Страницы

20.12.2012

Dünyaya inamın qaynağı insanın özüdür

İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

Çoxdan bəri 21 dekabrda «dünyanın dağılacağı» xəbəri Azərbaycanda da hamının mövzusuna çevrilib. Adamlar dünyanın qayğılarını bəsit ağıllarına uyğun həll etməyə çalışırlar. Dünyanın qayğıları isə həll olunmur, daha da dolaşığa düşür, ümidsizliklər artır, çıxılmazlığa dirənir.
«Dünyanın sonu» varsa, deməli, artıq bundan o yana heç nə yoxdur, «hər şey bitdi, qurtardı» cəfəngiyyatı, anlamsızlığı çiçəklənir. İnsanların minillərlə yaratdıqları bütün gözəlliklər ağıllarda, ürəklərdə bir anın içində heçə dönür, puç olub gedir. İnsanların ağlı dərinlərə işləmədiyindən üzdə ilişib qalır, bununla da hər sayaq cəfəng fikirlər sürətlə beyinləri zəbt edir. Bir yandan dünyanın yeni sivilizasiyalı halından, elmin, mədəniyyətin çiçəklənməsindən danışılır, bir yandan da yaşamın bitməsindən…
Adamların, ölkələrin, bütövlükdə bəşərin inkişaf kimi təqdim etdiyi uğurların arxasındakı dəhşətli mənəvi çöküşü görmək çətin deyil. Dünyanın siyasi, iqtisadi, mədəni çöküşləri mənəvi çöküşlərdən – insansızlıqdan yaranır.
İnsan içəridən qurulmur, onun ruhani (insani) imkanları mütləq səviyyədə gerçəkləşmir. İnsanın özünə – ruhuna, insaniliyinə münasibətinin ölçüsü bilinmir, çox zaman bu ölçü onun ağlına, duyğularına qaranlıq çatır.
Özümlüyündən ayrı düşən insan yetimləşir, yazıqlaşır, sonda isə bütünlüklə başını itirir, hər şeyə inanır. Özündən ayrılmaq – ən böyük insani faciədir. Dünya dəhşətli oyunlara sürüklənir: adamların milli hissləri ilə bağlı bütün gözəl duyğuları söndürülür; təlqin olunur ki, dünya böyük bir evdir, bu evdə «mənim, sənin» yoxdur. Bununla da insanların yurd duyğusu itirilir, öldürülür.
Adamların milli özünəməxsusluqlarının aradan qaldırılması hesabına dünya düzənini qorumağa çalışırlar. Dünyanın düzəni isə daha da pozulur, çünki insan var olmur. İnsan var olmayanda hər sayaq cəfəngiyyatdan asılı olur. Cəfəngiyyat selinə düşən insanı xilas etmək isə çətin olur. Qaragüruh dalğası yaranır, artır, beyinlərdə psixoloji epidemiya bərqərar olur, ağılların kütləvi aşıntısı baş verir. Ucdantutma halsızlıqlar selində hər kəs başının hayına qalır. Belə məqamda təbiidir ki, insanların böyük duyğular – millət, vətən, dövlət kimi uca anlayışlar haqqında düşünməyə heyi qalmır. «Dünyanın sonu» cəfəngiyyatını uyduranlar əslində bununla insanı dünyasızlaşdırırlar, dünyanı da insansızlaşdırırlar. Yəni insanın dünyaya olan inamını qırmaqla onu yox etməyə çalışırlar. Özündən ayrılan insan təbii olaraq dünyanın sonu cəfəngiyyatına inanır. Haçansa «bu dünya», «o dünya» anlayışları da belə ümidsizlikdən, inamsızlıqdan, çıxılmazlıqdan yaranıb, indi də yaşamaqdadır.
Dünyaya inamın qaynağı insanın özüdür, insanilikdir, mütləqilikdir, dünyanın, həyatın, insanın ali mənasıdır. Özündən ayrılan insan nəyə, hansı cəfəngiyyata desən, inanacaq: maddiyyatın insanı xilas edəcəyinə, insanın hər sayaq quruluşun diktəsindən asılı olmasına, başqa planetlərdəkilərin Yerdəkiləri xilas edəcəyi cəfəngiyyatına…
Dünya gözəldir! Qoy bu həqiqəti anlamaq, canlı yaşamaq istəyən özünün insani mahiyyəti ilə üz-üzə qalsın, özünü anlasın, bilsin, dərindən tanısın, sevsin…
Sən nə insansan ki, dünyaya gəlişin də, gedişin də naməlumdur? Bəs özünlə haçan üz-üzə qalacaqsan? İnsan, özün haqqında haçan uca düşünəcəksən? Sənin əvəzinə düşünürlər, sənin taleyini müəyyən edirlər, səni istədikləri kimi idarə edirlər. Dünyəvi ideologiyaların amacı budur ki, insan elə bu cür cəfəngiyyatların əlində əsir-yesir qalsın. Qəti əminəm, «dünyanın sonu» cəfəngiyyatını alışdıranlar əslində dünyanın idarə olunmasının yönünü itirənlərdir. Dünyanın idarə olunmasının, xilasının bir açarı var: insanın taleyini özünə tapşırmaq. İnsanı bu dərəcədə hay-küylərə, oyunçuluqlara, mənasızlıqlara sürükləməmək, insanın taleyi ilə oynamamaq. İnsanı özüylə üz-üzə qalmağa, yaşamağa çağırmaq. Bu gün dünyanın ağalığına can atan ideologiyalar, dövlətlər özləri ümidsizlik bataqlığındadırlar. Dünyanın sonuyla bağlı cəfəngiyyatlar həmişə olub, ancaq indiki qədər bu mövzu beləcə adamların iliyinə, qanına-canına işləməmişdi.
Mütləqə İnam dünyabaxışının mənə verdiyi mütləq nikbinlik əhvalıyla var oluram. Hər günümü böyük bir fərəhlə yaşayıram. Dünyanın heç bir ümidsizliyi əhvalıma təsir edə bilir. İnamımın gücüylə yaratdığım əhvalım dünyanın hər cür ümidsizliyini yenir, məni yenilməz edir.
Sonda Ocağımızın bu mövzu ilə bağlı mövqeyini, Mütləq nikbinliyini çatdırıram. Mütləqə İnam Ocağı olaraq bildiririk ki, bizim İnam Fəlsəfəmiz insanda bəşər tarixində olmayan üç böyük nikbinlik yaradır:
1. Dünyanın, Həyatın, İnsanın Mahiyyəti, Mənası Mütləq – Əzəli, Əbədi, Sonsuz, Kamil olduğuna görə dünya ölümsüzdür. O, məhv ola bilməz. Dünyanın sonu haqqında uydurma – cəfəngiyyatdır. Hətta ən dəhşətli nüvə silahı belə dünyanı məhv edə bilməz. Nə qədər ki, Məna var, o, dünyanı yenidən doğacaq, dünya yox olmayacaq.
2. Mütləqə İnam dünyabaxışı İnsan üçün yeni ölçü yaradır – Həqiqət ölçüsü. Yalnız mütləq olan həqiqidir. Nisbi Həqiqət yalandır. Xeyir nisbidirsə – Şərdir, Mütləqdirsə – Həqiqidir. Ədalət nisbidirsə – özündə Zülm imkanı gəzdirir – Ədalət deyil, Mütləqdirsə – Ədalətdir.
Doğmalıq mütləq deyilsə – özünün əksinə çevrilir, yadlıq, yağılıq yaradır. Ən yaxşı mənəviyyat mütləq deyilsə, onda pislik imkanı var. Nisbi saflığın murdarlıq imkanı var. Nisbi dostluğun düşmənlik imkanı var. Nisbi sevginin nifrət imkanı var. Deməli, nisbilik – yoxluqdur.
3. Mütləqə İnam dünyabaxışı İnsanın Mütləqləşməsinə (Kamilləşməsinə) inam yaradır. İnsanın bütün aləmdən, canlılardan fərqi odur ki, onun mütləqləşmək imkanı var. İnsandan başqa bütün canlılar, mövcud olanlar eyni cür yaşayır. İnsan dünyaya kamil gəlmir, ancaq onda Mütləqin nişanəsi olan Ruh (İnam, İdrak, Mənəviyat, İradə imkanı və gerçəkliyi) var. Dünyanı, Həyatı İnsandan fərqləndirən cəhət budur. Dünya, Həyat öz anlamından xəbərsizdir. Bu səbəbdən də öz anlamına çata bilmir. İnsan isə Ruhludur, o, tək özündə Mütləqi gəzdirməklə yetərlənmir, onu ən kamil şəkildə ifadə (təsqiq) edir.
Atamız var olsun!

15 Sərt 34-il. 
(15.12.2012)

Комментариев нет:

Отправить комментарий