Страницы

20.12.2012

HAKİMİ DÖVRAN

Aida Eyvazova 

Cini şeytan ilə dost eləmisən,
Üzün qara olsun hakimi dövran.
Bu nə hökmü nida, bu nə fərmandır,
Qələmin qırılsın hakimi dövran.

Ağa qara deyib, qara yazırsan,
Qanun kitabın da alıb pozursan.
Sən elə bilmə ki, düzgün yazırsan,
Düzün Tanrı bilir, hakimi dövran.

 Neçə günahsızı atdın zindana,
Zindan əməlindən gəldi zinhara.
Cavab verəcəksən bu ittihama,
Dövran belə getməz hakimi dövran.

“Bu da keçib gedər”- dedi Süleyman,
Quşu quş dilində dindirən insan.
Ona ki, qalmadı bu fani dövran,
İndi sən olmusan hakimi dövran?!


Uzun gecələri necə yatırsan?!
Şeytanla  min əməl-hiylə qurursan.
Aldığın rüşvətlə dövran qurubsan,
Haram maya tutmaz hakimi dövran.

Aldığın-verdiyin haramın olsun,
Ağı qara yazan qolun qırılsın.
Külli- kuf olasan göyə sovrulsun,
Yığdığın var dövlət hakimi dövran.                          

19 dekabr, 2012,  saat:21:17    Daşkənd.

Комментариев нет:

Отправить комментарий