Bu kitab XIV-cü əsrin əvvəllərində italiyalı və alman missionerləri tərəfindən qıpçaq türklərinə məsihi dininin əsaslarını öyrətmək üçün hazırlanmışdır, əlyazması Venesiyada Santa Markos kitabxanasında saxlanılır. Əsər qıpçaq mətn və sözlərinin məcmuəsindən ibarətdir. Eyni zamanda qıpçaqların yaşayışı haqqında qiymətli məluümatlar verir.
 Kitab iki dəftərdən ibarətdir ki, birincisi italyanlar, ikincisi isə almanlar tərəfindən hazırlanmışdır.
 Birinci dəftər latın-fars-qıpçaq sözlüyüdür (lüğət kitabı). Nümunə üçün bir neçə kəlmə dərc edirik:
 Tanrı- xuda, uçmaq- behişt, tamuq- cəhənnəm, quyaş- günəş, kun- gün, keçə- gecə, tanda- sabah, kurklu- görkəmli, kuvuz- xalça, akça- pul, boxovrik- buxarı, açkus- açar, olturuq- kürsü, otaçi- doktor, şiraçi- içki satan, itməkçi- çörəkçi, yalçı- fəhlə, sıqraq- poçt işçisi, xan və qan- padşah, bəg və ya bei- bəy, çiri başi- qoşun komandanı, yarquçi- vali və hakim, alpavut- əsgər, orda- ordu qərargahı, tolmaç- tərcüməçi, içi- qadın, qaravaş- kəniz.
 İkinci dəftər qıpçaq-alman kəlmələri, qıpçaqca dua və tapmacalardan ibarətdir. Bu dəftərdə də birincidə olduğu kimi, türk qrammatikasından müxtəsər olaraq bəhs edilmişdir.
 Bu əsər latın hərflərilə yazıldığı üçün tələffüz baxımından da çox qiymətlidir.
 «KİTAB ƏL-İDRAK LİLİSAN ƏL-ƏTRAK ƏBU HƏYAN ƏL-ƏNDƏLUSİ». Bu kitab qıpçaq lüğət kitabıdır və Əbu Həyan tərəfindən Misirdə 1312-13-cü illərdə yazılmışdır.
 «KİTAB HELYE ƏL-İNSAN VƏ HELYE ƏL-LİSAN CƏMALƏDDİN İBN MİHNƏ». Bu kitab Azərbaycanda İlxanilər zamanında yazılmış və «İbn Mihnə lüğəti» adı ilə tanınmışdır. Lüğət üç hissədən ibarətdir: 1)ərəbcə, 2)ərəbcə-türkcə, 3)ərəbcə-monqolca.
 Ərəbcə-türkcə fəslində Azərbaycan türkcəsinin fonetikası və qrammatiikası haqqında müfəssəl izahat verilmiş və iki mindən artıq lüğət yazılmışdır ki, bunların çoxu bugünkü dilimizdə işlənməkdədir.
 «KİTAB ƏL-QAVANİN ƏL-KULLİYYƏ LİDABTİ ƏL-LÜĞƏT ƏT-TÜRKİYYƏ». Misirdə, məmlüklər zamanında qıpçaq türkcəsilə yazılmış və İstanbulda Müəllim Rüfət tərəfindən çap edilmişdir.
 «KİTAB BƏLƏĞƏT ƏL-MÜŞTAQ Fİ LÜĞƏT ƏT-TÜRK VƏ ƏL-QIPÇAQ». Bu da ki qıpçaq və oğuz lüğətidir. 

(Ardı var)

Комментариев нет:

Отправить комментарий