Страницы

07.03.2013

Arzunun kəndi

Elçin Bayramlı

Arzu Abdulla imzası ölkənin ziyalı təbəqəsinə yaxşı tanışdır. Onun dəyərli yazıları müxtəlif nüfuzlu qəzet və jurnallarda dərc olunub. Son 1 ildə bu imzanı “Gündəlik Teleqraf” qəzetindən izləyə bilirlər.
Onunla bir otaqda işləyirik. Anasının vəziyyətinin ağır olduğu haqda telefon zəngindən sonra Arzu Saatlıya yola düşdü. Tez-tez telefonla əlaqə saxlayır, vəziyyəti öyrənməyə çalışırdıq. Məlum oldu ki, rayondakı həkim infarkt keçirmiş ananı Bakıya ruhi-əsəb dispanserinə göndərib (?).
Arzu da başını itirdiyindən anasını kələ-kötür yollarla Bakıya gətirənədək bu göndərişə fikir verməyib.
Lakin sonra məlum olub ki, bu həkim (əslində onu veterinar adlandırmaq belə mümkün deyil) infarkt keçirmiş adamda bunu hiss edə bilməyib...
Beləliklə, daha bir həmkarımız anasını bizim xəstə səhiyyə sistemimizə qurban verdi. Telefonla danışdığımız zaman Arzu iş günü olduğunu bəhanə edib bizdən Saatlıya gəlməməyimizi xahiş etdi. Lakin biz bu qərara gəldik ki, heç olmasa bir neçə nəfər kollektiv adından yas məclisində iştirak etməlidir.
...Saat 8 radələrində Bakıdan çıxıb cəmi saat yarıma Sabirabada gəlib çatdıq. Yolüstü adamlardan soruşa-soruşa üz tutduq Saatlı tərəfə. Bu rayonların ərazisində müxtəlif yollarla 60-70 km məsafədə hərəkət etdik, bircə yerdə də yaşayış məntəqələrinin adı, istiqaməti, məsafəsi haqda lövhə görmədik (!). Bura, şübhəsiz dünyada analoqu olmayan belə yerdir.
Hər dəfə soruşduğumuz yerli adamlar bizi bir tərəfə göndərirdi və hamısı da “10 km qalıb” deyirdi. Axırda məlum oldu ki, bu ərazidə bir-birinə yaxın 2 Azadkənd var imiş- biri Sabirabadda, digəri Saatlıda. Saatlıdakının adı bu yaxınlaradək 5 dekabr olubmuş, yerli adamlar da kəndi o adla tanıyır. Ona görə də, bizi digər Azadkəndə yönləndirirmişlər.
Bu fakt bizim əlaqədar məmurların adqoyma məsələsində nə qədər kasad təfəkkürdə olduğunu göstərir. Rayonlarımızda eyni adlarda çox sayda kəndlər var, sanki kəndə ad qoyanda söz tapa bilmirlər, elə eyni sözlərdən yapışıblar.
Sabirabaddan Saatlının “5 dekabr”ına 30 km-dən artıq yol “itin günündədir”. Sanki burda zəlzələ olub, ya da sivilizasiya bura hələ də gəlib çıxmayıb. Kəndlərarası bataqlıq yollar bir yana, mövcud olan rayonlararası asfalt yol da təmir edilməsi üçün başdan-ayağa sökülüb. Amma havanın əla olmasına baxmayaraq 30 km yolda 3 nəfər işləyən görmədik.
Nə isə, minbir əziyyətlə birtəhər gəlib kəndə çıxdıq. Yas mərasimində diqqətimizi inanılmaz bir şey çəkdi. Şəxsən mən hüzr məclislərində mollanın danışığını dinləmirəm, çünki hamısı ucdantutma cəfəng ərəb nağılları və gülməli qədim rəvayətlərlə camaatın başını aparır. Lakin burdakı molla sanki molla deyildi!
Adam müxtəlif elmlərdən, tarixdən, ədəbiyyatdan, fəlsəfi cərəyanlardan, məntiqdən danışır, Rembrandtdan, Füzulidən, İbn-Sinadan, Nyutondan sitatlar gətirirdi. Söhbətinin bütün məğzini insanın vicdanlı, əxlaqlı, savadlı, imanlı insan kimi yaşamasını təbliğ etmək təşkil edirdi. Bu məsələləri elə dərindən, məntiqi arqumentlər, real həyati faktlar, elmi paradiqmalarla izah edirdi ki, heyrətimizdən bizim portallar demişkən “şok” olmuşduq.
Qarşımızda əyləşmiş yaşlı kənd sakinindən soruşanda məlum oldu ki, o əslində müəllim imiş, Sarıcalı kəndində ədəbiyyat dərsi deyir, sadəcə müəllim maaşı ilə yaşamaq mümkün olmadığından boş vaxtlarında yas məclislərinə molla kimi gedir.
Bir daha elmin, təhsilin nəyə qadir olduğunu əyani görmüşdük. Bir daha anlamışdıq ki, dini də, Tanrını da, kainatı da, insanlığın mahiyyətini də yalnız elmin, təhsilin gücü ilə dərk etmək olar.
Bizi yola salarkən gözləri dolmuş Arzuya təsəlli verməyə söz tapmadım. Atamı 25 yaşımda itirəndə çox sarsılmışdım, lakin ana itkisinin daha dəhşətli bir faciə olduğunu aydın dərk edirdim...
Sosial-mədəni obyeklərin demək olar ki olmadığı, çox seyrək yerləşən evlərin aralarında çəpərin olmadığı bu kəndi görəndə insanların niyə şəhərlərə üz tutduğunu daha yaxşı anlamaq olur. Adını dəyişib Azadkənd qoymaqla deyil. Bizim üçün o kənd həmişə “Arzunun kəndi”dir.
Başın sağ olsun Arzu. Analar ölmürlər, daha hansı dünyalarda daha kimlərə analıq edəcəkləri haqda növbəti təlimatı almaq üçün Tanrının yanına qayıdırlar...

Комментариев нет:

Отправить комментарий