Страницы

06.04.2013

Balaca şəhərdə böyük haqqsızlıq

Ötən ilin avqust ayında azpress.az saytındakı şəxsi bloqumda yerləşdirdiyim “Muğan kəndinin əhvalatları” yazısına görə, Muğan kənd bələdiyyəsinin üzvü Həsən Fətullayev məni rayon məhkəməsinə verərək, mənim 10000 AZN təzminat ödəməmi və bir də AR CM-nin 147 və 148-ci maddələrini əsas gətirərək, cinayət məsuliyyətinə cəlb olunmamı tələb etdi. Mən iddianı vəkillərimə göstərdikdə, onlar gülümsəyərək bu iddianı yazana iddia yazmağı yox, başqa bir işlə məşğul olmağı məsləhət gördülər. Çünki, mülki iddiada cinayət məsuliyyətindən söz belə gedə bilməz. 
Dekabr ayının 18-də keçirilən məhkəmə hakim hakimlik yox, qarşı tərəfin vəkili kimi çıxış etdi. Mən Muğan kənd bələdiyyəsinin qanunsuz əməlləri barədə kifayət qədər sübutlarım var. Onlardan ən önəmlisi, otlaq sahəsində bələdiyyə sədri Eldəniz Novruzovun kənd sakinləri ilə mübahisəsidir ki, burada hadisəni mobil telefona çəkən kənd sakininə H.Fətullayev mane olur.
Kənd sakinləri orda E.Novruzova sual verir ki: Niyə bu otlaq sahəni satırsan? 
E.Novruzov isə cavabında: Ölənlərinizin-ölənlərimizin goru, bizlik deyil-deyir.
Kənd sakinlərinin: Bəs kimlikdir? Sualına isə, heç bir cavab verə bilmir. 

İkinci bir video da isə, H.Fətullayevin torpaqların satılmasında ad hallandırır. Mən bunları məhkəməyə təqdim etdikdə hakim daş atıb başını tutdu və vaxt məhdudiyyətini bəhanə gətirərək, mənim demək olar ki, yazımda olan bütün hadisələrin şər və böhtan xarakterli olduğu qənayətinə gəldi. Üç ay sürən məhkəmə prosesim fevral ayının 28-də başa çatdı və yazıda olan iki hadisəylə bağlı təkzibi də məhkəməyə təqdim etdim. Sonra məhkəmənin qərarı ilə qarşı tərəflə barışıq elan edilərək, məhkəmənin çıxardığı qərarla 400 AZN cərimə olundum. 
Sonuncu prosesdə H.Fətullayevlə yanaşı hal-hazırada vəzifəsindən qovulmuş, E.Novruzov da ordaydı və o hakimə müraciətlə “yoldaş hakim, Vasif ağzına gələni yazır!”- deyərək hələ bir özünü dartdı da.
Mart ayının əvvəli evə yenidən qətnamə gəldi. Mən şəhərdə yaşadığımdan qətnaməni valideynlərim alaraq mənə zəng vurdular ki, bəs yenidən məhkəməyə verilmişəm. Qətnaməylə tanış olduqdan sonra gördüm ki, həmin iddiadı və sadəcə dəyişən imzalardı. Bu dəfə məni məhkəməyə verən E.Novruzovun anası Səfiyyə Novruzovadır. O, yazıda haqqında yer alan hadisəylə bağlı məni məhkəməyə verərək, 10000 AZN təzminat ödəməmi və AR CM-nin 147 və 148-ci maddələrini əsas gətirərək, cinayət məsuliyyətimə cəlb olunmağımı məhkəmədən tələb edir. Artıq buradan anlamaq olur ki, mənim sıxışdırılmağımda müəyyən maraqlı qüvvələr var. Bir də mənim kənd kimi bir yerdən çıxıb Bakı kimi bir şəhərdə təhsil almam, kitab müəllifi olmam və nəhayət bir jurnalist kimi elimə-obama qarşı edilən bu haqqsızlığı mətbuatda işıqlandırmam, onların çirkin əməllərini həyata keçirmələrinə çox böyük təhlükə yaradır.
Burada iddia ilə bağlı deyəcəklərim var. Çünki, onsuzda bunlara cavab verməyi məhkəmədə hakim qadağa qoyacaq. Necə ki keçən məhkəmədə vaxt bəhanə gətirilmişdi. Çünki yenə də prosesi eyni hakim aparacaq. Mən yazımda kəndə saxta bələdiyyə seçkilərinin keçirilməsini yazmışam.
Onlar isə iddiada yazırlar: Vasif Əlihüseynov qərəzli olaraq başa düşmək istəmir ki, Azərbaycanda həmişə şəffaf, demokratik və ədalətli seçkilər keçirilir.
Cavab: Mən yazımda Azərbaycandakı seçkilərdən yox, bizim kəndəki saxta bələdiyyə seçkilərindən söz açmışam. Buna bütün kənd sakinləri şahiddir.
Onlar yazırlar: Müxalifət yönümlü olan bu gənc tələbə indidən bunu başa düşmürsə, onun gələcəyi necə olacaq?
Cavab: Öz elinin-obasının müdafiəsinə qalxan, sizin çirkin əməllərinizi həyata keçirməyinizə imkan verməyən gənc yazarın bu cəsarəti müxalifətyönlü demək deyil. Mən Azərbaycanın gənc yazarıyam, dövlətimi sevirəm və bununla qürur duyuram. Buyurun göstərin, hansı partiyanın üzvü olduğumu?!
Onlar yazırlar: Vasif unutmamalıdır ki, onu da bir qadın dünyaya gətirib. 
Cavab: Siz S.Novruzova, oğlunuz E.Novruzovu dünyaya gətirməklə, müharibə şəraitində olan ölkəmizdə müxtəlif bəhanələrlə hərbi xidmətindən yayınan, ali təhsili olmayan savadsız bir övlad bəxş etdiniz cəmiyyətə!
Bəs sizin oğlunuzun bələdiyyə sədri olduğu bir vaxtda, onun çirkin əməllərindən cana doyan və rayon icra hakimiyyətinə şikayətə gedən yüzlərlə kənd sakinlərini analar doğmayıbmı? 
Mənə analıq dərsi keçmək lazım deyil! Mənim valideynlərimə necə sayqıyla yanaşdığımı tanıyanlar yaxşı bilir. Mənim anam məni dünyaya gətirməklə, həmişə qürur duyub və mənim hər bir uğurum üçün sevincindən gözləri dolub. Hərbi xidmət keçmişəm, Moskva Sosial Dövlət Universitetini bitirmişəm və hal-hazırda məni qovdurmaq arzusuyla yaşadığınız Bakı Slavyan Universitetini bitirmək üzrəyəm. Siz məni belə məhkəməyə verməklə heç nə əldə edə bilməyəcəksiniz! Sizin oğlunuz kənd sakinlərinin başına oyun açmasaydı, bu gün vəzifəsindən qovulmazdı. Sizin oğlunuzun və digər onun yol-yoldaşları barəsində martın 28-də Respublika prokurorluğunun mətbuat xidməti bəyanat yaydı. Xəbər İctimai kanalın “Carçı” proqramında, ANS kanalının “Düzbucaq” proqramında “AZ NEWS.az” elektron xəbər portalında yayımlandı. Bunlardamı yalandı? 

"Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. 
Baş prokurorluğun mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. Bundan başqa bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Mənim yazımda həmin şəxslərin hamısının ad və soyadları var. Bir sözlə, mənim yazdıqlarımı Respublika Prokurorluğu təsdiq edirsə, day sizə sözüm yoxdu.

Vasif Əlihüseyn, Yazıçı-publisist, Cəlilabad rayonu Muğan kəndi

Комментариев нет:

Отправить комментарий