Страницы

12.03.2013

Həm sən qabağa düş, həm də mən

Akif Abbasov

Vəli qonaq gəlmişdi. Məmməd tez süfrə saldırdı. Ortaya yemək-içmək gəldi. Yedilər-içdilər, doyub çəkildilər. Süfrəyə mürəbbə və limonla çay gəldi. Məmməd Vəlinin söhbətindən, danışığından başa düşdü ki, o elə-belə, səbəbsiz  onun qapısını açmayıb. Vəlinin xasiyyətinə bələd idi. Nəsə dərdi vardı. Görünür, yenə borca gəlmişdi. Bunu fikirləşib soruşdu:
-Dayıoğlu, xeyir ola?! İlin-günün bu vaxtında səndən nə əcəb bizi yada salmısan?
Vəli mətləbə keçdi:
-Bibioğlu, kasıbçılıqdır, dolanmaq olmur. Kənddə-kəsəkdə iş-güc yoxdur ki, başımızı qatıb beş-on manat qazanaq…

Məmməd onunla razılaşdı:
-Doğru deyirsən, kolxoz yox, sovxoz yox. Amma əlini əlinin üstünə qoyub evdə oturmaq, «Allahdan buyruq, ağzıma quyruq» da demək olmaz. İş, pul adamı tapmır, sən onları tapmalısan.
Vəli sözünü demək üçün fürsət tapdığına sevindi:
-Dayıoğlu, elə mən də bu fikirdəyəm, bir işlə məşğul olmaq istəyirəm. Qərara almışam ki, balıq alıb satım. Amma əlimdə maya yoxdur. Beş yüz manat pul lazımdır. Kəsəsi, borca gəlmişəm.
Məmməd yaxşı bilirdi ki, axırda söhbət gəlib borcun üstünə çıxacaq. Ona görə də Vəlinin xahişi onunçun gözlənilməz olmadı. Üzünü arvadına tutub:
-Get, iki yüz əlli manat pul gətir.
Fatma deyilən məbləğdə pul gətirib Məmmədə verdi. O da pulu stolun üstünə qoyub:
-Götür, bibioğlu, - dedi.
Vəli təəccüblə ona baxaraq:
-Dayıoğlu, mənə 500 manat pul lazımdır, 250 manat yox.
Məmməd halını pozmadan:
-Bibioğlu, bu, birinci dəfə deyil ki, məndən borc alırsan. Amma hələ ki geri qaytardığın olmayıb.
Vəli nəsə demək istədi, Məmməd əli ilə işarə edib onu saxladı:
-Bilirəm 500 manat alıb onu da qaytarmayacaqsan. Götür bu pulu. 250 manat sən qabağa düş, 250 manat da mən!!!

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий